Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-55/2024 09.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının cavabdehlər Cavabdeh1 QSC-yə və Cavabdeh2 ASC-yə qarşı “pul və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas borc, faiz borcu, cərimə borcu, iddia müddəti, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesinda olan QSC “Bank Standart” Kommersiya Bankının nümayəndəsi Nümayəndə, Cavabdeh1 QSC-nin nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdeh2 ASC-nin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının cavabdehlər Cavabdeh1 QSC-yə və Cavabdeh2 ASC-yə qarşı “pul və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 22 may 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/1592/14 saylı Kredit Müqaviləsi üzrə 7097654.44 manat məbləğində əsas, 2377005.05 manat məbləğində faiz, 791704.96 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1015363.70 manat məbləğində faiz məbləğinin, ümumilikdə isə 11.281.728.15 manat pulun, ödənilmiş 6030.86 manat dövlət rüsumunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilən 400 manat pul məbləğinin ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına, Cavabdeh1 MMC-dən tutulmalı olan məbləğin mülkiyyətində olan 06 avqust 2014-cü il tarixli 1xx/xx/1592/14/-1 saylı sonrakı girov müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmiş Nominal dəyəri 24 manat olan Cavabdeh2 ASC-nin 843113 ədəd sənədsiz adı səhminə tutma yönəldilməsinə və yönəldikdən sonda açıq hərracdan satılmasına, girov predmeti satıldıqdan sonra kredit müqaviləsi üzrə öhdəliyin lazımınca və tam icra olunmasına kifayət etmədikdə qalan borcun kredit müqaviləsi üzrə cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC (bundan sonra – Cavabdeh) ilə Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı (bundan sonra - Bank) arasında 22 may 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/1592/14 saylı (bundan sonra – Kredit Müqaviləsi) müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank Cavabdehə illik 8 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə ********.36 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinə olan 26 may 2014-cü il tarixli 01 saylı əlavə sazişin 1ci bəndində kredit müqaviləsinin 2.1-ci bəndinə edilən dəyişiklikliyə əsasən “kreditor” “borc alan”a 12800000 manat məbləğində kredit açır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan nominal dəyəri 24 manat olan Cavabdeh2 ASC-nin 843113 ədəd sənədsiz adı səhmi 06 avqust 2014-cü il tarixli 1xx/xx/1592/14/-1 saylı sonrakı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. (Yüklü edilən səhmlərin çıxarışın, qeydiyyat nömrəsi 06/2-3313; qeydiyyat tarixi: xx.xx.2014) Lakin Cavabdeh hazırkı iş üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Banka 7097654.44 manat məbləğində əsas borc, 2377005.05 manat məbləğində faiz borcu, 791704.96 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1015363.70 manat məbləğində faiz məbləği, ümumilikdə isə ********.15 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Yuxarıda təsvir olunan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq qaydada müraciət olunmuş, lakin Cavabdehlər mediasıya prosesində üzürlü səbəb göstərmədən iştirak etməmişlər. Kredit Müqaviləsinin 5.4.5-ci bəndində əsasən: “Alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək”. Kredit Müqaviləsinin 5.4.9-cu bəndində əsasən: müqavilə şərtlərini tam və vaxtında icra etmək. Kredit Müqaviləsinin 5.1.6-cı bəndinin tələbinə görə “Kreditor”un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Eyni zamanda, Cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi Banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bundan başqa, Bank ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardı.
3. Cavabdeh1 QSC iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsi xahiş edilmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarında olan, 1xx/xx/1592/14 saylı, 22 may 2014-cü il tarixli kredit müqaviləsinin 2.3-cü bəndindən göründüyü kimi kreditin ödənilməli olduğu son tarix 22 may 2019-cü il göstərilmişdir. İş materiallarında olan, 1xx/xx/1592/14-1 saylı, 06 avqust 2014-cü il tarixli girov müqaviləsinin 1.2-ci bəndinin 2-ci abzasından göründüyü kimi, təminat 1xx/xx/1592/14 saylı, 22 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin 22 may 2019-cü il tarixinədək ödənilməsinə verilmişdir. Beləliklə göründüyü kimi, xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən məhkəməyə iddia verilərkən 3 il 8 ay keçmişdir və hər iki müqavilə üzrə iddia müddətini iddiaçı ötürmüşdür. Göstərildiyi kimi, müqavilələrdə göstərilən, öhdəliklərin icra tarixlərindən 3 il 8 ay müddət keçmişdir. Qeyd edilən bu əsaslardan iddiaçı tərəfindən iddia müddətləri ötürülmüşdür.
5. İddiaçı tərəfindən iddia müddətinin tətbiqinə dair ərizəyə verilmiş etiraz onunla əsaslandırılmışdır ki, ərizədə qeyd olunanlar aşağıda göstərilən səbəblərdən tamamilə əsassızdır. Bank ilə Cavabdeh1 MMC arasında 22 may 2014-cü il tarixində 60 ay müddətinə kredit xətti müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 MMC-nin mülkiyyətində olan nominal dəyəri 24 manat olan Cavabdeh2 ASC-nin 843113 ədəd sənədsiz adlı səhmi sonrakı girov müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 MMC ilə bağlanmış 22 may 2014-cü il tarixli və "xxxx" MMC ilə bağlanmış 26 may 2014-cü il tarixli kredit müqavilələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən ilk əvvəl mediasiya prosesindən keçmişdir. Bank tərəfindən cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli “mediasiya prosesinin tətbiqi barədə təklif” xx.xx.2022-ci il tarixində poçt vasitəsilə göndərilmişdir. Daha sonra Bank tərəfindən hər iki cavabdehin kredit müqaviləsi üzrə Bakı 5 saylı Mediasiya Təşkilatına mediasiya üçün müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixində cavabdehlər iki dəfə ardıcıl mediasiya prosesində iştirak etmədiklərinə görə mediator Günel İsmayılbəyli tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” tərtib olunmuş və xx.xx.2022-ci il tarixində Banka təqdim olunmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə qərardadında Cavabdeh1 QSC-nin nümayəndəsinin elektron məhkəmə sistemi vasitəsilə göndərdiyi ərizəyə istinadən qeyd edilmişdir ki, iddia ərizəsində iki cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir və cavabdehlərin hər birinə qarşı bir-biri ilə əlaqədar olmayan iki ayrı-ayrı kredit müqaviləsindən irəli gələn tələblər yönəlmişdir. Həmin qərardaddan şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş şikayət təmin edilməmişdir. xx.xx.2022-ci il tarixdə Bank tərəfindən cavabdehlərə “mediasiya prosesinin tətbiqi barədə təklif” göndərilmişdir. Həmin məktub tərəflərə çatdırıldıqdan 10 iş günü sonra, yəni xx.xx.2022-ci il tarixdə “ilkin mediasiya sessiyası üçün ərizə” ilə Bakı 12 saylı Mediasiya təşkilatına müraciət olunmuşdur. Bakı 12 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən tərəflərə mediasiya prosesində iştirak edilməsi ilə bağlı bildiriş göndərilmiş, lakin Cavabdeh1 MMC tərəfindən mediatora edilmiş etiraza əsasən xx.xx.2022-ci il tarixdə “mediasiya prosesinə xitam verilməsi haqqında protokol” tərtib edilmişdir. Cavabdeh tərəfindən eyni məzmunlu ərizə ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət edilərək, “təklif məktubunda tərəfə təklif olunan mediasiya təşkilatı və mediatorun göstərilməməsi” qeyd olunmuşdur. Cavabdeh tərəfindən müddətin uzadılması üçün bildirilən əsassız və formal etirazların qarşısının alınması məqsədilə xx.xx.2022-ci il tarixdə Bank tərəfindən “ilkin mediasiya sessiyasına dair ərizə” ilə Mediasiya Şurasına müraciət olunmuş və müraciət üzrə mediator təyin olunması xahiş olunmuşdur. Mediasiya Şurası həmin ərizəni Bakı 8 saylı Mediasiya təşkilatına göndərmiş və həmin təşkilat tərəfindən ərizə icraata götürülmüşdür. Bakı 8 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən tərəflərə bildiriş göndərilmiş, lakin cavabdehlər mediasiya prosesində iştirak etmədiklərinə görə xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” tərtib olunmuş və Banka təqdim olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinə əsasən, iddia müddətinin axımı tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə dayandırılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanununun 35-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4-cü maddəsinə əsasən, bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir: Yuxarıda sadalanan ardıcılığı və qanunvericiliyin tələblərini nəzərə alaraq xx.xx.2022-ci il tarixindən sonuncu iddia tələbi ilə məhkəməyə müraciət edənədək aparılmış prosessual hərəkətlər arasında hər hansı fasilə verilməmiş, dolayısı ilə iddia müddətinin axımı davam etməmişdir. Buna görə də, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizə əsassızdır və məhkəmə tərəfindən nəzərə alınmamalıdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 QSC-nin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi
8. Cavabdeh2 ASC məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
9. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, xx/xx/1592/14 saylı kredit müqaviləsinə əsasən:
12. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditor borcalan 12513971,36 manat kredit açır.
13. Müqavilənin 2.3-cü bəndinə əsasən kredit 60 ay müddətinə verilir. Kreditin ödənilməli olduğu son tarix 22 may 2019-cu ildir.
14. İddiaçının xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixinə 7.097.654 manat əsas borc, xx.xx.2014-xx.xx.2019-cü il tarixinə kimi 2.377.005 manat faiz borcu, 791.704 manat cərimə və illik 5% hesabı ilə 1.015.363,70 manat faiz borcu yaranmışdır.
15. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cu il tarixli, 1xx/xx/1592/14/-1 saylı sonrakı girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən xx.xx.2014-cü il tarixli, xx/xx/1592/14 saylı kredit müqaviləsi üzrə borc alanın girov saxlayan qarşısında öhdəliklərinin bütövlükdə və vaxtı-vaxtında yerinə yetirilməsini təmin etmək məqsədilə girov qoyana məxsus olan "xxxx" ASC-nin nominal dəyəri 24 manat olan 843113 ədəd sənədsiz adlı adi səhmlərini girov saxlayan qarşısında hazrıkı müqavilə ilə sonrakı girovla yüklü edir.
16. xx.xx.2022-ci il tarixli Mediasiya üçün müraciətdən görünür ki, Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatına müraciət edərək Bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur.
17. Bakı 5 saylı Mediasiya Təşkilatının 16 iyun 2022-ci il tarixli MŞH/5-01841 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış ilə, Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən mediator qismində təyin edilmiş X1 (mediasiya reyestrində qeydiyyat nömrəsi M-00119) tərəfindən LPO QSC "Bank Standart" KB-nin ləğvedidsi Əmanətlərin Sığortalanması Fonduna "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə uyğun olaraq verildiyi, arayış "X4" MMC-nin, "xxxx" ASC-nin və "xxxx" MMC-nin LPO QSC "Bank Standart" KB-nin ləğvedidsi Əmanətlərin Sığortalanması Fonduna tərəfindən təsvir edildiyi kimi kommersiya mübahisəsi üzrə "kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsi"nə dair mübahisə üzrə xx/xx/2022-d il tarixində, 11:00- 12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiklərini təsdiq etmək üçün verilmişdir. "X4" MMC, "xxxx" ASC və "xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məktubla məlumatlandırılmışdır.
18. Bakı Kommersiya Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərardadlı ilə, iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin cavabdehlər Cavabdeh1 QSC və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh1 QSC arasında 22 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı kredit müqaviləsi, "xxxx" MMC arasında isə xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi bağlandığına görə iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC hər iki müqavilə üzrə mediasiya sessiyasında iştirakla bağlı arayışı məhkəməyə təqdim etməli olduğu halda, yalnız 1 ədəd ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı əlavə etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2-2(103)-1090/2022 saylı qərardadı ilə iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4555/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
20. Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 MMC və "xxxx" ASC-yə göndərilən 02 noyabr 2022-ci il tarixli “Mediasiya prosesinin tətbiqi barədə təklif”də QSC “Bank Standart” KB ilə "xxxx" MMC arasında bağlanmış 22 may 2014-cü il tarixli kredit, k və girov müqavilələrinin bağlandığı, həmin kredit müqaviləsi üzrə ümumilikdə 11281728,15 manat borcunun olduğu bildirilmiş və mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini təklif edilmişdir.
21. Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 QSC-yə, Cavabdeh2 ASC-yə 22 noyabr 2022-ci il tarixli **********620 saylı ilkin mediasiya sessiyası üçün ərizə göndərilmişdir.
22. 20 dekabr 2022-ci il tarixli MŞB/12-00146 saylı mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, mediasiya prosesinə xitam verilməsinin əsası LPO QSC Bank Standart KB-nın ləğv edicisi ƏSF-nun mediasiya prosesindən imtina etməsi olmuşdur.
23. Hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixində daxil olmuşdur.
24. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.
25. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, xx/xx/1592/14 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kreditor borcalan 12513971,36 manat kredit açır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kredit 60 ay müddətinə verilir. Kreditin ödənilməli olduğu son tarix 22 may 2019-cu ildir. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cu il tarixli, 1xx/xx/1592/14/-1 saylı girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən xx.xx.2014-cü il tarixli, xx/xx/1592/14 saylı kredit müqaviləsi üzrə borc alanın girov saxlayan qarşısında öhdəliklərinin bütövlükdə və vaxtı-vaxtında yerinə yetirilməsini təmin etmək məqsədilə girov qoyana məxsus olan "xxxx" ASC-nin nominal dəyəri 24 manat olan 843113 ədəd sənədsiz adlı adi səhmlərini girov saxlayan qarşısında hazrıkı müqavilə ilə sonrakı girovla yüklü edir.
26. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
27. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
29. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
30. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.
31. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
32. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir.
33. Belə ki, bu hüquq münasibəti çərçivəsində iddiaçının Cavabdehdən götürülən kredit üzrə əsas, faiz və cərimə borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır. Cavabdeh1 MMC-nin nümayəndəsi xx.xx.2019-cu il tarixində müqavilə müddətinin bitdiyinə, iddia müddətinin keçməsinə əsaslanmaqla iddianın rəddini xahiş edir. MM-in 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
34. İş materiallarında olan sənədlər və AR MEM-nin ekspert rəyi ilə Cavabdeh1 MMCnin Banka ödənilməmiş borcun mövcudluğu müəyyən olunur.
35. Beləliklə, cavabdeh müqavilə üzrə kreditin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq tərəflər arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya hazırkı iddia tələbini (əsas borc, müqavilə üzrə nəzərdə tutulmuş faiz, cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu) irəli sürmək hüququ vermişdir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
37. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
41. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.
42. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, xx/xx/1592/14 saylı kredit müqaviləyə əsasən öhdəliyin icrası müddətinin son tarixi 22 may 2019-cu il olaraq müəyyən edilmişdir. Ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixli, xx/xx/1592/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC tərəfindən sonuncu ödənişin xx.xx.2016-cı tarixdə aparıldığı müəyyən edilmişdir. İlkin olaraq iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı tərəfindən 02 noyabr 2022-ci il tarixində “Mediasiya prosesinin tətbiqi barədə təklifi”ə əsasən bir kredit müqaviləsi üzrə, yəni QSC “Bank Standart” KB ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, xx/xx/1592/14 saylı kredit müqaviləsinin bağlandığı, həmin Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 QSC-nin sahibliyində olan Cavabdeh2 ASC-dəki səhmlərinin ipoteka ilə yüklü edildiyini və həmin kredit müqaviləsi üzrə ümumilikdə 11281728,15 manat borcun olduğu göstərir.
43. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
44. Bununla yanaşı, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)- 4555/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən 2 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı və xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqavilələri üzrə mediasiya sessiyasında iştirakla bağlı arayışları ayrı-ayrılıqda təqdim etməli olduğu halda, yalnız 1 ədəd ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı təqdim etməsi əsası ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
45. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2-2(103)-1090/2022 saylı qərardadı ilə iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4555/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
46. Mülki Məcəllənin 381.1-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
47. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmamış və həmin müddətin axımı ümumi qaydada davam etmişdir.
48. Belə olan halda isə 3 illik iddia müddəti 01 avqust 2022-ci il tarixdə bitmişdir.
49. Eyni zamanda işdən görünür ki, iddiaçı tərəfindən ikinci dəfə “Mediasiya prosesinin tətbiqi barədə təklifi” məktubu 02 noyabr 2022-ci il tarixdə cavabdehlərə göndərilmişdir.
50. Bu hal isə iddia müddətinin dayandırılmasına səbəb olmamışdır. Çünki yuxarıda da qeyd edildiyi kimi iddia müddəti 01 avqust 2022-ci il tarixdə artıq bitmişdir.
51. Göründüyü kimi iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür.
52. Azərbaycan Respublikası Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
53. Daha sonra isə iddiaçı tərəfindən 02 noyabr 2022-ci il tarixli **********339 saylı “Mediasiya prosesinin tətbiqi barədə təklifi” göndərilmiş, xx.xx.2022-ci il tarixdə isə “ilkin mediasiya sessiyası üçün ərizə” ilə Bakı 12 saylı Mediasiya təşkilatına müraciət olunmuşdur. Bakı 12 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən LPO QSC Bank Standart KB-nın ləğvedicisi ƏSF-unun mediasiya prosesindən imtina etməsi səbəbindən xx.xx.2022-ci il tarixdə “mediasiya prosesinə xitam verilməsi haqqında protokol” tərtib edilmişdir. 20 dekabr 2022-ci il tarixində Bank tərəfindən “ilkin mediasiya sessiyasına dair ərizə” ilə Mediasiya Şurasına müraciət olunmuşdur. Bakı 8 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” tərtib olunmuş. İddiaçı arayışı aldıqdıqdan sonra xx.xx.2023-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni sonuncu “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” aldıqdan 5 gün sonra (müddəti 05 gün də ötürməklə) hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
54. MM-in 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
55. MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
56. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
57. MM-in 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında da vurğulanmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçmiş hesab edilir.
59. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı QSC “Bank Standart” Kommersiya Bankının (ləğv prosesindədir) Cavabdeh1 QSC-yə və Cavabdeh2 ASC-yə qarşı “pul və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair müqavilə tələbləri üçün qanunda nəzərdə tutular iddia müddəti ötürülmüşdür. Odur ki, iddia tələbi rədd edilməlidir.
60. Həmçinin məhkəmə idda tələbinin cavabdeh qismində göstərilmiş Cavabdeh2 ASC-yə münasibətdə qeyd edir ki, ASC nə kredit, nə də girov müqaviləsi üzrə tərəf olmamış, sadəcə girov qismində iddiaçı-banka borc öhdəliyinin təminatı kimi Cavabdeh1 QSC-yə məxsus nominal dəyəri 24 manat olan Cavabdeh2 ASC-nin 843113 ədəd sənədsiz adı səhm girov qoyulmuşdur. Beləliklə, Cavabdeh2 ASC-nin cavabdeh qismində göstərilməsi və ona qarşı hazırki iddia ərizəsinin irəli sürülməsi tamamilə əsassızdır.
61. Belə ki, iş materiallarından iddiaçı ilə cavabdeh- Cavabdeh2 ASC arasında AR Mülki Məcəlləsinin 14-cü maddəsinə nəzərdə tutulmuş mülki hüquq və vəzifələrin yaranmasına və bu cür iddia ərizəsinin irəli sürülməsinə əsas ola bilən hər-hansı hal müəyyən edilmir.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
64. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 400 manat məbləğində pul vəsaiti iddiaçıdantutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.
Nəticə hissə:
65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Ləğv prosesinda olan QSC “Bank Standart” Kommersiya Bankının cavabdehlər Cavabdeh1 QSC-yə və Cavabdeh2 ASC-yə qarşı Cavabdeh1 QSC-dən 22 may 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/1592/14 saylı Kredit Müqaviləsi üzrə 7 097 654.44 manat məbləğində əsas, 2 377 005.05 manat məbləğində faiz, 791 704.96 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1 015 363.70 manat məbləğində faiz məbləğinin, ümumilikdə isə 11 281 728.15 manat pulun, ödənilmiş 6030.86 manat dövlət rüsumunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilən 400 manat pul məbləğinin ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması, Cavabdeh1 MMC-dən tutulmalı olan məbləğin mülkiyyətində olan 06 avqust 2014-cü il tarixli 1xx/xx/1592/14/-1 saylı sonrakı girov müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmiş Nominal dəyəri 24.00 (iyirmi dörd) manat olan Cavabdeh2 ASC-nin 843 113 (səkkiz yüz qırx üç min bir yüz on üç) ədəd sənədsiz adı səhminə (Yüklü edilən səhmlərin Cıxarışın, qeydiyyat nömrəsi 06/2-3313; qeydiyyat tarixi: xx.xx.2014) tutma yönəldilməsinə və yönəldikdən sonda açıq hərracdan satılması; Girov predmeti satıldıqdan sonra kredit müqaviləsi üzrə öhdəliyin lazımınca və tam icra olunmasına kifayət etmədikdə qalan borcun kredit müqaviləsi üzrə cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı LPO QSC “Bank Standart” Kommersiya Bankına aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 400 manat məbləğində pul vəsaiti iddiaçı LPO QSC “Bank Standart” Kommersiya Bankından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova