Məhkəmə qərarları › İş №e-2-2(113)-5409/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5409/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5409/2022 14.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, borc, dəbbə pulu, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh1, Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun ödənilməsi” iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşması üzrə 8517.11 manat məbləğində krеdit bоrcu, 2555.26 manat məbləğində faiz bоrcu və 5237.28 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16309 (on altı min üç yüz doqquz) manat 65 (altmış beş) qəpik məbləğində bоrcun, xx.xx.2019-cu il tarixli 002K**********64 saylı kredit razılaşması üzrə 9416 (doqquz min dörd yüz on altı) manat 49 (qırx doqquz) qəpik məbləğində krеdit borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 200 manat mediasiya xərcinin tutulması bbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 002L**********08 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100.000 (yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 (iyirmi min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 002K**********64 saylı bank hesabının kreditləşməsi barədə razılaşma əsasında hesab sahibi olan Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.66% оlmaqla, 10000 (on min) manat məbləğində overdraft açılmışdır. Razılaşmanın 1.3-cü bəndinə əsasən hesab sahibi overdraft müddətində overdraftdan istifadə etməyi, overdraft borclarını, overdraftdan istifadə etdiyi üçün hesablanmış faizləri (overdraft faizləri), bu razılaşmaya uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmürşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.3-cü bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və ödəməli оlduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 583.51 manat ödəmiş, onun 9416.49 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər.

3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 442, 445, 448-ci və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahatlar vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi tərəfindən o da qeyd olunmuşdur ki, iş məhkəmə icraatında olan zaman Cavabdeh1 tərəfindən banka olan borcundan 500 manat ödəniş edilmiş və bununla bağlı maliyyə arayışı məhkəməyə təqdim edilmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, borcla razı olduğunu və pandemiya ilə əlaqədar borcunu ödəyə bilmədiyini bildirdi.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 onun zaminlər sırasından çıxarılmasını və ona münasibətdə iddianın rədd edilməsini xahiş etdi.

8. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 hüquqi ünvanına sifarişlixəbərnaməli poçt göndərişləri ilə məhkəmə bildirişləri göndərilməklə məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, eyni zamanda onlara məxsus mobil telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə SMS bildiriş çatdırılmış, lakin cavabdehlər və ya onların nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

10. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi:

12. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 16 dekabr 2016-cı il tarixli 002L**********08 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə ilə Bank Kredit alana (Cavabdeh1) 100.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açmışdır. Müqavilənin müddəti 120 ay, 16 dekabr 2026-cı il tarixədək müəyyən olunmuşdur. Müqavilə hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.

13. Bundan sonra 16 dekabr 2016-cı il tarixli 002L**********08 saylı uzunmüddətli kredit müqaviləsi əsasında Acessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə 002R********** nömrəli kredit razılaşması bağlanmış və Bank tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.75 % olmaqla 24 (iyirmi dörd) ay müddətinə 20.000 (iyirmi min) manat məbləğində pul verilmişdir. Kredit razılaşması və “Ödəniş planı” tərəflərin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ödəniş sənədindən məlum olur ki, 20.000 manat məbləğində pul vəsaiti "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 İddiaçı QSC-dəki hesabına köçürülmüşdür.

14. xx.xx.2019-cu il tarixli 002K**********64 saylı kredit razılaşmasına əsasən cari hesabda pul vəsaiti Hesab Sahibinin (Cavabdeh1) ödəniş tapşırıqlarını yerinə yetirməyə kifayət etmədikdə, yaxud Cari hesabda pul vəsaiti olmadıqda Bank hazırki razılaşmada müəyyən olunan şərtlərlə hesab Sahibinin ödəniş tapşırıqlarını icra etməyi öz öhdəsinə götürür və həmin ödəniş tapşırıqlarını icra etdiyi hallarda (“Hesabın kreditləşməsi” yaxud “Overdraft”) Bank bu Razılaşmanın şərtlərinə uyğun olaraq Hesab Sahibinə kredit vermiş sayılır. Bank bu razılaşma üzrə hesab sahibinə 01 sentyabr 2020-ci il tarixədək illik faiz dərəcəsi 20 (iyirmi) % olmaqla 10.000 (on min) manat məbləğində Overdraft açır. Razılaşma hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.

15. 16 dekabr 2016-cı il tarixli 002L**********08 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh3 ilə xx.xx.2019-cu il tarixli 002S**********03 saylı zaminlik müqaviləsi, Cavabdeh4 ilə xx.xx.2019-cu il tarixli 002S**********01 saylı zaminlik müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2017-ci il tarixli 002S**********1 saylı zaminlik müqaviləsi bağlanılmışdır.

16. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh1 002K**********64 saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 9.416,29 manat əsas borc olmaqla cəmi 9.416,49 manat, xx.xx.2022-ci il tarixə 002R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 8.117,11 manat əsas borc, 766,67 manat faiz borcu, 1.799,11 manat cərimə borcu olmaqla cəmi 10.682,89 manat məbləğində borc hesablanmışdır.

V. TƏTBİQ EDİLƏN HÜQUQ:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

18. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

VI. Məhkəmənin mövqeyi:

19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

20. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur

21. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, uzunmüddətli kredit müqaviləsi bağlanmış, xx.xx.2019-cu il tarixli 002R********** nömrəli razılaşmaya əsasən Bank tərəfindən 20.000 manat məbləğində pul Cavabdeh1 İddiaçı QSC-dəki hesabına köçürülmüşdür. Razılaşma üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

22. Eyni zamanda iş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən xx.xx.2019-cu il tarixli 002K**********64 saylı kredit razılaşması əsas;nda həyata keçirilən maliyyə əməliyyatları nəticəsində Cavabdeh1 Banka 9.416,49 manat borcu yaranmışdır.

23. Qeyd olunan normaların tələblərini və yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır və 08 may 2019-cu il tarixli 002R********** saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 8.117 (səkkiz min yüz on yeddi) manat, 11 (on bir) qəpik, faiz borcu üzrə 766 (yeddi yüz altmış altı) manat 11 (on bir) qəpik məbləğində pul və 27 sentyabr 2019-cu il tarixli 002K**********64 saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 9.416 (doqquz min dörd yüz on altı) manat 47 (qırx yeddi) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tutularaq Banka ödənilməlidir.

24. Məhkəmə hesab edir ki, iddia dəbbə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.

25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

26. Hazırki işin hallarından görünür ki, cavabdehin 8.117,11 manat olduğu mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçı 766,11 manat cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğ əsas borca mütənasib deyildir və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 400 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

27. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

VII. Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 08 may 2019-cu il tarixli 002R********** saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 8.117 (səkkiz min yüz on yeddi) manat, 11 (on bir) qəpik, faiz borcu üzrə 766 (yeddi yüz altmış altı) manat 11 (on bir) qəpik və 400 (dörd yüz) manat cərimə borcu olmaqla, cəmi 9.283 (doqquz min iki yüz səksən üç) manat 22 (iyirmi iki) qəpik manat məbləğində pul və 27 sentyabr 2019-cu il tarixli 002K**********64 saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 9.416 (doqquz min dörd yüz on altı) manat 47 (qırx yeddi) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərci olaraq 200 (iki yüz) manat məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar