Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5542/2025 31.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23-MCR-1-1537-22 saylı kredit limitinin ayrılmasına dair Bank xidmətinin göstərilməsi üzrə standart şərtlərə 4 nömrəli Razılaşmaya əsasən borc alana ayrılan kredit limitinin məbləği 100000 manat, kredit limitinin müddəti 120 ay, kredit limiti üzrə aylıq faiz dərəcəsi 2.50 %, kredit limiti üzrə gündəlik cərimə faiz dərəcəsi 0.20 % müəyyən edilmişdir. Razılaşmanın 3-cü bəndinə görə Borc alan Razlaşmanı imzalamaqla Bankın internet səhifəsində yerləşdirilmiş Bank xidmətinin göstərilməsi üzrə standart şərtlər toplusunu oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razılaşdığını və Razlaşmanın imzalanması nəticəsində həmin Şərtlər Toplusunun gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə mail edilməsinə etiraz etmədiyini bəyan etmişdir.
2. Həmçinin, iddiaçı ilə borc alan arasında xx.xx.2024-cü il tarixli, 23-MCR-1-1537- 22/3 saylı kreditin verilməsinə dair müqavilə imzalanmış, həmin kredit müqaviləsi ilə iddiaçı tərəfindən cavabdehə əsas vəsaitlərin artırılması məqsədilə 36 ay müddətinə aylıq 1,67 %lə 50000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən bu müqavilə xx.xx.2022-ci il tarixli 23-MCR-1-1537-22 saylı kredit limitinin ayrılmasına dair müqavilənin əsasında rəsmiləşdirilmişdir və həmin müqavilənin ayrılmaz tərkib hissəsidir. Kredit müqaviləsinin 1 saylı Əlavəsinə əsasən kreditin aylıq ödənişi 1858,18 manat (ilk ay üzrə 1997,07 manat olmaqla) müəyyən edilmişdir.
3. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məxaric orderinə əsasən 2468 manat, xx.xx.2024-cü il tarixli kassa məxaric orderinə əsasən 10551 manat məbləğində kredit vəsaiti borc alana verilmişdir.
4. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən 21300 manat və 15000 manat olmaqla, cəmi 36300 manat ödəniş edilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı xx.xx.2024- cü il tarixli kredit müqaviləsi üzrə 43588,93 manat əsas borc, 5398,95 manat faiz borcu və 40,80 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 49028,68 manat borcun və 237.09 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçıASC-dən illik 20 faizlə 36 ay müddətinə 50000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 16 aprel 2025-dək Cavabdeh banka 27 fevral 2024-cü il tarixli kredit müqaviləsi üzrə 43588.93 manat əsas borc, 5398.95 manat faiz borcu və 163.19 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 49151.07 manat borcu vardır. Cavabdeh 27 fevral 2024 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 163.19 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-ımiqdarında olmaqla, yəni 40.7975 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
b) İddiaya qarşı etirazın dəlilləri
7. Cavabdehin iddiaya qarşı etirazları məhkəməyə təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
17. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
18. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək olan redaksiya).
19. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır(xx.xx.2023-cü il tarixədək olan redaksiya).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
24. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
25. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borc alan arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23-MCR-1-1537-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli, 23-MCR-1- 1537-22/3 saylı kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı borc alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 50000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin borc alan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini cavabdehdən tələb edir.
27. 16.04.2025-ci il tarixli maliyyə arayışından da görünür ki, borc alanın xx.xx.2024-cü il tarixli, 23-MCR-1-1537-22/3 saylı kredit müqaviləsi üzrə iddiaçıya əsas və faiz borc üzrə sonuncu ödəniş xx.xx.2024-cü il olmaqla, 1113,15 manat əsas, 777,69 manat faiz borcuna görə olmuş, bundan sonra borc alanın əsas borc üzrə qalıq məbləği 43588,93 manat, faiz borcu üzrə qalıq məbləği 5398,95 manat, cərimə borcu üzrə qalıq məbləğ 163,19 manat, cəmi borcu isə 49151,07 manat təşkil etmiş, kreditin bitmə tarixi xx.xx.2027-ci il göstərilmişdir.
28. Həmçinin, iddiaçı tərəfindən verilmiş sonuncu hesabdan çıxarışdan müəyyən edilir ki, sözü gedən kredit müqaviləsi üzrə borc alan xx.xx.2024-cü il tarixdən sonra heç bir ödəniş etməmişdir.
29. Məhkəmə qeyd edir ki, borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
30. Tələbin 40,8 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, borc alanın kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır.
31. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
32. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan ödənilmiş 237,09 manat dövlət rüsumu da cavabdehdən tutulmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 43588,93 manat əsas, 5398,95 manat faiz borcu və 40,80 manat cərimə borcu olmaqla, cəmi 49028,68 manat pul və 237,09 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı