Məhkəmə qərarları › İş №e-2-2(113)-5410/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5410/2022

19.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5410/2022 19.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlu, "xxxx" MMC-nin Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə (Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti) qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: "xxxx" MMC Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə (Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən "xxxx" ASC-yə ünvanlanmış olduğu 27/1937 və 27/1938 saylı, 29 iyun 2022-ci il tarixli tələb məktubları əsasında cəmiyyətin cari bank hesabından hər iki tender üzrə silinmiş (2.517,00+2.140,65)= ümumilikdə 4.657,65 (dörd min altı yüz əlli yeddi manat, 65 qəpik) manat vəsaiti, dəymiş 25.000,00 (iyirmi beş min) manat məbləğində maddi ziyanın, mediasiya təşkilatına hesabına ödənilmiş 200,00 (iki yüz) manat məbləğində mediasiya xərcinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi iddianın yoverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 152.1 və 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 15.4-cü bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-lə nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, hazırki mübahisə Dövlətin adından fəaliyyət göstərən və hakimiyyət səlahiyyətlərinə malik olan inzibati orqan ilə hüquqi şəxs arasında yaranmışdır. Mübahisənin predmeti isə cavabdeh tərəfindən elan edilmiş tenderin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, işə əlavə edilmiş sənədlərdən görünür ki, hazırda iddia irəli sürən tərəfin tələbi tender qarantiyaları üzrə cavabdehin bank hesabına ödədiyi pul məbləği təşkil edir. Yəni tərəflər arasında yaranmış mübahisə məhz cavabdeh tərəfindən elan olunmuş tenderin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 44-cü bəndində görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti) inzibati orqandır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.” Məhkəmə bildirir ki, hazırkı mübahisə cavabdehin “Xüsusi iş geyimlərinin satın alınması ilə əlaqədar” 26 apel 2022-ci il tarixində elan olunmuş tender ilə bağlı yaranmışdır. Deməli, qeyd olunan akt, “... ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan ...” elementi mövcud olmadığı üçün “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayılmasa da, onun eyni Qanunun 1.2-ci maddəsində nəzərdə tutulan faktiki xarakterli digər fəaliyyətindən irəli gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM): 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəmədə baxılmalı idi. MPM-in 26.1-ci maddəsi açıq şəkildə tələb edir ki, o mübahisələr kommersiya mübahisələri hesab edilə, o işlərə kommersiya mübahisələri qismində mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olsun. Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Başqa ifadə ilə, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericiliyimiz sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir. Yuxarıda da müzakirə edildiyi və görüldüyü kimi isə, cavabdeh inzibati orqan olmaqla, hazırkı mübahisə onun məşğul olduğu, yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət edən və bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Göründüyü kimi, "xxxx" MMC-nin Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə (Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti) qarşı tələbi sonuncunun publik səlahiyyətlərinə aiddir və ümumi hüquq sahəsinə aid olan normativ hüquqi aktların tətbiq edilməsi də kommersiya mübahisəsinə baxan məhkəmənin səlahiyyətinə aid olmadığından hazırki mübahisəyə mülki muhakimə icraatı qaydasına baxılması yolverilməzdir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırkı iddiaya məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi qəbul edilməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə (Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti) qarşı “pul” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" MMC-yə rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar