Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5436/2025 15.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: X1 qaydalarının pozulması, borcun silinməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ
1. İddiaçının sahibliyində Bakı şəhəri, Yasamal rayonu (Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi) ərazisində olan qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün tərəflər arasında xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və qeyri-yaşayış sahəsi xx/xx-4770 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.
2. Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxış nəticəsində 003514 saylı akt tərtib edilərək, aktda sayğacdan kənar xətdən istifadə edilməsi barədə qeyd aparılmış, xx.xx.2025-ci il tarixli, icra vərəqi əsasında iddiaçıdan 23760 kvts sərfiyyata görə 2613,60 manat (11 kvts x 12 saat x 180 gün = 23760 kvts. Taarif (ş,11 man)- 23760 kvts x 0,11=2613,60 manat) borcun tələb edilməsi qərara alınmışdır.
3. Həmçinin, iddiaçının adına olan Abonent saldosunun “Bağlanan aktlar” bölməsində onun xx.xx.2025-ci il tarixinə NİQ xx.xx.2025-ci il tarixli akt üzrə 2613,60 manat borcunun olması qeyd edilmişdir.
4. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət edilməsinın yoxlanılması sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində dövlət reyestrində qeydiyyata alınmamışdır.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı onun barəsində (abonent kodu: 04/57-477) tərtib edilmiş xx.xx.2025-ci il tarixli NİQ 003514 nömrəli aktın ləğv edilməsi, bu akt əsasında hesablanmış 2615 manat borcun silinməsi və ödənilmiş 47 manat dövlət rüsumunun cavabdehən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə müəhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmin ünvanda yerləşən obyekt də onun mülkiyyətindədir. Həmin ünvanda istifadə etdiyi elektrik enerjisinə görə ödənişləri vaxtında ödəmiş və tərəfindən sayğaca heç bir zaman müdaxilə edilməmişdir. Göstərilən ünvana quraşdırılan sayğaca 04/57-477 kodu verilmiş, fəaliyyət növü ticarət və yaşayış göstərilmişdir. xx.xx.2025-ci ildə cavabdein əməkdaşları gecə vaxtı mülkiyyətində olan ünvana gələrək 04/57- 477 kodlu sayğaca heç bir şeyin görünməyəcəyi vəziyyətdə kənar xəttin qoşulması barədə qanunsuz və əsassız olaraq 003514 saylı akt tərtib etmişlər. Akt onun iştirakı olmadan və heç bir xəbərdarlıq edilmədən, araşdırma aparılmadan, gecə saatlarında qeyri-qanuni olaraq tərtib edilibdir. Həmçinin, sayğa heç bir kənar xətt qoşulmamışdır. Ancaq cavavdehin əməkdaşları qanunsuz olaraq işıq dirəyindən qonşuya gedən xətti onun sayğacına quraşdırılan kənar xətt kimi yazaraq onun barəsində akt tərtib etmişlər. Göstərilən akt əsasında ona qanunsuz olaraq 2615 manat borc yazılmışdır. Akt tərtib edilən zaman deyil, sonradan müraciəti əsasında ona təqdim edildi. Göstərilənlərlə bağlı cavabdehin Nəzarət İdarəsinin Satışa nəzarət şöbəsinə müraciət etdikdə, həmin xəttin onun sayğacı ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən videogörüntünü təqdim etdi. Onlar da bildirdilər ki, artıq 15 ildən çoxdur ki, o, hər ay 400-500 manat civarında işıq pulu ödəyir və heç bir qanun pozuntusuna yol verməmişdir. Nəzarət İdarəsinin Yasamal rayonu üzrə məsul şəxsi Elman Cavad bunun bir səhv olduğunu, yazılan borcun silinəcəyini bildirsə də, heç bir tədbir görülmədi. Sonradan ona məhkəməyə müraciət etməyi tövsiyə olundu.
b) İddiaya qarşı etirazın dəlilləri
7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
8. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etriaz edərək rədd edilməsini xahiş etdi
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”
1. 7.1-ci bəndi. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.
2. 7.3-cü bəndi. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalıdır.
3. 7.6-cı bəndi. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.
4. 7.18-ci bəndi. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
5. 8.1-ci bəndi. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.
6. 8.2-ci bəndi. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
7. 8.34-cü bəndi. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar.
8. 8.17-2-ci bəndi. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
9. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. -2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. -3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
12. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Rüspublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə tərəflərin nümayəndələrini dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia hesab edir ki, iddia qismən əsaslıdır.
19. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “X1 Qaydaları”nın pozulmasına dair xx.xx.2025-ci il tarixli, NİQ 003514 saylı akta əsasən 2613,60 manat hesablanmışdır.
20. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçının istifadəsində olan elektrik sayğacından kənar xətdən istifadəyə görə itirilmiş elektrik enerjisi sərfiyyatının qeydə alınmaması nəticəsində ona ziyan vurulması ilə əsaslandırsa da, iddiaçının sayğacdan kənar xətdən istifadə etməsi, habelə kənar xəttin mövcudluğuna dair mötəbər sübutları (fotoşəkil və s.) məhkəməyə təqdim edə bilməmişdir.
21. Həmçinin, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, NİQ 003514 saylı akt qanunvericiliyin tələblərinə uyğun tərtib etməmişdir. Belə ki, “X1 Qaydaları”nın 8.17-2-ci bəndindən də görünür ki, istehlakçı tərəfindən bu Qaydaların 8.17-1-ci bəndində nəzərdə tutulan hallar, yəni sayğacdan kənar xəttdən istifadə etməsi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib eməli və aktın bir nüsxəsini də istehlakçıya təqdim etməlidir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
22. Məhkəmə qeyd edir ki, elektrik enerjisindən isitfadə qaydalarının pozulması faktının bu qaydada rəsmləşdirilməsində məqsəd tərtib edilən aktların mötəbərliyininə xidmət etməklə bərabər, həm də inhisarçı mövqeyə malik olan enerji təchizatı müəssisələrinin subyektlərinin səlahiyyətlərindən sui-istifadələrin qarşısının alınmasından ibarətdir. Qanunvericiliyin müəyyən etdiyi şərtlərə uyğun olmayan qaydada tərtib edilən aktlar öz mötəbərlik gücünü itirmiş olur və bu halda həmin aktlar baş vermiş X1 qaydalarının pozulmasını birbaşa təsdiq edən sübut qismində istifadə edilə bilməz. Bu halda, “X1 Qaydaları”nın 8.17-2-ci bəndinə uyğun olaraq X1nin pozulması halları qanunda göstərilən digər vasitələrlə - foto və ya videoçəkiliş aparılmaqla sübuta yetirilə bilər.
23. Bununla yanaşı, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda, həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır.
24. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yarada bilməz.
25. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq akt tərtib etməklə və iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.
26. Silinməli olan borcun məbləğinə gəldikdə isə iddiaçı nübahisələndirilən akt əsasında 2615 manat borcun silinməsini tələb etsə də, məhkəmə qeyd edir ki, həmin akt əsasında iddiaçıya 2613,6 manat borc hesablanmışdır. Odur ki, iddia qismən təmin edilməli, iddiaçıya xx.xx.2025-ci il tarixli, NİQ ******* saylı akta əsasən hesablanmış 2613,6 manat məbləğində borc silinməlidir.
27. Məhkəmə hesab edir ki, mübahisəli akt əsasında hesablanmış borc tam silndiyindən, həmin borcun həcmi əsas götürülməklə hesablanmış ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. İddiaçı barəsində (abonent kodu: 04/57-477) xx.xx.2025-ci il tarixli NİQ 003514 nömrəli akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 2613,6 (iki min altı yüz on üç manat altmış qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Ödənilmiş 47 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı