Məhkəmə qərarları › İş №e-2-2(113)-5409/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5409/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5409/2025 14.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, cərimə, zamin) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, iddiaçı Bank olmayan Kredit Təşkilatı “Embafinans Qapalı Səhmdаr Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7459,6 manat məbləğində əsas borc, 1205,65 manat məbləğində faiz borcu, 1118,4 manat məbləğində cərimə borcu, həmçinin iddiа ərizəsinə görə ödənilmiş 118,24 mаnаt dövlət rüsumunun əvəzi, ümumilikdə 9902,43 manat məbləğində borcun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə qaytarılmaq şərti ilə 9000 manat məbləğində krеdit vеrilmiş və bununlа bаğlı BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 393-MBK-0221-23 saylı Krеdit Müqаviləsi bаğlаnmışdır. Həmçinin Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 BOKT "xxxx" QSC qarşısındakı öhdəlikləri tam icra edilənədək xx.xx.2023-cü il tarixli 393-MBK-0221-23 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zamin durmuşdur. Krеdit Müqаviləsinin 3.1.3-cü bəndinə əsаsən, “Borcalan” ödənişləri müqavilədə nəzərdə tutulmuş qaydada (60 gündən artıq müddətdə) icra etmədikdə, “Borcverən” müqavilə üzrə tam borcun, faizlərin və hesablanmış cərimənin ödənilməsini vaxtından əvvəl tələb edə bilər. Zaminlik Müqavilələrinin 3.1-ci bəndinə əsasən zamin Borcverən qarşısında müqavilə üzrə öhdəliklərin tam icrasına, həmçinin kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komissiya haqqı, cərimə, məhkəmə xərcləri və.s xərclərin ödənilməsi üçün Borcalan ilə eyni həcmdə, birgə məsuliyyət daşıyır. Krеdit Müqаviləsinin 3.4.3-cü bəndinə əsаsən Borcalan krеdit məbləğini ödəmədikdə və ya müqaviləyə müvafiq qaydada ödəmədikdə, o, özünün şəxsi əmlakları hesabına borcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 BOKT "xxxx" QSC-yə 21 iyun 2025-ci il tarixə 7459,60 manat məbləğində əsas borc, 1205,65 manat məbləğində faiz borcu, 1118,94 manat məbləğində cərimə borcu olmaqla ümumi borcu 9784,19 manat təşkil edir ki, bu borcun da ödənilməsi təmin edilməlidir. Göründüyü kimi cаvаbdеhlər müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində BOKT "xxxx" QSC-ni müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişdir. (Mülki Məcəllənin 421.2.-ci mаddəsi). Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhlərə dəfələrlə mürаciət оlunmаsınа, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq cavabdehlər bоrcun qаytаrılmаsı üçün hеç bir təşəbbüs göstərməmişdir. Cаvаbdеhlərə poçt vasitəsilə хəbərdаrlıq (pretenziya) məktubları da göndərilmişdir. Lakin iddiaçıdan asılı olmayan səbəblərdən xəbərdarlıq məktublarını cavabdehlərə çatdırılması mümkün olmamışdır. Bununlа dа cavabdehlər Krеdit Müqаviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Krеdit Müqаviləsi üzrə yаrаnmış bоrcun məhkəmə qaydasında tələb еdilməsi zərurəti yаrаnmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 443, 445.1, 472.1, 472.2, 448.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh1 (borc alan) ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (borc verən) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 393-MBK-0221-23 saylı Krеdit Müqаviləsinə əsasən 24 ay müddətinə qaytarılmaq şərti ilə 9000 manat məbləğində krеdit vеrilmişdir. Müqavilənin 1.5-ci bəndinə əsasən "Borcalan" kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində (Əlavə 1) göstərilmiş qaydada həyata keçirir. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin istifadəsinə görə “Borcalan” əsas borcun qalığına illik 24% ödəyir. Həmçinin 2.3-cü bəndinə əsasən kredit üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, aylıq 30 təqvim günü götürülməklə hesablanır. Kredit üzrə illik faiz dərəcəsi (FİFD) 25,59% təşkil edir. Krеdit Müqаviləsinin 3.1.3-cü bəndinə əsаsən, “Borcalan” ödənişləri müqavilədə nəzərdə tutulmuş qaydada icra etmədikdə, “Borcverən” müqavilə üzrə tam borcun, faizlərin və hesablanmış cərimənin ödənilməsini vaxtından əvvəl tələb edə bilər. Müqavilənin 5.2-ci bəndinə əsasən Borcalan bu müqaviləyə və onun əlavəsinə uyğun olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə hər gecikdirilmiş gün üçün kreditin ödənilməmiş hissəsinə görə 0,5% cərimə (dəbbə pulu) ödəməlidir. 393-MBK-0221-23 saylı kredit müqaviləsinə 1 saylı Əlavə üzrə tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 9000 manat olan illik faiz dərəcəsi 24% olmaqla 24 ay müddətinə verilmiş kreditə görə Cavabdeh1 xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinə qədər hər ayın 6-sı (7-si) 476 manat, sonuncu ay isə 472,22 manat ödəməlidir. xx.xx.2023-cü il tarixli 393-MBK-0221-23 saylı Krеdit Müqаviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 ilə 393-MBK-0221-23 saylı zaminlik müqaviləsi bağlamışdır. Zaminlik Müqaviləsinin 2.3-cü bəndinə əsasən, “Borcalan” öz öhdəliklərini tam yerinə yetirənədək Zamin “Borcalan” ilə birlikdə “Borcverən” qarşısında tam məsuliyyət daşıyır. Həmin müqavilənin 3.1-cü bəndinə əsasən Zamin “Kreditor” qarşısında “Borcalan”ın kredit müqaviləsi üzrə olan kredit borcu və faizləri məbləğində, həmçinin kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün tam məsuliyyət daşıyır. xx.xx.2025-ci il tarixli iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh1 7459,6 manat əsas borcu, 1205,65 manat faiz borcu, 1118,94 manat cərimə borcu, ümumilikdə 9784,19 borcu vardır. xx.xx.2023-cü il tarixli 393-MBK-0221-23 saylı krеdit müqаviləsi üzrə hesabdan çıxarış məlumatına əsasən, xx.xx.2023-cü tarixli əməliyyat üzrə 480 manat məbləğində, xx.xx.2024-cü tarixli əməliyyat üzrə 300 manat məbləğində, xx.xx.2024-cü il tarixli əməliyyat üzrə 180 manat məbləğində, xx.xx.2024-cü tarixli əməliyyat üzrə 500 manat məbləğində, xx.xx.2024-cü tarixli əməliyyat üzrə 1000 manat məbləğində, ümumilikdə 2460 manat məbləğində Cavabdeh1 tərəfindən Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənişlər edilmişdir. xx.xx.2023-cü il tarixli **********39884 nömrəli ödəniş tapşırığına əsasən 4297,78 manat kredit xx.xx.2023-cü il tarixli 393-MBK-0221-23 saylı Krеdit Müqаviləsinə əsasən Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 hesabına köçürülmüşdür. 136282 nömrəli ödəniş tapşırığına əsasən 5871 manat kredit xx.xx.2023-cü il tarixli 393-MBK-0221-23 saylı Krеdit Müqаviləsinə əsasən Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 hesabına köçürülmüşdür. Cavabdeh1 tərəfindən Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış ərizədən görünür ki, ona 9000 manat məbləğində kredit verilməsini və veriləcək kredit məbləğinin 4567,22 manat hissəsini onun BOKT "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixli, 393-NBK-0322-23 saylı Kredit Müqaviləsi üzrə mövcud olan 4546,76 manat əsas borc, 20,46 manat faiz borcu olmaqla, ümumilikdə 4567,22 manat məbləğində kredit borcunun bağlanmasına yönəldilməsini xahiş etmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında tərtib olunmuş razılaşmada göstərilən qrafikə uyğun olaraq cavabdeh tərəfdən 1000,16 manat əsas borc, hesablanmış 439,8 manat faiz borcu, müqavilə üzrə öhdəliklərinizi lazımi qaydada icra etmədiyinizə görə 426,54 manat cərimə borcu olmaqla, xx.xx.2024-cü il tarixinə cəmi 1866,5 manat borcun 5 (beş) təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks halda müqavilənin ləğv olunacağı və borcların ödənilməsinin təmin edilməsi məqsədilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında tərtib olunmuş razılaşmada göstərilən qrafikə uyğun olaraq cavabdeh tərəfdən 7459,6 manat əsas borc, hesablanmış 1205,65 manat faiz borcu, müqavilə üzrə öhdəliklərinizi lazımi qaydada icra etmədiyinizə görə 1118,94 manat cərimə borcu olmaqla, xx.xx.2025-ci il tarixinə cəmi 9784,19 manat borcun 5 (beş) təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks halda müqavilənin ləğv olunacağı və borcların ödənilməsinin təmin edilməsi məqsədilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 117,84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 393-MBK-0221-23 saylı krеdit müqаviləsinə əsasən iddiaçı tərəfindən sonuncuya 24 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün xx.xx.2023-cü il tarixdə iddiaçı Cavabdeh2 ilə 393-MBK-0221-23 saylı zaminlik müqaviləsi bağlamış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 9000 manat kredit versə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, aylıq ödənişləri ödəməyərək krediti tam qaytarmamışlar, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə tərəflərin razılaşmasına və mülki qanunvericiliyə əsasən iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, mülki qanunvericiliyin və tərəflər arasında imzalanmış müqavilənin şərtlərini nəzərə alaraq hesab edirəm ki, iddiaçının xx.xx.2023-cü il tarixli 393-MBK-0221-23 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 7459,6 manat məbləğində əsas bоrc, 1205,65 manat məbləğində faiz bоrcu tələbi əsaslı olduğundan təmin edilməli, həmin məbləğlər cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə 1118,4 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Hesab edirəm ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 370 manat məbləğində müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 118,24 manat dövlət rüsumunun 110,35 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7459,6 manat məbləğində əsas borc, 1205,65 manat məbləğində faiz bоrсu, 370 manat manat məbləğində cərimə borcu, ümumilikdə 9035 (doqquz min otuz beş) manat 25 (iyirmi beş) qəpik borc, ödənilmiş dövlət rüsumunun 110 (yüz on) manat 35 (otuz beş) qəpiyinin əvəzi tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar