Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5500/2023 22.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “dividendin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nizamnamə, ümumi yığıncaq, dividend) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “dividendin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “dividendin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1998-ci ildən indiyə qədər cavabdehə qoyulmuş səhmlər üzrə dividendlərin hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atasının 1998-ci ildən cavabdehdə 46 ədəd səhmi vardır. Sonradan atası vəfat etmiş və həmin səhmlər onun adına sənədləşdirilmişdir. Həmin dövrdən indiyə qədər həmin müəssisə nə ümumi yığıncaq keçirmiş, nə də ki, dividendləri ödəmişdir. Müəsissəni mediasiyaya dəvət etmiş, lakin müəssisənin nümayəndəsi gələrək ödəniş barədə bir addım atmamışdır.
İİ. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh uzun müddətdir ki, fəaliyyət göstərmir. Cavabdeh tərəfindən ümumi yığıncaq keçirilməmiş, dividend ödənilməsi barədə qərar qəbul edilməmişdir.
II. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən cavabdeh xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış, təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyətidir.
7. 09.07.2021-ci il tarixli AB54725133 nömrəli depozitar haqqında məlumatdan görünür ki, cavabdehin nizamnamə kapitalının miqdarı 830770 manat, qiymətli kağızların ümumi miqdarı 415385 ədəd, bir qiymətli kağızın nominal dəyəri 2 manat, İddiaçı adına olan qiymətli kağızların sayı 46 ədəddir.
8. Cavabdehin 20 aprel 1998-ci il tarixli, 642 saylı Nizamnaməsinin 6.3.4-cü bəndinə əsasən balansın, mənfəət və zərər hesabatlarının, idarə heyəti sədrinin v ətəftiş komissiyası hesabatının, habelə auditorun hesabatının təsdiq edilməsi səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə daxildir.
9. Nizamnamənin 6.3.5-ci bəndinə əsasən səhmlərə verilən dividendin məbləğinin təsdiq edilməsi səhmdarların ümumi yığıncağının müstəsina səlahiyyətinə daxildir. Dividendin miqdarı Müşahidə Şurasının tövsiyyə etdiyindən çox ola bilməz.
10. Cavabdehin 16 may 2012-ci il tarixli Nizamnaməsinin 4.1.7-ci bəndinə əsasən cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir.
11. Nizamnamənin 4.1.7-ci bəndinə əsasən mənfəətin bölüşdürülməsi və zərərin ödənilməsi qaydalarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir.
12. Nizamnamənin 5.5.7-ci bəndinə əsasən cəmiyyətin xalis mənfəətindən dividend almaq səhmdarın hüququdur.
13. Qiymətli kağız sahiblərinin reyestrindən görünür ki, cavabdehin ümumilikdə 415385 ədəd yerləşdirilmiş səhmi mövcuddur, İddiaçı 46 ədəd səhmə malikdir.
14. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
17. 64.3-cü maddəsinə əsasən təsərrüfat cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər.
18. 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır.
19. 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər.
20. 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.
21. 106-1.2-ci maddəsinə əsasən bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarmı nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər.
22. 106-3.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir.
23. 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir.
24. 106-3.3-cü maddəsinə əsasən adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir.
25. 106-3.5-ci maddəsinə əsasən dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir.
26. 106-3.9-cu maddəsinə əsasən əgər səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, səhmdar cəmiyyəti dividendləri elan edə və ödəyə bilməz.
27. 107.1.4-cü maddəsinə əsasən cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.
28. 107-5.2-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz.
29. Materiallardan görünür ki, iddiaçı cavabdeh ASC-də 46 ədəd səhmə sahibdir və ASC-nin 1998-ci ildən hazırkı günədək ödənilməmiş dividendlərin ödənilməsini tələb edir.
30. Belə ki, Cəmiyyətin Nizamnaməsinin 4.1.1-ci bəndinə əsasən Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının Ümumi Yığıncağıdır.
31. Nizamnamənin 4.1.7-ci bəndinə əsasən cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir.
32. Eyni zamanda AR Mülki Məcəlləsinin 107.1.4-cü maddəsinə əsasən cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.
33. Qeyd edilən Məcələnin tələblərinə əsasən səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq) (maddə107- 1.2.); “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir (maddə 107-1.3.).
34. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra altı aydan gec olmayaraq çağırılır və cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəət ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərar əsasında iştirakçılar arasında bölüşdürülür.
35. Beləliklə, sadalanan normaların məzmunundan görünür ki, açıq səhmdar cəmiyyətin mənfəətini bölüşdürmək ümumi yığıncağın müstəsna səlahiyyətindədir. Bundan əlavə cavabdeh ASC-nin nizamnaməsindən də göründüyü kimi xalis mənfəət ümumi yığıncağın qərarı əsasında bölüşdürülməlidir. Səhmdar dividend almaq hüququna malik olsa da, bu hüququn həyata keçirilməsi Mülki Məcəllənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməlidir.
36. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh tərəfindən xalis gəlirin bölüşdürülməsi, o cümlədən, dividendin ödənilməsi barədə qərar qəbul edilməmişdir.
37. Belə olan halda məhkəmə hesab edir ki, həmin illər üzrə xalis mənfəətin bölüşdürülməsi, o cümlədən iddiaçıya dividendlərin ödənilməsi ilə bağlı qərarlar qəbul edilmədiyindən iddia tələbi təmin edilə bilməz.
38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. IV. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh ASC-yə qarşı “dividendin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova