Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5419/2022 14.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı xx.xx.2020-ci il tarixli, 005R********** saylı kredit razılaşmasının ləğv edilməsi, kredit borcunun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 005R********** saylı krеdit razılaşması üzrə 4.497,51 manat məbləğində krеdit bоrcu, 497,74 manat məbləğində faiz bоrcu və 852,01 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5.847 manat məbləğində bоrcun, 110 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 005L**********58 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100.000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 005R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8.000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 3.502,49 manat ödəmiş, onun 4.497,51 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 188 gün üçün hesablanmış faiz borcu 497,74 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 188 gün üçün hеsablanmış cərimə 852,01 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında qeyd etmişdir ki, krediti götürdükdən sonra uzun müddət borclarını vaxtlı-vaxtında ödəyirdilər. Lakin Cavabdeh1 işdən ayrıldı və ödəniş edə bilmədilər. O hazırda taksi sürücüsüdür və borcu ödəmək imkanı yoxdur. Bank ilə dəfələrlə əlaqə saxlayıb borcun azaldılmasını xahiş etmişlər. Lakin razılaşma əldə edilmədi. Odur ki, hazırda fazizlərin və dəbbə pulunun azaldılmasını xahiş edir. İş üzrə digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" QSC-nin “20 yanvar” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli, 005L**********58 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100.000 manat məbləğində 120 ay müddətinə xx.xx.2030-cu il tarixədək uzunmüddətli kredit xəttini açmışdır. Müqaviləyə əsasən uzunmüddətli kredit xətti həmin müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanılacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 17 sentyabr 2030-cu il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Kredit müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin “20 yanvar” filialı (bank) ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (zaminlər) arasında müvafiq olaraq 17 sentyabr 2020-ci il tarixli, 005S**********03, 005S**********01 və 005S**********02 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrin giriş hissəsinə əsasən həmin müqavilələr "xxxx" QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərini təmin etmək üçün bağlanmış,Müddətli kredit müqaviləsinin məbləğinin 100.000 manat məbləğində, müddətinin 120 ay, faiz dərəcəsinin yuxarı həddinin 28 %, ödənişlərin dövriliyinin hər təqvim aynda bir dəfə olması müəyyən edilmişdir. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. 3.1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zaminlər icra etməlidir. 3.1.2-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zaminlər ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminlərin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilələr bankın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin “20 yanvar” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli, 005L**********58 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 005R********** saylı, xx.xx.2020-ci il tarixli kredit razılaşmasına əsasən bank məbləği 8.000 manat olan krediti aylıq faiz dərəcəsi 2 % olmaqla 24 ay müddətinə kredit alana vermişdir. 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi mikro kredit. 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ10ACAB******************** cari hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. 2.2-ci bəndinə əsasən bank 0 manat məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 24.62 % təşkil edir. 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Müqavilədə giriş hissəsində kredit alan Cavabdeh1 məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmişdir. Müqavilə bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. 005L**********58 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 005R********** saylı kredit razılaşmasının ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə ödənəcək əsas məbləğ 8.000 manat, faizin məbləği 2.214,06 manat, cəmi ödəniləcək məbləğ 10.214,06 manat müəyyən edilmişdir. Ödəniş planı bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş ödəniş sənədindən ilə müəyyən edilir ki, 8.000 manat kredit Cavabdeh1 AZ10ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit razılaşması üzrə Cavabdeh1 sonuncu dəfə xx.xx.2021-ci ildə olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixə əsas borcu 4.497,51 manat, faiz borcu 497,74 manat, (gecikdirilən günlərin sayı 188 gün) cərimə borcu 852,01 manat olmaqla, cəmi borc 5.847,26 manat təşkil edir. "xxxx" QSC tərəfindən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə razılaşmaya xitam veriləcəyi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında 17 sentyabr 2020-ci il tarixli, 005L**********58 saylı uzunmüddətli kredit müqaviləsi, həmin uzunmüddətli kredit müqaviləsi üzrə 17 sentyabr 2020-ci il tarixli bağlanmış 005R********** saylı kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC Cavabdeh1 uzunmüddətli kredit müqaviləsi üzrə razılaşmada müəyyən edilmiş şərtlərlə 8.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə və razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit razılaşması üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh1 iddiaçıya xx.xx.2022-ci il tarixinə kredit razılaşması üzrə 4.497,51 manat məbləğində əsas və 497,74 manat məbləğində faiz borcu yaranmışdır. İddianın krеdit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. İşin yuxarıda göstərilən hallarından isə görünür ki, Cavabdeh1 17 sentyabr 2020-ci il tarixli, 005L**********58 saylı uzunmüddətli kredit müqaviləsi, həmin uzunmüddətli kredit müqaviləsi üzrə 17 sentyabr 2020-ci il tarixli bağlanmış 005R********** saylı razılaşma üzrə əsas və faiz borcunu ödəniş qrafikinə uyğun ödəməməklə həmin müqavilə iddiaçı "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəlikləri əhəmiyyətli dərəcədə pozmuş, belə olan halda isə iddiaçının kredit razılaşması üzrə əsas və faiz borcunun dərhal ödənilməsini tələb etmək hüququ yaranmışdır. Odur ki, iddiaçı "xxxx" QSC Cavabdeh1 4.497,51 manat məbləğində əsas və 497,74 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh1 hesablanmış 852,01 manat məbləğində dəbbə pulunun Cavabdeh1 tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 200 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, "xxxx" QSC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli, 005L**********58 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi "xxxx" QSC (kredit verən) ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (zaminlər) arasında müvafiq olaraq 17 sentyabr 2020-ci il tarixli, 005S**********03, 005S**********01 və 005S**********02 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit alan Cavabdeh1 17 sentyabr 2020-ci il tarixli, 005L**********58 saylı uzunmüddətli kredit müqaviləsi, həmin uzunmüddətli kredit müqaviləsi üzrə 17 sentyabr 2020-ci il tarixli bağlanmış 005R********** saylı razılaşmasından irəli gələn öhdəliklərinə zamin durmuşlar. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə borc alan Cavabdeh1 17 sentyabr 2020-ci il tarixli, 005L**********58 saylı uzunmüddətli kredit müqaviləsi üzrə kreditor "xxxx" QSC qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədiyini, belə olan halda kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit verən "xxxx" QSC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, "xxxx" QSC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır. İddianın xx.xx.2020-ci il tarixli, 005R********** saylı kredit razılaşmasının ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, 17 sentyabr 2020-ci il tarixdə bağlanmış kredit razılaşmasında kredit müddətinin 24 ay olması göstərilmiş, yəni müqavilə üzrə kreditin verilmə müddəti 17 sentyabr 2022-ci il tarixdə bitmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, əvvəla, qüvvədə olma müddəti bitmiş müqavilənin ləğv edilməsi imkanı qanunvericilikdə nəzərdə tutulmamışdır, digər tərəfdən müddəti bitmiş müqavilə tərəflər üçün yeni hüquq və öhdəliklər yaratmadığından həmin müqavilənin ləğv edilməsi zərurəti də mövcud deyildir. Odur ki, iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində rədd edilməlidir. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 110 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 78,47 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 4497,51 manat (dörd min dörd yüz doxsan yeddi manat əlli bir qəpik) məbləğində əsas borc, 497,74 manat (dörd yüz doxsan yeddi manat yetmiş dörd qəpik) məbləğində faiz borcu və 200 (iki yüz) manat məbləğində dəbbə pulu, cəmi 5.195,25 manat (beş min yüz doxsan beş manat iyirmi beş qəpik) məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5419/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5419/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver