Məhkəmə qərarları › İş №e-2-2(113)-5412/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5412/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5412/2022 02.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 Mahir oğlu, Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh1 Mahir oğlu, Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 004A********** saylı kredit müqaviləsinin, xx.xx.2020-ci il tarixli 004A**********S saylı və xx.xx.2020-ci il tarixli 004A**********SA saylı sazişlərin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 9718.89 manat məbləğində kredit bоrcu, 3631.16 manat məbləğində faiz bоrcu və 4349.7 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 17699 manat 75 qəpik məbləğində bоrcun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 iddiaçı xx.xx.2020-ci il tarixdə bağladığı 004A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 004A**********S saylı, xx.xx.2020-ci il tarixli 004A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 281.11 manat ödəniş etmiş və оnun iddiaçıya 9718.89 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 444 gün üçün hesablanmış faiz borcu 3631.16 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 444 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 4349.7 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Hüseynova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinin qismən, əsas borc hissəsində təmin edilməsinə etiraz etmədiyini, iddia ərizəsinin qalan hissədə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda həmin borcu birdəfəlik ödəməyə maddi imkanları yoxdur. Kredit borcu sahibkarlıq məqsədləri üçün götürülmüş, lakin pandemiya səbəbindən gəlir əldə edilməmiş, bu səbəbdən kredit müqaviləsi üzrə faizlər və cərimə ödənilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 27 fevral 2020-ci il tarixli 004A********** nömrəli kredit müqaviləsinə əsasən bank ümumi məbləği 10000 manat olan borc pulu aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 36 ay müddətinə kredit alana verir. Kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş pkanına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Müqavilənin 4.2.3-cü bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesabanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur. İddiaçı ilə zamin Cavabdeh1 arasında bağlanmış 27 fevral 2020-ci il tarixli 004G**********03 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür. Borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanmış 27 fevral 2020-ci il tarixli 004G**********02 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür. Borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 10 aprel 2020-ci il tarixli ödəniş planına əsasən Cavabdeh3 004A********** nömrəli kredit müqaviləsi üzrə aylar üzrə ödəməli olduğu əsas, faiz məbləğləri əksini tapmışdır. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 10 aprel 2020-ci il tarixli 004A**********S nömrəli kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 27 fevral 2020-ci il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə kreditin müddəti artırılır və 38 ay təşkil edir. Sazişin 2-ci bəndinə əsasən bank ilə kredit alan arasında 27 fevral 2020-ci il tarixli 004A********** saylı kredit müqaviləsi əsasənda kredit alan, götürdüyü kredit qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 10 aprel 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 09 oktyabr 2020-ci il tarixli 004A**********SA nömrəli kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqında sazişə əsasən bank ilə kredit alan arasında 27 fevral 2020-ci il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə kreditin müddəti artırılır və 32 ay təşkil edir. Sazişin 2-ci bəndinə əsasən bank ilə kredit alan arasında 27 fevral 2020-ci il tarixli 004A********** saylı kredit müqaviləsi əsasında kredit alan götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 09 oktyabr 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2020-ci il tarixli 004G**********03S nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişə əsasən bank ilə zamin arasında 27 fevral 2020-ci il tarixdə bağlanmış 004G**********03 saylı zaminlik müqaviləsinin preambulasında dəyişiklik edilərək həmin preambulaya aşağıdakı cümlə əlavə edilmişdir: Kreditin müddəti 38 ay təşkil edir. Bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir və borclunun bank ilə 27 fevral 2020-ci il tarixdə bağlanmış 004A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2020-ci il tarixli 004G**********03SA nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişə əsasən bank ilə zamin arasında 27 fevral 2020-ci il tarixdə bağlanmış 004G**********03 saylı zaminlik müqaviləsinin preambulasında dəyişiklik edilərək həmin preambulaya aşağıdakı cümlə əlavə edilmişdir: Kreditin müddəti 32 ay təşkil edir. Bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir və borclunun bank ilə 27 fevral 2020-ci il tarixdə bağlanmış 004A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2020-ci il tarixli 004G**********02S nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişə əsasən bank ilə zamin arasında 27 fevral 2020-ci il tarixdə bağlanmış 004G**********03 saylı zaminlik müqaviləsinin preambulasında dəyişiklik edilərək həmin preambulaya aşağıdakı cümlə əlavə edilmişdir: Kreditin müddəti 38 ay təşkil edir. Bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir və borclunun bank ilə 27 fevral 2020-ci il tarixdə bağlanmış 004A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh3 Zakir oğlunun 004A********** saylı xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2022ci il tarixə olan borcu: əsas məbləğ 9718,89 manat, faiz üzrə borcu 3631,16 manat, cərimə borcu 4349,7 manat, ümumilikdə 17699,75 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli kreditin verilməsi haqqında köçürmədən görünür ki, Cavabdeh3 hesabına 10.000 manat məbləğində kredit köçürülmüşdür. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş pretenziya məktublarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixə yaranmış 17610,17 manat məbləğində borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilərinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 9718.89 manat əsas borcunun, 3631.16 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən 9718.89 manat əsas borcunun, 3631.16 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində Cavabdeh3 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 004A********** saylı kredit müqaviləsinin, xx.xx.2020-ci il tarixli 004A**********S saylı və xx.xx.2020-ci il tarixli 004A**********SA saylı sazişlərin ləğv edilməsi tələbini də irəli sürmüşdür. İşin araşdırılan hallarından, tərəflərin izahatlarından cavabdehlərin öz öhdəliklərini tam və vaxtında icra etməməsi müəyyən edilmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddiaçının həmin tələbi də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 4349.7 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 400 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya 9718.89 manat məbləğində kredit bоrcu, 3631.16 manat məbləğində faiz bоrcu və 400 manat məbləğində cərimə, cəmi 13750,05 manat borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli 004A********** saylı kredit müqaviləsi, xx.xx.2020-ci il tarixli 004A**********S saylı və xx.xx.2020-ci il tarixli 004A**********SA saylı sazişlər ləğv edilməli, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 9718.89 manat məbləğində kredit bоrcu, 3631.16 manat məbləğində faiz bоrcu və 400 manat məbləğində cərimə, cəmi 13750,05 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 200 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 004A********** saylı kredit müqaviləsi, xx.xx.2020-ci il tarixli 004A**********S saylı və xx.xx.2020-ci il tarixli 004A**********SA saylı sazişlər ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 Mahir oğlu, Cavabdeh2 müştərək qaydada 9718.89 (doqquz min yeddi yüz on səkkiz manat səksən doqquz qəpik) manat məbləğində kredit bоrcu, 3631.16 (üç min altı yüz otuz bir manat on altı qəpik) manat məbləğində faiz bоrcu və 400 (dörd yüz) manat cərimə borcu olmaqla, cəmi 13750,05 (on üç min yeddi yüz əlli manat beş qəpik) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar