Məhkəmə qərarları › İş №e-2-2(113)-5493/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5493/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5493/2025 05.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, AC-SSS/15-04-24/KP saylı mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Müqavilənin: 1.1. 1.1-ci bəndinə əsasən, borclu (cavabdeh) tələbkara (iddiaçıya) cəmi 1185,78 manat borcunun olduğunu etiraf edir. 1.2. 1.2-ci bəndinə əsasən, borclu borc məbləğini 15 iyun 2024-cü il tarixinə qədər 1185,78 manatı hissə-hissə 15 may 2024-cü il tarixindən başlayaraq 6 ay müddətində hər ay 197,63 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. 1.3. 1.3-cü bəndinə əsasən, borclu öhdəlik kimi öz üzərinə götürür ki, bu müqavilə təsdiqləndiyi gündən başlayaraq 15 oktyabr 2024-cü il tarixinə 1185,78 manat borcunu Cəmiyyətin xəzinəsinə mədaxil edəcəkdir. 1.4. 1.4-cü bəndinə əsasən, bu müqavilə xx.xx.2024-cü il tarixinədək qüvvədədir. 1.5. 2.3-cü bəndinə əsasən, borclu hər gecikdirilən gün üçün gecikmə gününə görə qalıq borcuna 0,2% həcmində dəbbə pulu ödəyəcəkdir.

2. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə cavabdehin borc məbləğinin müəyyən edilməsi haqqında üç nüsxədə akt tərtib edilərək iddiaçının işçiləri tərəfindən imza ilə təsdiq edilmişdir.

3. Bundan başqa, cavabdeh yazılı ərizə təqdim edərək iddiaçıya 1185,78 manat məbləğində borcu olduğunu etiraf etmiş, ərizəsini imzası ilə təsdiq etmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehdən 1185,78 manat əsas borc, 564 manat dəbbə pulu və 37,50 manat dövlət rüsumu olmaqla 1787,28 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən,borclu tələbkara cəmi 1185,78 manat borcunun olduğunu etiraf edir.Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2024-ci il tarixinə qədər 1185,78 manat-ı hissə hissə xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 197,63 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür..Həmin vaxtdan bəri cavabdeh ödəniş etməmişdir . Bundan başqa bu müqavilənin 2.3. maddəsinə əsasən, borclu hər gecikdirilən gün üçün gecikmə gününə görə qalıq borcun 0.2%-i həcmnində dəbbə pulu ödəyəcəkdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini pozaraq ödənişlərin verilməsində gecikmələr olduğundan xx.xx.2024-cü ildən bu günə kimi hər hansı bir ödəniş olunmadığı üçün 564 manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə Cavabdeh Cəmiyyətə 1185,78 manat əsas borc, 15 oktyabr 2024-cü ildən 02 iyul 2025-ci ilə qədər 564 manat dəbbə pulu olmaqla cəmi 1749,78 manat borcu yaranmışdır. Mülki Məcəllənin882.1.-ci maddəsinə əsasən Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa,etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəlləni 882.2.-ci maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Göründüyü kimi şirkətimiz tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixlimüqavilə bu məcəllədə nəzərdə tutulmuş formada tərtib olunmuş və hər iki tərəf özimzası ilə təsdiqləmişdir. Bundan başqa ərizədə qeyd olunan “əməkdaşlıq etmişəm” ifadəsi işçi-işəgötürən arasındakı əmək münasibətlərini əks etdirmir. Həmin ifadə iddia ərizəsində tələb edilən məbləğin cavabdehin özünün müstəqil formada həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlıdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi

8. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

14. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ:

19. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

21. Qeyd edilən müddəadan da (MM-nin 386.1) göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

22. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, AC-SSS/15-04-24/KP saylı mövcud borcun etirafı haqqında müqavilə bağlanmış, müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən, borclu (cavabdeh) tələbkara (iddiaçıya) cəmi 1185,78 manat borcunun olduğunu etiraf etmiş, borcu hissə-hissə 15 may 2024-cü il tarixindən başlayaraq 6 ay müddətində hər ay 197,63 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə yazılı şəkildə tərtib edilərək hər iki tərəfdən imzalanmış və iddiaçının möhürü ilə təsiq edilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə cavabdehin borc məbləğinin müəyyən edilməsi haqqında üç nüsxədə akt tərtib edilərək iddiaçının işçiləri tərəfindən imza ilə təsdiq edilmişdir. Bundan başqa, cavabdeh yazılı ərizə təqdim edərək iddiaçıya 1185,78 manat məbləğində borcu olduğunu etiraf etmiş, ərizəsini imzası ilə təsdiq etmişdir.

23. Məhkəmə qeyd edir ki, tərəflər arasında borcun etirafı haqqında müqavilə bağlandığından və həmin müqavilə ilə cavabdeh iddiaçıya 1185,78 manat məbləğində borcu olduğunu etiraf etdiyindən, eyni zamanda borcun ödənilməsinə dair iş materiallarına hər hansı sübut əlavə edilmədiyindən iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

24. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

25. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

26. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu, eyni zamanda tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 60 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.

27. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi 37,5 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 1185,78 manat əsas borc, 60 manat dəbbə pulu və 37,50 manat dövlət rüsumu olmaqla, cəmi 1245,78 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar