Məhkəmə qərarları › İş №e-2-2(113)-5460/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5460/2025

04.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5460/2025 04.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi üzrə Açar sözlər: icarə müqaviləsi, avtomobilə dəymiş zərər Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsəyyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İşin faktiki halları

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 01.05.24/RK598 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən (iddiaçı) ona məxsus olan “Ravon R3” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra - Avtomobil) icarəyə götürənə (cavabdehə) icarəyə vermişdir.

2. Həmin müqavilənin: 2.1. 2.1-ci bəndinə görə nəqliyyat vasitəsini İcarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara əməl etməyə borcludur: 2.1.1. Ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması va təhlükəsizliyini təmin etməyə; 2.1.2. Nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə İcarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə təmin etməyə; 2.1.3. Nəqliyyat vasitəsini istifadə və istismar qaydalarına riayət etməyə; 2.1.5. Nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkən akkumlyator və s.) icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz elməyə; 2.1.6. Hərəkət (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsinə və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsinə dəyən ziyanı İcarəyə verən şəxsə öz hesabına ödəməyə; 2.1.8. Hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salanmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ydəməyə. 2.2. 2.2-ci bəndinə görə icarəyə verən nəqliyyat vasitəsini işlək vəziyyətdə icarəyə götürənə verməlidir; 2.3. 3.1-ci bəndinə görə müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini İcarəyə gülürən şəxs 1000 manat depozit məbləğin nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir; 2.4. 3.2 və 3.3-cü bəndlərinə görə İcarəyə götürən müvafiq sənədləri təqdim etdikdən sonra nəqliyyat vasitəsini İcarəyə verən şəxs öhdəliyində olan nəqliyyat vasitəsini həftədə 7 günə görə günlük 18 manat icarə haqqı verir. Hazırki müqavilə üzrə ödəniş nağd qaydada manatla aparılır; 2.5. 4.1-ci bəndinə görə Nəqliyyat vasitəsini İcarəyə götürən şəxs hər hansı bir sabəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissilərinin dəyərini və istifadə elədiyi dövr üçün borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir. Bu məbləğ depozit məbləğindən artıq olduqda fərqi nağd şəkildə verməlidir. 2.6. 4.2-ci bəndinə görə nəqliyуat vasitəsini İcarəyə götürən şəxs nəqliyyat vasitəsini üç aydan tez qaytararsa, depozit məbləği gerı qaytarılmır. Üç aydan sonra isə depozü məbləğinin 30 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə ərizədə qeyd olunur. Nəqliyyat vasitəsini İcarəyə verən şaxsə nəqliyyat vasitəsini İcarəyə gütürən şəxsin borcu olduğu balda həmin kəsr hissəsi nəqliyyat vasitəsini İcarəyə götürən şəxsin depozit məbləğindən tutulur. 2.7. 4.3-cü bəndinə görə nəqliyyai vaiitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə hər hansı bir ziyan dəyərsə dəymiş zərər depozit məbbği hesabına aradan qaldırılır. Əgər depozit məbləği ziyanı tam şəkildə aradar qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini İcarəyə götürən şəxs qalan fərqi nəqliyyat vasitəsini İcarəyə verənə ödəməlidir. Əgər nəqliyyat vasitəsinə dəymiş zərar depozit məbləğindən azdırsa, bu zaman depozit məbləğinin tamamlanması məqsədi ilə dəymiş zərər məbləğində olan hissəni naqliyyai vasitəsini icarəyə verən şəxs nəqliyyat vasitəsini icarəyə götürən şəxsdən tələb etməlidir. Bundan sonra nəqliyyat vasitəsini icarəyə götürər şəxs depozit məbləğinin bərpa olunmasım nəqliyyat vasitəsini icarəyə verən şəxsdən tələb edə bilər. 2.8. 4.8-ci bəndinə görə müqavilə üzrə öhdəlikləri, nəqliyyat vasitəsini İcarəyə gülürən tam yerinə yetirdikdən sonra, nəqliyyat vaqiəsini İcarəyə verən şəxs öhdəliyində oları nəqliyyat vasitəsini həftədə 7 günə görə günlük 18 manat icarə haqqı vermklə 27 ay müddət bitdikdən sonra nəqliyyat vasitəsinin bağışlanması haqqında müqavilə bağlaya bilər. Nəqliyyat vasitəsinin bağışlanması və addan ada keçirilməsi icarəyə götürən şəxs tərəfindən həyata keçirilir.

3. Tərəflər arasında xx.xx.2024-cü tarixdə imzalanmış nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair Təhvil-təslim aktına əsasən Avtomobil cavabdehə təhvil verilmiş, aktda Avtomobilin texniki baxımdan saz vəziyyətdə olması, heç bir qüsurunun olmaması və bütün ləvazimatlarının yerində olması qeyd edilmiş, akt hər iki tərəfdən imzalanmışdır. Eyni zamanda, cavabdehə Avtomobilin idarə edilməsi məqsədilə 1 il müddətinə - xx.xx.2025-ci il tarixədək etibarnamə verilmişdir.

4. Cavabdeh öz xətti ilə yazdığı və imzaladığı ərizə ilə təsdiq etmişdir ki, o, iddiaçıya avtomobil icarəsinə görə 1000 manat məbləğində depozit ödəmişdir və avtomobili aldıqdan 3 ay sonra qaytardığı halda depozit məbləğinin ona qaytarılmaması, 3 aydan sonra qaytarılacağı halda 700 manat qaytarılmır, 300 manat isə avtomobilə dəymiş zərər çıxıldıqdan sonra qalıq məbləğin ona qaytarılmasına etiraz etmir.

5. xx.xx.2025-ci il tarixdə Avtomobil iddiaçıya geri qaytarılmış, bununla bağlı Akt tərtib edilmişdir. Aktda Avtomobilin zədələnmiş hissələri barədə qeydlər aparılmış və Akt yalnız iddiaçı tərəfdən imzalanmış, cavabdehin imzası yoxdur.

6. İş materiallarına əlavə edilmiş “RS” Avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən avtomobilə dəymiş zərər, ehtiyyat hissələrin qiyməti 3621 manat, təmir-bərpa xidmətlərinin qiyməti 921 manat olmaqla, cəmi 4571 manat ziyan dəydiyi qeyd edilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı 4571 manat maddi ziyan, etibarnamə alınması üçün 17,25 manat notariat xərci və ödənilmiş 65,71 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “RAVON R 3 minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Avtomobil xx.xx.2025-ci il tarixində mülkiyyətçisi tərəfindən avtoservisə gətirilmişdir. Avtoservisdə avtomobilə baxış keçirilən zədə və nöqsanlar müəyyən edilmiş, cavabdeh tərəfindən özbaşına olaraq, köhnə və keyfiyyətsiz ehtiyyat hissələri ilə dəyişdirilmişdir. Cavabdeh avtomobili Ağsu şəhərində atıb getmiş, yalnız ofis əməkdaşlarına zəng vuraraq avtomobili gəlib götürməklərini bildirmişdir. Sonradan sürücü heç bir zəngə cavab verməmiş, həm vurduğu zərəri ödəmək, həm də texniki müayinədə iştirak edib akt imzalamaq üçün servisə gəlməmişdir. Aktda bu barədə qeyd aparılmışdır. Eyni zamanda bildiririk ki, cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən verilən xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən avtomaşının bərpası üçün ehtiyat hissələrinin cəmi məbləği 3651 manat, usta xidməti 920 manat olmaqla, cəmi 4571 manat tələb olunmuşdur. Cavabdehə bu barədə məlumat verilsə də, cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından xx.xx.2025-ci il tarixdə avtomobilin təmirinə görə 4571 (manat ödəmiş və bundan sonra avtomobil təmir olunmuşdur.

b) İddiaya qarşı etirazın dəlilləri

9. Cavabdeh iddiaya qarşı etirazını yazılı formada məhkəməyə təqdim etməmişdir.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

10. İddiaçının nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclaslarında iddianı müdafiə etdiyini bildirmiş, lakin sonuncu məhkəmə iclasında heç bir üzürlü səbəblər barədə məlumat vermədən məhkəmə iclasında iştriak etməmişdir.

11. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, onun tərəfindən avtomobilə heç bir zərər dəyməmişdir. Hər ay avtomobil iddiaçı tərəfindən göstərilən avtoservisdə yoxlamadan keçmişdir. Problem olsaydı yoxlama zamanı bildirərdilər. İddiaçı avtomobilin onun tərəfindən Agsu şəhərində atıldığını qeyd etsə də, bu həqiqətə uyğun deyil. Avtomobili özü iddiaçının nümayəndələrinə təhvil vermiş, bununla bağlı video çəkiliş də aparılmışdır. Nümayəndələr avtomobili təhvil alarkən heç bir yerində zədənin olmadığını bildirmişlər. Bu videçəkilişdən də görsənir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin:

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

20. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

21. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

22. Maddə 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.

MƏHKƏMƏNİN MÖVQEYİ

23. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır.

24. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

25. Mülki Məcəllənin 386.1-ci maddəsindən də göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gələn əsaslarla yəni əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərini tapşırıqsız aparma, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

26. Məhkəmə qeyd edir ki, tərəflər bağladıqları xx.xx.2024-cü il tarixli 01.05.24/DS598 nömrəli icarə müqaviləsini icarə müqaviləsi adlandırsalar da, həmin müqavilənin məzmunu və mahiyyəti əslində onun icarə müqaviləsi deyil, lizinq müqaviləsi olduğunu deməyə əsas verir. Belə ki, lizinq müqaviləsi də kirayə müqaviləsinin bir növü olsa da (Mülki Məcəllənin 751-ci maddəsinə görə lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir), lizinq müqaviləsinin bəzi özünə məxsus əlamətləri vardır ki, bu əlamətlər onu əmlak kirayəsi (icarəsi) müqaviləsindən fərqləndirməyə imkan verir. Başlıca fərq isə ondan ibarətdir ki, əmlak kirayəsi (icarəsi) müqaviləsinin müddəti başa çatdıqda kirayəyə (icarəyə) götürülmüş əmlak mütləq mülkiyyətçisinə geri qaytarılmalı olduğu halda (Mülki Məcəllənin 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur), lizinq müqaviləsinin müddəti başa çatdıqda, əgər lizinq alan tərəfindən lizinq ödənişləri tam icra edilibsə, sonuncu tərəfindən lizinq obyektini əldə etmək hüququ vardır.

27. Tərəflər arasında bağlanmış müqavilənin 4.8-ci bəndində də müəyyən edilmişdir ki, müqavilə üzrə öhdəlikləri nəqliyyat vasitəsini İcarəyə götürən tam yerinə yetirdikdən sonra, yəni 7 günə görə günlük 18 manat icarə haqqı verilməklə 27 ay müddət bitirdikdən sonra İcarəyə verən nəqliyyat vasitəsinin bağışlanması haqqında müqavilə bağlaya bilər. Müqavilənin bu şərti isə ödənişlə bağlı öhdəliyini tam icra etdikdən sonra cavabdehin nəqliyyat vasitəsini əldə etmək imkanını nəzərdə tutur.

28. Beləliklə, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024cü il tarixli 01.05.24/DS598 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı ona məxsus olan Avtomobili cavabdehə lizinqə vermişdir. Tərəflər arasında xx.xx.2024-cü tarixdə imzalanmış nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair Təhvil-təslim aktına əsasən Avtomobil cavabdehə təhvil verilmiş, sonuncu Avtomobildən xx.xx.2025-ci il tarixədək istifadə etmiş, daha sonra xx.xx.2025-ci il tarixdə geri qaytarılmış və bu barədə müvafiq akt tərtib edilmişdir. Tərəflər arasındakı mövcud mübahisə isə avtomobilə dəymiş zərərlə bağlı yaranmışdır.

29. Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrindən görünür ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə görə nəqliyyat vasitəsini icarəyə götürərən şəxs hər hansı bir sabəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissilərinin dəyərini və istifadə elədiyi dövr üçün borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir. Bu məbləğ depozit məbləğindən artıq olduqda fərqi nağd şəkildə verməlidir. Müqavilənin həmin müddəasında göstərilən şərtdən də göründüyü kimi, icarəyə götürən olaraq cavabdehin müqavilə üzrə daha bir öhdəliyi hansı bir sabəbdən Avtomobili saz vəziyyətdə qaytarmaq, əks halda dəymiş zərəri müqavilənin 4.1-ci bəndində göstərilə qaydada ödəməkdən ibarət olmuşdur. Zərərin isə Mülki Məcəllənin 21-ci maddəsinə uyğun olaraq müəyyənləşdirlməsi nəzərdə tutulmuşdur.

30. Mülki Məcəllənin 21-ci maddəsində zərərin iki növü – real və əldən çıxmış fayda formasında olmaqla, iki növü müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin müddəada birbaşa göstərilməsə də, qanun iddia edən şəxsin üzərinə zərərin ona dəyməsini sübut etmək vəzifəsini qoymuşdur. İddiaçı Avtomobilə cavabdeh tərəfindən zərər vurulması ilə bağlı sübut qismində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş nəqliyyat vasitəsinin təhvil alınması barədə akta və xx.xx.2025-ci il tarixli qüsur aktına istinad etmişdir.

31. Lakin xx.xx.2025-ci il tarixdə tərtib edilmiş nəqliyyat vasitəsinin təhvil alnması barədə aktda cavabdeh iştirak etməmişdir. Həmin aktda cavabdehin Avtomobili Ağsu şəhərində atıb getdiyini, yalnız ofis əməkdaşlarına zəng edərək Avtomobili götürmələrini dediyini, habelə Avtomobilə baxış keçirilməsi məqsədilə dəvət olunması üçün zənglərə cavab vermədiyi göstərilsə də, bunlarla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Əksinə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş CD daşıyıcıda əks olunmuş video çəkilişdən aydın olur ki, cavabdeh Avtomobili iddiaçının nümayəndəsinə təhvil vermiş, həmin şəxslər Avtomobilə cavabdehin də iştirakı ilə baxış keçirdiyini elan edərək Avtomobildə hər hansı bir qüsurun olmamasını bildirmişlər.

32. Sonradan xx.xx.2025-ci il tarixli qüsur aktı əsasında Avtomobildə olan zərərin cavabdeh tərəfindən vurulması barədə isə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi təmin edilə bilməz.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar