Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5560/2024 25.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı satqı müqaviləsi üzrə əsas borc, elektron qaimə) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən müqavilənin ödəniş şərtlərinin vaxtında icra edilməməsi səbəbilə hesablanmış 15997,94 manat pul vəsaitinin, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış 800 manat, həmin pul vəsaitinin tələb edilməsi üçün ödənilmiş 138 manat dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-ilə iddiaçı arasında alqı-satqı müqaviləsi müqavilə bağlanmışdır. Müqaviləyə əsasən CavabdehMMC iddiaçıya mal verməli, iddiaçı isə müqavilə üzrə qaimə ilə ödəniş etməli idi. İddiaçının alqı-satqı müqaviləsinin şərtlərinə əsasən qaimə-faktura ilə ödəniş etməsinə baxmayaraq cavabdeh tərəf müqavilənin şərtlərini yerinə yetirməmişdir. Dəfələrlə bununla bağlı müraicət etməyimizə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə öhdəlikləri yerinə yetirmədiyi üçün olan 15997,94 manat məbləğində borcunun ödənilməsini Cavabdeh MMC-yə təklif olunmuşdur. Qeyd edilən pretenziya məktubunun təqdim edilməsindən ötən müddət ərzində Cavabdeh tərəfindən pretenziya məktubuna hər-hansı yazılı və ya şifahi münasibət bildirilməmişdir. İddiaçının əsas fəaliyyət istiqamətinin ticarət fəaliyyəti olduğu səbəbindən qeyd edilən ödənişlərin zamanında icra olunmaması İddiaçını digər müqavilələr imzalamaq, həmin müqavilələr üzrə ödəniş icra etmək və mənfəət əldə etmək imkanlarından məhrum edir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh MMC tərəfindən müqavilənin ödəniş şərtlərinin vaxtında icra edilməməsi səbəbilə hesablanmış 15997,94 manat pul vəsaiti, eləcə də kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış 800 manat borc, həmin pul vəsaitinin tələb edilməsi üçün ödənilmiş 138 manat dövlət rüsumu və hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
3. xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh MMC tərəfindən müqavilənin ödəniş şərtlərinin vaxtında icra edilməməsi səbəbilə hesablanmış 15997,94 manat pul vəsaitinin, həmin pul vəsaitinin tələb edilməsi üçün ödənilmiş 138 manat dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Bir tərəfdən satıcı Cavabdeh MMC, digər tərəfdən Alıcı İddiaçı MMC arasında bağlanan 28 avqust 2023-cü il tarixli 10/01 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya qaimə-fakturaya əsasən malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəyir. 2.1-ci bəndinə əsasən, malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma və ya hər dəfə göndərilmiş elektron qaimə faktura ilə müəyyənləşdirilir. 3.2.1-ci bəndinə əsasən, malı müqavilənin 4.1-ci maddəsində müəyyən edilmiş müddətdə alıcının mülkiyyətinə vermək satıcının vəzifəsidir. 3.3.2-ci bəndinə əsasən, satıcı müqaviləni pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə çatışmayan miqdarda əşya verilməsini tələb etmək və ya verilmiş əşyadan və onu ödəməkdən imtina etmək, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək alıcının hüququdur. 4.1-ci bəndinə əsasən, satıcı 3 iş günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür. 8.İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı əsasında 18584.75 manat, xx.xx.2023-cü il tarixli OD2 nömrəli ödəniş tapşırığı əsasında 16500 manat, xx.xx.2023-cü il tarixli OD4 nömrəli ödəniş tapşırığı əsasında 19284.75 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı əsasında 15800 manat olmaqla, ümumilikdə 70169.5 manat ödəniş həyata keçirilmişdir.
9. X1 çıxarışdan görünür ki, ödəyən müştəri - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdə 2970 manat, xx.xx.2023-cü il tarixdə 3318.51 manat, xx.xx.2023-cü il tarixdə 26.74 manat, xx.xx.2023-cü il tarixdə 2844.00 manat, xx.xx.2023cü il tarixdə 6315.25 manat – cəmi 15474.5 manat ƏDV ödənilmiş, qeyd edilən məbləğ cavabdeh tərəfindən təsdiq edilmişdir, xx.xx.2023-cü il tarixdə 2844 manat və 9178.16 manat olmaqla cəmi 12022.16 manat ƏDV isə cavabdeh tərəfindən geri qaytarılmışdır.
10. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə göndərilən EBDV seriyalı 108214 nömrəli xx.xx.2023-cü il tarixli elektron qiaməyə əsasən yekun məbləğ (ƏDV daxil) 14991.90 manat, EBDM seriyalı 981157 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən yekun məbləğ (ƏDV daxil) 22632 manat təşkil etmişdir.
11. Hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 20000 manat pul köçürülmüşdür, ödənişin təyinatı xx.xx.2023-cü il tarixli EBDM seriyalı 981157 nömrəli qaimə üzrə səhvən artıq ödənilən ƏDV-nin geri qaytarılmasıdır.
12. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən 18 saylı Vəkil Bürosunun hesabına 500 manat ödəniş həyata keçirilmişdir. 13.********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 138 manat dövlət rüsumu ödənilmişdir.
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin İddiaçı qarşısında müqavilə üzrə təhvil verilməmiş malların ödənişinin geri qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış “Alqı-satqı” müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinə əsasəb qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 28 avqust 2023-cü il tarixli 10/01 nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək müqavilə üzrə malların dəyərini ödəmiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmiş və dəyəri ödənilmiş malları iddiaçıya təhvil verməmişdir. Müqavilənin 3.3.2-ci bəndinə əsasən, tərəflər Satıcı müqaviləni pozaraq Alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə və əşya ödənilmiş olduqda Satıcı tərəfindən ödənilmiş pul məbləğinin qaytarılacağı barədə razılığa gəlmişlər. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehin hesabına ayrı-ayrı ödəniş tapşırıqları əsasında cəmi 70169.5 manat pul məbləği və 15474.5 manat ƏDV olmaqla, ümumilikdə 85644 manat pul köçürülmüşdür. Cavabdeh isə dəyəri 37623.9 (14991.90+22632.00) manat təşkil edən malı iddiaçıya təhvil vermiş, daha sonra 20000 və 12022.16 manat ƏDV-ni iddiaçının hesabına geri qaytarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan borcu 15997.94 manat təşkil edir (856xx.xx-37623.9-200xx.xx-12022.16).
17. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını, nəzərə alaraq hesab edir ki, cavabdehdən 15997.94 manat borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
18. İddiaçı tələbində eyni zamanda ödənilmiş 138 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 500 manat pul məbləğinin cavabdehdən tutulmasını xahiş edir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
20. İş materiallarına əlavə edilmiş qəbzlər iddiaçı tərəfindən dövlət rüsumunun və hüquqi yardıma görə xərcin ödənildiyini təsdiqləyir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 138 manat məbləğində ödənilmiş dövlət rüsumu və vəkil xidmətinə görə 500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V Nəticə:
21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən 15997.94 manat əsas borc, 138 manat dövlət rüsumu və hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat pul vəsaiti, cəmi 16635.94 (on altı min altı yüz otuz beş manat doxsan dörd qəpik) manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov