Məhkəmə qərarları › İş №e-2-2(113)-5539/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5539/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5539/2025 01.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbi üzrə Açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı ASC-nin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ:

1. İddiaçı ilə Cavabdeh3 (bundan sonra – kredit alan) arasında xx.xx.2024-cü il tarixdə 366183-CNS-54850 nömrəli Birdəfəlik kreditin əsas şərtlərinə dair Müştəri Ərizə- Razılaşması formasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə biznes fəaliyyətinin həyata keçirilməsi məqsədilə, illik 22% dərəcəsi ilə, 36 ay müddətinə 15000 manat kredit verilmişdir.

2. Kredit müqaviləsinə edilmiş 1 nömrəli Əlavəyə görə aylıq ödəniş 572,97 manat müəyyən edilmişdir. Kredit alan tərəfindən kredit ödənişi sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 573 manat məbləğində edilmişdir.

3. Eyni zamanda, həmin kredit müqaviləsinin təminatı qismində iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2025-ci il tarixli, 366183-1-4710 saylı, Cavabdeh1 arasında isə xx.xx.2025-ci il tarixli, 366183-1-4711 saylı zaminlik müqavilələri bağlanmışdır. Hər iki zaminlik müqavilələrinə görə kredit alan zaminliklə təmin edilmiş hazırkı kredit müqavilənin 1.2.-ci bəndində göstərilən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və kredit alan öhdəliklərini bank qarşısında yerinə yetirəcəyinə görə birgə məsuliyyət daşıyırlar. Bu Müqavilə üzrə zaminliklə təmin edilmiş öhdəliklər Bankın, kredit müqaviləsindən irəli gələn qaydada və müddət ərzində bütün pul tələblərinə bərabərdir, o cümlədən: 15,000 manat məbləğində və xx.xx.2027-ci il (daxil olmaqla) müddətə verilmiş kredit; kredit müqaviləsinə əsasən əlavə xəbərdarlıq edilmədən faiz dərəcəsini artırma ehtimalı nəzərə almaqla, illik 22 faiz% məbləğində kreditdən istifadəyə görə faiz; kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə digər öhdəliklər (zaminlik müqaviləsinin 1.1 və 1.2-ci bəndləri).

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

4. İddiaçı onunla Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 366183- CNS-54850 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə Banka 12.458,35 manat məbləğində əsas borc, 1.341,73 manat məbləğində faiz borcu, ümumilikdə isə 13.800,08 manat məbləğində pulun və 131,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kredit alan xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, xx.xx.2024-cü il tarixli 366183-CNS-54850 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə iddiaçıya müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 22% hesablanması şərti ilə 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilməsini xahiş etmiş, Bank isə təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən kredir lana ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Eyni zamanda, xx.xx.2024-cü il tarixli 366183-CNS-54850 saylı kredit müqaviləsi üzrə kredit alanın öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 366183-1-4710 saylı və Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 366183-1-4711 saylı zaminlik müqavilələri əsasında kredit alanın Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. Kredir alan kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş, nəticədə onun xx.xx.2025-ci il tarixə Banka 12.458,35 manat məbləğində əsas borc, 1.341,73 manat məbləğində faiz borcu, ümumilikdə isə 13.800,08 manat məbləğində borcu qalmışdır. Bundan əlavə, Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 366183-1-4710 saylı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 366183-1-4711 saylı zaminlik müqavilələrin tələbinə görə «kredit alan» 24 aprel 2024-cü il tarixli 366183-CNS-54850 saylı kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, «zamin» «kredit alan» ilə birlikdə Bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar.

b) İddiaya qarşı etirazın dəlilləri

6. Cavabdehin iddiaya qarşı etirazları məhkəməyə təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

7. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

14. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

15. Maddə 472.2. Zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

16. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ

22. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

23. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə kredit alan arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 366183-CNS-54850 saylı Müştəri Ərizə – Razılaşması formasında kredit müqaviləsindən irəli gələn öhdəlik-hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 15000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmiş, lakin kredit alan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini cavabdehdən tələb edir.

25. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından da müəyyən olunur ki, cavabdehin xx.xx.2025-ci il tarixə 12458,35 manat əsas, 1341,73 manat faiz borcu olmaqla, ümumilikdə 13800,08 məbləğində ödənilməmiş kredit borcu mövcuddur.

26. Məhkəmə qeyd edir ki, kredit alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında aldığı kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, kredit alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

27. Məhkəmə hesab edir ki, iddia zaminlərə aid hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, kredit alanın sözü gedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi iddiaçı ilə zaminlər arasında həm də xx.xx.2024-cü il tarixdə kredit müqaviləsi çərçivəsində zaminlik müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən zaminlər kredit alanın kreit müqavləsindən irəli gələn öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşdür.

28. Məhkəmə hər iki zaminin borcalanla bağlanmış kredit müqaviləsi üzrə sonuncunun bütün öhdəliklərinə zamin olduğunu və həmin öhdəliklərə görə borcalanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borcalan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.

29. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan ödənilmiş dövlət rüsumu da cavabdehdən müştərək qaydada tutulmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 24 aprel 2024-cü il tarixli 366183- CNS-54850 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 12458,35 manat əsas, 1341,73 manat faiz borcu olmaqla, ümumilikdə 13800,08 (on üç min səkkiz yüz manat səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 131,40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar