Məhkəmə qərarları › İş №e-2-2(113)-547/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-547/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-547/2024 01.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhərində imzalanmış 76 nömrəli icarə müqaviləsi üzrə 4 aylıq icarə haqqı olan 24000 (iyirmi dörd min) manatdan 23785 (iyirmi üç min yeddi yüz səksən beş) manat və nəqliyyat vasitəsi əlavə iş saatına cəlb edildiyindən (4x6000+8x150=20.100) 25000 (iyirmi beş min) manat məbləğində pulun, ödənilmiş 200 manat mediasiya xərci və dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhərində icarə müqaviləsi imzalayaraq, iddiaçının istifadəsində və sahibliyində olan “SHAGMAN” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iş bitənədək, aylıq 6000 (altı min) manat məbləğində icarə haqqı olmaqla, Cavabdeh MMC-nin icarəsinə vermişdir. Müqavilənin 4-cü bəndində əsasən müqavilə imzalandığı andan qüvvəyə minib və görüləcək işlər bitənədək qüvvədə olmalı idi. Lakin 4 ay keçməsinə baxmayaraq, cavabdeh Qanuni nümayəndə üzərinə götürmüş olduğu öhdəliyini tam yerinə yetirməmiş, aylıq icarə haqqından qismən ödəniş edərək, öhdəliyini tam icra etməkdən yayınmış, dəfələrlə edilən müraciətlər isə heç bir nəticə verməmişdir. Bundan əlavə müqavilənin 1.1-ci bəndində nəqliyyat vasitəsinin 1 aylıq iş günü 28 gün nəzərdə tutulduğu halda 4 aylıq istifadə müddətində ayın bütün günləri istifadə edildiyindən və aprel ayından iyul ayınadək keçən dövr ərzində ümumilikdə 8 gün əlavə iş saatına cəlb edilmişdir. Bütün bunları nəzərə alıb müqavilə əsasında hesablanmış 4 aylıq icarə haqqı olan 24000 (iyirmi dörd min) manatdan 23785 (iyirmi üç min yeddi yüz səksən beş) manat və nəqliyyat vasitəsi əlavə iş saatına cəlb edildiyindən (4x6000+8x150=20.100) 25000 (iyirmi beş min) manat məbləğində pulun 7 gün ərzində ödənilməsinə dair cavabdehə göndərilmiş pretenziya tələbinə isə heç bir münasibət bildirilməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi üzrə 4 aylıq icarə haqqı olan 24000 manatdan 23785 manatın, ödənilmiş 200 manat mediasiya xərci və dövlət rüsumunun Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmasına dair qətnamə qət edilməsini xahis etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 76 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı “SHAGMAN” markalı, **- CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini bir aylıq iş günlərinin sayı 28 gün, aylıq icarə haqqı 6000 manat olmaqla Cavabdeh MMC-yə icarəyə verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən Cavabdeh MMC icarə haqqını qiymət razılaşma protokoluna əsasən bank hesabına köçürmə yolu ilə 5 təqvim günü ərzində həyata keçirməyi öz öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və iş bitənə kimi qüvvədədir. - İddiaçı tərəfindən iddia tələbinin sübutu qismində məhkəməyə elektron qaimələr təqdim edilmişdir - Cinayət işinin başlanmasının rədd edilməsi barədə Binəqədi RPİ 43-cü PB tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə verdiyi izahatda İddiaçı icarə haqqı kimi ödənilməli olan 23785 manat məbləğində pulun ona ödənilmədiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 01 aprel 2022-ci il tarixli, 76 nömrəli icarə müqaviləsi üzrə 23785 manat (iyirmi üç min yeddi yüz səksən beş) məbləğində icarə haqqı borcu, 200 (iki yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumuna görə 36 (otuz altı) manat olmaqla, 24021 (iyirmi dörd min iyirmi bir) məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2022-ci il tarixli, 76 nömrəli icarə müqaviləsi üzrə 23785 (iyirmi üç min yeddi yüz səksən beş) manat məbləğində icarə haqqı borcu, 200 (iki yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumuna görə 36 (otuz altı) manat olmaqla, 24021 (iyirmi dörd min iyirmi bir) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar