Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-554/2024 22.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, prosessual maraq, müqaviləyə xitam) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kreditin verilməsinə dair xx.xx.2022 il tarixli razılaşma üzrə 575,31 manat əsas borc, 12,98 manat cərimə məbləği, xx.xx.2022 il tarixli razılaşma üzrə 564,63 manat əsas borc, 69,82 manat faiz borcu, 23,01 manat cərimə məbləğinin və 60 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. borcalan Cavabdeh2 İddiaçı ASC ilə bağladığı xx.xx.2022 il tarixli kredit razılaşmasına əsasən bankdan xx.xx.2023-cü il tarixədək qaytarmaq, illik 22 % ödəmək şərti ilə aldığı 2000 manat krediti və ondan istifadəyə görə faizləri, xx.xx.2022 il tarixli kredit razılaşmasına əsasən bankdan xx.xx.2023- cü il tarixədək qaytarmaq, illik 25 % ödəmək şərti ilə aldığı 700 AZN krediti və ondan istifadəyə görə faizləri razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. 2.2. xx.xx.2022 il tarixli kredit razılaşması üzrə xx.xx.2023 il tarixə olan borcun məbləği əsas borc üzrə 602,93 manat və faizlər üzrə 1,33 manat, xx.xx.2022 il tarixli kredit razılaşması üzrə xx.xx.2023 il tarixə olan borcun məbləği əsas borc üzrə 564,63 manat, faizlər üzrə 61,23 manat və cərimə üzrə 26,7 manat təşkil etmişdir. 2.3. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zamin Cavabdeh1 pretenziya göndərilib, lakin borc ödənilməyib. İlkin mediasiya sessiyası keçirilib və mediator tərəfindən müvafiq arayış verilib.
3. Cavabdeh tərəfindən iddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra borc qismən ödənilmiş, müvafiq olaraq iddia tələbinin həcmi azaldılmışdır.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6265/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın məzmununa uyğun izahat verdi, həmçinin iddianın təmin olunmasını xahiş etdi. Həmçinin xx.xx.2022 il tarixli kredit razılaşması üzrə faiz borcunun tutulması hissəsində iddianı xx.xx.2023 il tarixə hesablanmış 61,23 manat hissəsində müdafiə etdiklərini bildirdi.
7. Cavabdeh2 məhkəmə iclaslarında iştirak edərək kredit borcu ilə razı olduğunu, lakin maddi çətinliklərlə bağlı ödənişləri edə bilmədiyini bildirdi və borcu hissə-hissə ödəyə biləcəyini qeyd etdi.
8. Cavabdeh1 yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri çatdırılmaqla, SMS xəbərdarlıq göndərilməklə məlumat verilmiş, lakin qeyd edilən cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə adıçəkilən cavabdeh X3 iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 arasında 10 iyun 2022-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 2000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu avadanlıq alınması və digər investisiya xərcləri məqsədi ilə müqavilədə göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 15 ay müddətə illik 23,6 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, 14 dekabr 2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 700 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədi ilə müqavilədə göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 12 ay müddətə illik 27 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh1 ilə müvafiq olaraq 10 iyun 2022-cü il və 14 dekabr 2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh kredit məbləğini təşkil edən 2000 manat və 700 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir.
13. İddiaçı xx.xx.2022 il tarixli kredit müqaviləsi üzrə 575,31 manat əsas borc, 12,98 manat cərimə məbləğinin, xx.xx.2022 il tarixli kredit müqaviləsi üzrə 564,63 manat əsas borc, 23,01 manat cərimə məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. Həmçinin iddiaçının nümayəndəsi xx.xx.2022 il tarixli kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində iddianı xx.xx.2023-cü il tarixə hesablanmış 61,23 manat hissəsində müdafiə etdiklərini bildirir.
14. Cavabdeh2 borc məbləği ilə razı olduğunu, lakin maddi çətinliklərlə bağlı ödənişləri həyata keçirə bilmədiklərini, hissə-hissə ödəyəcəklərini bildirdi.
15. Cavabdeh1 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
16. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
17. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
20. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
21. İş materiallarından görünür ki, iddiaçı 10 iyun 2022-cü il tarixli kredit müqaviləsi üzrə pretenziya məktubunu xx.xx.2023-cü il tarixdə (kredit müqaviləsinin müddəti bitdikdən sonra), xx.xx.2022 il tarixli kredit müqaviləsi üzrə pretenziya məktubunu xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi vasitəsilə Cavabdeh2 (borcalan) yollayaraq kredit müqaviləsi ilə bütün əsas borcu tələb etmişdir.
22. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
23. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).
24. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
25. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2022 il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə borcalan Cavabdeh2 xəbərdarlıq məktubu yollayaraq kredit müqaviləsi üzrə bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir.
26. Belə olan halda iddiaçı 10 iyun 2022-cü il tarixli kredit müqaviləsi üzrə müqavilə müddəti üzrə, 14 dekabr 2022 il tarixli kredit müqaviləsi üzrə isə xx.xx.2023-cü il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı 10 iyun 2022-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu, 14 dekabr 2022 il tarixli kredit müqaviləsi üzrə əsas borcu və xx.xx.2023-cü il tarixli maliyyə arayışının tərtib edildiyi tarixə faiz borcunu tələb edir.
27. İddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 14 dekabr 2022 il tarixli kredit müqaviləsi üzrə faiz borcu 61,23 manat təşkil edir.
28. İddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, 10 iyun 2022-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 575,31 manat, 14 dekabr 2022 il tarixli kredit müqaviləsi üzrə isə əsas borc 564,63 manat təşkil edir.
29. Hesabdan çıxarışı və ödəniş cədvəlini müqayisəli şəkildə təhlil etdikdə aydın olur ki, 10 iyun 2022-cü il tarixli kredit müqaviləsi əsas borc 575,31 manat, 14 dekabr 2022 il tarixli kredit müqaviləsi üzrə əsas borc 564,63 manat təşkil edir. Həmçinin aydın olur ki, 14 dekabr 2022 il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə faiz borcu 61,23 manat təşkil edir.
30. Belə olan halda məhkəmə hesab edir ki, iddia 10 iyun 2022-cü il və 14 dekabr 2022 il tarixli kredit müqavilələri üzrə əsas borcun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Həmçinin məhkəmə 14 dekabr 2022 il tarixli kredit müqaviləsi üzrə iddianın xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu hissəsində müdafiə edildiyini nəzərə alıb hesab edir ki, 14 dekabr 2022 il tarixli kredit müqaviləsi üzrə iddia əsas borc və 61,23 manat faiz borcunun tutulması hissəsində əsaslı olmaqla təmin olunmalıdır.
31. Bundan başqa, 10 iyun 2022-cü il tarixli və 14 dekabr 2022 il tarixli kredit müqavilələrinin 3 və 6-cı bəndlərindən aydın olur ki, kreditin qaytarılmasının gecikdirilməsinə görə cərimə ödənilməsi razılaşdırılmışdır.
32. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... . Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
33. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
34. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
35. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
36. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
37. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 575,31 manat əsas borc, 12,98 manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 564,63 manat əsas borc, 61,23 manat faiz borcu, 26,70 manat cərimə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
38. İddiaçı eləcə də 60 manat mediasiya xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.
39. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/MT015/2023-00509/02 nömrəli mediasiya arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödənmişdir.
40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
42. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
43. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
46. Məhkəmə mübahisənin əmələ gəlməsində cavabdehlərin pretenziya məktubuna cavab verməmələrinin bilavasitə rolu olduğunu və tələbin təmin olunan hissəsini nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 575 (beş yüz yetmiş beş) manat 31 (otuz bir) qəpik əsas borc, 12 (on iki) manat 98 (doxsan səkkiz) qəpik cərimə məbləği, xx.xx.2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 564 (beş yüz altmış dörd) manat 63 (altmış üç) qəpik əsas borc, 61 (altmış bir) manat 23 (iyirmi üç) qəpik faiz borcu, 26 (iyirmi altı) manat 70 (yetmiş) qəpik cərimə məbləği olmaqla ümumilikdə 1240 (bir min iki yüz qırx) manat 85 (səksən beş) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova