Məhkəmə qərarları › İş №e-2-2(113)-554/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-554/2021

02.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-554/2021 02.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı ünvanda yerləşən və iddiaçının faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinə dair X1yə görə əsassız olaraq hesablanmış 841,86 AZN (səkkiz yüz qırx bir manat səksən altı qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarlıq fəaliyyəti çərçivəsində X5 ilə xx.xx.2019cu il tarixdə notarial qaydada icarə müqaviləsi bağlayaraq ünvan 1 saylı ünvanda yerləşən ümumi sahəsi 102.4 kvadrat metr olan qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Sayğac abonenti X3 adına olsa da, sözügedən qeyri-yaşayış sahəsində İddiaçı qanuni əsaslarla sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bu müddət ərzində X1 üçün hesablanmış məbləğləri vaxtlı-vaxtında ödəmiş və bununla da üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmişdir. xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları olan satışa nəzarət idarəsinin mühəndisləri Rauf Rəfiyev, Cəfərov Azər və aparıcı mühəndis Vəliyev Elşən tərəfindən yuxarıda adıçəkilən qeyri-yaşayış sahəsinə aid olan və ondan kənarda quraşdırılmış elektrik sayğacına abonentin və İddiaçı xəbəri və iştirakı olmadan yoxlama keçirilmiş, aparılmış yoxlama zamanı əsassız olaraq sayğacın alt qapağındakı möhürün qanunazidd şəkildə başqa bir möhürlə əvəz edilməsi aşkar edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli, NDQ № 008207 saylı akt tərtib edilmişdir. Halbuki, göstərilən elektrik sayğacına nə iddiaçı, nə də qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X5 tərəfindən hər hansı bir müdaxilə edilməmiş və elektrik sayğacından X1 qaydalarına uyğun istifadə edilmişdir. Ümumiyyətlə, bu sahədən başı çıxmayan şəxslərin sayğacın alt qapağındakı möhürü qanunazidd şəkildə başqa bir möhürlə əvəz etməsi qeyri-mümkündür. Ərizəyə əlavə edilmiş xx.xx.2020-ci il tarixli bildirişdən də göründüyü kimi xx.xx.2020-ci il tarixinə iddiaçının işlətdiyi obyektin X1yə görə 253,82 AZN borcu olmuşdur. Yenə də ərizəyə əlavə edilmiş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixindən həmin borc məbləğinin 155 AZN hissəsi ödənilmişdir və həmin tarixə 98,82 AZN borc qalmışdır. Lakin xx.xx.2020-ci il tarixli bildirişdə 98,82 AZN qalıq borc məbləği qeyd etmək əvəzinə əsassız olaraq 940,68 AZN qalıq borc göstərilmişdir. Yəni 841,86 AZN artıq pul məbləği hesablanmışdır. Bu artıq hesablanılmış borc məbləği tamamilə əsassızdır. Eyni zamanda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi isə sözügedən sayğaca əsasən elektrik enerjisi sərfiyyatı 120,33 AZN olmuşdur. Beləliklə, xx.xx.2020-ci il tarixinə işlətdilmiş obyektə dair elektrik enerjisi sərfiyyatına görə ümumi borc məbləği əslində 219,15 AZN (98,82 AZN +120,33 AZN) olmalı idi. Cavabdeh tərəfindən belə bir ödənişin tələb edilməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, sözügedən obyektdəki sayğaca iddiaçı tərəfindən heç bir müdaxilə edilməmişdir. Yalnız cavabdeh qurumun əməkdaşları sayğacda əssasız müayinə apardıqdan sonra orada uyğunsuzluq aşkar etmişlər. Keçirilən baxış nəticəsində möhürün qeyri-qanuni şəkildə dəyişdirilməsinə dair akt tərtib edilsə də, həmin aktda möhürün kim tərəfindən və hansı qaydada dəyişdirilməsi öz əksini tapmamışdır. Sayğaca baxış istehlakçının iştirakı olmadan keçirildiyi və həmin baxışın hansı şərtlər daxilində keçirildiyi bəlli olmadığı üçün yaranmış uyğunsuzluğun da iddiaçıya məlum olmayan digər şəxslər tərəfindən həyata keçirildiyi hesab edilir. Həmçinin cavabdeh qurum qanunsuz olaraq obyektdə faktiki olaraq yoxlama aparmış və həmin bu qanunsuz yoxlama nəticəsində akt tərtib etmişdir. Sözügedən obyektə dair elektrik sayğacından X1 qaydalarına uyğun istifadə edildiyi üçün akta əsasən abonent barəsində tətbiq edilmiş cərimə (artıq hesablanılmış pul məbləği) tam şəkildə qanunaziddir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, ünvan 1 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin X4 məxsus olduğunu, buna görə İddiaçı iddia tələbi irəli sürmək üçün səlahiyyətli şəxs olmadığını və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 104055 nömrəli müqavilədən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır. İş materiallarında olan ********* nömrəli xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqəsinə əsasən ünvan 1 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsindən 940,68 manat borcun ödənilməsi tələb edilmiş, əks halda AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın tələblərinə əsasən elektrik enerjisinin verilişi heç bir xəbərdarlıq edilmədən dayandırılması qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 008207 nömrəli aktın surətindən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsində aparılmış yoxlama zamanı elektrik sayğacının alt örtük qapağının möhürü bazada olan möhürün nömrəsi ilə uyğun gəlmədiyi, bazada qeydiyyatda olan 567995 nömrəli möhür 778706 nömrəli möhür ilə qeyri-qanuni olaraq əvəz edildiyi aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiqatı zamanı İddiaçı ilə “xxxx” ASC arasında müqavilə bağlanması, **********50047 abonent üzrə qeydiyyata alınması, xx xxxxxxx 2020-ci il tarixli elektrik sayğacına baxış zamanı tərtib edilmiş 008207 saylı aktın onun tabeliyində olması öz təsdiqini tapmadığına, iddiaçının cavabdehdən borcun silinməsini tələb etmək hüququnun olması müəyyən edilmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçının akt üzrə hesablanmış borcun siliməsi tələbi əsasızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı ünvan 1 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair X1yə görə əsassız olaraq hesablanmış 841,86 AZN (səkkiz yüz qırx bir manat səksən altı qəpik) borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar