Məhkəmə qərarları › İş №e-2-2(113)-542/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-542/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-542/2023 30.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Nümayəndə2, Cavabdeh3nə qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO İddiaçı ASC-nin xeyrinə Cavabdeh3 MMC, Nümayəndə2 və Cavabdeh1 müştərək qaydada aşağıdakı məbləğlərdə olan pul vəsaitlərinin tutulması barədə - 21 iyun 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi üzrə müqavilənin bitdiyi 23 iyun 2014-cü il tarixinə müqavilə üzrə qalıq 276.162,03 ABŞ dolları məbləğində faiz borcu, 21 iyun 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsinin bitdiyi 23 iyun 2014-cü il tarixindən 25 aprel 2019-cu il tarixinədək illik 5 faizlə hesablanmış 554453 ABŞ dolları məbləğində faiz borcu, 1097 (bir min doxsan yeddi) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC arasında bağlanmış 100.LN.2005.210613.00001 №-li, 21 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 16 (on altı) faiz dərəcəsi ilə 2.098.668 (iki milyon doxsan səkkiz min altı yüz altmış səkkiz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Nümayəndə2 və Cavabdeh1 ilə müvafiq olaraq 21 iyun 2013-cü il tarixli 100.CL.210613.00001/h saylı və 21 iyun 2013-cü il tarixli 100.CL.210613.00001/i saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh3 MMC tərəfindən müqavilə öhdəlikləri icra edilmədiyindən borc tələbinə dair məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2015ci il tarixli 2(006)-27/2015 saylı qətnaməsi ilə 21 iyun 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin 28 avqust 2013-cü il tarixə 2.098.668 ABŞ dolları əsas və 57.829.97 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.156497,97 ABŞ dolları məbləğində borcun cavabdehlərdən tutulması qət olmuşdur. Qətnamə üzrə tutulmalı olan faiz borcunun məbləği 28 avqust 2013-cü il tarixə hesablanmışdır. Müqavilə isə 23 iyun 2014-cü il tarixədək bağlanmış və ödəniş qrafikinə əsasən müqavilə müddəti ərzində ödənilməli olan faiz borcunun məbləği 333.922 ABŞ dolları məbləğində borc olmuşdur. Bu iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışına əsasən, Cavabdeh3 MMC-nin müqavilənin bitdiyi 23 iyun 2014-cü il tarixə olan faiz borcu 333.922 ABŞ dolları təşkil etmişdir. Cavabdeh3 MMC-nin müqavilənin bitdiyi 23 iyun 2014-cü il tarixə olan 333.922 ABŞ dolları faiz borcundan Nəsimi rayon məhkəməsinin 03 mart 2015-ci il tarixli qətnaməsi ilə tutulmalı olan 57.829,97 ABŞ dolları məbləği çıxılmalı, müqavilə müddətinin sonunadək hesablanmış qalıq 276.092,03 ABŞ dolları (333.922- 57.829,97= 276.092.03 ABŞ dolları məbləğində faiz borcu cavabdehlərdən tutulmalıdır. Bundan başqa müqavilənin bitdiyi 23 iyun 2014-cü il tarixdən 26 may 2022-ci il tarixədək Cavabdeh3 MMC-nin bu vaxtadək ödənilməmiş 1.399.242 ABŞ dolları əsas borc məbləğinə illik 5 faizlə 554453 ABŞ dolları faiz hesablamışdır. Borcun ödənilməməsini təsdiq edən maliyyə arayışlarından göründüyü kimi Cavabdeh3 MMC tərəfindən borcun ödənilməməsi bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Beləliklə, Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə müqavilənin bitdiyi 23 iyun 2014-cü il tarixə qalıq 276.092.03 ABŞ dolları faiz, müqavilənin bitdiyi 23 iyun 2014-cü il tarixdən 26 may 2022ci il tarixədək illik 5 faizlə hesablanmış 554453 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 830545.03 ABŞ dolları təşkil edir. Xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən yayınırlar. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, eyni zamanda qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyindən iddia tələbi təmin edilməlidir. Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə kredit müqaviləsi üzrə iddia ərizəsində göstərilən tarixə olan borc məbləği tutulmuş, eyni zamanda əmlaklara tutma yönəldilmiş və həmin əmlaklar hesabına borcun ödənilməsi tam olaraq təmin edilməmişdir. Bu baxımdan iddia tələbi təmin edilməlidir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: Cavabdeh3 MMC və İddiaçı ASC arasında imzalanmış 100.LN.2005.210613.00001 №-li, 21 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 12 (on iki) ay müddətinə illik 16 (on altı) faiz dərəcəsi ilə 2.098.668 (iki milyon doxsan səkkiz min altı yüz altmış səkkiz) ABŞ dolları məbləğində kredit verilmişdir. 5.1 bəndə əsasən borcalan aldığı krediti bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Qeyd etmək lazımdır ki, birinci ödəniş 22 iyul 2013-cü il tarixdən, sonuncu ödəniş 23 iyun 2014-cü il tarixdən gec olmayaraq həyata keçirilir. 5.2 bəndə əsasən borcalanın borcunun tam ödənilməsi üçün kifayət etməyən ödənilmiş məbləğ ilə hər şeydən əvvəl, icrasının qəbul edilməsi və məcburi ödəniş üzrə kreditorun bütün xərcləri, sonra kredit resurslarından istifadə edilməsinə görə faizlər (o cümlədən artırılmış faizlər), daha sonra isə həmin məbləğin qalan hissəsi ilə borcun əsas məbləği ödənilir. Nümayəndə2, Cavabdeh3 MMC və "xxxx" ASC arasında imzalanmış 21 iyun 2013cü il tarixli 100.CL.210613.00001/h saylı zaminlik müqaviləsinə əsasən zamin 100.LN.2005.210613.00001 №-li, 21 iyun 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürmüşdür. 27 may 2022 tarixli **********751 saylı maliyyə arayışından məlum olur ki, 26 may 2022 tarixinə Cavabdeh3 MMC-yə 333.922 ABŞ dolları faiz borcu, 429.062 ABŞ dolları cərimə məbləği hesablanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2015-ci il tarixli 2(006)-27/2015 saylı qətnaməsindən məlum olur ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1, Nümayəndə2, Cavabdeh3 MMC-yə qarşı iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən məlum olur ki, 21 iyun 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-dən 28 avqust 2013-cü il tarixə 2.098.668 ABŞ dolları əsas və 57.829.97 ABŞ dolları faiz borcu tutulmuşdur. Həmin qətnamə üzrə 1 iyun 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinin təmin edilməsi üçün Nümayəndə2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə tutma yönəldilmiş, eyni zamanda borcun ödənilməsi üçün tələb Cavabdeh3 MMC tərəfindən girov qoyulmuş mal- materiallara yönəldilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş 21 iyun 2013-cü il tarixli 100.CL.210613.00001/i və 100.CL.210613.00001/h saylı zaminlik müqavilələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh1 və Nümayəndə2 100.LN.2005.210613.00001 saylı 21 iyun 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazım qaydada icra edilməsi öhdəliyini öz üzərlərinə götürmüşlər. "xxxx" ASC-nin hesabdan çıxarışından məlum olur ki, 2.098.668 AŞŞ dolları məbləğində kredit dövriyyə vəsaitlərinin artırılması üçün hesaba mədaxil olmuşdur. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş 25 aprel 2023 tarixli 9/2279 saylı ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 21 iyun 2013-cü il tari xli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh3 MMC-nin xx.xx.2014 tarixinə (müqavilə müddətinin sonuna) "xxxx" ASC-yə olan borcu 2.098.668 ABŞ dolları əsas borc, 333.921,40 ABŞ dolları faiz borcu təşkil edir. Ekspertiza zamanı hesabdan çıxarış və 03 mart 2015 tarixli qətnamə məlumatlarından göründüyü kimi Cavabdeh3 MMC-nin əsas borcundan 699.426 ABŞ dollar əsas borc, 57.829,97 ABŞ dolları faiz borcu silinmişdir. Həmin silinmələr nəzərə alındığı təqdirdə 1.399.242 ABŞ dolları əsas borc, 276.091,43 ABŞ dolları faiz borcu mövcuddur. Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 MMC və LPO "xxxx" ASC arasında kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə LPO "xxxx" ASC üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməsinə baxmayaraq, cavabdeh öhdəliklərini tam olaraq icra etməmiş, nəticədə bununla bağlı olaraq məhkəməyə iddia tələbi ilə müraciət edilmişdir. Bununla bağlı olaraq Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi əsasında cavabdehdən 21 iyun 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-dən 28 avqust 2013-cü il tarixə 2.098.668 ABŞ dolları əsas və 57.829.97 ABŞ dolları faiz borcu tutulmuş, eyni zamanda müqavilə öhdəliyinin təmin edilməsi üçün ipoteka və girovla yüklü edilmiş əmlaklara tutma yönəldilmişdir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının nəticəsində Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən sonrakı dövrdə silinmələr nəzərə alındığı halda 1.399.242 ABŞ dolları əsas borcun olduğu qeyd edilməsinə baxmayaraq, iddia ərizəsindən və eləcə də məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsinin izahatından məlum oldu ki, kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi tam olaraq icra edilmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1 maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1 maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.1 maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4 maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9 maddəsinə əsasən bank krediti (bundan sonra kredit) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə və faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir; Həmin Qanunun 36.6 maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarmı və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Tərəflər arasında imzalanmış kredit müqaviləsinin 8-ci bəndində nəzərdə tutulmuşdur ki, kreditor aşağıdakı hüquqlara malikdir. Borcalandan verilmiş kreditin vaxtından əvvəl ödənilməsini tələb etmək; borcalan verilmiş krediti, onun bir hissəsini və ya hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş vaxtda yaxud 1 N-li əlavədə göstərilən cədvəl üzrə (üç) ay müddətinə ödəməzsə, kreditor kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını və (və ya) girov (ipoteka) qoyulmuş əmlakın satılmasını tələb etmək və borcun ödənilməsini digər təminatlarına yönəltmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014 tarixli Qərarında qeyd edilmişdir ki; Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə imzalanmış kredit müqaviləsinə uyğun olaraq borcun vaxtlı-vaxtında ödənilməməsi ilə bağlı daha əvvəl məhkəməyə müraciət etmişdir. Qeyd etmək lazımdır ki, bank və müştəri arasında olan kredit müqaviləsindən irəli gələn münasibətlər zamanı bankın əsas məqsədi ayrılmış kredit məbləğindən faizlər şəklində gəlir əldə edilməsi olsa da, həmin münasibətlərin kökündə borcalana ayrılmış kredit məbləğinin-əsas borcun özü dayanır. Bu baxımdan iddiaçının nümayəndəsinin məhkəmə iclasında tərəflər arasında imzalanmış müqavilə üzrə əsas borcun ödənilməsi tam olaraq icra edilməsinə baxmayaraq, müqavilənin ləğv edilməməsi ilə bağlı əsaslandırması əsassızdır. Belə ki, iddiaçı iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərkən cavabdehdən həmin tarixə olan həm əsas borc həm də faiz məbləğlərinin ödənilməsini tələb etmiş, eyni zamanda öhdəliyin icrasının təmini üsulu kimi cavabdehlərə məxsus daşınar və daşınmaz əmlaklara tutma yönəldilmişdir. Qeyd edilənlərə əlavə olaraq, yuxarıda sadalanan maddi hüquq normasının məzmunundan məlum oldu ki, qanunvericilik faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlarla bağlı yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığının məbləğinə uyğun hesablanma qaydasını müəyyən etmişdir ki, həmin hal da imperativ norma kimi qeyd edilmişdir. Bütün bunlarla bağlı olaraq məhkəmə hesab edir ki, 21 iyun 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi üzrə müqavilənin bitdiyi 23 iyun 2014cü il tarixinə müqavilə üzrə qalıq 276.162,03 ABŞ dolları məbləğində faiz borcunun Cavabdeh3 MMC-dən tutulması hissəsində iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İşin yuxarıda sadalanan hallarından məlum oldu ki, Cavabdeh3 MMC-nin "xxxx" ASC qarşısında olan öhdəliyinin təmin edilməsi üçün Cavabdeh1, Nümayəndə2 arasında da zaminlik müqavilələri imzalanmışdır. Qanuni qüvvəyə minmiş Nəsimi Rayon Məhkəməsinin 03 mart 2015-ci il tarixli 2(006)-27/2015 saylı qətnaməsində sadalanan şəxslərin zaminlik müqaviləsi imzalaması məlum olur. Bu baxımdan məhkəmə qeyd edir ki, Nümayəndə2 ilə imzalanmış zaminlik müqaviləsi məhkəməyə təqdim edilmiş, Cavabdeh1 ilə imzalanmış zaminlik müqaviləsi isə məhkəməyə təqdim edilməsə belə məhkəmə qətnaməsi ilə bu hal öz təsdiqini tapdığından qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Bununla belə məhkəmə qeyd edir ki, zaminlik əsas öhdəliyə bağlı olaraq yaranır və ondan asılıdır. Qeyd edilənlərə əlavə olaraq, məhkəmə hesab edir ki, hazırki iş üzrə pulun ödənilməsinin zaminlərdən tələb edilməsi isə ümumiyyətlə əsassızdır. 21 iyun 2013-cü il tarixli 100.CL.210613.00001/h nömrəli zaminlik müqaviləsinin 3-cü bəndində razılaşdırılmışdır ki, müqavilə bağlandığı andan qüvvəyə minirvə bu müqavilənin 1.1 bəndində göstərilən müqavilə üzrə öhdəliklər tam icra olunanadək qüvvədədir. Eyni zamanda, tərəflər arasında imzalanmış kredit müqaviləsindən məlum olur ki, borcalan aldığı krediti bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Qeyd etmək lazımdır ki, ödəniş 22 iyul 2013-cü il tarixdən, sonuncu ödəniş 23 iyun 2014-cü il tarixdən gec olmayaraq həyata keçirilir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci 23 iyun 2014-cü il tarixinədək ödənilməsini razılaşdırmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət edərək, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətini ötürmüşdür. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Nümayəndə2 və Cavabdeh1 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminə aid hissədə rədd edilməlidir. İddiaçı eyni zamanda cavabdehlərdən 21 iyun 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsinin bitdiyi 23 iyun 2014-cü il tarixindən 25 aprel 2019-cu il tarixinədək illik 5 faizlə hesablanmış 554453 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını da tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014 tarixli Qərarında qeyd edilmişdir ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Hazırki iş üzrə Mülki Məcəllənin 445.7 maddəsinə əsasən iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir...Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MMin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz”. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, “Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir”. Konstitusiya Məhkəməsinin mövqeyindən də göründüyü kimi məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə faktiki olaraq xitam verildiyi üçün, o, məsuliyyətə cəlb edilə bilməz. Hazırki işin halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Ona görə də Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə uyğun olaraq cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir. Belə olan halda isə həmin əsaslarla cavabdehlərdən 554.453 ABŞ dolları məbləğində faiz borcunun tələb edilməsi əsassızdır. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri iddia tələbi rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş 25 aprel 2023 tarixli 9/2279 saylı ekspert rəyinin verilməsi ilə bağlı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 50 manat da iddiaçıdan tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. NƏTİCƏ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 50 (əlli manat) iddiaçı LPO "xxxx" açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulsun. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar