Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5513/2024 19.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, dəbbə pulunun azaldılması, prosessual qənaət) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 06 oktyabr 2023-cü il tarixli daşınar əmlakın icarə müqaviləsi üzrə 14468,6 manat dəbbə pulunun və ödənilmiş 150 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli ERS-06-2023-1077 nömrəli daşınar əmlakın icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilə üzrə razılaşdırılmış texnika və avadanlıqları icarəyə vermişdir. İddiaçı cavabdehə ümumi dəyəri ƏDV daxil 35586,66 manat təşkil etməklə özünə məxsus “FL- 125 Diesel Telehandler 4017RS” (**-AB-*** qeydiyyat nişanlı) texnikanı icarəyə vermişdir. Cavabdeh texnikadan icarə əsasında istifadə qarşılığında iddiaçıya iki dəfə ƏDV daxil cəmi 15966,89 manat ödəniş etmişdir. Lakin cavabdehin iddiaçının texnikasından icarə əsasında istifadə etməsinə görə ona ƏDV daxil cəmi 19619,73 manat borcu qalmaqda davam edir. İddiaçının bu barədə ən son maliyyə məlumatları əsasında təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışı da bunu təsdiq edir. Cavabdeh texnikanın həqiqətən də icarəyə verildiyi və onların dəyəri faktını iddiaçı ilə xx.xx.2024-cü il tarixli 3580 nömrəli və xx.xx.2024-cü il tarixli 3610 nömrəli üzləşmə aktları tərtib edərək, səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiqləmişdir. Cavabdehə göndərilmiş eqaimələrdən biri cavabdehin özü tərəfindən xx.xx.2024-cü il tarixdə, digəri isə xx.xx.2024cü il tarixdə vergi sistemi tərəfindən avtomatik olaraq təsdiq edilmişdir. Bu da onun göstəricisidir ki, cavabdeh tərəfindən qaimələr üzrə xidmət haqqı və öhdəlik mübahisə edilmir, bu barədə heç vaxt düzəliş və ya dəqiqləşməyə dair geri dönüş etməmişdir. 2.2. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 13-cü bəndində əsasən “bu icarə müqaviləsi ilə əlaqədar meydana gələn bütün münaqişələr İcarəçi ilə İcarəyə verən arasında əvvəlcə danışıqlar yolu ilə həll edilməlidir ” qaydası göstərilmişdir. Bunu rəhbər tutaraq iddiaçı borcunu ödəməsi barədə cavabdehə elektron məhkəmə kabineti vasitəsi ilə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərmiş, borcunu ödəməsi üçün möhlət verilmişdir. Lakin pretenziya məktubuna cavabdehdən iddia ilə məhkəməyə müraciət edilən ana qədər heç bir cavab və ya tələbin məhkəmədən kənar həllinə dair təklif gəlməmişdir. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 2.2-ci maddəsinə əsasən “İcarəçi icarə haqqını aylıq əsasla elektron qaimə faktura təqdim edildiyi tarixdən 15 (on beş) təqvim günü ərzində İcarəyə verənin müvafiq bank hesabına köçürür”. Cavabdeh tərəfindən bu şərt indiyədək kobud şəkildə pozulmuş və ödəniş öhdəliyindən əsassız olaraq yayınılmış və bu barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Sonuncu elektron qaimə xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilsə də, cavabdeh müqavilənin bu şərtinə və üzərinə götürdüyü öhdəliyinə zidd davranış nümayiş etdirmişdir. Cavabdeh əsas borcu yalnız ərizə məhkəmənin icraatında olarkən xx.xx.2024cü il tarixdə ödəmişdir. 2.3. Müqavilənin 2.2-ci bəndində göstərilmişdir ki, icarəyə verən icarə haqqının bu müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş müddətdə köçürülməməsinə görə “İcarəçi”dən hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,5%-i miqdarında dəbbə pulu tələb edə bilər. Nəzərə alınsa ki, cavabdehdən tələb edilən iddia məbləği ƏDV daxil 19619,73 manatdır, o zaman məbləğin 1 gün üçün 0,5%-i 98,10 manat təşkil edəcək. Gecikdirilən günlərin sayı yekun cəmi borcu formalaşdıran sonuncu tərtib edilmiş xx.xx.2024-cü il tarixli e-qaimənin təqdim edildiyi tarixdən indiyədək hesablanmalı olduğundan və həmin tarixdən 15 təqvim günü keçməklə ödənişin mübahisə edilən dövrə düşməsi nəzərə alınsa, bununla da 15 günlük gözləyəndən sonra dəbbə pulu tələb etmək hüququ 29 fevral 2024-cü il tarixdən başlayaraq iddianın məhkəməyə verildiyi 23 iyul tarixinə qədər hesablamaqla 1 gün fevral ayından, 31 gün mart ayından, 30 gün aprel ayından, 31 gün may ayından, 30 gün iyun ayından və 23 gün iddia verilən tarixə iyul ayından hesablamaqla cəmi 146 gün təşkil edir və bununla da indiyədək cavabdeh tərəfindən ödənişi gecikdirilmiş tələb üzrə dəbbə pulunun yekun ümumi məbləği 146 gün üzrə (gecikdirilən günlərin sayı) x gündəlik 98,10 manat (bir gün üçün gecikdirilmiş məbləğin miqdarı) vurmaqla = 14468,60 manat təşkil edəcəkdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 442, 443-cü və s. maddələri göstərilmişdir.
4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etirazın onunla əsaslandırılmışdır ki: 5.1. İddiaçı cavabdehə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 19619,73 manat qalıq borcun, o cümlədən 14468,60 manat dəbbə pulunun, ödənilmiş 500 manat vəkil hüquqi xidmət haqqının və 150 manat dövlət rüsumun tutularaq ödənilməsini xahiş etmişdir. 5.2. İddia ərizəsində qeyd olunan xx.xx.2023-cü il tarixli ERS-06-2023-1077 saylı müqavilə üzrə əsas borc 16626,92 manat və 2992,85 manat ƏDV, ümumilikdə 19619,72 manat cavabdeh tərəfindən tam olaraq ödənilmişdir. Bu səbəbdən hazırda iddiaçının iddia ərizəsində istinad etdiyi faktların hüquqi əhəmiyyəti yoxdur. 5.3. Əlavə olaraq, iddia ərizəsində qeyd olunan 14468,60 manat dəbbə pulunun tələb olunması əsassızdır. Belə ki, müqavilənin dəbbə pulunun tələb olunması ilə bağlı müddəaları arasında ziddiyyət vardır. Müqavilənin 2.2-ci bəndində göstərilmişdir ki, İcarəyə verən icarə haqqının bu müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş müddətdə köçürülməməsinə görə “İcarəçi”dən hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,5%-i miqdarında dəbbə pulu tələb edə bilər. Buna baxmayaraq, həmin müqavilənin 4.2ci bəndində dəbbə pulu hər gün üçün deyil, hər həftə üçün gecikdirilmiş məbləğin 0.5 %-i həcmində nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən müqavilənin dəbbə pulunun tətbiq olunması ilə bağlı müddəası etibarsız hesab olunmalıdır. 5.4. Həmçinin 16626,92 manat borca görə 14468,60 manat məbləğində dəbbə pulunun hesablanması və tələb olunması əsassız varlanma kimi qiymətləndirilməlidir. Həmin məbləğin ödənilməsi cavabdehi çətin vəziyyətə salaraq sahibkarlıq fəaliyyətinə ciddi maneə yaradacaqdır. Əlavə olaraq, vəkillə müqavilənin bağlanması və məbləğin müəyyən olunması caavbdehin məlumatı və ya iştirakı olmadan həyata keçirilmişdir və cavabdehdən 500 manat vəkil hüquqi xidmət haqqının tələb olunması əsassızdır. 5.5. Beləliklə, müqavilə üzrə borcun tam olaraq ödənildiyini, o cümlədən dəbbə pulunun tətbiq edilməsi ilə bağlı müqavilə müddəasının etibarsız hesab edilməli olduğunu, həmin məbləğin ödənilməsinin əsassız varlanma kimi qiymətləndirildiyini, 500 manat vəkil hüquqi xidmət haqqı tələbinin əsassız olduğu nəzərə alınaraq iddiaçı tərəfindən verilən iddia tələbi rədd edilməlidir.
6. İddiaya etirazda hüquqi əsası kimi Mülki Məcəllənin 337, 467 və 1091.1-ci maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, əsas borc məbləği ödənilmişdir, dəbbə pulu əsassızdır, hüquqi yardım xərcini ödəməyə razıdırlar.
9. Cavabdeh məhkəmənin baxış iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İcarə müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İşin müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 06 oktyabr 2023-cü il tarixli ERS-06-2023-1077 nömrəli daşınar əmlakın icarə müqaviləsi bağlanmış, iddiaçı texniki göstəriciləri müqaviləyə edilmiş əlavələrdə müfəssəl qeyd olunan və icarəyə verilən zaman özünün qanuni istifadəsində olan avadanlığı (və ya avadanlıqları) icarə müqaviləsində göstərilən müddət və şərtlərə müvafiq olaraq cavabdehə icarəyə verməyi və cavabdeh isə öz növbəsində həmin avadanlıqları bu müqavilədə (əlavədə) göstərilən tarixdən etibarən iddiaçıdan icarəyə götürməyi öz öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında 08 yanvar 2024-cü il tarixdə və 02 fevral 2024-cü il tarixdə hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş aktlar tərtib edilmiş, adıçəkilən müqavilə üzrə cavabdehin iddiaçıya olan borc məbləği ƏDV daxil olmaqla 19619,76 manat kimi təsdiq edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı əsasında 16626,92 manat borc və 2992,85 manat ƏDV olmaqla əsas borc ödənilmişdir.
14. İddiaçı cavabdeh tərəfindən borc məbləğinin yalnız məhkəməyə müraciət edildikdən sonra ödənildiyinə istinad edərək 14468,6 manat məbləğində dəbbə pulunun tutulmasını tələb edir.
15. Cavabdeh iddiaya etiraz edərək, müqavilənin dəbbə pulu ilə bağlı bəndlərinin birbirinə zidd olduğunu və bu səbəbdən etibarsız hesab edildiyini bildirir və dəbbə pulu ilə bağlı tələbin rədd edilməsini xahiş edir.
16. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
17. 06 oktyabr 2023-cü il tarixli ERS-06-2023-1077 nömrəli daşınar əmlakın icarə müqaviləsinin 2.2-ci bəndinə əsasən icarəçi icarə haqqını aylıq əsasla elektron qaiməfaktura təqdim edildiyi tarixdən 15 təqvim günü ərzində icarəyə verənin müvafiq bank hesabına köçürür. İcarəyə verən icarə haqqının bu Müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş müddətdə köçürülməməsinə görə icarəçidən hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,5 faizi həcmində dəbbə pulu tələb edə bilər.
18. Həmin müqavilənin 4.2-ci bəndinin a yarımbəndinə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq, təhvil-təslim aktını aldıqdan sonra 7 (yeddi) iş günü ərzində İcarə haqqını ödəmək; Əks halda icarəçi ödəniş şərtlərini pozduğu halda icarəyə verən tərəfindən gecikdirilən hər həftə üçün gecikmə məbləğinin 0,5 faizi həcmində cərimə olunacaqdır.
19. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
21. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
22. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı da xx.xx.2024-cü il tarixdə sonuncu akt tərtib edilməsinə, xx.xx.2024-cü il tarixdə sonuncu elektron qaimə təqdim edilməsinə baxmayaraq, uzun müddət sonra – xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
23. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 1000 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
24. Cavabdehin etirazına münasibətdə isə məhkəmə qeyd edir ki, müqavilənin bəndlərində ziddiyyətin olması həmin bəndlərin etibarsızlığı üçün əsas deyildir. Hazırkı halda istər 2.2-ci bəndlə, istərsə də 4.2-ci bəndlə hesablama aparılması zamanı hesablana bilən mümkün dəbbə pulu ağlabatan hesab edilən həddən çox olduğundan məhkəmə prosessual qənaət prinsipindən irəli gələrək qeyd edilən bəndlərin əlavə təfsirinə zərurət görmür.
25. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 1000 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
26. İddiaçı ödənilmiş 150 manat dövlət rüsumunun və 500 manat hüquqi yardım xərcinin əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir.
27. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
28. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, iddiaçı tərəfindən (xx.xx.2024-cü il tarixli ******* nömrəli order) üzrə 500 manat məbləğində pul “Kəngərli və partnyorları” vəkil bürosunun bank hesabına köçürülmüşdür.
29. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir
30. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
31. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
32. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Məhkəmə dövlət rüsumunun məbləği ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia ərizəsi verilərkən iddianın qiymətinə (34088,33) uyğun ödənilməli dövlət rüsumunun məbləği 192 manat təşkil etmiş, iddiaçı 150 manat dövlət rüsumu ödəmişdir. Həmçinin iddia tələbi cavabdeh tərəfindən ödəniş edildiyi üçün azaldılmışdır.
34. Digər tərəfdən, məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan 500 manat hüquqi yardım xərci ağlabatandır və cavabdehdən tutulmalıdır.
35. Beləliklə, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə, 42 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2023-cü il tarixdə bağlanmış daşınar əmlakın icarə müqaviləsi üzrə 1000 manat dəbbə pulu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul tutularaq İddiaçınə, 42 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova