Məhkəmə qərarları › İş №e-2-2(113)-5508/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5508/2023

25.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5508/2023 25.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, təhvil aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 47000 manat əsas, 6909 manat dəbbə pulunun və ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus olan **-BC-*** dövlət qeydiyyat nişanlı Hidromek markalı ekskavatoru 2022-ci il Mart, Aprel, May, İyun, iyul ayları üzrə Cəbrayıl rayonunda qazma və yükləmə işlərində işlətmiş və bu müddət ərzində ona 47000 azn borcu yaranmışdır və bu məbləği ödəmək üçün müxtəlif bəhanələr gətirərərk boyun qaçırır. Göstərilən müqavilədə razılaşdırılmış xx.xx.2022-ci il tarixdən 11 aydan müddət keçməsinə baxmayaraq cavabdeh bu günə qədər müqavilə öhdəliyini etməmiş və 47000 azn pulu qaytarmamışdır. Ondan pulu geri qaytarmasını tələb etdikdə isə, hər dəfə müxtəlif bəhanələr gətirməklə pulun qaytarılmasından qaçırır. Həmin müqavilənin 6-cı bəndində göstərilmişdir ki, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Həmin müqavilənin 4.2-ci bəndinə uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədikdə gecikdirilmiş borc məbləğinə əlavə olaraq hər gecikdirilmiş gün üçün müqavilənin ümumi qiymətinin 0,1% həcmihdə dəbbə pulu hesablanır. xx.xx.2021-ci il tarixli, AZİ AZİ 60/0921 saylı xidməti müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixinə 47000 azn əsas, 6909 azn dəbbə pulu ( 47000 x 0,1 : 100 = 47 azn 1 gün üçün edlir. 47 x 147 günə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borcla bağlı tərəfindən cavabdehə elektron qaimə göndərilsə də, cavabdeh onu geri qaytarmışdır. Bundan əlavə, tərəflər arasında dəbbə pulu ilə bağlı ayrıca yazılı razılaşma yoxdur.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır.

5. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-BC-*** dövlət qeydiyyat nişanlı Hidromek HMK 300 LC markalı ekskavator iddiaçının mülkiyyətindədir.

8. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 60/0921 saylı xidmət müqaviləsinə əsasən icraçı sifarişçiyə daşıma üzrə xidmətlər göstərir, sifarişçi isə öz növbəsində görülən işlərin dəyərini icraçıya ödəyir.

9. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər razılaşma yolu ilə müəyyən olunur.

10. Müqavilənin 4.2-ci bəndinə əsasən icraçı xidməti qismən və ya ümumiyyətlə yerinə yetirmədikdə, hər gecikdirilən gün üşün bu Müqavilənin ümumi qiymətinin 0,1% həcminfə dəbb pulunun (cərimə) ödənilməsini tələb edə bilər.

11. Müqavilənin 1 saylı Əlavəsində nəqliyyat vasitəsinin aylıq qiymətinin 11000 manat olması razılaşdırılmışdır.

12. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 2022-ci ilin mart, aprel, may, iyun, iyul ayları üzrə texnikanın xidmət haqqı 47000 manat təşkil edir (akt cavabdeh tərəfindən imzalanıb, möhürlənmişdir).

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında xx.xx.2021-ci il tarixli 60/0921 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini tam şəkildə icra etməmişdir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

20. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 47000 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

21. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

22. Lakin məhkəmə iddianın həmin hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə, o cümlədən icranın gecikdirilməsinə görə sifarişçi tərəfindən dəbbə pulunun ödənilməli olması nəzərdə tutulmamışdır.

23. Halbuki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

24. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

25. Odur ki, tərəflər arasında dəbbə pulunun ödənilməli olması barədə yazılı razılaşma olmadığından məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 47000 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 47000 manat məbləğində pul, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 47400 (qırx yeddi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar