Məhkəmə qərarları › İş №e-2-2(113)-557/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-557/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-557/2021 16.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X3, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən əsas borca görə ƏDV daxil 20355 manat, öhdəliyin icra edilməməsinə görə hesablanmış dəbbə puluna görə 3045 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 23430 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən əsas borca görə ƏDV daxil 20355 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 20385 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə ƏDV daxil 20355 manat, öhdəliyin icra edilməməsinə görə hesablanmış dəbbə puluna görə 3045 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 23430 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli M 107/19 saylı icarə müqaviləsinə əsasən, iddiaçı Bakı şəhəri, H.Əliyev prospekti 95 ünvanında yerləşən və mülkiyyət hüququ ilə ona məxsus 9 mərtəbəli qeyri-yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 230,00 kv.metr təşkil edən sahəni cavabdehə 10 ay müddətinə icarəyə verməyi, cavabdeh isə bunun müqabilində ƏDV daxil aylıq 4071 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin, tərəflər arasında mövcud olmuş icarə müqaviləsinin 2.2-ci bəndinə baxmayaraq, 2020-ci ilin 5 ayı (aprel, may, iyun, iyul və avqust) üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş icarə haqqının məbləği ƏDV daxil 20355 manat təşkil etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qismən etiraf edərək, izahatında bildirdi ki, iddianı əsas borca aid hissədə etiraf edir, lakin dəbbə pulu hissəsində iddiaya etiraz edir. Sonda cavabdehin nümayəndəsi iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2019-ci il tarixli M 107/19 saylı icarə müqaviləsindən görünür ki, iddiaçı Bakı şəhəri, H.Əliyev prospekti 95 ünvanında yerləşən və mülkiyyət hüququ ilə ona məxsus 9 mərtəbəli qeyri-yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 230,00 kv.metr təşkil edən sahəni cavabdehə 10 ay müddətinə icarəyə verməyi, cavabdeh isə bunun müqabilində ƏDV daxil aylıq 4071 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2021-ci il tarixli REF/0526/21 saylı Maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçının bank hesabına 5 ay müddət üçün 17250 manat, depozit hesabına ƏDV məbləği 3105 manat olmaqla, ümumilikdə 20355 manat ödənilmişdir. Hal-hazırda cavabdehin iddiaçıya qalan 5 ay üçün icarə haqqı üzrə borc ƏDV daxil 20355 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-ci il tarixli M 107/19 saylı icarə müqaviləsi bağlanmış və icarə müqaviləsinə əsasən Bakı şəhəri, H.Əliyev prospekti 95 ünvanında yerləşən və mülkiyyət hüququ ilə ona məxsus 9 mərtəbəli qeyri-yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 230,00 kv.metr təşkil edən sahəni cavabdehə 10 ay müddətinə icarəyə verməyi, cavabdeh isə bunun müqabilində ƏDV daxil aylıq 4071 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçının bank hesabına 5 ay müddət üçün 17250 manat, depozit hesabına ƏDV məbləği 3105 manat olmaqla, ümumilikdə 20355 manat ödənilmişdir. Hal-hazırda cavabdehin iddiaçıya qalan 5 ay üçün icarə haqqı üzrə borc ƏDV daxil 20355 manat təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqqını tam ödəmədiyindən və bu hallar iş materialları ilə təsdiq olunduğundan iddia icarə haqqı borcuna aid hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 3.2-ci bəndinin “c)” yarımbəndinə əsasən iddiaçının icarə haqqının gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün gecikdirilən icarə haqqının 0,1 faizi dəyərində cərimə tələb etmək hüququ vardır. Lakin məhkəmə hesab edir ki, tələb olunan 3045 manat dəbbə pulu məbləği yaranmış 20355 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 1000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən əsas borca görə ƏDV daxil 20355 manat, dəbbə puluna görə 1000 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (21355 manat) iddia tələbinin (23400 manat) 91,26 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27,37 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 2,63 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən əsas borca görə ƏDV daxil 20355 manat, dəbbə puluna görə 1000 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 27,37 manat məbləği Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin, qalan 2,63 manat məbləği İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar