Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5542/2023 12.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdehnə qarşı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış “borcun silinməsi” barədə kiçik iddiaya dair kommersiya mübahisəsi (açar sözlər: borc, mediasiya xərci) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdehnə qarşı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2484,23 (iki min dörd yüz səksən dörd manat, 23 qəpik) manat borcun silinməsi və mediasiya xərci kimi ödənilmiş 20 manatın, 25 (iyirmi beş) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2484,23 (iki min dörd yüz səksən dörd manat, 23 qəpik) manat borcun silinməsi və mediasiya xərci kimi ödənilmiş 20 manatın, 25 (iyirmi beş) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi barədə ərizəylə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC (Operator) tərəfindən İddiaçı MMC-yə (Abunəçi) əsassız olaraq ********* nömrəyə görə 2484,23 manat borc hesablanmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya müraciət ünvanlamış, buna cavab olaraq həmin borcun iddiaçı tərəfindən qəbul edilmədiyi "xxxx" MMC-nin diqqətinə çatdırılmış və borcun açıqlanmasının verilməsi xahiş edilmişdir. Lakin, iddiaçı "xxxx" MMC borcun açıqlamasını vermək əvəzinə notariusa müraciət edərək, əsassız olaraq borcun tutulması ilə bağlı İcra Qeydinin verilməsinə səbəb olmuşdur. Bu isə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı və cavabdeh arasında bağlanmış 01 avqust 2015-ci il tarixli müqavilənin şərtlərinə görə cavabdeh tərəfindən nömrəyə 50 manat miqadarında limit təyin edilmiş və həmin limit aşılacağı halda xidmətlərdən istifadə dayandırılmalı idi. Həmçinin müqavilə şərlərinə görə ödənişlər iddiaçı tərəfindən "xxxx" MMC-yə onun təqdim etdiyi aylıq hesab-fakturalar əsasında həyata keçirilirdi. Müqavilənin şərtlərindən və işüzar adətlərdən da aydın olduğu üzrə əgər abunəçi təyin edilmiş limiti keçərsə xidmətlər operator tərəfindən dayandırılır və göstərilmiş xidmətlərə görə ödəniş isə operatorun təqdim etdiyi hesab-fakturaya əsasən aylıq olaraq abunəçidən tələb edilməli idi. Lakin, bu günə qədər cavabdeh tərəfindən iddiaçıya heç bir hesab faktura göndərilməmişdir. Ödəniş hər nömrə üzrə istifadəçi tərəfindən əvvəlcədən ödəniş qaydasında balansıartırmaq yolu ilə həyata keçirilmişdir. Balansdakı pul vəsaiti bitdikdə xidmətlər dayandırılmışdır. Qeyd edilənləri nəzərə alsaq, aydın olur ki, bir ay ərzində 2484 manat 23 qəpik borcun yaranması qeyri-realdır. Lakin, "xxxx" MMC bu gün də qeyd edilən bu əsasız borcu iddiaçıdan məcburi qaydada ödənilməsini tələb edir və absurt borca hər hansı açıqlama vermir. Bu borca görə "xxxx" MMC iddiaçıya məxsus digər nömrələrində istifadəsinə qeyri-qanuni şəkildə məhdudiyyət yaradaraq, şirkətin normal iş fəaliyyətinə ciddi maneə yaratmaqla əsassız ziyan yetirir. Əsassız hesablanmış borcun silinməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada pretenziya göndərilmiş, lakin hər hansı cavab ala bilməmişdir. Bundan sonra iddiaçı mediasiya prosesini başlatmış, lakin cavabdeh mediasiya prosessində də iştirak etməmişdir. Bakı 15 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli MŞB/MT015/2023-00445/02 saylı X1 (İMS) İştirak Edilməməsi barədə Arayış təqdim edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia əsassız oldugundan rədd edilməlidir. Belə ki, tərəflər arasında imzalanmış 01 avqust 2015-ci il tarixli abunə müqaviləsinə əsasən ”Azerfon” siyahısı müqaviləyə əlavədə olan nömrələri və telekommunikasiya xidmətlərini iddiaçıya təqdim edir, iddiaçı isə müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Abunə müqaviləsinin 4.3.2-ci bəndinə əsasən iddiaçı xidmətlərdən istifadəyə görə yaranmış borclarını vaxtı-vaxtında ödəməlidir. Müqavilənin şərtləri iddiaçı tərəfindən pozularaq 2484.23 manat borc ödənilməmişdir. Nömrələr üzrə ödənişlərin qabaqcadan balans artırmaq yolu ilə ödənilməsi ilə baglı iddiaçının dəlilləri ilə razı deyillər. Belə ki, korporativ müştərilərə təqdim edilmiş nömrələrdə ödəniş qabaqcadan deyil, xidmətdən istifadə nəticəsində yaranmış borca görə həyata keçirilir. III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
6. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
7. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X1 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X1 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında baglanmış 01 avqust 2015-ci il tarixli abunə müqaviləsinə əsasən ”Azerfon” siyahısı müqaviləyə əlavədə olan nömrələri və telekommunikasiya xidmətlərini iddiaçıya təqdim edir, iddiaçı isə müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir.
9. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, təqdim edilmiş cavabdeh tərəfindən təqdim edilən hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda iddiaçının cavabdehə 2484,23 manat ödənilməmiş borcu qalmışdır ki, iddiaşı həmin borcun qanunsuz olmasını və buna görədə həmin borcun silinməsini tələb edir.
10. Məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirdiyi borc məbləginin əssasız olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə cavabdehin məhkəməyə təqdim etdiyi abunə müqaviləsinin və maliyyə cədvəlinin müqayisəli təhlilindən görünür ki, iddiaçının cavabdehə 2484,23 manat borcu yaranmışdır. Bundan əlavə ərizənin məzmunundan aydın olur ki, iddiaçının silinməsini tələb etdiyi 2484,23 manat borc məbləğinin ödənilməsi barədə Notarius tərəfindən icra qeydi verilmiş və iddiaçı tərəfindən həmin icra qeydi mübahisələndirilməmişdir.
11. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
VI. Nəticə:
12. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-790 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdehnə qarşı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2484,23 (iki min dörd yüz səksən dörd manat, 23 qəpik) manat borcun silinməsi və mediasiya xərci kimi ödənilmiş 20 manatın, 25 (iyirmi beş) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev