Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5526/2022 25.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı xx.xx.2018-ci il tarixli müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10200 manat məbləğində icarə haqqının, 3500 manat məbləğində dəymiş maddi ziyanın və 325,76 manat məbləğində faiz borcunun, cəmi 14025,76 manat məbləğində pulun Cavabdeh QSC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış 26 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı tərəfindən icarəçiyə icarəyə verilmişdir. Sözügedən müqavilənin 3.1-ci bəndinə əsasən vergi çıxılmaqla icarə haqqı 1700 manat təşkil etmişdir. Müqavilənin 3.4.1-ci bəndinə əsasən isə icarə haqqı hər ay üçün qabaqcadan cari ayın 12-dək ödənilir. xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022xx.xx.2022-ci il tarixlərin icarə haqları ödənilməmişdir. Qeyd edilən aylara görə icarə haqlarının məbləği 10.200 manat təşkil etmişdir. Bundan əlavə icarə haqlarının ödənilməməsi nəticəsində iddiaçı ziyana düşmüş və sahibkarlıq fəaliyyətinin digər sahələrinə bu mənfi təsir etmişdir. Bu səbəbdən də iddiaçıya dəymiş 3.500 manat məbləğində maddi ziyan cavabdeh tərəfindən geri ödənilməlidir. Cavabdeh tərəfindən həmçinin qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin icra edilməməsinə görə illik 5 faiz miqdarında borc ödənilməsi də tələb edilmişdir. Belə ki, aylıq icarə haqqının gecikdirilməsinə görə illik hesablanmalı olan faiz məbləği 85 manat təşkil etmişdir (1700*5%=85). İlk ödənişin edilməli olduğu tarixdən 11 ay keçdiyinə görə yuxarı faiz məbləği 77,9 (85/12*11=77,9) manat təşkil etmişdir. Faiz məbləğləri - ikinci ödənişin edilməli olduğu tarixdən 9 ay keçdiyinə görə 63,75, üçüncü ödənişin edilməli olduğu tarixdən 8 ay keçdiyinə görə 56,66, dördüncü ödənişin edilməli olduğu tarixdən 7 ay keçdiyinə görə 49,56, beşinci ödənişin edilməli olduğu tarixdən 6 ay keçdiyinə görə 42,48, altıncı ödənişin edilməli olduğu tarixdən 5 ay keçdiyinə görə 35,41 manat təşkil etmişdir. Faiz məbləğlərinin cəmi 325,76 (77.9+63.75+56.66+49.56+42.48+35.41) manat təşkil etmişdir. Faiz məbləğləri sadə riyazi düstürla hesablanmışdır. 1700 manatlıq icarə haqqının gecikdirilməsinə görə illik faiz məbləği 85 manat təşkil edirsə, bir aylıq faiz məbləği 7,08 manat təşkil etdiyi üçün, bu aylıq faiz məbləğini gecikdirilmiş ayların sayına vurmaqla faiz məbləğlərini hesablamaq mümkündür. xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış 26 aprel 2018-ci il tarixli icarə müqaviləsinin tələblərinə müvafiq olaraq tərəflər arasında qarşılıqlı hörmət və müqaviləyə uyğun olaraq nəzərdə tutulmuş icarə haqqı vaxtı-vaxtında ödənilmişdir. Cavabdeh 2021-ci ilin noyabr ayının əvvəlində icarəyə verən şəxsə əvvəlcədən xəbərdarlıq edərək, 2021-ci ilin dekabr ayından həmin yeri təhvil verəcəklərini bildirmişdir. İddiaçı tərəf də bununla razılaşmış və cavabdeh 2022-ci ilin yanvar ayında yeri təhvil verərək, oradan çıxmışdır. İcarə haqqının tam ödənilməsinə baxmayaraq iddiaçı tərəfindən 2022-ci ilin aprel ayınadək ödəniş tələb etməsi həqiqəti əks etdirmir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, məhkəmədən iddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış 26 aprel 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh QSC-dən 8500 manat məbləğində ödənilməmiş icarə haqqı borcun, 3500 manat məbləğində dəymiş maddi ziyana görə ödənişin və 325.76 manat məbləğində faiz borcunun, cəmi 12325,76 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdehin nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixli ödəniş tapşırığını məhkəməyə təqdim edərək, xx.xx.2021-xx.xx.2021-ci il tarixi üçün hesablanmış icarə haqqının ödənildiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, məhkəmədən iddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış 26 aprel 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh QSC-dən 6800 manat məbləğində ödənilməmiş icarə haqqı borcun, 3500 manat məbləğində dəymiş maddi ziyana görə ödənişin və 325.76 manat məbləğində faiz borcunun, cəmi 10625,76 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Vəkil ona verilən suala cavab olaraq cavabdehin icarə obyektini mart ayının sonu aprel ayının əvvəli tam boşaldığını bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə verilmiş etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. X3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı qonşusudur, mübahisə predmeti olan icarə obyektini tikmiş və 2022-ci ilin fevral ayından evdəki isitmə sisteminə nəzarət etmişdir. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, işlədiyi vaxt obyektdə cavabdehə məxsus it var idi, eyni zamanda seyf də obyektdə qalmışdır. O, Novruz Bayramından əvvəl, fevral-mart aylarında təmir işləri görməyə başlayıb. Şahid Cavabdeh QSC-nin seyfi fevral ayının ortalarında götürdüyünü bildirdi. X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, hazırda Cavabdeh QSC-də direktor müavini vəzifəsində çalışır, mübahisə predmeti olan obyekt 3 il müddətində Cəmiyyətin istifadəsində olub və bu müddət ərzində mülkiyyətçi ilə şirkət arasında hər hansı mübahisə olmayıb. Pandemiya ilə əlaqədar şirkətin maddi vəziyyəti çətinləşib və ödəniş edə bilməyiblər, lakin gecikmə olduğu zaman iddiaçıya məlumat veriblər. Sentyabr ayında mülkiyyətçi ilə görüş keçirilib və obyektdən çıxmaq niyyətində olduqlarını ona bildiriblər, iddiaçı da hər hansı pretenziya irəli sürməyib. Obyekti yanvar ayında tam boşaldıblar, hətta İddiaçı özü gəlib otaqları gəzib. İddiaçı ilk öncə kabelləri saxlamaqlarını xahiş etsə də, sonradan əmlakdan yaşayış evi kimi istifadə edəcəyini bildirib və kabellərin sökülməsini xahiş edib. Daha sonra iddiaçı şirkətə əmlakı təmir edəcəklərini bildirib və cəmiyyətin obyektdə qalan yeganə əmlakları seyf idi. Ağır olması və obyektin döşəməsinin laklanması səbəbi ilə, iddiaçı seyfi döşəmə quruduqdan sonra götürməklərini xahiş edib. Seyfi aprel ayında təhvil alıblar. Şahid obyektdən istifadə etdikləri müddətin icarə haqqını tam ödədiklərini və əlavə olaraq məhkəmə qərarına uyğun ödəniş etməyə hazır olduqlarını məhkəmənin nəzərinə çatdırdı. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, obyektdən yanvar ayının 20-si çıxıblar,hətta yanvarın 17-nən başqa obyektə fəaliyyət göstərməyə başlayıblar, həmin vaxt obyektdə sadəcə seyf qalıb. Seyfi aprel ayında təhvil alıblar. Obyektdə giriş-çıxış pult vasitəsilə təmin edilib və pultu obyektdən çıxdığları tarixdə işçiləri vasitəsilə İddiaçı həyat yoldaşına təhvil veriblər. X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, hazırda Cavabdeh QSC-də anbardar vəzifəsini icra edir. Mübahisə ilə bağlı şahid pandemiya ilə əlaqədar bir müddət ödəniş edə bilmədiklərini, bu səbəblə də dekabr ayından icarə obyektini boşaltmağa başladıqlarını, yanvar ayında isə obyekti təhvil verdiklərini bildirdi. Obyektdə onlara aid qalan yeqanə əmlakları seyf olub. Buna səbəb isə iddiaçının döşəmənin lakının qurumaması səbəbi ilə seyfi saxlamağlarını xahiş etməyi idi. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, əmlakı yanvarın 17-si təhvil veriblər, İddiaçı icarə müqaviləsinin ləğv etmək niyyətlərini dekabr ayından əvvəl bildiriblər, lakin məlumatın yazılı verilib-vərilməməsi barədə məlumatı yoxdur. Şahid obyektdən ofis kimi istifadə etdiklərini, İddiaçı obyektə dəfələrlə gəldiyini, iddiaçının həyat yoldaşı ilə şirkət obyekti boşaltmamışdan əvvəl də gəldiyini və iddiaçının obyekti noyabr ayından təmir etməyə başladığını bildirdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: -İddiaçı (icarəyə verən) ilə Cavabdeh QSC (icarəçi) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə görə icarəyə verən Müqavilənin 1.3-cü bəndində göstərilən sahəni (sonralar “icarə obyekti" adlanacaq) icarəçiyə ofis və anbar sahəsi kimi istifadə etmək məqsədi ilə icarəyə verir, icarəçi isə icarə obyektini ona zərər vurmadan müəyyən edilmiş məqsəd ilə icarəyə götürür. 1.3-cü icarə obyekti - RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən əmlak (daşınmaz əmlakın növü: fərdi yaşayış evi; daşınmaz əmlakın ünvanı (olduğu yer): ünvan 2; daşınmaz əmlakın mülkiyyət növü: xüsusi; daşınmaz əmlakın üzərində hüququn növü: mülkiyyət; daşınmaz əmlakın ümumi sahəsi 264,6 kv.m.; torpaq sahəsinin mülkiyyət növü: xüsusi; torpaq sahəsinin üzərində hüququn növü: mülkiyyət; torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları; torpaq sahəsinin ölçüsü: 0,06 ha; daşınmaz əmlakın reyestr nömrəsi: **********33-10301; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2017-ci il ). 2.1-ci bəndinə görə icarə obyekti icarəçiyə 5 il müddətinə icarəyə verilir, icarə obyekti icarəçiyə mövcud olan əşya və avadanlıqların siyahısını əks etdirən Təhvil-Təslim Aktına əsasən icarəçiyə təhvil verilir, icarə müddətinin axımı 10 may 2018-ci il tarixdən başlanır. 3.1-ci bəndinə əsasən icarə obyektinə görə aylıq icarə haqqı bütün vergiləri, o cümlədən ödəmə mənbəyindən 14% vergini çıxmaqla aylıq icarə haqqı 1700 manat təyin edilir. 3.4-cü bəndinə əsasən müqavilə üzrə icarə haqqının ödənişi aşağıdakı qaydada aparılır: 3.4.1. icarə haqqı hər ay üçün qabaqcadan cari ayın 12-dək ödənilir. 3.4.2. ödənişlər köçürmə yolu ilə icarəyə verənin bank hesabına ödənilir. 6.1-ci bəndinə əsasən hər hansı tərəf bu müqaviləyə vaxtından əvvəl xitam vermək niyyətində olduğu halda digər tərəfə 60 (altmış) gün əvvəl yazılı surətdə xəbərdarlıq verməklə bu müqaviləyə xitam verə bilər. Müqavilə icarəyə verən və icarəçi tərəfdən imzalanmış, üzərinə tərəflərin möhürü vurulmuş və notarial qaydada təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesab üzrə çıxarışdan məlum olur ki, Cavabdeh QSC xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək fərqli vaxtlarda ödəniş edib. Cavabdeh QSC tərəfindən sonuncu dəfə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üçün icarə haqqı olaraq 1700 manat məbləğində ödəniş edilib. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixi ödəniş tapşırıqları ilə təsdiq edilir ki, ümumilikdə xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2021-xx.xx.2021-ci l dövrləri üçünicarə haqqı olaraq 3400 məbləğində pul vəsaiti Cavabdeh QSC tərəfindən İddiaçı ödənilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini X5 tərəfindən cavabdehə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh QSC-nin xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən **********-17003 kodlu təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə **********4 saylı arayış əsasında müəyyən edilir ki, Cavabdeh QSC 1001 ünvan 3 ünvanı üzrə uçota alınmışdır. İddiaçı tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış 06 sentyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh QSC-dən borc məbləğinin tərəflərindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (icarəyə verən) ilə Cavabdeh QSC (icarəçi) arasında Badamdar qəsəbəsi, 1-ci Bağlar döngəsi, ev 12A ünvanında yerləşən 264,6 kv.m sahəsi olan daşınmaz əmlakın icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli, “3M-155” saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarə obyekti Bakı şəhəri, Səbail rayonu, xx.xx.2018-ci il tarixdən etibarən Cavabdeh QSC-nin istifadəsində və sahibliyində olmuşdur. Hazırda İddiaçı Cavabdeh QSC-nin 4 ay ərzində - xx.xx.2021-ci -xx.xx.2022-ci il tarixləri arası dövrdə icarə obyektindən istifadə və sahiblik etməsinə baxmayaraq həmin dövr üzrə icarə haqqını ödəmədiyini iddia edir və sözügedən müddət üçün icarə haqqının, icarə haqqına hesablanmış faizlərin, eyni zamanda müqaviləyə xitam verilməsi niyyəti barədə 60 gün əvvəl yazılı xəbərdarlıq edilməməsi ilə bağlı ona dəymiş maddi zərərin (iki aylıq icarə haqqı məbləğində) cavabdehdən tutulmasını, eləcə də tərəflər arasında icarə müqaviləsinin ləğv edilməsini tələb edir. Cavabdeh isə müqaviləyə xitam verilməsi barədə icarəyə verənə qabaqcadan xəbərdarlıq etməklə 2022-ci ilin yanvar ayının ikinci yarısında (15-20 yanvar tarixləri Arasi dövrdə) icarə obyektini boşaltdığını iddia edir və yalnız həmin müddət üçün icarə haqqının tutulması və müqavilənin ləğv edilməsi hissəsində iddia ilə razılaşır, qalan hissədə isə iddianın rədd edilməsini tələb edir. Göründüyü kimi tərəflər arasında mübahisə predmeti olan faktiki hal icarə obyektinin boşaldılaraq icarəyə verənə təhvil verilməsi tarixi ilə bağlıdır. Belə ki, tərəflər arasında mübahisəli obyektin icarəyə verənə təhvil verilməsi ilə bağlı təhvil-təslim aktı imzalanmamışdır. İddiaçı (icarəyə verən) icarə obyektinin cavabdeh (icarəçi) tərəfindən tam boşaldılaraq 2022-ci ilin aprel ayının əvvəlində ona təhvil verildiyini iddia etdiyi halda cavabdeh icarə obyektinin həmin ilin yanvar ayının sonunda boşaldılaraq iddiaçı təhvil verildiyini, obyekt təhvil verilərkən obyektdə qalmış seyflərin isə iddiaçının xahişi əsasında (döşəməyə lak vurulması ilə əlaqədar) götürülmədiyini bildirir. Göstərilən mübahisəli halla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə baxışı gedişində nümayəndələrin izahatları, eləcə də hər iki tərəfin vəsatətləri əsasında dindirilmiş şahidlərin ifadələri ilə icarə obyektinin 2022-ci ilin yanvarını sonu-fevralın əvvəllərində icarəçi tərəfindən qismən boşaldılması, eləcə də obyekt boşaldılarkən icarəçiyə məxsus seyflərin icarə obyektində qalması və həmin seyflərin yalnız aprel ayının əvvəllərində cavabdeh tərəfindən götürülməsi öz təsdiqini tapmışdır. Cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi - tərəflər arasında obyektin təhvil-təsliminin məhz obyekt yanvar ayında qismən boşaldılarkən aparılması, bu zaman tərəflərin icarə haqqının yalnız 2021-ci ilin dekabr ayınadək olan müddət üçün ödəniləcəyi barədə razılığa gəlməsi, ona məxsus seyflərin məhz iddiaçının xahişi əsasında obyektdə saxlanılması barədə dəlillərə gəldikdə qeyd edilməlidir ki, göstərilən hallar cavabdeh tərəfindən məhkəmə araşdırması gedişində sübuta yetiririlməmişdir. Belə ki, cavabdehin vəsatəti əsasında məhkəmədə dindirilmiş şahidlərin ifadələri göstərilən halları təsdiqləsələr də, məhkəmə hesab edir ki, şahidlər cavabdehin işçiləri olmaqla hazırkı işin nəticəsində maraqlı olduqlarından sözügedən ifadələr istinad edilən halların məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi icarə obyektinin cavabdeh tərəfindən 2022-ci ilin yanvarının sonu-fevral ayının əvvəllərində tam boşaldılaraq iddiaçı tərəfindən təhvil alınması iş materiallarına əsasən öz təsdiqini tapmır. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, icarə obyektinin 2022-ci ilin yanvarının sonu-fevral ayının əvvəllərində cavabdeh tərəfindən tam boşaldılaraq iddiaçıya təhvil verildiyini ehtimalı etsək belə göstərilən hal icarə haqqının məhz həmin dövrədək tutulmalı olması barədə nəticəyə gəlmək üçün əsas vermir. Belə ki, Mülki Məcəllənin: 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 421.3-ci maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə görə öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Göstərilən normaların məzmunundan göründüyü kimi müqavilənin ləğv edilməsi üç yolla – tərəflərin qarşılıqlı razılığına əsasən, tərəflərdən birinin tələbi ilə məhkəmə qərarı əsasında və müqavilədən birtərəfli qaydada imtina edilməklə həyata keçirilə bilər. Müqavilədən birtərəfli qaydada imtinaya yalnız Mülki Məcəllə və tərəflər arasında razılaşmada nəzərdə tutulan hallarda (bundan əlavə yalnız öhdəlik tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı olduqda) yol verilir. Hazırkı halda isə tərəflər arasında mübahisəli icarə müqaviləsinə 2022-ci ilin yanvarının sonu-fevral ayının əvvəllərində qanunda nəzərdə tutulan hər hansı əsasla və qaydada xitam verilməsi, yəni tərəflər arasında müqaviləyə xitam verilməsi barədə yazılı razılaşmanın mövcud olması, cavabdehin müqavilə şərtlərinə uyğun olaraq sözügedən tarixdən 60 gün əvvəl iddiaçıya yazılı xəbərdarlıq etməklə icarəyə müqaviləsindən birtərəfli qaydada imtina etməsi və ya müqavilənin həmin vaxtdan ləğv edilməsi barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcud olması iş materiallarına əsasən müəyyən edilmir. Beləliklə, icarəçinin iddia etdiyi kimi icarə obyektinin 2022-ci ilin yanvar ayının ikinci yarısında boşaldılması ehtimal olunsa belə, mübahisəli icarə müqaviləsi həmin dövrdə qüvvədə olmuşdur. Qüvvədə olan icarə müqaviləsi üzrə icarəçinin icarə obyektini vaxtından əvvəl tərk etməsi isə icarəçinin həmin müqavilə üzrə öhdəliklərinə həmin tarixdən xitam verilməsi anlamına gəlmir. Beləliklə, məhkəmə 2022-ci ilin aprel ayının 10-dək, yəni iddiaçının icarə haqqını ödənilməsini tələb etdiyi tarixədək mübahisəli icarə müqaviləsinin qanunda göstərilən qaydada və əsasla ləğv edilməklə icarə müqaviləsi üzrə cavabdehin öhdəliklərinə xitam verilməsinin iş materiallarına əsasən öz təsdiqini tapmadığını nəzərə alaraq hesab edir ki, 2022-ci ilin aprel ayının 10-dək olan müddət üçün 6.800 manat məbləğində icarə haqqı borcunun cavabdehdən tutulması tələbinə dair hissədə iddia əsaslıdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində icarə haqqının ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 325,76 manat məbləğində faizlərin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdehin müqavilə üzrə icarə haqqını ödəmək öhdəliyinin icrasını gecikdirdiyindən İddiaçı ödənilməsi gecikdirilmiş məbləğə MMin 445.7-ci maddəsinə əsasən hesablanmış 325,76 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə də haqlıdır. Maddi zərərin ödənilməsi tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbini icarəçinin icarə obyektini 2022-ci ilin aprel ayının əvvəllərində boşaltmamışdan 60 gün əvvəl müqaviləyə xitam verilməsi barədə ona yazılı formada xəbərdarlıq etməməsi, nəticədə onun yeni icarəçi axtarmaq imkanından məhrum olması, belə olan halda isə onun icarə obyektinin boşaldıldığı tarixdən sonrakı 60 günlük icarə haqqı məbləğində dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququna malik olması ilə əsaslandırmışdr. Göstərilən tələblə bağlı məhkəmə qeyd edir ki, iddiaçıya müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən yazılı formada xəbərdarlıq ünvanlanmasa da, tərəflərin məhkəmə iclasında verdikləri izahatlar, eləcə də şahidlərin, o cümlədən iddiaçının vəsatəti əsasında dindirilmiş şahidin ifadələri ilə təsdiq edilir ki, fevral ayının əvvəllərində icarə obyekti qismən boşaldılmış vəziyyətdə olmuş və icarəyə verən tərəfindən obyektin bir hissəsində təmir işlərinə başlanılmışdır. Göstərilən hal isə ona dəlalət edir ki, icarəyə verən ən geci 2022-ci ilin fevral ayının əvvəllərindən icarəçinin icarə münasibətlərinə vaxtından əvvəl xitam vermək niyyətində olması barədə məlumatlı olmuşdur. Mülki Məcəllənin: 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Beləliklə, iddiaçı cavabdeh tərəfindən icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi niyyəti barədə 60 gün əvvəlcədən məlumatlı olması iş materialları ilə öz təsdiqini tapdığından cavabdehin əməlləri (müqaviləyə xitam verilməsi barədə yazılı xəbərdarlıq etməməsi) ilə əldən çıxmış fayda formasında dəyməsi ehtimal olunan maddi zərər arasında səbəbli əlaqə sübuta yetirilmir. Bundan əlavə iddiaçı mübahisəli obyekt cavabdeh tərəfindən boşaldıqdan sonra həmin obyektin yenidən icarə verilməsi ilə bağlı hər hansı bir cəhd etməsini, bunun üçün aktiv tədbirlər görməsini, məsələn, icarə verilmə ilə bağlı elan verməsini, potensial icarəçilərlə danışıqlar aparmasını və ümumiyyətlə obyekti yenidən icarəyə vermək niyyətinin olmasını da sübut edə bilməmişdir. Beləliklə, əldən çıxmış fayda formasında dəymiş maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia əsassız olmaqla rədd edilməlidir. İcarə müqaviləsinin ləğv edilməsi tələbinə gəldikdə məhkəmə qeyd edir ki, iş materialları ilə icarə obyekti olan əmlakın 2022-ci ilin aprelin əvvəllərindən icarəçi tərəfindən icarəyə verənə təhvil verilməsi və həmin tarixdən etibarən icarəyə verənin sahiblik və istifadəsində olması, yəni həmin tarixdən icarə münasibətlərinə faktiki olaraq xitam verilməsi öz təsdiqini tapmışdır. Lakin icarə müqaviləsinin xitam verilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmiş, yəni tərəflər arasında müqaviləyə xitam verilməsi barədə notarial qaydada təsdiq edilmiş razılaşma bağlanmamış və ya tərəflərdən biri tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə digər tərəfə rəsmi bildiriş göndərilməmişdir. Odur ki, məhkəmə tərəflər arasında icarə münasibətlərinə faktiki olaraq xitam verildiyini, cavabdehin icarə müqaviləsinin ləğv edilməsinə etirazının olmadığını, eləcə də cavabdehin icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi öhdəliyinin icra edilməsini iki ardıcıl müddət üçün gecikdirərək müqavilə üzrə öhdəliklərini kobud surətdə pozduğundan icarə müqaviləsinin iddiaçının tələbi əsasında ləğv edilməsi üçün əsaslar mövcud olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edilməlidir. Mülki Məcəllənin: 685.2-ci maddəsinə görə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 132 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəmə xərclərinin əvəzi olaraq 140 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış 26 aprel 2018-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh QSC-dən 6.800 (altı min səkkiz yüz) məbləğində icarə haqqı borcu, 325,76 manat (üç yüz iyirmi beş manat yetmiş altı qəpik) məbləğində faiz borcu, cəmi 7.125,76 (yeddi min yüz iyirmi beş manat yeddi altı qəpik) manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 140 (yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5526/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5526/2022
25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver