Məhkəmə qərarları › İş №e-2-2(113)-5487/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5487/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5487/2023 04.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə haqqının ödənilməsi, dəbbə pulu, mediasiya) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 952 (doqquz yüz əlli iki) manat məbləğində icarə haqqı borcu və 68 (altmış səkkiz) manat məbləğində cərimə borcu, ödənilmiş 70 (yetmiş) manat məbləğində mediyasiya xərcinin əvəzinin İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 2654 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 2654 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 102 (bir yüz iki) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli, 2654 nömrəli icarə müqaviləsinə icarəçi şəxsin 30 dekabr 2021-ci il tarixli ərizə əsasında eyni tarixdə xitam verilmişdir. İcarəçi qeyd edilən müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş 28 iyul 2023- cü il tarixli maliyyə arayışından da görünür ki, 01 fevral 2018ci il tarixli, 2654 nömrəli icarə müqaviləsi üzrə 30 dekabr 2021-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 952 (doqquz yüz əlli iki) manat, ona hesablanmış cərimə borcu 68 (altmış səkkiz) manat olmaqla, cəmi borc 1.020 (bir min iyirmi) manatdır. Göründüyü kimi, cavabdeh icarə müqavilələrinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə izahatında iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın rədd olunmasını xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

7. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 2654 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 2654 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür.

10. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 102 (bir yüz iki) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

11. İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli, 2654 nömrəli icarə müqaviləsinə icarəçi şəxsin 30 dekabr 2021-ci il tarixli ərizəsi əsasında həmin tarixdə xitam verilmişdir.

12. Müqavilə və müqaviləyə xitam verilməsi barədə saziş hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, məhkəmənin sualına cavab olaraq pandemiya ilə bağlı qapanma dövründə icarəçilərdən icarə haqqının tələb olunmadığını bildirmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək 2020-ci ilin fevral ayında başlamış koronovirus (COVİD 19) infeksiyası olduğu vaxtda fors-major hal baş verdiyini və kütləvi yayılmış epidemiyaya görə bütün sahibkarlar kimi onun da obyektinin işləmədiyini, heç bir gəlir əldə etmədiyini və həmin dövr üçün gəlir əldə etmədiyindən 2020-ci ildə bir neçə ay icarə haqqını ödəyə bilmədiyini, Koronovirus (COVİD 19) infeksiyası zamanı pandemiya ilə əlaqədar xüsusi rejim tətbiq edildiyindən 2020-2021-ci illər ərzində Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən mağazasının işləmədiyini, daha sonra ikinci Qarabağ müharibəsinin başlaması ilə satışın daha da pisləşdiyini, lakin mağaza bağlı qalıb işləmədiyi, heç bir gəlir əldə etmədiyi halda, vəziyyətin düzələciyinə ümid edərək öz hesabına icarə haqqını ödəməyə davam etdiyini və qeyri-yaşayış sahəsini icarəyə verənə təhvil vermədiyini, iddiaçının isə bu fors-major halları nəzərə almadığını, icarə haqqına heç bir güzəşt etmədiyini, ona əsassız olaraq icarə haqqı üzrə borcun hesablandığını, 01 fevral 2018-ci il tarixli, 2654 №-li icarə müqaviləsinin 7.1 və 7.4-cü maddələrində qeyd olunan fors-major halların nəzərə alınmadığını, 2018-ci ilin mart ayının axırlarından Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində Ticarət Mərkəzinin ümumi giriş çıxış körpüsü götürülərək 1 il 3 ay ticarət mərkəzinin çölü və daxilində təmir işləri aparıldığını, mağazaya gedən pilləkənin bağlanması nəticəsində obyektin 1 il üç ay müddətə bağlı qaldığını, malların satılmadığını, mağazanın xx.xx.2019-xx.xx.2019-cu ilə kimi, yəni 05 ay bağlı qaldığını qeyd etmiş və məhkəmənin sualına cavab olaraq xitam ərizəsini və xitam sazişini həmin sənədlərə imza olunarsa ona köməklik edəcəklərini bildirdikləri üçün imzaladığını bildirmişdir.

15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.

16. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən icarə haqqını ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

17. Məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2019-xx.xx.2019 tarixlərdə mağazanın bağlı olduğunu bildirsə də, iş materiallarına əlavə olunmuş obyektin əməliyyat tarixçəsi barədə sənəddən görünür ki, icarəçi tərəfindən həmin dövr üzrə əsassız olaraq 05 aylıq icarə haqqı borcu (510 manat) hesablanmışdır.

18. Belə olan halda, məhkəmə hesab edir ki, obyektin 05 ay bağlı olduğunu nəzərə alaraq iddiaçı tərəfindən hesablanmış icarə haqqı borcu üzrə 952 manat məbləğində pulun tələb edilməsi hissəsində iddia qismən təmin edilməli, 442 manat məbləğində pul (952- 510=442) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia qismən əsaslıdır.

20. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 faizi həcmində cərimə ödəməlidir.

21. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

22. Hazırki işin hallarından görünür ki, cavabdehin 442 manat məbləğində əsas borcuna münasibətdə 20 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

23. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 70 manat məbləğində pul Bakı 2 X2 ödənmişdir.

24. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 70 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçınə verilməlidir.

25. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 442 (dörd yüz qırx iki) manat, cərimə borcu üzrə 20 (iyirmi) manat olmaqla, cəmi 462 (dörd yüz altmış iki) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar