Məhkəmə qərarları › İş №e-2-2(113)-5423/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5423/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5423/2022 20.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əsas kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 021R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 021R********** saylı krеdit razılaşması üzrə 3703,93 manat məbləğində krеdit bоrcu, 354,38 manat məbləğində faiz bоrcu və 721,37 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4779 manat 68 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 7,80 manat məbləğində dövlət rüsumunun və 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 33L000000131 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 5000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli 33L000000131S saylı sazişlə kredit xəttinin məbləği 30000 ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 021R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 1296,07 manat ödəmiş, onun 3703,93 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 158 gün üçün hesablanmış faiz borcu 354,38 manat təşkil edir. xx.xx.2022-ci il tarixə 158 gün üçün hеsablanmış cərimə 721,37 manat təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçı elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qismən qəbul edərək əsas və faiz borcu ilə razılaşdığını, cərimə hissədə isə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli 33L000000131S nömrəli İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün 5000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Kreditlər tərəflər arasında “kredit razılaşması” “bank qarantiyası verilməsi haqqında müqavilə” və “akkreditiv açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcək. xx.xx.2021-ci il tarixli 021R********** nömrəli "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit razılaşmasından görünür ki, "xxxx" QSC Cavabdeh2 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində krеdit verir. Müqavilənin 4.2.2-ci maddəsinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalğının 0,1%-i məbləğində cərimə ödəməyə borcludur. xx.xx.2021-ci il tarixli 021S**********01 nömrəli İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh2 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh2 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2018-ci il tarixli 021S**********01 nömrəli İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh2 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2022-ci il tarixli İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli 021R********** nömrəli kredit razılaşması üzrə 3703,93 manat əsas, 354,38 manat faiz, 721,37 manat cərimə, cəmi 4779,68 manat borcu vardır. Cərimə hesablanmış gecikdirilən günlərin sayı 158 gün təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bakı şəhəri 6 saylı mediasiya təşkilatına 60 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 8 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 421.1, 465.2, 467 və 470.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Faizdən faiz ödənilməsi yolverilməzdir, borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tərəflərin arasında bağlanmış kredit razılaşmasının ləğv edilməsi, 3703,93 manat manat əsas, 354,38 manat faiz, 60 manat mediasiya xərci və 7,80 manat dövlət rüsumu hissəsində tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 91,69 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 3703,93 manat manat əsas, 354,38 manat faiz, 91,69 manat cərimə cəmi 4150 manat, həmçinin mediasiya xərci kimi ödənilmiş 60 manat və 7,80 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 3703,93 manat əsas, 354,38 manat faiz və 91,69 manat cərimə cəmi 4150 manat, həmçinin mediasiya xərci kimi ödənilmiş 60 manat və 7,80 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar