Məhkəmə qərarları › İş №e-2-2(113)-5419/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5419/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5419/2025 29.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (kredit, zaminlik müqaviləsi, zaminlik müqaviləsinin müddəti, əsas və faiz borcu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 10.595,79 ABŞ dolları - bundan 4.301,29 ABŞ dolları əsas, 1.661,25 ABŞ dolları faiz, 4.013,45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 619,80 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 144,04 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 10.000 ABŞ dolları məbləğində “biznes” krediti verilmişdir. Cavabdehə kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Hazırda bank tərəfindən xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqavilələrinin təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 7.825,81 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 10.595,79 ABŞ dolları təşkil edir. Bundan 4.301,29 ABŞ dolları əsas, 1.661,25 ABŞ dolları faiz, 4.013,45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 619,80 ABŞ dolları faiz borcu təşkil edir.

3. xx.xx.2026-cı il tarixdə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil EMİS vasitəsi ilə zaminliyə xitam verilməsi barədə ərizə təqdim etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bank arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçının məhkəməyə xx.xx.2015-ci il tarixli Kredit və Zaminlik müqavilələrini təqdim etmədən pul tələbi ilə iddia irəli sürməsi yolverilməzdir, qanuna zidd hesab edilməlidir. İddiaçı absurd olaraq bununla bağlı ərizədə göstərmişdir ki, hazırda Bank tərəfindən xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqavilələrinin təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Lakin Azərbaycan Respublikasının mülki qanunvericiliyində belə halların, yəni bank sənədlərinin rəhbər şəxslər və əməkdaşlar tərəfindən qorunmaması səbəbindən onların məhv edilməsi, itirilməsi və ya korlanmasının istisna təşkil etməsi, müqaviələr olmadan pul tələbi ilə iddia irəli sürmək hüququnun olması müddəaları mövcud deyildir. Daha sonra iddia ərizəsində qeyd edilir ki, Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (“restrukturizasiya edilmiş kredit”) 7.825,81 ABŞ dolları təşkil etmişdir. Qeyd etmək vacibdir ki, ********* saylı 07 iyul 2017-ci il tarixli zaminlik müqaviəsinə 01 nömrəli Əlavə Sazişin 1.2-ci bəndindən görünür ki, restrukturizasiya edilmiş kreditin müddəti 07 iyul 2022-ci il tarixədəkdir. Dəmir Bank ASC (kreditor) zamin S.N. Zeynalovaya qarşı kredit ödənişinin icrası müddəti catdığı 07 iyul 2022-ci il tarixdən sonra 1 il ərzində hər hansı iddia irəli sürməmiş, kreditin ödənilməli olduğu müddətdən 3 il sonra S.N. Zeynalovanı da cavabdeh qismində götərməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və qanuna zidd olaraq ona qarşı pul tələbi irəli sürmüşdür. Odur ki, Mülki Məcəllənin 477.0.4.-ci maddəsinə əsasən Cavabdeh1 Nofəl qızının zaminliyinə məhkəmə tərəfindən xitam verilməlidir.

İİ Tərəflərin mövqeləri:

5. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi EMİS vasitəsi ilə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, daha sonra tərəflər arasında müqavilə müddətinin uzadılması ilə bağlı hər hansı razılaşma bağlanmamışdır.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil təqdim etdiyi ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin Cavabdeh1 dair hissədə rədd edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirdi ki, kredit götürəndən sonra devalvasiya baş vermiş, bir müddət ödənişlər etmiş, daha sonra banka müraciət edərək kreditin dollar deyil, manatla ödənilməsini xahiş etmişdir. Sonra bankla aralarında 170 manat olaraq deyil,140 manat olaraq ödəniş edilməsi barədə razılıq əldə olunmuşdur. O da həmin qaydada ödəməyə başlamışdır. Lakin sonra ondan yenidən dollarla ödəniş etmək tələb olunmuşdur. Bu səbəbdən ödənişləri dayandırmışdır. Əslində borcu ödəmək istəyir, sadəcə əvvəlki qaydada, yəni 140 manat olaraq və faizləri çıxmaqla. Cavabdeh3 sədrlik edənin sualına cavab olaraq bildirdi ki, 5-6 ay, 130 manat olaraq ödəmiş, qalan məbləği ödəməmişdir.

9. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

10. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir, kredit müqaviləsinin müddəti bitib, bu o deməkdir ki, zaminlik müqaviləsinin də müddəti bitmişdir. Belə olan halda zamin olaraq ona qarşı tələb irəli sürülməməli idi.

İİİ Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. LPO İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 7 iyul 2017-ci il tarixli 1 nömrəli əlavə sazişin: 1.1-ci bəndinə əsasən, kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin 7825.81 USD təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir.Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4622.92 USD əsas borc, 1949. USD faiz borcu və 1253.7 USD cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 faiz təşkil edir. 1.3-cü bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş cərimə kimi illik 16 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 1.6-cı bəndinə əsasən, borcalan yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı növbəti hər 12 ay ərzində gecikmə günlərinin sayı 30 gündən çox olduqda, kreditorun təşəbbüsü ilə bu əlavə sazişə birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. Bu əlavə sazişə kreditor tərətindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə tərəflər arasında imzalanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri tətbiq olunur. Bu zaman borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər bankın ödəniş tarixinə qüvvədə olan məzənnəsi ilə yenidən hesablanır və borcalan tərəfindən dərhal Kreditora ödənilir. 2.1-ci bəndinə əsasən, bu əlavə saziş imzalandığı tarixdən qüvvəyə minir.

12. “LPO İddiaçı ASC ilə Cavabdeh2 (zamin) və Cavabdeh3 (borcalan) arasında bağlanılmış xx.xx.2015-ci il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə 7 iyul 2017-ci il tarixli 1 nömrəli əlavə sazişin: 1.1-ci bəndinə əsasən, borcalanın kreditor qarşısındakı 7825.81 ABŞ dolları kredit öhdəliyinin qalığı təşkil edir. 1.2-ci bənində əsasən, restruktruzasiya olunmuş kreditin müddəti xx.xx.2022-ci il tarixə qədərdir. 2.1-ci bəndinə əsasən bu əlavə saziş imzalandığı tarixdən qüvvəyə minir. 2.2-ci bəndinə əsasən zamin bu əlavə sazişi imzalamaqla ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 01 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir.

13. “LPO İddiaçı ASC ilə Cavabdeh1 (zamin) və Cavabdeh3 (borcalan) arasında bağlanılmış xx.xx.2015-ci il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə 7 iyul 2017-ci il tarixli 1 nömrəli əlavə sazişin: 1.1-ci bəndinə əsasən, borcalanın kreditor qarşısındakı 7825.81 ABŞ dolları kredit öhdəliyinin qalığı təşkil edir. 1.2-ci bənində əsasən, restruktruzasiya olunmuş kreditin müddəti xx.xx.2022-ci il tarixə qədərdir. 2.1-ci bəndinə əsasən bu əlavə saziş imzalandığı tarixdən qüvvəyə minir. 2.2-ci bəndinə əsasən zamin bu əlavə sazişi imzalamaqla ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 01 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir.

14. “LPO İddiaçı ASC-yə məxsus 03 fevral 2025-ci il tarixli 2/32/79116600 USD nömrəli kassa-məxaric orderindən görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 10000 USD kredit verilmişdir.

15. “Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərilərək xx.xx.2025-ci il tarixə cəmi 10595.79 USD vəsaitinin 3 gün müddətindən gec olmayaraq ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli 12-5/2-M-23-7406/2025 maliyyə arayışından görünür ki, “LPO İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 3 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 5 may 2025-ci il tarixinə əsas borc 4301.29 ABŞ dolları, müqavilənin müddəti xx.xx.2015-ci ildən xx.xx.2022-ci ilədək, müqavilə müddəti üçün hesablanmış faiz borcu 1661.25 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 4013.45 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi 5 faiz, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 619.80 ABŞ dolları, ümumi borc 10595.79 USD təşkil edir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4233 saylı rəyinə əsasən xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə bağlanmış 07.07. 2017-ci il tarixli 1 nömrəli əlavə sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdeh X1 iddiaçı LPO İddiaçı ASC-yə olan borcu xx.xx.2022ci i (müqavilə müddəti tarixinə) əsas borc üzrə 4198.73 USD, faiz borcu üzrə 1539.54 USD olmaqla, cəmi 5738.27 USD, xx.xx.2025-ci il (sualda göstərilən tarixə) əsas borc üzrə 4198.73 USD, faiz borcu üzrə 1539.54 USD, illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 593.65 USD olmaqla cəmi, 6331.92 USD təşkil edir.

18. Beləliklə, hazırkı mübahisə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlmişdir. İddiaçı cavabdehin müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyin icrasını tələb edir.

19. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

20. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Belə ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən trəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

21. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, LPO İddiaçı ASC ilə Cavabdeh3 (borcalan) arasında bağlanılmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 10000 USD kredit verilmişdir. Daha sonra LPO İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 7 iyul 2017-ci il tarixli 1 nömrəli əlavə sazişə əsasən, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7825.81 ABŞ dolları (4622.92 USD əsas borc, 1949. USD faiz borcu və 1253.7 USD cərimə borcu olmaqla) təşkil etmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bank ilə borcalan və zaminlər Cavabdeh1 və Cavabdeh2 oğlu arasında xx.xx.2015-ci il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə 7 iyul 2017-ci il tarixli 1 nömrəli əlavə saziş bağlanmış, zaminlik müqavilələrinə əsasən zamin, ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 01 saylı xx.xx.2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyət daşıdığını öz üzərinə götürdüyünü təsdiq etmişdir. Həm kredit, həm də zaminlik müqavilələrində restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Beləliklə iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etmiş, cavabdeh isə borcunun bir qismini ödəməsinə baxmayaraq bütün ödənişləri həyata keçirməmiş, nəticədə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. İddiaçı hazırda kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.

22. Cavabdeh3 əsas borcu hissə-hissə ödəyə biləcəyini, faiz borcu ilə isə razı olmadığını bildirir. Digər cavabdehlər (zaminlər) isə zaminlik müqaviləsinin müddətinin bitməsinə istinad edərək iddia tələbinin onlara dair hissədə rədd edilməsini xahiş edir.

23. Məhkəmə ilkin olaraq kredit müqavilələrininin qüvvəsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:

24. İş materiallarından görünür ki, tərəflər arasında bağlanan xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 7 iyul 2017-ci il tarixli 1 nömrəli əlavə sazişin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Digər tərəfdən iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehlərə xəbərdarlıq məktubu göndərərək əsas və müqavilə müddətində hesablanmış faiz borcu ilə yanaşı xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcunu tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı müqavilə müddətinin bitdiyi tarixədək (xx.xx.2022-ci il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini, müqavilə bitdiyi tarixdən xx.xx.2025-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcunu tələb etməkdə haqqlıdır.

25. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə bütün ödənişlər nəzərə alınmaqla əsas və faiz borcu və illik 5 faiz olmaqla hesablanmış faiz borcu məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4233 saylı rəyinə əsasən kredit müqaviləsi üzrə xx.xx.2022-cil tarixə əsas borc 4198.73 ABŞ dolları, faiz borcu 1539.54 ABŞ dolları, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5 faiz hesablanmaqla olan faiz borcu 593.65 ABŞ dolları müəyyən edilmişdir.

27. Beləliklə məhkəmə iş üzrə tərəflərin mənafeyini nəzərə alaraq və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, digər sübutlarla birlikdə qiymətləndirməklə və iddia tələbindən kənara çıxmamaq şərtilə iddia tələbini ekspert rəyində hesablanmış əsas və faiz borcu həddində əsaslı hesab edir. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı ekspert rəyinə etiraz etməmiş, cavabdeh məhkəməyə rəyin mötəbərliliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, əsas borc məbləği 4198.73 ABŞ dolları, faiz borcu üzrə 1539.54 ABŞ dolları müəyyən edilməlidir.

28. Müqavilə müddətinin bitdiyi tarixdən illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcuna münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:

29. AR MM-in 445.7-ci maddəsinə əsasən, 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

30. Belə ki, iddiaçı tələbini bu hissədə MM-in 445.7-ci maddəsi ilə əsaslandırılmağa çalışmışdır. Məhkəmə tələb edilən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş borc üzrə hesablanmış məbləğə münasibətdə bildirir ki, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

31. Məhkəmə cavabdehin pul məbləğinin ödənilməsini gecikdirməsini nəzərə alaraq qeyd edir ki, iddiaçı müqavilənin müddətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək illik 5%-lə hesablanmış faiz məbləği tələb etməkdə haqqlıdır. Lakin məhkəmə tələbi bu hissədə ekspert rəyində göstərilmiş məbləğdə (593.65 ABŞ dolları) əsaslı hesab edir.

32. İddiaçı eyni zamanda 4013.45 ABŞ dolları cərimənin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Tərəflər arasında bağlanan kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş cərimə kimi illik 16 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.

33. Azərbaycan Respublikası MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.

34. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 209.93 ABŞ dolları məbləğində dəbbə pulu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.

35. Eyni zamanda məhkəmə zaminlik müqavilələrinin şərtlərini nəzərdən keçirərək iddia tələbini borcun zaminlərdən müştərək qaydada tutulması hissəsində əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:

36. AR MM-in: 367.1-ci maddəsinə əsasən, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2-ci maddəsinə əsasən, əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 369.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

37. İş materiallarından görünür ki, iddiaçı ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan xx.xx.2015-ci il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə 7 iyul 2017-ci il tarixli 1 nömrəli əlavə sazişin 1.2-ci bənində əsasən, restruktruzasiya olunmuş kreditin müddəti xx.xx.2022-ci il tarixə qədər müəyyən edilmişdir. Beləliklə kredit müqaviləsinin müddəti xx.xx.2022-ci ildə başa çatmış, iddiaçı isə 3 il sonra- xx.xx.2025-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanan müqavilənin şərtləri və Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən hər iki zaminlik müqaviləsinə müddətinin bitməsi əsası ilə xitam verilmişdir.

38. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiklərini, nəticədə onların iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini tələb etmək hüququna malik olmasını, eyni zamanda hər iki zaminlik müqaviləsi üzrə zaminliyə müddətin bitməsi əsası ilə xitam verilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 4198.73 ABŞ dolları əsas borc, 1539.54 ABŞ dolları faiz borcu, müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış 593.65 ABŞ dolları faiz borcu, 209.93 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 6541.85 ABŞ dolları borc tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

39. İddiaçı həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 144.04 manat manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədləri iş materiallarına əlavə etmişdir. Bundan əlavə ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertizanin dəyəri ümumilikdə 100 manat təşkil etmişdir.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 123 manat dövlət rüsumu tutulmalı, eyni zamanda məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat pul məbləği Cavabdeh3 müştərək qaydada tutulmaqla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. V Nəticə:

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 4198.73 ABŞ dolları əsas borc, 1539.54 ABŞ dolları faiz borcu, müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış 593.65 ABŞ dolları faiz borcu, 209.93 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 6541.85 (altı min beş yüz qırx bir dollar səksən beş sent) ABŞ dolları borc (ödəniş Azərbaycan manatı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnəyə əsasən) və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 123 manat tutularaq iddiaçı “LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar