Məhkəmə qərarları › İş №e-2-2(113)-5547/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5547/2023

18.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5547/2023 18.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, əvvəla iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasını təsdiq edən sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İkincisi, hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə ilkin mediasiya sessiyasında iştirak edilməsini təsdiq edən sənəd (“Mediasiya haqqında” AR Qanununun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayış və ya protokol) əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin normaların məzmunundan göründüyü kimi bütün kommersiya mübahisələri üzrə məhkəməyə müraciət olunmazdan əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, elektron iddia ərizəsindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etdiyi halda, ərizənin mətnində yuxarı sağ künc hissəsində Bakı Kommersiya Məhkəməsi deyil, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qeyd etmişdir. Bununla yanaşı İddiaçı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə istinad etmiş, eləcə də ərizənin ünvanlandığı məhkəmə kimi “1 saylı İnzibati-İqtisadi Məhkəməsini göstərmişdir. MPM-in: 149.2.1-ci maddəsinə görə iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı. 52.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar