Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-541/2023 15.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-dən 19.537 manat əsas borc, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 manat məbləğində mediasiyaya dair xərc, cəmi ümumilikdə 19.747 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 iyun 2021-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin 19.537 manat borcu yaranmışdır. Həmin müqaviləyə əsasən satıcı müəyyənləşdirilmiş şərtlərlə və qaydada beton məhsullarını Alıcının mülkiyyətinə verməyi, Alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən Alıcı ayda bir dəfə olmaqla ona təhvil verilmiş malın dəyərini ödəməyi öhdəsinə götürür. Razılaşmanın şərtlərinə uyğun olaraq, alınan məhsullar üzrə Alıcının hal-hazırda ödəməli olduğu məbləğ ƏDV daxil olmaqla 19.537 manat təşkil edir. İddiaçı tərəf cavabdehə 19.537 manat məbləğində beton vermələrinə baxmayaraq, qarşı tərəfin həmin məbləğin ödənilməsindən müxtəlif bəhanələrlə boyun qaçırmasını bildirirək, dəymiş ziyanın qaytarılmasına kömək edilməsini tələb edir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilib, hətta 25 iyun 2022-ci il tarixli, 003 nömrəli pretenziya məktubu göndərilmişdir. 24 iyun 2022-ci il tarixli MŞB/2-01036 saylı mediasiya arayışından görünür ki, cavabdeh mediasiya prosesinə gəlməmiş, əlavə olaraq 06 dekabr 2022-ci il tarixli, 003 nömrəli pretenziya məktubu (elektron məhkəmə portalı vasitəsilə) göndərilmişdir. Lakin buna baxmayaraq cavabdeh müqavilə üzrə ödənilməli olan borcu ödəməmişdir. İddiaçı bu məsələ ilə əlaqədar Nəsimi RPİ-nə müraciət edərək cavabdehdən pullarının qaytarılmasını tələb etmiş, şikayət ərizəsi üzrə araşdırılma aparılarkən cavabdehin direktoru Qanuni nümayəndə izahatında rəsmi olaraq 19.537 dəyərində beton aldığını bildirmiş, borcu olduğunu etiraf etdiyini qeyd etmiş, borcunu çalışıb ödəyəcəyini bildirmişdir. Bunula bağlı Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Zaur Tağıyev tərəflər arasında müqavilə öhdəliyi ilə bağlı mübahisə yarandığından cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərar qəbul edərək, dəymiş ziyanın mülki qaydada qiymətləndirməklə müvafiq məhkəmə mübahisəsi əsasında həll olunması qənaətinə gəlmişdir. Ancaq indiyədək heç bir ödəniş edilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən hazırkı müqavilə üzrə bir dəfə olmaqla mal təqdim edilmiş, həmin mallar iddiaçı tərəfindən cavabdehin ünvanına çatdırılmış, lakin sürücülərinin təqsiri üzündən malların təhvil verilməsi ikitərəfli akt ilə rəsmiləşdirilməmişdir. Daha sonra cavabdeh borcu ödəməkdən imtina etmiş, bu səbəbdən polis idarəsinə şikayət ərizəsi ilə müraciət edilmiş, cavabdehin qanuni təmsilçisi verdiyi izahatında malların çatdırıldığını təsdiqləmiş, maddi imkanı olduqca borcu ödəyəcəyini bildirmişdir. Tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı müəyyən məhsulları alıcıya satmağı, alıcı isə satılan məhsulları qəbul edib əvəzində müqavilə ilə müəyyənləşdirilmiş məbləği satıcya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin predmetini təşkil edən məhsulların sayı, dəyəri və digər məlumatlar haqqında müqavilənin ayrılmaz hissəsi hesab edilən əlavələrdə (razılaşma protokolları, qaimə-fakturalar) əks olunacaq. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin dəyəri müqavilənin ayrılmaz hissəsi hesab edilən əlavələrdə (razılaşma, protokolları, qaimə-fakturalar) əks olunacaq. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı bu müqavilənin dəyərini satıcı tərəfindən qaimə-faktura təqdim edildiyi tarixdən ayda bir dəfə olmaqla nağd və ya köçürmə yolu ilə ödəyir. Müqaviləyə 1 saylı xx.xx.2021-ci il tarixli X2 əsasən satıcı alıcıya müqavilənin şərtlərinə əsasən Əlavədə göstərilən qiymətlərlə malı satmalı və çatdırmalı, alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətdə ödəməlidir. Müqaviləyə 02 saylı xx.xx.2021-ci il tarixli X2 əsasən Əlavədə göstərilən qiymətlərlə malı satmalı və çatdırmalı, alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətdə ödəməlidir. İddiaçı tərəfindən cavabdehə təhvil verilmiş mallarla bağlı EBCH 659130 nömrəli, xx.xx.2022-ci il tarixli (19539 manat) elektron qaimə təqdim edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 29 sentyabr 2022-ci il tarixli qərarına əsasən HK- 1931(RPİ) №-li toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, material üzrə X1 mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Belə ki, cavabdehin qanuni təmsilçisi cinayət işi üzrə araşdırma zamanı verdiyi izahatda iddiaçı tərəfindən ona təxminən 19000 manat məbləğində müxtəlif növ beton göndərildiyini təsdiqləmiş, lakin bununla bağlı aralarında heç bir təhvil-təslim aktı və ödənişin olmadığını, Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən “Xrustalniy” deyilən ərazidə şirkəti tərəfindən aparılan tikintiyə sifariş verdikləri M-400 markalı betonun əvəzinə keçirilmiş keyfiyyət yoxlaması zamanı M320-340 markalı betonun göndərildiyinin müəyyən edildiyi, bu barədə SXS şirkəti tərəfindən tərtib edilmiş rəsmi rəyi qısa müddətdə araşdırma orqanına təqdim edəcəyini bildirmiş, hadisədən sonra aralarında müəyyən narazılıq yaranmış və ona qədər verilmiş betonların keyfiyyətini yoxlatdıra bilmədiklərinə görə qeyd olunan məbləğin heç bir hissəsinin ödənişinin olunmadığını, lakin qeyd olunan keyfiyyətlə bağlı yaranmış problem nəticəsində ona da dəymiş maddi ziyanın əvəzi qarşılıqlı olaraq razılaşdırıldıqdan sonra İddiaçı–la şirkətin arasında imzalanmış müqavilə əsasında verilmiş betonun müqavilində ödənilməli məbləğ “Krean Group” şirkəti tərəfindən elektron qaimə-faktura təqdim edildikdən sonra qarşılıqlı üzləşdirmə aktı əsasında ödənilməsinin Cavabdeh tərəfindən təmin ediləcəyini göstərmişdir. Həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Odur ki, məhkəmənin mövqeyinə görə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar cavabdeh tərəfindən müvafiq qaydada mübahisələndirilmədiyindən və hazırda qüvvədə olduğundan həmin sənədin, habelə cavabdehin qanuni təmsilçisinin verdiyi izahatın qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsas yoxdur. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 19.537 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 19.537 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 19.537 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/2-01036 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 210 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 19.537 (on doqquz min beş yüz otuz yeddi) manat məbləğində pul və ödənilmiş 210 (iki yüz on) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-541/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-541/2023
15.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver