Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-540/2023 14.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta hadisəsi, dərmiş zərər, sığorta məbləğinin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X4 oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus olan “Mersedes Benz E 200” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin əvəzində 3765,25 manat məbləğində sığorta ödənişi və mediasiya təşkilatına ödənilmiş 60 manat olmaqla, ümumilikdə 3825,25 manat (üç min səkkiz yüz iyirmi beş manat iyirmi beş qəpik) məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş hadisə nəticəsində İddiaçı MMC-yə məxsus “Mercedes Benz E-200” markalı, **-AR-*** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. Həmin hadisə nəticəsində zərərvuran şəxsin təqsirli olması müəyyən edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində qarşı tərəfin təqsirli olması AR DİN BDYPŞ-nin X3 Protokoluna əsasən təsdiqlənmişdir. Bu sığorta hadisəsi ilə bağlı tərtib edilmiş qüsur aktına əsasən hadisə nəticəsində “Mercedes Benz E-200” markalı, **-AR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə ümumilikdə 420 manat pul məbləği təklif edilmişdir. Lakin iddiaçı tərəfindən “Mercedes- Benz”in rəsmi tərəfdaşı olan “X2” MMC-yə dəymiş zərərin qiymətləndirilməsi üçün müraciət edilmişdir və tərtib edilmiş qiymətləndirmə aktından dəymiş zərərin 3765,25 manat olduğu görünür. Rəsmi avtoservis tərəfindən qiymətləndirilmiş akt düzgündür və dəymiş zərərin əvəzi olaraq həmin məbləğ bizə ödənilməlidir. Bütün bunlara baxmayaraq, "xxxx" ASC “İcbari Sığortalar haqqında” Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallar olduğunu və bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktının sığorta hadisəsi sayıldığını əsas gətirərək sığorta ödənişin verməsindən imtina etmişdir.
3. Cavabdeh "xxxx" ASC iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən xüsusatlarla cavabdeh tərəf razılaşmır və qəbul etmir. Belə ki, iddia ərizəsində qeyd olunur ki, xx.xx.2022-ci il tarixndə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E-200” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləğinin qiymətləndirilməsi üçün “Mercedes-Benz”in ölkədə rəsmi tərəfdaşı olan “X2” MMC-yə müraciət edilmiş və dəymiş zərər 3765,25 manat məbləğində qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.3-cü maddəsində göstərilir ki, sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. İcbari sığorta qanunu dedikdə, Azərbaycan Respublikasının “İcbari Sığortalar Haqqında” Qanunu nəzərdə tutulur. Azərbaycan Respublikası “İcbari Sığortalar Haqqında” Qanununun 15-ci maddəsində göstərilir ki, zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri əmlaka dəyən zərərin məbləği hesab edilir. Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmaqla zərər dəymiş əmlakın qiymətləndirilməsi həyata keçirilmiş və real zərər məbləği müəyyən edilmişdir. Belə ki, həmin avtomobilə baxış keçirilmiş və məlum olmuşdur ki, arxa buferin nikel kantında, arxa buferin özündə və arxa buferin alt qarasında müəyyən zədələnmələr mövcuddur və bu zədələnmələrin təmir və bərpa işləri aparılmaqla aradan qaldırılması mümkündür. Lakin iddiaçı bununla razılaşmayaraq arxa buferin yenisi ilə əvəz edilməsini və bunun rəsmi servis mərkəzində həyata keçirilməsini tələb etmişdir. Belə ki, Azərbaycan Respublikası “İcbari Sığortalar Haqqında” Qanunun zərərin müəyyənləşdiriiməsini müəyyən edən 16.2-ci maddəsində qeyd olunur ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Qanunvericliyin tələbindən də aydın olur ki, əmlaka dəymiş zərərin qiymətləndirilməsini sığortaçı bilvasitə özü və “Sığorta Fəaliyyəti Haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Sözügedən nəqliyyat vasitəsi ilə bağlı bilavasitə sığortaçı tərəfindən qiymətləndirmə aparılmış və müəyyən edilmiş zərər məbləği barədə iddiaçı tərəfə məlumat verilmişdir. Lakin tərəf zərər məbləği ilə razı olmamış, bu halda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə qiymətləndirmənin sığorta sahəsində fəailiyyət göstərən müstəqil ekspert tərəfindən aparılması üçün müraciət etmək hüququnun olduğu iddiaçı tərəfə izah edilmiş, lakin iddiaçı həmin hüququndan da istifadə etməmiş və birbaşa həmin avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün rəsmi servis mərkəzinə, “Mercedes- Benz”in ölkədə rəsmi tərəfdaşı olan “X2” MMC-yə müraciət etmişdir. Bununla bağlı qeyd edilir ki, “X1 Mülki Məsuliyyətinin İcbari Sığortası” növü üzrə sığortalı ilə sığortaçı arasında bağlanmış sığorta müqaviləsində və sığorta şəhadətnaməsində hər-hansı belə bir şərt qeyd edilməmişdir ki, yol-nəqliyyat hadisəsi baş verdiyi zaman dəymiş zərərin aradan qaldırılması bilavasitə rəsmi servis mərkəzi tərəfindən aparılacaqdır. Azərbaycan Respublikası “İcbari Sığortalar Haqqında” Qanununda qeyd edildiyi kimi, əgər dəymiş zərərin aradan qaldırılması zərər dəymiş əmlakın təmiri və ya bərpası hesabına həyata keçirilə bilirsə, sığortaçı bu hüququndan istifadə edə bilər və sığortaçının seçimi əsasında hər hansı formada avtomobilə vurulmuş zərər aradan qaldırıla bilər. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1, 936.2, 1108 və “İcbari Sığortalar haqqında” Qanunun 13.1, 13.2, 52.1, 52.2, 56-cı maddələrinə istinad olunmuşdur.
5. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin iddianın qismən, 1500 manat hissədə təmin olunmasına etiraz etmədiyini bildirdi və qeyd etdi ki, həmin məbləğ iddiaçıya təklif edilmiş, lakin iddiaçı məbləğlə razılaşmamışdır.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, “X2” MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktında İddiaçı MMC-yə məxsus “Mercedes Benz E-200” markalı, **-AR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin 3765,25 manat (ƏDV daxil) təşkil etdiyi qeyd edilir.
8. xx.xx.2022-ci il tarixli, 314610 nömrəli qüsur aktından görünür ki, sığorta şəhədatnaməsinin nömrəsi PME********** olan “Mercedes Benz E-200” markalı, **-AR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 420 manat təşkil edir.
9. "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1853- 10/22 SH nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərərçəkmiş “Mercedes Benz E-200” markalı, **-AR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi aparılmış və qiymətləndirmə nəticəsində avtomobilə dəymiş zərər məbləği 420 manat müəyyən edilmişdir. Hesablanmış sığorta ödənişi pul şəklində ödənilə və ya avtomobil təmirə yönəldilə bilər. Belə ki, hazırkı məktubu aldıqdan 2 iş günü ərzində avtomobilin təmirə yönləndirilməsinə razılıq verdiyiniz halda avtomobilin “'Meqa Sığorta" ASC-nin təyin etdiyi avtotəmir müəssisəsinə təqdim edilməsi xahiş olunur. Hazırkı məktubu aldıqdan 2 iş günü ərzində müəyyən edilmiş zərər məbləğinin İddiaçı MMC-yə ödənilməsinə razılıq verildiyi təqdirdə hesablanmış məbləğin İddiaçı MMC-yə ödənilməsi üçün bank hesabının (məktub ilə) "xxxx" ASC-yə təqdim edilməsi xahiş olunur. Müəyyən edilmiş zərər məbləği ilə razı olmadığınız halda, "xxxx" ASC İddiaçı MMC-nin yazılı razılığı ilə dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazırdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2023-cü il tarixli, 9/1775 saylı ekspert rəyində qeyd olunur ki, 2016-cı il buraxılışlı “Mercedes Benz E200” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtonəqliyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 2800 manat müəyyən olunur.
11. Beləliklə, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixində baş vermiş hadisə nəticəsində İddiaçı MMC-yə məxsus “Mercedes Benz E-200” markalı, **-AR-*** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində qarşı tərəfin təqsirli olması təsdiqlənmişdir. Sığorta hadisəsinin baş verməsi, nəticədə iddiaçıya zərər dəyməsi, dəymiş zərərin əvəzi qismində ödənişin cavabdeh tərəfindən edilməli olması işin mübahisəsiz hallarıdır. İddiaçıya avtomobilə dəymiş zərərə görə ilkin olaraq ümumilikdə 420 manat, daha sonra 1500 manatadək pul məbləği təklif edilmiş, lakin iddiaçı həmin məbləğlə razılaşmamışdır. İddiaçı tərəfindən “Mercedes-Benz”in rəsmi tərəfdaşı olan “X2” MMC-yə dəymiş zərərin qiymətləndirilməsi üçün müraciət edilmiş və tərtib edilmiş qiymətləndirmə aktında dəymiş zərərin 3765,25 manat məbləğində olması qeyd edilmişdir. Məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi ilə dəymiş zərərin məbləğinin, avtomobilin təmir-bərpa xərclərinin təxminən 2800 manat təşkil etməsi müəyyən olunmuşdur.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-ci maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 15.3.1-ci maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər əmlaka dəyən zərərin məbləğinə daxildir. 20.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. 22.1.5-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada, o cümlədən məbləğdə və müddətdə sığorta ödənişini almaq sığortalının hüququdur. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 52.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə X1 mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
16. Məhkəmə sığorta hadisəsinin baş verməsinin, hadisə nəticəsində iddiaçıya məxsus əmlaka zərər dəyməsini, həmin zərərin əvəzi qismində cavabdeh tərəfindən ödənişin edilməli olmasını və bütün bunların işin mübahisəsiz hallarını təşkil etməsini (mübahisə ödənilməli olan məbləğlə bağlı olmuşdur) nəzərə alaraq, iddia tələbinə münasibətdə belə nəticəyə gəlir ki, iddiaçı cavabdehə qarşı iddianı irəli sürməkdə haqlı olmuşdur (2800 manat hissədə).
17. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2023-cü il tarixli, 9/1775 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən "xxxx" ASC-dən 2800 (iki min səkkiz yüz) manat sığorta ödənişi (ekspert rəyi ilə müəyyən edilən məbləğ) iddiaçının xeyrinə tutulmalı, qalan hissədə təmin olunmamalıdır.
18. Eləcə də, iddiaçı 60 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
19. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2800 (iki min səkkiz yüz) manat sığorta ödənişi və 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 2860 (iki min səkkiz yüz altmış) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova