Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5423/2025 25.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər, icarə müqaviləsi, mənəvi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı2 (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə qarşı (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 20035,30 (iyirmi min otuz beş manat otuz qəpik) pulun, əldən çıxmış faydaya görə 95.930,45 (doxsan beş min doqquz yüz otuz manat qırx beş qəpik) pulun və mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun, mütəxəssisə ödənilmiş 400 manat və məhkəmə xərclərinə görə tərəfindən ödənilmiş 415.97 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən,ümumi sahəsi 144 kv.metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh MMC-nin direktoru X3 ilə aramızda bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-nə icarəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə müddəti 10 (on) il müddətinə müyyən olunmuşdur. Müqavilənin 3.1ci bəndinə əsasən icarə haqqı hər ay üçün 1744.19 (min yeddi yüz qırx dörd manat on doqquz qəpik) müəyyən edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən icarə obyekti tam təmirli vəziyyətdə təhvil verilməsi icarəyə verənin olaraq iddiaçının üzərinə öhdəlik qoyulmuşdur. Müqavilənin 4.3-cü bəndinə əsasən bu müqaviləyə xitam verildikdən sonra icarəçi icarə obyektinin istifadəsi nəticəsində təbi aşınma nəzərə alınaraq icarəyə verənə təhvil-təslim aktı əsasında geri qaytarılması nəzərədə tutulmuşdur. Müqavilənin 8.1-ci bəndində aramızda bağlanmış müqaviləyə xitam verilməsindən bəhs olunur. Belə ki, müqaqvilənin 8.2-ci bəndində əsasən müqaviləyə xitam verilməsi tərəflərin razılığı ilə və ya icarəçi, icarəyə verəni öncədən yazılı xəbərdarlıq edərək xitam verilməsi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixdə obyektin qarşısından keçərkən obyektin boş vəziyyətdə olduğunu görmüş, obyektə daxil olarkən iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilmədən obyekt boşaldılmışdır. Halbuki, cavabdehlə aramızda imzalanmış müqavilənin 8.2-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi tərəflərin razılığı ilə və ya icarəçi, icarəyə verəni öncədən yazılı xəbərdarlıq edərək xitam verilməsi qeyd olunmuşdur. Cavabdeh aramızda bağlanmış müqavilənin 8-ci maddəsinin tələblərini kobud şəkldə pozaraq əmlakın sahibi olaraq iddiaçıya heç bir məlumat vermədən obyekti xəbərsiz boşaldıb tərk etmişdir. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuş qaydada müqaviləyə xitam verildikdə icarəçi əmlakı təhvil-təslim aktı əsasında iddiaçıya təhvil verməsi qeyd olunmuş olsa da, əmlakı tamamilə yarasız vəziyyətə salaraq iddiaçıya heç bir məlumat vermədən boşaldıb tərk etmişdir. İddiaçı bu barədə Cavabdeh MMC-nin məsul şəxsinə zəng edərək niyə müqavilə şərtələrini pozub əvvəlcədən iddiaçıya məlumat verilmədiyini, obyekti təhviltəsdlim aktı ilə iddiaçıya təhvil verilmədiyini və obyekti boşaldarkən divarları və ümumi obyekti yarasız vəziyyətə qoyaraq iddiaçıya xeyli miqdarda maddi ziyan vurduqlarını soruşduqda onlar iddiaçıya narahat olmamağı, yaxın müddət ərzində obyekti təmir edib təhvil-təslim aktı əsasında təhvil verəcəkləri vədini verdilər Cavabdeh tərəfindən obyek tamamilə yarasız vəziyyətə salındığından mən xx.xx.2025-ci il tarixdən, yəni cavabdeh obyekti özbaşına tərk edib getdiyi gündən hal-hazıradək obyekti başqa şəxslərə icarəyə verə bilmirəm. xx.xx.2025-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərək müqavilə öhdəliklərini qanunsuz və əsassız olaraq pozduqları üçün iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Amma buna baxmayaraq bu günədək onun müraciətinə heç bir cavab verilməmişdir. Cavabdeh birtrəfli qaydada müqavilə tələbi üzrə öhdəliklərini pozub qanunsuz hərəkətləri nəticəsində mülkiyyətimdə olan əmlakıma vurulmuş zərərin dəyərini müəyyən edib tələb etmək üçün mütəxəsisə müraciət etmək qərarına gəlmişdir. "xxxx" Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti MMC tərəfindən obyektə keçirilən yerli baxı zamanı cavabdeh tərəfindən əmlaka vurulmuş zərərin həcmi rəydə göstərilən foto şəkillərdə öz təsdiqini tapmış və nəticədə xx.xx.2025-ci il tarixdə mütəxəsis rəyi ilə vurulmuş zərərin əvəzi 20035,30 (iyirmi min otuz beş manat otuz qəpik) müəyyən olunmuşdur. Hal-hazırda cavabdehin təqsirli hərəkətləri nəticəsində obyektin təmirini aparmağa maddi imkanı yoxdur. Bu səbəbdən cavabdeh xx.xx.2025-ci il tarixdən obyekti yararsız vəziyyətə salıb boşaltdığı gündən hal-hazıradək obyekti başqa sahibkarlara icarəyə verə bilmir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya hər hansı xəbər verilmədən icarə sahəsi boşaldılmış, iddiaçı tərəfindən sahəyə dəymiş zərərlə bağlı qiymətləndirmə aparılmış, dəymiş zərərin məbləğinin 20035,30 manat təşkil etməsi müəyyən edilmişdir. Belə ki, sahənin dam örtüyü, içəri hissədə tavanda olan lambir, döşəmədə olan metlax, sahənin çöl hissəsində olan pilləkanların üzərində olan aqlay və sairə tamamilə yenilənməlidir. Bundan əlavə, sahə iddiaçı tərəfindən cavabdehin təqsiri üzündən icarəyə verilə bilməmişdir, bununla bağlı da iddiaçıya əldən çıxmış fayda ödənilməlidir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qismən qəbul etdiklərini, dəymiş zərərin aradan qaldırılması ilə bağlı xərci 938,74 manat hissədə qəbul etdiklərini, qalan hissədə iddia ərizəsi ilə razı olmadıqlarını bildirdi. İzahatında göstərdi ki, icarə sahəsi onlara təmirli vəziyyətdə verilmiş, lakin icarə müddəti ərzində bəzi hissələrə zərər dəymişdir. Mağaza daxilində dəymiş zərərin aradan qaldırılması üçün yalnız zərər görmüş hissələr yenisi ilə əvəz edilməlidir, bütün divarların boyanması, bütün döşəmənin dəyişdirilməsi və sairə tələb edilmir. Bundan əlavə, dam örtüyünə cavabdeh tərəfindən hər hansı zərər vurulmamışdır. Cavabdeh sahənin yalnız içəri hissəsindən istifadə etmiş, onun nümayəndələri, işçiləri dam hissəyə ümumiyyətlə qalxmamış, kənar müdaxilə etməmişlər. Mağazanın daxilində olan lambir ehtimal ki, sonradan yararsız hala salınmışdır. Onlar mağazadan çıxanda lambirə hər hansı zərər dəyməmişdi. Mağazanın siqnalizasiya sisteminə hər hansı zərər vurmamışlar, vursa idilər, tərəflərindən tərtib edilmiş qüsur aktında həmin fakt öz əksini tapardı. Bundan əlavə, cavabdehin icarə müqaviləsinə xitam verildiyi günə qədər (xx.xx.2025-ci il) iddiaçıya hər hansı icarə haqqı borcu olmamış, müqaviləyə birtərəfli qaydada xitam verilmiş, sahənin təhvil alınması ilə bağlı cavabdehin çağırışlarına iddiaçı ümumiyyətlə hər hansı reaksiya verməmişdir. Bu səbəbdən rəsmi təhvil mümkün olmamışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında imzalanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Abşeron rayonu, Masazır kəndində yerləşən icarəyə verənə məxsus 144 kv.m qeyri-yaşayış sahəni müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəyə verməyi öz öhdəsinə götürür.
7. Müqavilənin 1.2-ci bəndinə əsasən icarəçi icarə obyektini istifadəsinə qəbul edib əvəzində icarəyə verənə bu müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin onu imzaladığı tarixdən qüvvəyə minir. Müqaviləyə əsasən icarə müddəti 10 il müəyyən edilir.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə haqqı hər ay üçün 1744.19 (min yeddi yüz qırx dörd manat on doqquz qəpik) manat müəyyən edilmişdir.
10. Müqavilənin 4.3-cü bəndinə əsasən müqaviləyə xitam verildikdən sonra icarəçi icarə obyektinin istifadəsi nəticəsində təbii aşınma nəzərə alınaraq icarəyə verənə təhviltəslim aktı əsasında geri qaytarır.
11. Müqavilənin 8.1-ci bəndinə əsasən hazırki müqaviləyə aşağıdakı hallarda xitam verilə bilər: - Bu müqavilənin 2-ci maddəsində müəyyən edilmiş icarə müddətin başa çatmasında sonra tərəflərin razılığı ilə və ya icarəçi icarəyə verəni öncədən yazılı xəbədar edərək; - Müqavilənin etibarsız olması haqqında müvafiq məhkəmə qərarı olduqda; - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
12. "xxxx" Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, M 06-236/25 nömrəli hesabat əsasən vurulmuş zərərin əvəzi 20035,30 (iyirmi min otuz beş manat otuz qəpik) müəyyən olunmuşdur.
13. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CVN/N 56-507/25 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 144 kv.m olan qeyri-yaşayış sahəsinə xx.xx.2021-ci il tarixdən 2025-ci ilin iyun ayına qədər olan icarə müddəti ərzində dəymiş zərərin məbləği və zərərin aradan qaldırılması üçün çəkilməli olan təmir-bərpa işlərinin xərci xx.xx.2025-ci il tarixinə 18,257.73 manat təşkil edir.
14. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi X1 öz izahatında göstərdi ki, baxışın keçirilməsində şəxsən iştirak etməsə də, qiymətləndirmə kollegial qaydada aparılmışdır, cavabdehə dəfələrlə baxışın təşkili üçün müraciət olunsa da, Nümayəndə1 mobil telefon zənglərinə cavab verməmişdir. Obyektin dam örtüyünə və ətrafına baxış keçirilmiş, iddiaçı tərəfindən müvafiq şərait yaradılmışdır. Dam örtüyünün bir hissəsinin ayrıca çıxarılması mümkün deyil, örtük nazik olmuş, üzərində bir neçə nəfər hərəkət etmiş, bəzi hissələrdə batıqlar yaranmış, su axma halları müşahidə edilmiş və bu səbəbdən damın tam dəyişdirilməsi zəruri hesab olunmuşdur. Obyektin sahəsi 144 kv.m-dir, bazar qiymətlərinə əsasən 1 kv.m üzrə usta haqqı 110–120 manat, materiallarla birlikdə 400–450 manat təşkil edir və müəyyən edilmiş 18.000 manat məbləğ həcm baxımından böyük deyil. Obyekt 2021–2025-ci illərdə istismarda olmuş, 4 il ərzində təmir aparılmamış, lambir, kafel və metlax örtüklərinin hissəvi dəyişdirilməsi texniki cəhətdən mümkün olmadığından tam yenilənməli, 8 ədəd kafelin ayrıca dəyişdirilməsi ağlabatan sayılmır və demontaj olunmalıdır. Marketə gün ərzində çoxsaylı şəxslərin daxil olub-çıxması və arabaların istifadəsi nəticəsində normal aşınmadan artıq aşınma baş vermişdir; giriş qapılarında deformasiya var, şüşədə çat olmasa da, tutacaq çərçivəsi zədələnmiş, bir qapının daxili “ruçka”sı yoxdur və qapının bütövlükdə dəyişdirilməsi məqsədəuyğundur, sanitar qovşağın qapısı yararsız vəziyyətdədir və yenisi ilə əvəz edilməlidir. Elektrik rozetkaları yanmış, kabellərin ucları yararsız olduğundan dəyişdirilməsi mümkün deyil və elektrik işlərinin minimum dəyəri 400 manatdır; aqlay demək olar mövcud deyil və tam dəyişdirilməlidir. Siqnalizasiya sistemi mövcud olsa da işlək deyil və həm mühafizə, həm də yanğın detektor funksiyası daşıyır; bütün qiymətlər bazar dəyərinə uyğun müəyyən edilmiş və fotoşəkillər disk şəklində məhkəməyə təqdim olunmuşdur.
15. İş materiallarında olan, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, X-xx/xx-3709-535 nömrəli “icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi haqqında” bildirişdən görünür ki, cavabdeh iddiaçıya müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 8.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən Cavabdeh MMC tərəfindən həmin müqaviləyə xitam veriləcəyi və əmlakı iddiaçıya təhvil verəcəyini bəyan etmiş, müqavilənin 4.3-cü bəndinə əsasən əmlakın təhvil alınmasını xahiş etmiş, xx.xx.2025-ci il tarixindən sonra tərəflərin birinin digərinə münasibətdə olmaqla müqavilə üzrə heç bir hüquq və öhdəlik daşımadığını bildirmişdir.
16. Cavabdehin xx.xx.2025-ci il tarixli, X-xx/xx-3709-535 nömrəli “icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi haqqında” bildirişi xx.xx.2025-ci il tarixdə iddiaçıya təhvil verilmişdir.
17. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli, X-xx/xx-3709- 556 nömrəli xəbardarlıq məktubundan görünür ki, cavabdeh iddiaçıya icarə münasibətlərinə xx.xx.2025-ci il tarixində xitam verilməsi ilə bağlı təhvil təslim edilməsinə dair məslələdən boyun qaçırdığı halda, təhvil təslim aktından müqaviləyə münasibətdə əsassız şəkildə imtina edilməsi ilə bağlı akt tərtib ediləcəyi, həmin aktın təhvil-təslim aktının qəbul etməyəcəyi halda belə hüquq münasibətlərinin bitəcəyinə və həmin tarixdən Cavabdeh MMC-nin obyektə dair hər hansı öhdəlik daşımayacağına dəlalət etdiyini bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubunu almaqdan imtina etmişdir.
18. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
19. Belə ki, iddia ərizəsi üç hissədən ibarətdir: 1. Dəymiş zərərin əvəzi qismində 20035,30 manat pulun tutulması; 2. əldən çıxmış fayda ilə bağlı 95930,45 manat pulun tutulması; 3. Mənəvi zərərin əvəzi qismində 10000 manat pulun tutulması.
20. Məhkəmə iddia tələbini birinci hissədə qismən əsaslı hesab edir.
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi (mağaza) təmirli vəziyyətdə cavabdehin sahiblik və istifadəsinə verilmiş, cavabdeh müqavilənin birtərəfli qaydada ləğvinə dair müqavilənin 8-ci bəndinə əsasən iddiaçıya xx.xx.2025-ci il tarixdə bildiriş göndərmiş, müqaviləyə xx.xx.2025-ci il tarixdən xitam veriləcəyi və sahənin boşaldılacağı barədə məlumat verilmiş, icarə sahəsi cavabdeh tərəfindən boşaldılmışdır.
22. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən icarə sahəsindən istifadə nəticəsində sahəyə zərər dəydiyini, zərərin aradan qaldırılması üçün çəkilməli xərcin ümumilikdə 20035,30 manat təşkil etdiyini bildirir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
24. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
25. 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır.
26. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. İddiaçı icarə sahəsinin dam hissəsinə cavabdeh tərəfindən müdaxilə edilməsi nəticəsində dam örtüyünün zədələndiyini, bununla əlaqədar olaraq dam örtüyünün bütünlüklə (150 kv.metr) dəyişilməli olduğunu bildirir.
29. Məhkəmə iddiaçının həmin dəlili ilə razılaşmır.
30. Belə ki, iddiaçı icarəyə verilmiş qeyri-yaşayış sahəsinin dam örtüyünə cavabdeh tərəfindən müdaxilə edildiyini, yararsız hala salındığını, habelə dam örtüyündən su axma halının olması və sairə barədə sübutları məhkəməyə təqdim etməmişdir.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, icarəyə verilmiş qeyri-yaşayış sahəsinin dam örtüyünün dəyişdirilməli olması barədə iddiaçının dəlili əsassızdır.
32. İddiaçı həmçinin qeyri-yaşayış sahəsinin daxilində (tavanda) olan 130 kv.metrlik lambir örtüyünün cavabdeh tərəfindən yararsız hala salındığını bildirir.
33. Cavabdeh icarə sahəsinin geri təhvil verildiyi zaman tavanda olan lambir örtüyünün normal vəziyyətdə olduğunu, hər hansı zədə olmadığını göstərir.
34. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli rəydə olan fotoşəkillərdən, habelə çəkilmiş videogörüntülərdən görünür ki, cavabdeh tərəfindən sahə geri təhvil verildiyi xx.xx.2025-ci il tarixə qədər olan dövrdə artıq tavanda olan lambir örtüyü zədələnmişdir.
35. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, həmin qüsurların aradan qaldırılması xərci ümumilikdə 2500 manat təşkil edir.
36. İddiaçı sahənin metlax örtüyünün, divar səthinin, habelə pilləkənlərdə olan aqlay örtüyünün bütünlüklə dəyişdirilməli olmasını iddia etsə də, materiallardakı rəylərdə olan fotoşəkillərdən, habelə çəkilmiş videogörüntülərdən görünür ki, həmin adıçəkilən hissələrə bütünlüklə deyil, hissəvi şəkildə zərər dəymişdir.
37. Materiallarda olan xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatı nəzərə alınmaqla dəyişilməli olan həmin hissələrin dəyəri daha az xərc tələb etsə də, cavabdeh məhkəməyə təqdim etdiyi özünün hesabatında həmin zərərin aradan qaldırılması xərclərini daha yüksək müəyyən etmişdir.
38. Cavabdeh bu hissədə iddianı qismən qəbul etdiyi üçün məhkəmə hesab edir ki, cavabdehin həmin təklifi nəzərə alınmaqla faktiki zərərin aradan qaldırılması xərci tələb edilən material və işçilik xərci daxil olmaqla metlaxa münasibətdə - 470,86 manat, divar səthinin boyalanması (emulsiya) – 349,90 manat, aqlay – 579,64 manat, elektrik işləri ilə bağlı 784,54 manat, sanitar qovşaqda olan su tapançasının (çiləyici) dəyişilməsi ilə bağlı – 15 manat müəyyən edilməlidir.
39. Belə ki, iddiaçı mağaza daxilində olan bütün qapıların (giriş qapıları və sanitar qovşaq qapısı) dəyişilməli olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı həmin qapıların icarə müddəti ərzində normadan artıq aşınmaya məruz qalması, sınması, tam yararsız hala salınması öz təsdiqini tapmamışdır.
40. İddiaçı icarə müqaviləsi bağlanan zaman siqnalizasiya sisteminin işlək vəziyyətdə cavabdehə verildiyini, lakin sahə boşaldıqdan sonra sistemin işləmədiyinin müəyyən edildiyini bildirmişdir.
41. Cavabdehin nümayəndəsi siqnalizasiya sistemində hər hansı problem olmadığını bildirsə də, məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, siqnalizasiya sistemi yararsız vəziyyətdədir, demontajı və yenidən quraşdırma xərci 400 manat təşkil edir.
42. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb edilən həmin xərc də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
43. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, vurulmuş zərərin əvəzi qismində cavabdehdən 5099,94 manat (2500 manat + 470,86 manat + 349,90 manat + 15 manat + 784,54 manat + 579,64 manat + 400 manat) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
44. Məhkəmə iddianı ikinci hissədə əsassız hesab edir.
45. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsi cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə birtərəfli qaydada ləğv edilmiş, icarə sahəsi cavabdeh tərəfindən boşaldılmışdır.
46. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, xx.xx.2025-ci il tarixə qədər olan bütün icarə haqqı ödənişləri iddiaçıya ödənilmiş, həmin tarixə cavabdehin icarə haqqı üzrə borcu qalmamışdır.
47. İddiaçı hazırda cavabdehdən əldən çıxmış fayda qismində icarə müddətinin qalan 4 il 7 ay müddəti üçün 95930,45 manat pulun tutulması tələbini irəli sürmüşdür.
48. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin vurduğu zərərlə əlaqədar olaraq ona 95930,45 manat əldən çıxmış fayda qismində zərər dəydiyini bildirsə də, dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.
49. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
50. Belə ki, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 manat pulun ödənilməsini də tələb etmişdir.
51. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
52. Belə ki, 10000 manat mənəvi ziyanın tutulması hissəsində də iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, habelə iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, mənəvi zərər barədə iddia tələbi də təmin edilməməlidir.
53. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 5099,94 manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 71 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 345 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
56. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirici ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 400 manat təşkil edir.
57. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 400 manat ekspertiza xərci cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməli, iddiaçı tərəfindən mütəxəssisə ödənilmiş 400 manat xərc isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən vurulmuş zərərin əvəzi qismində 5099,94 manat məbləğində pul, 71 manat dövlət rüsumu, ümumilikdə 5170,94 (beş min bir yüz yetmiş manat doxsan dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Çəkilmiş qalan məhkəmə xərcləri (iddia ərizəsi verilərkən ödənilmiş 345 manat dövlət rüsumu və 400 manat mütəxəssisə ödənilmiş vəsait) İddiaçı2 özünə aid edilsin. Cavabdeh MMC-dən 400 (dörd yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMCnin hesabına (VÖEN: ********** Bank: "xxxx" ASC Nərimanov filialı Bank VÖEN-i: ********** M.h.: AZ03NABZ******************** H.h: AZ471BAZ******************** Kod: 805711 SWİFT: İBAZAZ2X) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova