Məhkəmə qərarları › İş №e-2-2(113)-555/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-555/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-555/2022 12.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə iddiaçı LPO Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: iddiaçı LPO Cavabdeh2 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10,319.57 manat əsas, 1100.80 manat faiz, 899.06 manat cərimə, hesablanmış 1407.12 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərc və iş üzrə ödənilmiş 31.20 manat dövlət rüsumunun, ümumilikdə 13,726.55 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 18 sentyabr 2015-ci il tarixli **********014710000 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 26 ay müddətinə illik 6 % hesablanmaqla 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi tam yerinə yetirməmişdir. Tərəflərindən cavabdehə 18 sentyabr 2015-ci il tarixli **********014710000 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün iddiaçı tərəfindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiya dəvət məktubu göndərilmişdir. Cavabdehə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadığı ünvana məktub göndərilmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmiş və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. Borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 28.07.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Cavabdehin bank hesabından çıxarışdan görünür ki, 18.09.2015-ci il tarixdə onun hesabına 15000 manat bank tərəfindən kredit verilib. Həmin çıxarışdan görünür ki, cavabdeh mütəmadi olaraq kredit üzrə ödənişlər edir. Bundan başqa AR X2 kredit məlumatlarının sorğulanması saytından əldə olunmuş məlumata əsasən cavabdehə verilmiş 15000 manat məbləğində krediti üzrə restrukturizasiya olunmalı və dövlət büdcəsinə hesabına kompensasiya olunmalı əsas kredit borclarına dair məlumatlar hazırda dəqiqləşdirilmə mərhələsindədir. Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş qaydasının pozulması Bank liseziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbu ki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil 07.04.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yüklənilmiş məhkəmə çıxışını müdafiə edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Sözügedən çıxışda göstərilmişdir ki, tərəflər arasında bağlanmış 18 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 6% hesablanmaqla 15.000 manat məbləğində kredit verilmişdir. Beləliklə də aydın olur ki, 18 sentyabr 2018-ci il sözügedən kredit müqaviləsi üzrə son ödəniş tarixidir. Belə qənaətə gəlmək olar ki, iddiaçı Cavabdeh2 ASC-nin Cavabdeh1 kredit müqaviləsi üzrə pul tələbinə dair iddia müddətinin son tarixi 18 sentyabr 2021-ci il tarixi müəyyən edilməlidir. Lakin iddiaçı iddia ərizəsini 22 noyabr 2021-ci il tarixində imzalamaqla məhkəməyə təqdim etmiş, mülki qanunvericiliklə bu kateqoriya tələblər üzrə iddia müddətini ötürmüşdür. İddiaçı məhkəməyə sözügedən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 27.02.2019-cu il tarixinə 50 manat ödənişin edildiyini təsdiq edən qəbz təqdim etmişdir. Lakin qəbzə baxış zamanı müəyyən edilmişdir ki, ödənişi həyata keçirən şəxsin müəyyənedici məlumatlarında cavabdeh qeyd olunsa da, qəbz başqa şəxs tərəfindən imzalanmışdır. Bununla da aydın olur ki, 27.02.2019-cu il tarixli ödəniş cavabdeh tərəfindən həyata keçirilməmişdir. Bu da cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər sayıla bilməz və bu hərəkət cavabdehin iradə ifadəsini əks etdirmədiyindən iddia müddətinin axımı kəsilməmişdir. Cavabdehin yazılı izahatından aydın olur ki, iddiaçı "xxxx" ASC ilə 2015-ci il tarixində müqavilə bağlamışdır. Lakin kredit məbləği təxminən 5000 manat və kredit müqaviləsi üzrə faiz dərəcəsi 6% deyil daha az olmuşdur, gecikdirilmiş günlər üçün dəbbə pulunun tutulmasına dair şərt olmamışdır. Cavabdehin izahatına görə, o, Cavabdeh2 ASC-dən 15000 manat məbləğində kredit götürməmişdir, onun hazırda həmin kredit müqaviləsi üzrə heç bir öhdəliyi yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış sənədindən də görünür ki, 19.10.2015-ci il tarixində 5000 manat məbləğində pul götürülmüşdür. 2015-2018-ci illər ərzində cavabdeh tərəfindən götürülən 5000 manat məbləğində pul vəsaiti ödənişlər edilməklə geri qaytarılmışdır.İddiaçının tələbinin əsası kimi istinad edilən sübutlar siyahısında tərəflər arasında müqavilə öhdəliklərinin şərtlərini müəyyən edən 18 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi yoxdur. Eyni zamanda iddiaçı cavabdehin iddia tələbində qeyd edilmiş pul vəsaitini götürməsini təsdiq edən sənədlər, kassa məxaric orderini təqdim etməmişdir. İşin faktiki hallarının araşdırılması baxımından kredit müqaviləsinin və kassa məxaric orderinin təqdim edilməsi zəruri olduğundan məhkəmə iddiaçıya qeyd olunan sənədlərin təqdim edilməsini xahiş etmişdir. Lakin iddiaçı nə hazırlıq iclasında nə də ki, baxış iclasında sözügedən sənədləri təqdim edə bilməmişdir. İddiaçı yalnız hesabdan çıxarış, cavabdehin 2015-2018-ci illər ərzində edilən ödənişlərinin qəbzlərini təqdim etməklə kifayətlənmişdir. Bu iş üzrə kredit müqaviləsinin olmaması qeyri-müəyyənlik yaratmaqla, pul vəsaitinin nə qədər olması, hansı müddətdə götürülməsi, hansı şərtlərlə qaytarılması, faizlərin miqdarı, dərəcəsi və tərəflər arasında razılaşdırılmış digər məsələlərin müəyyən edilməsində çətinlik yaradır. Bundan əlavə cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - 30.10.2015-ci il tarixli qəbzə əsasən Cavabdeh1 tərəfindən 75 manat, 01.12.2015-ci il tarixli qəbzlərə əsasən 40 manat və 75 manat, 13.01.2016-cı il tarixli qəbzlərə əsasən 125 manat, 02.02.2016-cı il tarixli qəbzə əsasən 125 manat, 02.03.2016-cı il tarixli qəbzə əsasən 125 manat, 04.04.2016-cı il tarixli qəbzə əsasən 75 manat, 19.05.2016-cı il tarixli qəbzə əsasən 250 manat, 17.06.2016-cı il tarixli qəbzə əsasən 250 manat, 21.07.2016-cı il tarixli qəbzə əsasən 250 manat, 19.08.2016-cı il tarixli qəbzlərə əsasən 200 manat, 22.09.2016-cı il tarixli qəbzə əsasən 250 manat, 17.11.2016-cı il tarixli qəbzə əsasən 250 manat, 14.12.2016-cı il tarixli qəbzə əsasən 225 manat, 18 yanvar 2017-ci il tarixli qəbzə əsasən 200 manat, 16 fevral 2017-ci il tarixli qəbzə əsasən 250 manat, 03 aprel 2017-ci il tarixli qəbzə əsasən 250 manat,13 aprel 2017-ci il tarixli qəbzə əsasən 350 manat, 15 may 2017-ci il tarixli qəbzə əsasən 400 manat, 08 iyun 2017-ci il tarixli qəbzə əsasən 300 manat, 19 iyul 2017-ci il tarixli qəbzə əsasən 300 manat, 21 avqust 2017-ci il tarixli qəbzə əsasən 350 manat, 03 oktyabr 2017-ci il tarixli qəbzə əsasən 250 manat, 18 oktyabr 2017-ci il tarixli qəbzə əsasən 350 manat, 17 noyabr 2017-ci il tarixli qəbzə əsasən X4 tərəfindən 400 manat, 20 dekabr 2017-ci il tarixli qəbzə əsasən Əliyev Zaur tərəfindən 150 manat, 15 fevral 2018-ci il tarixli qəbzə əsasən Cavabdeh1 tərəfindən 250 manat, 19 mart 2018-ci il tarixli qəbzə əsasən Cavabdeh1 tərəfindən 150 manat, 27 aprel 2018-ci il tarixli qəbzə əsasən Cavabdeh1 tərəfindən 150 manat, 22 may 2018-ci il tarixli qəbzə əsasən Cavabdeh1 tərəfindən 100 manat, 27.02.2019-cu il tarixli qəbzə əsasən 50 manat məbləğində ödənişlər həyata keçirilmişdir. - Hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə 30.10.2015-ci il tarixdən 27.02.2019-ci il tarixədək olan dövr üzrə müvafiq ödənişlər edilmiş, son olaraq 27.02.2019-cu il tarixdə 50 manat məbləğində ödəniş həyata keçirilmişdir. - LPO Cavabdeh2 ASC ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 14 iyun 2021-ci il tarixdə X5 **********198 nömrəli bildiriş ünvanlanaraq, 18.09.2015-ci il tarixli, **********014710000 nömrəli kredit müqaviləsi üzrə 13726.55 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən 30.10.2015-ci il tarixdən 27.02.2019-cu il tarixədək əsas borc məbləğindən 4680.43 manat, faiz borcundan 1994.57 manat olmaqla, ümumilikdə 6675 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. AR MM-in 405.2.-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 409.4-cü maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 448.1 (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Cavabdeh1 ilkin olaraq hazırki iş üzrə iddia müddətinin ötürüldüyünü, bundan əlavə onun bankdan görüdüyü kreditin məbləğinin 15000 manat deyil 5000 manat və illik faiz dərəcəsinin 6% -dan az olduğunu, götürülümüş kredit məbləği üzrə ödənişlərin tam olaraq icra edildiyini və banka ödəniləcək borc məbləğinin olmadığını iddia edir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi 18.09.2015-ci il tarixli, **********014710000 nömrəli kredit müqaviləsini məhkəməyə təqdim edə bilməsə də, işin hallarından məlum olur ki, həqiqətən də tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlər əmələ gəlmiş və həmin müqavilə üzrə cavabdehə kredit verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzləri və hesabdan çıxarışdan görünür ki, 30.01.2015-27.02.2019-cu il tarixlərini əhatə edən dövrdə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə müvafiq ödənişlər həyata keçirilmişdir. Sonuncu ödəniş isə 27.02.2019-cu il tarixli ödəniş qəbzinə əsasən həmin tarixdə həyata keçirilmişdir. Cavabdeh tərəf qəbzdə olan imzanın ona məxsus olmadığını iddia edərək, 27.08.2019-cu il tarixdə edilən ödənişin onun tərəfindən həyata keçirilmədiyini bildirir. Məhkəmə qeyd edilən məsələyə aydınlıq gətirilməsi məqsədilə dəfələrlə cavabdehə məhkəmə iclasına gəlməyi təklif etsə də, o yalnız nümayəndəsinin iştirakı ilə kifayətlənmiş, məhkəmə iclasında özününü iştirakını təmin etməmişdir. Qeyd edilən hal isə cavabdehin öz mövqeyini lazımı səviyyədə əsaslandıra bilməməsi ilə nəticələnmiş və onun mövqeyinin əsaslılığını şübhə altına almışdır. Bundan əlavə ödəniş qəbzlərindən görünür ki, ödənişlərin böyük hissəsi cavabdehin özü tərəfindən həyata keçirilmiş, ayrı-ayrı vaxtlarda X4 və Əliyev Zaur adlı şəxslər tərəfindən də ödənişlər edilərək, ödəniş qəbzləri sözügedən şəxslər tərəfindən imzalanmışdır. Cavabdeh digər ödəniş qəbzlərini deyil, yalnız sonuncu ödəniş olan qəbzi, yəni 27.02.2019-cu il tarixli qəbzi mübahisələndirmişdir. Halbu ki, həmin qəbzdə ödəniş edən şəxs qismində Cavabdeh1 adı qeyd edilmişdir. Cavabdeh1 müqavilədən irəli gələn vəzifəsini lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. AR MM-in 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş 27.02.2019-cu il tarixdə icra edildiyindən, iddiaçı tərəfindən isə qanunvericiliklə müəyyən olunmuş 3 il müddət ötürülmədən, yəni 20.12.2021-ci il tarixdə məhkəməyə müraciət olunduğundan, hazırki iş üzrə iddia müddəti ötürülməmişdir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə əsassızdır. AR MM-in 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Cavabdehin digər mövqeyi isə ondan ibarətdir ki, kredit müqaviləsi üzrə kredit məbləği 5000 manat, faiz dərəcəsi ilə isə 6% dan az təşkil etmiş və bütün ödənişlər tərəfindən icra edilmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə də razılaşmır. Belə ki, hesabdan çıxarışdan məlum olur ki, Cavabdeh1 hesabına bank tərəfindən ümumilikdə 15000 manat məbləğində pul köçürülmüşdür. Bundan əlavə maliyyə arayışından məlum olur ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ümumilikdə 6675 manat məbləğində ödəniş həyata keçirilmişdir. Beləliklə, şərh edilənlərə əsasən Məhkəmə bu nəticəyə gəlir ki, kredit məbləği Cavabdeh tərəfindən qəbul olunduğundan və kredit və faizlərin bir hissəsi Cavabdeh1 tərəfindən ödənildiyindən, yəni cavabdeh kredit müqaviləsini bəyəndiyindən və bu bəyənmə Cavabdehin kredit müqaviləsi üzrə hüquq və vəzifələrinin müqavilənin bağlandığı andan əmələ gəlməsinə səbəb olduğundan kredit müqaviləsi üzrə tələb edilən 10,319.57 manat məbləğində əsas borc və 1100.80 manat məbləğində faiz borcu hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbini 899.06 manat məbləğində cərimənin ödənilməsi hissəsində əsaslı hesab etmir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd etmək istəyir ki, penyadan fəqrqli olaraq, cərimə qanunda və ya müqavilədə dəqiq müəyyən edilmiş və birdəfəlik ödənilən sabit pul məbləğidir. Və hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən 899,06 manat cərimə məbləğinin müqavilədə nəzərdə tutulması ilə bağlı müvafiq sübutların mövcud olmadığını nəzərə alaraq bu hissədə iddia tələbini əsassız hesab edir. Məhkəmə iddia tələbini 1407.12 manat məbləğində ödənilməsi hissəsində əsaslı hesab etmir. Belə ki, iddiaçı tələbini bu hissədə MM-in 445,449-cu maddələri ilə əsaslandırılmağa çalışmışdır. Məhkəmə İddiaçının bu cür əsaslandırması ilə razılaşmır. Çünki MM-in 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, “MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir”. AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plennum Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Göründüyü kimi, MM-in 445,449-cu maddələrinin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsas yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən kredit müqaviləsi üzrə 10,319.57 manat əsas borc və 1100.80 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə qeyd edir ki, mediasiyaya görə ödənilməmiş 200 manat məbləğində mediasiya xərci və 31.20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh1 10,319.57 manat əsas borc, 1100.80 manat faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərc və iş üzrə ödənilmiş 31.20 manat dövlət rüsumu, ümumilikdə 11,651.57 (on bir min altı yüz əlli bir manat əlli yeddi qəpik) tutularaq iddiaçı LPO Cavabdeh2 ASC ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar