Məhkəmə qərarları › İş №e-2-2(113)-5461/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5461/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5461/2025 14.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə - 026R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 10458.73 manat məbləğində krеdit bоrcu, 840.83 manat məbləğində faiz bоrcu və 355.6 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11655 (on bir min altı yüz əlli beş) manat 16 (on altı) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 124.97 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və zamin Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 026L**********16 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 (yüziyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хəttiaçılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 026R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 19541.27 manat ödəmiş, onun 10458.73 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 170 gün üçün hesablanmış faiz borcu 840.83 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 170 gün üçün hеsablanmış cərimə 355.6 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən cavabdеh Cavabdeh2 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İİ.Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin:

7. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

8. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

9. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. İddiaçı QSC ilə Cavabdeh1 (zamin Cavabdeh2) arasında bağlanmış xx.xx.2022ci il tarixli 026L**********16 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit limiti açılmışdır.

13. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 026R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit verilmişdir.

14. Uzunmüddətli kredit və təminat və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır.

15. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir.

16. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən cavabdеh Cavabdeh2 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır.

17. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür.

18. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

19. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.

20. İddiaçı tərəfindən təqdim edilmiş cavabdehə məxsus hesabdan çıxarışdan və xx.xx.2022-ci il tarixli köçürmədən görünür ki, 300000 manat məbləğində kredit cavabdehə məxsus bank hesabına köçürülmüşdür.

21. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, OUT-2025/05/21-235 saylı maliyyə arayışına görə Cavabdeh1 xx.xx.2022-ci il tarixli 026R********** saylı krеdit razılaşması üzrə xx.xx.2025-ci il tarixə olan əsas borcu 10458,73 manat, faiz borcu 840,83 manat, cərimə borcu 355,6 manat, cəmi borc 11655,16 manat təşkil edir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 oktyabr 2025-ci il tarixli, 9/4011 saylı ekspert rəyinin nəticə hissəsinə görə, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, 026R********** nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 İddiaçı QSC-yə olan borcu xx.xx.2025-ci il tarixə (maliyyə arayışında göstərilən tarixinə) 10653,98 AZN olmaqla əsas borcu 9697,93 AZN, faiz borcu 956,05 AZN, xx.xx.2025-ci il tarixə (iddia ərizəsinin çatdırıldığı tarixə) borcu 10835,01 AZN olmaqla, əsas borcu 9697,93 AZN, faiz borcu 1137,08 AZN təşkil edir.

23. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

24. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

27. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

28. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

29. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

30. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

31. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli 026L**********16 saylı uzunmüddətli kredit və təminat və təminat müqaviləsinə əsasən cavabdehə 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində məbləğində krеdit хətti açılmış, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli 026R********** saylı krеdit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit verilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh2 Valid oğlu zamin kimi müqaviləni imzalamış və o bank qarşısında öz üzərinə borclu ilə birgə məsuliyyət götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.

32. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən (əsas borclu və zamin) yaranmış kredit borcu məbləğləri tutulmalı, xx.xx.2022-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə cavabdehlərdən tutulacaq əsas borc məbləği 31 oktyabr 2025-ci il tarixli, 9/4011 saylı ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir.

33. Belə ki, xx.xx.2025-ci il tarixli tarixli ekspert rəyində cavabdehlərin xx.xx.2022-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə faiz borcu iddia tələbində göstərilən məbləğdən çox müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli 026R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 9697,93 manat əsas borc, 840,83 manat faiz borcu cavabdehlərdən (əsas borclu və zamin) birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

35. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 355,60 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

36. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

37. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

38. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada 9697,93 manat əsas borc, 840,83 manat faiz borcu və 355,60 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 123,06 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 1,91 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

41. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən yaranmış ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 birgə (müştərək) qaydada 9697,93 manat əsas borc, 840,83 manat faiz borcu, 355,60 manat cərimə borcu, 123,06 manat dövlət rüsumu, ümumilikdə 11017,42 (on bir min on yeddi manat qırx iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 birgə (müştərək) qaydada 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 1,91 (bir manat doxsan bir qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar