Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5563/2023 12.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qazın alqı-satqı müqaviləsi, qanunsuz hesablanmış borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 5150,50 manat məbləğində borcun silinməsi, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilən 150 manat məbləğində pulun, 100 manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi şadlıq evi kimi fəaliyyət göstərir. Həmin yerdə təbii qazdan istifadə üzrə **********00090 saylı abonent istifadəçisidir. Karta pul köçürülməklə təbii qazdan istifadə edilir. 08 may 2023-cü il tarixdə sözügedən ünvana Zinner smart G6 markalı sayğac quraşdırılmışdır. Bununla bağlı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Bu yaxınlarda iddiaçı əsassız olaraq ona 5150,50 manat borc yazıldığını öyrənmişdir. Bununla bağlı cavabdeh təşkilata müraciət etdikdə iddiaçıya müvafiq sənədlər təqdim edildi. Belə ki, xx.xx.2023-cü il tarixdə iddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib etmişlər. Həmin akta əsasən guya qeyriyaşayış sahəsində təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. Həmin akt əsasında xx.xx.2023-cü il tarixli tələbnamə ilə dəymiş ziyan hesablanmışdır. Lakin həmin akt tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər təbii qaz xəttinin talanmasını aşkar etmişdirsə, nəyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Belə ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsinin dayandırılması vəzifəsini qoymuşdur. Digər tərəfdən Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Göründüyü kimi, istehlakçı kimi iddiaçının qaz paylayıcıya dəymiş zərərə görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımağı nə aralarında bağlanmış müqavilədə, nə də həmin müqavilənin əsasında bağlandığı normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır. İddiaçıya yazılan 5150,50 manat məbləğində borc pulun silinməsi üçün pretenziya qaydasında Cavabdeh İB-yə rəsmi qaydada ərizə ilə müraciət etsə də, heç bir tədbir görülməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Qanuna, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununa və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə istinad olunmuşdur. Tədqiq olunan sübutlar:
4. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, tərtib edilmiş akt əsaslıdır. Təbii qazdan sayğacdan kənar istifadə edilmişdir. Bu hal aşkarlandıqdan sonra müvafiq akt tərtib olunmuşdur. İtirilmiş sərfiyyat kimi qazın dəyəri hesablanmışdır. İddiaçı 5150,50 manat məbləğində borcun silinməsini tələb etsə də, hazırda onun borcu 4650,50 manat təşkil edir.
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, paylayıcı qismində Cavabdeh İB ilə istehlakçı qismində İddiaçı arasında xx.xx.2023-cü il tarixli, AMX-3173/23 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
7. Cavabdeh tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktda qeyd edilmişdir ki, sayğacın hesablayıcı mexanizmi yerindən qopmuş, rəqəmlər qarışmışdır.
8. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, şadlıq evinə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edildiyi aşkar edilmişdir.
9. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilmişdir ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 20602 m3 müəyyən edilmişdir.
10. xx.xx.2022-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı (abonent kodu: **********00090) qeyd edilən tarixə ümumilikdə borcu 4675,50 manat (sayğac oxunması: 0 manat + aktlar: 5150,50 manat – ödəmələr: 475 manat = son borc: 4675,50 manat) təşkil edir. Eləcə də, sözügedən abonentin saldosundan görünür ki, 2023-cü ilin iyul ayında akt üzrə 5150,50 manat məbləğində borc hesablanmışdır. Tətbiq edilən hüquq
11. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
12. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
13. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
16. İddia tələbi Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 5150,50 manat məbləğində borcun silinməsindən ibarətdir.
17. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya məxsus obyektə baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edildiyi aşkar edilmişdir. Belə ki, sayğacın hesablayıcı mexanizmi yerindən qopmuş, rəqəmlər qarışmışdır. Nəticədə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 20602 m3 müəyyən edilmişdir. 2023-cü ilin iyul ayında akt üzrə 5150,50 manat məbləğində borc hesablanmışdır.
18. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş reyestrdən çıxarışdan göründüyü kimi, cavabdeh yoxlamanı və yoxlamanın nəticələrinə dair aktların tərtibini 2023-cü ilin iyul ayının 10-da yekunlaşdırdıqdan sonra müraciət etmiş, çıxarışda yoxlamanın müddətinin xx.xx.2023-xx.xx.2023 tarixləri aralığını əhatə edəcəyi qeyd edilmişdir. Belə olan halda məhkəmə qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
19. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək, iddiaçı tərəfindən bir sıra ödənişlər edildiyindən hazırda qalan borcun 4675,50 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, borcun silinməsinə dair iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 4675,50 manat (dörd min altı yüz yetmiiş beş manat əlli qəpik) məbləğində borc İddiaçı **********00090 saylı abonent hesabından silinməli, iddia qalan hissədə təmin olunmamalıdır.
20. Eləcə də, iddiaçı hüquqların müdafiəsi ilə bağlı ödənilmiş 150 manat məbləğində pulun, 100 manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutulmasını xahiş etmişdir.
21. Məhkəmə hesab edir ki, Cavabdehndən 150 (yüz əlli) manat hüquqi yardım və 100 (yüz) manat mediasiya xərci İddiaçı xeyrinə tutulmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 4675,50 manat (dörd min altı yüz yetmiiş beş manat əlli qəpik) məbləğində borc İddiaçı **********00090 saylı abonent hesabından silinsin. Cavabdehndən 150 (yüz əlli) manat hüquqi yardım və 100 (yüz) manat mediasiya xərcləri olmaqla, ümumilikdə 250 (iki yüz əlli) manat məlbəğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova