Məhkəmə qərarları › İş №e-2-2(113)-544/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-544/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-544/2023 06.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Asimovnanın iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "borcun ödənilməsi" tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1.075,58 manat (ÖMV daxil) əsas borc, 750 manat məbləğində çəkilmiş təmir xərclərinin əvəzi, 108 manat məbləğində dəbbə pulu, ilkin Mediasiya sessiyasında iştirak ilə bağlı ödənilmiş 70 manat, vəkil xidmətləri üçün ödənilmiş 240 manat, cəmi 2.443,58 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC müfaviq avtomobillərin icarəyə götürülməsi məqsədi ilə İddiaçı ilə 05 yanvar 2021-ci il tarixində X1 imzalanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən icarəçiyə 1 ədəd Volkswagen Jetta minik və 1 ədəd Chevrolet Aveo minik markalı avtomobilləri icarəyə verir, icarəçi isə icarəyə götürülən avtomobillərin icarə haqlarını ödəyir. İcarə müddəti 01 yanvar 2021-ci il tarixindən 01 yanvar 2023-cü il tarixinə kimi (2 il) müəyyən edilir. İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli Müqavilənin 2-ci maddəsinə əsasən avtomobillərin icarə haqqısı aylıq əsasda hesablanacaqdır və müvafiq qanunvericiliklə nəzərdə tutulmuş bütün vergilər, o cümlədən 14% miqdarında ödəmə mənbəyindən tutulan vergi, cavabdeh tərəfindən ödəniləcəkdir. Müqavilənin 5-ci maddəsinə əsasən ilkin İcarə haqqı bir ay müddətini əhatə edəcək və dərhal ödənilməli olacaqdır, sonrakı aylıq hesab fakturalar isə hər ayın 25-i günündən sonra icarə müddətini nəzərə alaraq təqdim olunacaqdır. Müqavilənin 5.2-ci maddəsinə əsasən İcarə haqqı üzrə ödənişlər elektron hesab faktura əsasında hər ay (1-dən 5-dək olan dövr) ayda bir dəfə həyata keçiriləcəkdir. Müqavilənin 9-cu maddəsinə əsasən cavabdeh avtomobilləri iddiaçıya təmiz, avtomobildə olan bütün əşya və sənədlərlə birlikdə və işə yararlı vəziyyətdə geri təhvil verməlidir. Həmin müqavilənin 8-ci maddəsinə əsasən icarə müddəti aşağıdakı hallarda vaxtından əvvəl ləğv oluna bilər: 8.1 Tərəflərin razılığı ilə 8.2 İcarəçinin təşəbbüsü ilə 30 gün əvvəl xəbərdarlıq etməklə 8.3 Müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda. Cavabdeh yuxarıda göstərilən hallara istinad etməyərək 15 iyul 2022-ci il tarixində İddiaçıya bildiriş təqdim edərək, müqavilənin ləğv edilməsi ilə bağlı təklif irəli sürmüşdür və müqavilənin 8-ci maddəsini pozaraq xəbərdarlıq müddəti ərzində hesablanmış 1.075,58 manat hissəsində olan icarə haqqını (ÖMV daxil) və İddiaçı tərəfindən istifadəyə yararsız vəziyyətdə təhvil alınan avtomobillər üçün 750 manat məbləğində çəkilmiş təmir xərclərinin əvəzini ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X4 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Asimovna iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında 05 yanvar 2021-ci il tarixində X1 bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən tərəfindən icarəçiyə 1 ədəd Volkswagen Jetta və 1 ədəd Chevrolet Aveo markalı avtomobilləri icarəyə verilmişdir. Müqavilənin 2-ci bəndindən də, göründüyü kimi Volkswagen Jetta markalı avtomobilin aylıq icarə haqqı 1.162,79 manat, Chevrolet Aveo markalı avtomobilin aylıq icarə haqqı isə 988,37 manat, yəni iki avtomobil birlikdə aylıq 2.151,16 manat icarə haqqı nəzərdə tutulmuşdur. İcarə müqaviləsinin 7-ci bəndinə əsasən icarənin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Həmçinin işin müəyyən olunmuş və mübahisələndirilməyən digər halı ondan ibarətdir ki, icarəyə verilmiş hər iki avtomobil üzrə 2022-ci ilin iyul ayının sonunadək bütün icarə haqları ödənilmişdir. İddiaçı tərəf hazırda Cavabdeh MMC tərəfindən ona xx.xx.2022-ci il tarixdə müqavilənin xitam verilməsinə dair bildirişin verildiyini, tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci maddəsinə əsasən icarəçinin təşəbbüsü ilə 30 gün əvvəl xəbərdarlıq etməklə müqavilənin ləğv edilməli olduğunu, icarəyə verilmiş avtomobillərin onun tərəfindən xx.xx.2022-ci il tarixdə təhvil alındığını bildirir və hər iki avtomobil üçün yarım aylıq (15 günlük) icarə haqqını (2.151,58/2=1.075,58), avtomobilin təmiri üçün xərclənmiş 750 manat pulu və dəbbə pulunu tələb edir. Cavabdeh tərəf isə iddiaya etiraz olaraq qeyd edir ki, hər iki avtomobilin xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC tərəfindən istifadə edilmədiyini, Cavabdeh MMC-nin ofisinin qarşısında saxlandığını, ancaq iddiaçının özünün gəlib götürmədiyini, cari təmir xərclərinin müqaviləyə uyğun olaraq icarəyə verən İddiaçı öhdəliyi olduğunu bildirir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını aşağıdakı normalar təşkil edir. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İşdən görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı 05 yanvar 2021-ci il tarixli İcarə Müqaviləsinin xitamına dair bildiriş verilmiş və avtomobillərin növbəti iş günündə yəni, xx.xx.2022-ci il tarixdə təhvil alınması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, hazıkı mübahisənin həlli baxımından ilk növbədə müəyyən edilməli olan məqam tərəflər arasında icarə hüquq münasibətlərinin hansı zamanadək davam etməsidir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Hazırkı halda, yəni Cavabdeh MMC tərəfindən İddiaçı verilmiş müqavilənin ləğvinə dair bildiriş, Mülki Məcəllənin 421.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təhlil edilməlidir. Yəni qeyd edilən normadan da göründüyü kimi, müqavilənin icrasından birtərəfli qaydada imtina ilə əlaqədar olaraq müqavilənin ləğv edilmiş sayılması imkanı ancaq tərəflərin razılaşması ilə məhdudlaşdırmışdır. Qeyd edilən hal da, nəzərə alındığında tərəflər arasında razılaşmanın hansı qaydada olduğu müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli İcarə Müqaviləsinin 8-ci bəndində icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin qaydası müəyyən edilmişdir. Həmin bəndə əsasən müqavilənin vaxtından əvvəl ləğv edilməsi tərəflərin razılığı ilə (8.1), icarəçinin təşəbbüsü ilə 30 gün əvvəl xəbərdarlıq etməklə (8.2), müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda (8.3) müəyyən edilmişdir. Göründüyü kimi tərəflər, müqavilə bağlayarkən müqavilənin vaxtından əvvəl ləğv edilməsinin hansı qaydada olacağı barədə razılığa gəlmişlər. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən İddiaçı müqavilənin ləğvinə və avtomobillərin geri götürülməsinə dair bildiriş xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçı tərəf avtomobillərin xx.xx.2022-ci il tarixdə götürdüyünü bildirmiş, cavabdeh tərəf isə avtomobillərin xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-nin ofisinin qarsısında saxlandığını bildirmişdir. Cavabdeh tərəf avtomobillərin məhz xx.xx.2022-ci il tarixdə iddiaçıya təhvil verilməsinə dair hər hansı bir sənəd və ya sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda həmçinin də, tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinin tələbləri baxımından məhkəmə hesab edir ki, tərəflər arasında icarə hüquq münasibətləri xx.xx.2022-ci il tarəxədək davam etmişdir. Belə ki, icarə predmeti olan avtomobillər həmin tarixədək faktiki olaraq Cavabdeh MMC-nin sahibliyində qalmış və İddiaçı da, müqavilənin vaxtından əvvək ləğvi üçün 30 gün müddət nəzərdə tutulduğuna əmin olaraq, müqavilə münasibətlərinin xx.xx.2022-ci il tarixdək davam etməsinə inanmışdır, cavabdeh tərəf isə avtomobillərin təhvil verilməsi ilə bağlı hər hansı bir hərəkət nümayiş etdirməmiş, sadəcə olaraq qeyd edilmiş avtomobilləri öz ofis sahələrinin qarşısında saxlamaqla kifayətlənmişlər, həmçinin avtmobillərin açarları da, iddiaçıya verilməmiş, özlərində qalmışdır. Qeyd olunan hallar o nəticəyə gəlməyə əsas verir ki, icarə münasibətləri xx.xx.2022ci il tarixədək davam etdiyindən, cavabdehin həmin müddətədək icarə haqqını ödəmək öhdəliyi yaranmışdır. Belə olan halda yəni avtomobillərin yarım ay (15 gün) cavabdehin sahibliyində olması nəzərə alındığında iddia 1.075,58 (2.151,58/2=1.075,58) manat icarə haqqı borcunun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə iddianın 750 manat təmir xərclərinin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən icarəyə verən müqavilə ərzində öz hesabına avtomobillərin cari təmiri və müntəzəm olaraq texniki baxışdan keçirilməsinə (yağlama, ehtiyyat hissələri və işçilik) cavabdehdir. İddiaçı tərəfindən təqdim edilmiş Volkswagen Jetta avtomobili ilə bağlı xx.xx.2022-ci il tarixli diaqnostika protokolundan görünür ki, avtomobilin sürətlər qutusunda mexaniki nasazlıq aşkar olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, sürətlər qutusunda mexaniki nasazlıq avtomobilin normal istifadəsi zamanı ola biləcək cari xərclərə aiddir. Həmçinin də, surətlər qutusunda olan mexaniki problemin yaranmasında cavabdehin təqsirli hərəkətlərinin də, olması müəyyən edilmir. Müqavilədə də, cari xərclərinin təmin edilməsi icarəyə verən İddiaçı öhdəliyi olması nəzərə alındığında, məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia təmin edilə bilməz. Məhkəmə iddianın 108 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Yuxarıda sadalanmış normaların tələblərin göründüyü kimi, dəbbə pulu müqavilədə nəzərdə tutula və qanundan irəli gələ bilər. Ancaq hazırkı halda, tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulu ilə bağlı hər hansı bir razılaşma olmadığından, eyni zamanda mülki qanunvericilikdə icarə haqqının ödənilməməsi və ya gecikdirilməsi ilə bağlı dəbbə pulunun ödənilməli olmasına dair hər hansı bir norma olmadığından, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 240 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli nömrəli ödəniş sənədindən məlum olur ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün LGG Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 70 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommersiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməlidir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 60 manat, kargüzarlıq xərcləri üçün 10 manat, yəni cəmi 70 manat məbləğində pul 1 X3 ödənmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 70 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin 05 yanvar 2021-ci il tarixli X1nə əsasən əsas borc üzrə 1.075 (bir min yetmiş beş) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq olaraq 70 (yetmiş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar