Məhkəmə qərarları › İş №e-2-2(113)-546/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-546/2025

07.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-546/2025 07.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən Cavabdeh göstərilmiş texniki pasportun hazırlanması xidmətinə görə hesablanmış 9440 manat əsas borc, 11,01 manat cərimə borcu, 114,51 manat dövlət rüsumu, cəmi 9565,52 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (ADY) (İcraçı) ilə fiziki şəxs Cavabdeh (Sifarişçi) arasında xx.xx.2023-cü il tarixli 13-1/2-905/2023 nömrəli xidmətlərin göstərilməsinə dair müqavilə (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən ADY fiziki şəxs Cavabdeh müraciətinə əsasən dalan dəmir yollarının texniki pasportunun hazırlanması, razılaşdırılması və təsdiq olunması üçün xidmətlər göstərməyi, Cavabdeh isə Müqavilədə göstərilmiş müddətdə və şərtlərlə göstərilmiş xidmət haqqını ADY-yə ödəməyi öhdəsinə götürür. Qeyd edilən Müqavilə əsasında ADY tərəfindən texniki pasportun hazırlanması xidməti göstərilmiş, belə ki, fiziki şəxs Cavabdeh məxsus dalan dəmir yolu üzrə 561 nömrəli texniki pasport hazırlanmış və təsdiq olunmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən qanunvericiliklə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil olmaqla dalan dəmir yolunun yeni texniki pasportun hazırlanmasına görə 8260 manat və texniki pasportun təsdiq edilməsinə görə 1180 manat olmaqla ümumi 9440 manat xidmət haqqı hesablanmışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən İcraçı tərəfindən Sifarişçiyə hesab-faktura təqdim olunduqdan sonra Sifarişçi tərəfindən hissələrlə 30 mart 2023-cü il tarixinədək 2360 manat, 30 iyun 2023-cü il tarixinədək 2360 manat, 30 sentyabr 2023-cü il tarixinədək 2360 manat və 30 dekabr 2023-cü il tarixinədək 2360 manat İcraçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. Həmçinin, Müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin pozulmasına, habelə öhdəliklərini yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və Müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə Sifarişçi hər gecikdirilmiş gün üçün İcraçıya ödənilməmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) dəyərində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği Xidmət haqqının ümumi dəyərinin 10%-dən (on faizindən) çox olmamalıdır. Cavabdeh tərəfindən Müqaviləyə əsasən yaranmış 9440 manat borca münasibətdə öhdəliklərin vaxtında icra edilməməsi səbəbindən 11,01 manat əlavə olaraq cərimə (penya) hesablanmışdır. Bununla bağlı, Cavabdeh xx.xx.2024-cü il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1, 443.1, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, texniki pasport tərəfin mübahisələndirdiyi kimi hazırlanmışdır. Onalar Əmlak Məsələləri Dövlət Xidməti deyil ki, tərəfin qeyd etdiyi, istədiyi kimi çertyoj, koordinatlar göstərilsin. Onlar həmişə pasportu bu formada təqdim edirlər, cavabdeh sənədi alıb və göstərilən xidməti heç vaxt mübahisələndirməmişdir. "xxxx" QSC müqavilə üzrə öhdəliyini yerinə yetirmişdir. Belə ki, texniki pasport hazırlanıb tərəfə təhvil verilib və texniki pasportun bir surətinin arxasına cavabdeh imza çəkmişdir. Adətən birdəfəlik ödəniş olunur daha sonra texniki pasport verilir, lakin ola bilər ki, cavabdehin hansısa imtiyazınıza görə ödənişlərin hissə-hissə bölünərək ödənməsi nəzərdə tutulmuşdur. Dalan dəmir yollarında elə hissələr var ki, ADY-yə məxsus deyil, fiziki və ya hüquqi şəxslərə aiddir. Müəyyən müəssisələr olub ki, onlara yük gətirilən zaman xərc çəkiblər, sonradan oranı özəlləşdirəndə həmin dalan dəmir yolu onların özlərinin sahəsində qalmışdır. Texniki pasportun hazırlanması barədə Nizamnamələrində qeyd var, "xxxx" QSC-nin Ümumi Qaydalarında qeyd edilmişdir. Qarşı tərəf texniki pasport dedikdə nəyi nəzərdə tutduğunu bilmirlər. Cavabdehə əvvəlcədən bəlli idi ki, dəmir yolu ilə bağlı texniki pasport veriləcək. "xxxx" QSC Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Publik Hüquqi Şəxsin vəzifələrini icra edə bilməz. Onlar sırf dalan dəmir yolunun şəxsə məxsusluğu ilə bağlı məlumat xarakterli texniki sənəd tərtib edib tərəfə verir, müvafiq texniki pasportla şəxs başqa şəxslərlə müqavilə bağlaya, xidmətlər göstərə bilər. Bu texniki pasport sırf bunun üçün nəzərdə tutulmuşdur. Pasport təqdim edildikdən sonra müqavilə üzrə onların öhdəliklərini yerinə yetirməməkləri ilə bağlı rəhbərliyə də cavabdeh tərəfdən rəsmi müraciət olunmamışdır. Texniki pasport və pasport eyni anlayışlardır. Sonda o, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, ona texniki pasport verilməmişdir. Müqaviləyə əsasən ona texniki pasport hazırlanmalı idi, pasport deyil. Texniki pasport əvəzinə ona məxsus dalan dəmir yolunun pasportu verilmişdir. O, özü əvvəllər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin müvafiq qurumlarında işlədiyinə görə pasportla texniki pasport arasındakı fərqi, texniki pasportun kim və hansı təşkilat tərəfindən hazırlandığını bilir. Texniki pasportun hazırlanması üçün nəzərdə tutulan şərtlər, hallar onlar təqdim etdikləri 61 nömrəli sənəddə qeyd edilməmişdir. İddiaçı verdiyi sənəddə əgər texniki pasport yazısına rast gəlinsə, o, ödənişi ödəməyə hazırdır. Stansiyada iclas keçirildikdə o, bu haqda etirazını rəhbərliyə bildirmişdir. Adi pasport üçün o cür məbləğin ödənilməsi absurd məsələdir. Ona pasport lazım deyil, çünki həmin dalan dəmir yolu ona məxsusdur. Texniki pasportun hazırlanması üçün qarşı tərəfə müraciət etmişdir. Müqavilə üzrə qarşı tərəf öhdəliyini yerinə yetirməmişdir. İddia əsasızdır. O, 2 ildir xəstədir və bununla bağlı da bu 2 il ərzində ona verilən pasportu mübahisələndirə bilməmişdir. Dalan dəmir yolunun ona məxsusluğu texniki pasportla sübuta yetirilir, həmin pasport onda var, Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilib, lakin məhkəməyə təqdim etməmişdir. Onun texniki pasportun hazırlanması üçün "xxxx" QSC-yə müraciət etməsinə səbəb, dalan dəmir yolunun olduğu torpağ sahəsinın özəlləşdirilməsinə icazə verilməməsi olmuşdur. "xxxx" QSC ona texniki pasport verdiyi təqdirdə, o, da həmin pasportu Dövlət Əmlak Komitəsinə verərək torpaq sahəsini özəlləşdirə biləcəkdi. "xxxx" QSC tərəfindən verilən pasporta əsasən dalan dəmir yolunun ona məxsusluğu yenidən təsdiqlənir. Həmin pasportun tərtib edilib ona təqdim edilməsi dəyəri də 300 manatdır. Texniki pasport əvəzinə pasport aldığı zaman bununla bağlı iddiaçıya rəsmi olaraq müraciət etməmiş, çünki 2 ildir xəstədir, bu səbəbdən texniki pasportun ona verilməməsi məsələsini mübahisələndirə bilməmişdir. 2003-2004-cü ildə dalan dəmir yolunun ona məxsusluğunu təsdiq etmək üçün "xxxx" QSC-yə müraciət etmiş və ona pasport verilmişdir. Eyni nömrəli və eyni məzmunlu pasportlardır, onun 20 il qabaqcadan aldığı pasportu yeniləyib müqavilə üzrə yenidən ona veriblər. Sonda o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Cavabdeh (Sifarişçi) ilə "xxxx" QSC (İcraçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13-1/2-905/2023 nömrəli xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, icraçı sifarişçinin müraciətinə əsasən dalan dəmir yollarının texniki pasportunun hazırlanması, razılaşdırılması və təsdiq olunması üçün xidmətləri (bundan sonra “Xidmət” adlandırılacaq) göstərməyi, Sifarişçi isə bu müqavilədə göstərilmiş müddətdə və şərtlərlə göstərilmiş Xidmətin haqqını İcraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən Müqavilə üzrə Xidmət haqqı tətbiq edilən qanunvericiliklə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil olmaqla Dalan dəmir yolunun yeni Texniki pasportunun hazırlanmasına görə 8260 AZN və Texniki pasportun təsdiq edilməsinə görə 1180 AZN, ümumi 9440 AZN (bundan sonra Xidmət haqqı) təşkil edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən Xidmət haqqı İcraçı tərəfindən Sifarişçiyə hesab-faktura təqdim olunduqdan sonra Sifarişçi tərəfindən hissələrlə 30 mart 2023-cü il tarixinədək 2360 AZN, 30 iyun 2023-cü il tarixinədək 2360 AZN, 30 sentyabr 2023-cü il tarixinədək 2360 AZN və 30 dekabr 2023-cü il tarixinədək 2360 AZN İcraçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin 7.2-ci bəndinə əsasən, Müqavilə üzrə ödəniş vaxntında olmadığı təqdirdə Sifarişçi hər bir gecikdirilmiş gün üçün İcraçıya ödənilməmiş məbləğin sıfır tam onda bir faiz (0,1%) olmaqla cərimə ödəməli, lakin bu cərimənin ümumi məbləği Xidmət haqqı məbləğinin on faizindən (10%) çox olmamalıdır. xx.xx.2023-cü il tarixdə "xxxx" QSC sədrinin birinci müavini Ə.Süleymanov tərəfindən təsdiq edilmiş, fiziki şəxs Cavabdeh məxsus dalan dəmir yolu 561 nömrəli pasportdan görünür ki, həmin dalan dəmir yolunun texniki göstəriciləri (yolun xarakteristikası, dalan yollarında aparılan yük əməliyyatları, yolun üst quruluşu, yol işarələri, keçidlər, anbar sahələri, işıqlandırma, dalan yolunun istismarı və s.) qeyd edilmiş və həmin pasport Cavabdeh, həmçinin digər səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır. 000447 saylı xx.xx.2023-cü il tarixli hesab sənədinə əsasən, “Texniki pasportun təqdim edilməsi xidmətinə görə” 1 ədədi 1000 manat olan, “Texniki pasportun hazırlanması” üçün 1 ədədi 7000 manat olan, cəmi 8000 manat və 18% ƏDV ilə 9440 manat dəyərində "xxxx" QSC tərəfindən Cavabdeh ödənilməsi üçün tərtib edilmişdir. "xxxx" QSC tərəfindən tərtib olunmuş 07 avqust 2024-cü il tarixli yaranmış debitor borc barədə arayışdan görünür ki, Cavabdeh 01 yanvar 2023-cü il - 01 aprel 2024-cü il tarixli dövrlərdə verilmiş olan sifarişlərə dair ödənilməmiş borcu 9451,01 manat təşkil edir. 18 sentyabr 2024-cü il tarixli ********** saylı mədaxil "xxxx" QSC tərəfindən dövlət büdcəsinə 115 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilədə texniki pasportunun hazırlanması, razılaşdırılması və təsdiq olunması üçün xidmətlərin göstərilməsi və xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidmətləri göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Belə ki, iddiaçı tərəfindən texniki pasportun hazırlanması ilə bağlı ödənişin edilməsi üçün cavabdehə hesab təqdim edilmiş, xx.xx.2023-cü il tarixli pasport verilmiş, pasportun təqdim edilməsindən artıq iki ildən artıq müddət keçməsinə baxmayaraq, iddiaçıya pasportda qüsurlarla bağlı heç bir pretenziya irəli sürülməmişdir. Bu da onu göstərir ki, iddiaçı tərəfindən müqavilədə şərtləşdirilmiş qaydada işlər qüsursuz görülmüş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli pasport ona təqdim edildikdən sonra həmin pasportun texniki pasport olmamasını mübahisələndirməmiş, bunu 2 il ərzində xəstə olması ilə əlaqələndirmiş, lakin bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh ona təqdim edilmiş sənədin texniki pasport deyil, sadəcə pasport olduğunu, buna görə də xidmət haqqını ödəməkdən imtina etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin sənədin üzərində pasport yazılmasına baxmayaraq, faktiki olaraq həmin pasportda dalana aid bütün texniki göstəricilər qeyd edilmişdir. Bu da həmin pasportun mahiyyətcə texniki pasport olduğunu göstərir. Belə ki, həmin pasportda yolun xarakteristikası, aparılan yük əməliyyatları, yolun üst quruluşu, yol işarələri, keçidlər, anbar sahələri, işıqlandırma, dalan yolunun istismarı və digər mühüm parametrlər əks olunmuşdur. Həmin sənədin adı pasport olsa da, məzmunu tam şəkildə texniki pasportun tələblərinə cavab verdiyi üçün bu, praktiki baxımdan həmin sənədin texniki pasport funksiyasını yerinə yetirdiyini təsdiq edir. Cavabdeh eyni sənədin əvvəllər də onda mövcud olduğunu, iddiaçının sadəcə pasportu yenilədiyini bildirsə də, məhkəmə tərəfindən əvvəlki pasportun təqdim edilməsi üçün cavabdehə vaxt verilməsinə baxmayaraq cavabdeh əvvəlki pasportu məhkəməyə təqdim etməmiş, bundan başqa ƏMDX tərəfindən ona texniki pasport verildiyini bildirmiş, lakin həmin texniki pasportu da məhkəməyə təqdim etməmişdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən xidmətlərin cavabdehə göstərildiyini, yəni texniki pasportun hazırlanıb təqdim edildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı texniki pasporta görə 9440 manat xidmət haqqını ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, iddiaçının tələbinin haqlı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 9440 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasındakı müqaviləyə əsasən hesablanmış 11,01 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən 11,01 manat cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhəkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından 11,01 manat məbləğində cərimə məbləği tutulmalıdır. Həmçinin məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 114,51 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh müqaviləyə əsasən 9440 manat əsas borc, 11,01 manat cərimə, ümumilikdə 9451 (doqquz min dörd yüz əlli bir) manat, 10 (on) qəpik məbləğində pul vəsaiti, ödənilmiş 114 (yüz on dörd) manat 51 (əlli bir) qəpik dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar