Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5428/2023 18.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixdə 06/5584/YİLİZ nömrəli X4 Müqaviləsinin xitam edilməsi, İddiaçı MMC-yə məxsus “Ford Fusion” minik markalı **-PS- *** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 06/5584/YİLİZ nömrəli X4 Müqaviləsinə əsasən yaranmış 18.484,45 manat əsas borc, 2.631,47 manat mükafat borcu, 145,18 cərimə borcu olmaqla cəmi 21.261,10 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərcin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixdə 06/5584/YİLİZ nömrəli X4 Müqaviləsinə əsasən İddiaçı MMC təsviri bu müqavilədə göstərilən 1(bir) ədəd, 2014-ci il buraxlışı olan, “Ford Fusion” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh sözügedən müqavilənin 9.4 bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 19.000 manat təşkil edir. Bu ümumi məbləğdən 8.196 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixdən başlayaraq 755,44 olmaqla xx.xx.2025-ci il tarixədək ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 25 % olmaqla 36 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq 755,44 olmaqla ödəniş etməli olduğu təqdirdə cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.20223-cü il tarixədək cəmi 3.357 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixdən etibarən Cavabdeh heç bir ödəniş etməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.
9. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).
10. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4).
11. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5)
12. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
13. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
14. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
15. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
16. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
18. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 06/5584/YİLİZ nömrəli Lizinq Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədi ilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd, 2014-ci il buraxlışı olan “Ford Fusion” minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür, lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür.
19. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən lizinq müqaviləsi üzrə 1 ədəd, 2014-ci il buraxlışı olan “Ford Fusion” minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir.
20. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.
21. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq borcunu ödəmək vəzifəsi yaranmışdır.
22. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən cəmi 3.357 manat məbləğində ödəniş edilmiş, qeyd edilmiş ödənişlərdən əsas borcdan 515,55 manat, mükafat məbləğindən 2.724,41 manat, “faiz məbləğindən” 117,04 manat silinmə olmuşdur.
23. İş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, lizinq alan Cavabdeh lizinq borcunu ilk ödəməli olduğu tarix xx.xx.2022-ci il (əsas 359.6, mükafat 395,83) olmuşdur.
24. Ancaq maliyyə arayışından da, göründüyü kimi, Cavabdeh ilk ödənişi xx.xx.2022-ci il tarixdə etmiş və 276,61 manat əsas borcdan, 475 manat mükafat məbləğindən, 5,39 manat isə “faiz məbləğindən” silinmişdir. Bundan sonra digər ödənişlər xx.xx.2022-ci il tarixdə 1.100 manat, xx.xx.2023-cü il tarixdə isə 1.500 manat edilmişdir.
25. Məhkəmə iş materiallarına əlavə edilmiş maliyyə arayışı və ödəniş qrafikini müqayisəli şəkildə tətqiq edərək hesab edir ki, lizinq alan tərəfindən edilmiş ödənişlər gecikmə ilə aparıldığından, iddaçı tərəf haqlı olaraq cəmi 515,55 manat pulu əsas borc üzrə silmişdir.
26. Məhkəmə lizinq obyektinin dəyərinin 19.000 manat olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh tərəfindən əsas borc üzrə cəmi 515,55 manat ödəniş edildiyindən, onun əsas məbləğ üzrə 18.484,45 (19.000-515,55) manat borcu qalmışdır.
27. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas borc üzrə 18.484,45 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Məhkəmə həmçinin hesab edir ki, iddia 2631.47 manat mükafat borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır.
29. Məhkəmə qeyd edir ki, bu hissədə doğru nəticəyə gəlmək üçün ilk növbədə tərəflər arasında müqavilə münasibətlərinin hansı tarixədək davam etməsi müəyyən edilməlidir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı mövqedən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
31. Tərəflər arasında bağlanmış müqavilənin 11.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə lizinq verənin maliyyə lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır.
32. İş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəf müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradəsini ifadə etmişdir. Qeyd edilmiş məktub xx.xx.2023-cü il tarixdə “qapı bağlıdır” qeydi ilə qayıtmışdır.
33. Belə olan halda, Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 06/5584/YİLİZ nömrəli Lizinqi müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilmiş hesab edilməlidir və buna görə də, mükafat məbləği müqavilə münasibətlərinin davam etdiyi dövrə qədər hesablanmalıdır. Həmin tarixdən sonra növbəti ödəniş gününün məhz xx.xx.2023-ci olmasını nəzərə alaraq Məhkəmə hesab edir ki, mükafat məbləği xx.xx.2023-cü ilədək hesablanması məqsədəmüvafiqdir.
34. İş materiallarına əlavə olunmuş ödəniş qrafikindən görünür ki, lizinq alan tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi ödənilməli olan mükafat borcunun məbləği sadə riyazi hesablama ilə 3.915,27 manat təşkil etmişdir.
35. İş materiallarında olan maliyyə arayışından görünür ki, lizinq alan tərəfindən mükafat borcu üzrə 2.724,41 manat, gecikmiş faiz üzrə 117,04 manat ödəniş edilmişdir.
36. Belə olan halda, məhkəmə qeyd edir ki, lizinq alanın xx.xx.2023-cü il tarixədək ödəməli olduğu 3915,27 manat mükafat borcundan maliyyə arayışına əsasən lizinq alan tərəfindən mükafat borcu üzrə ödənilmiş 2.724,41 manat və “gecikmiş faiz” üzrə ödənilmiş (lizinq müqaviləsi üzrə faiz məbləği nəzərdə tutula bilməz) 117,04 manat çıxıldıqda 1073,82 manat edir.
37. Ona görə də, məhkəmə hesab edir ki, iddia mükafat borcunun tələb edilməsi hissəsində qismən təmin edilməli, 1.073,82 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
38. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia qismən əsaslıdır.
39. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.1.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3 % həcmində cərimə tələb etmək lizinq verənin hüququdur.
40. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
41. Hazırki işin hallarından görünür ki, cavabdehin 18.484,45 manat əsas borcuna münasibətdə 145,18 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
42. Bundan başqa, məhkəmə hesab edir ki, iddia “Ford Fusion” minik markalı **- PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı MMC-yə qaytarılması hissəsində təmin edilməməlidir.
43. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.3-cü bəndində qeyd edilir ki, lizinqalan bütün ödənişləri etdikdən sonra lizinq obyektinə olan mülkiyyət hüququnu əldə edir.
44. Müqavilənin qeyd edilən şərtindən görünür ki, lizinq ödənişləri tam həyata keçirildikdən sonra lizinqverənin lizinq obyekti üzərində mülkiyyət hüququnu lizinqalana ötürmək öhdəliyi yaranır.
45. İddiaçı lizinq müqaviləsi üzrə bütün ödənişlərin tam həyata keçirilməsini (öhdəliyin tam icrasını) tələb etdiyindən məhkəmə hesab edir ki, lizinqalanın eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququ yoxdur.
46. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci Bakı 8 saylı mediasiya təşkilatına ödənmişdir.
47. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
48. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
49. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06/5584/YİLİZ nömrəli lizinq müqaviləsi xx.xx.2023-cü il tarixdən xitam verilmiş hesab edilsin. xx.xx.2020-ci il tarixli lizinq müqaviləsinə əsasən əsas borc üzrə 18.484 (on səkkiz min dörd yüz səksən dörd) manat, 45 (qırx büş) qəpik, mükafat borcuna görə 1.073 (bir min yetmiş üç) manat, 82 (səksən iki) qəpik, cərimə borcu üzrə 145 (yüz qırx beş) manat, 18 (on səkkiz) qəpik olmaqla, cəmi 19.703 (on doqquz min yeddi yüz üç) manat, 45 (qırx beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov