Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-557/2025 06.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin Bakı Şəhər İcra Hakimiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olmaqla) qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, əqdin etibarsızlığı, hüquqdan sui-istifadə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olmaqla) qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Bakı Şəhəri İcra Hakimiyyəti arasında bağlanmış 29 mart 2017-ci il tarixli, 1303 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təşkilat - İddiaçı MTK ********** eyniləşdirmə nömrəsi ilə xx.xx.2005-cii il tarixdə dövlət qeydiyyatına alınmışdır. MTK təsdiq edilmiş nizamnaməsinə uyğun olaraq üzvlərin (payçıların) mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 51 saylı, 2017-ci il 10 fevral tarixli İddiaçı MTK-ya yaşayış və qeyri-yaşayış binalarının tikintisinin layihləndirilməsinə icazə verilməsi haqqında Sərəncamı ilə Xətai rayonu, X7 küçəsi 3 saylı ünvanda yaşayış və qeyri-yaşayış binalarına dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 13/03-8/155 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş və MTK-nın xx.xx.2017-ci il tarixli, 05 saylı müraciətini və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli, ******* saylı çıxarışını nəzərə alaraq Xətai rayonu, X7 küçəsi, 3 saylı ünvanda mülkiyyətində olan 0.38808 ha və ona bitişik olan icarə əsasında 0.203 ha, ümumilikdə 0,591 ha torpaq sahəsində yaşayış və qeyri-yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında Bakı şəhəri Xətai rayonu X7 küçəsi 3 saylı ünvanda yerləşən 2030 kv.m torpaq sahəsinə dair 2017-ci il 29 mart tarixli 1303 nömrəli icarə müqaviləsi bağlanmışdır. Sonrakı mərhələdə müvafiq sənədləşmə işləri aparılarkən müəyyən olunmuşdur ki, tikinti aparılan ərazi üzrə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahəsinin icarəyə verilməsinə dair həmin orqanın qanunla müəyyən edilmiş səlahiyyəti olmamışdır. Nəticədə müqaviləyə xitam verilməsi (etibarsızlıq əsası üzrə) xahişi ilə ilkin olaraq cavabdehə müraciət edilmiş, qeyrimüəyyən cavabla bundan imtina olunmuş, həmçinin cavabdeh təklif edilmiş mediasiya prosesində iştirakdan imtina etmişdir. Daha sonra pretenziya qaydasında müraciət də cavablandırılmamışdır. Bu əsasla iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlər və xüsusilə də mübahisələndirilən müqavilədən görünür ki, müqavilə üzrə ayrılmış torpaq sahəsi dövlət mülkiyyətindədir və 15-ci bənd üzrə istinad olunmuş Fərmanla dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi hüququ müstəsna olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətindədir. Bu vəziyyətdə Bakı Şəhər İcra Hakimiyyəti dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi üzrə səlahiyyətli orqan kimi çıxış edə bilməz. Müqavilə tərəflərindən birinin səlahiyyətsiz olması, müqavilənin etibarsız olmasını şərtləndirir. Üstəlik hazırki halda müqavilə barəsində mübahisə mövcuddur. İddianın verilməsini şərtləndirən hal ondan ibarətdir ki, səlahiyyətsiz şəxs tərəfindən bağlanmış müqavilə üzrə MTK üçün hüquq və vəzifələr yaranmışdır. Bu da gələcəkdə neqativ nəticələrə səbəb ola bilər. Digər tərəfdən işdən görünür ki, icarə müqaviləsi hər hansı əsas və səbəb göstərilmədən mütənasibsiz şəkildə 49 il müddətinə bağlanmışdır. Üstəlik bu müddətə bağlanmış müqaviləyə dair hüquqlar qeydiyyata alınmamışdır. Hansı ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun həmin normasının tələbinin pozulması özlüyündə icarə müqaviləsinin hüquqi qüvvəsinə əhəmiyyətli dərəcədə təsir edir və bu şərtə əməl edilməməsi müqavilənin etibarsız hesab edilməsi üçün növbəti bir əsasdır. Hazırki vəziyyətdə həmçinin nəzərə alınmalıdır ki, MTK tərəfindən torpaq sahəsinin üzərində yaşayış binasının inşası başa çatdırılmaqla mənzillər sahiblərinə təhvil verilmişdir və Mənzil Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən binanın altında yerləşən və yaxud ona bağlı torpaq sahəsi mənzil sahiblərinin istifadəsinə keçir. Mübahisələndirilən müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən bağlandığından və müqavilə lazımi qaydada qeydiyyata alınmadığından etibarsız hesab edilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 358.1, 358.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 2, 6, 46.4.4, 51.1-ci maddələrinə istinad olunmuşdur Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı 6916.29 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandığı tarixdən hazırkı vaxta kimi 8 ildə icarəçi tərəfindən heç bir ödəniş olunmamışdır. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclaslarında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhər İcra Hakimiyyəti “icarəyə verən”, "R+N İnşaat" MTK “icarəçi” olmaqla imzalanmış 29 mart 2017-ci il tarixli 1303 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən “icarəyəverən” icarə əsasında sahəsi 2030 kv.m olan torpaq sahəsini, “icarəçi”yə 49 il müddətinə istifadəsinə verir, “icarəçi” isə onu qəbul edir. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün verilir.Göstərilmiş məqsəd üçün sahənin istifadə olunması qətidir və gələcəkdə istifadə üçün icazə adlandırılacaqdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən bu müqavilədə aşağıdakılar xüsusi hal sayılır: yanğın, partlayış, subasma, zəlzələ və başqa təbii fəlakətlər, magistral kəmərlərin dağıdılması və s. bu hallardan biri baş verdikdə, qarşı tərəf təcili məlumatlandırılmalıdır. Məlumat müvafiq dövlət qurumları tərəfindən təsdiqlənməlidir. Xüsusi hallar 6 aydan artıq davam etdikdə tərəflər görüşüb müqavilənin gələcək fəaliyyəti ilə razılığa gəlirlər. Həmin müqavilənin 7.1-7.4-cü bəndlərə əsasən bu müqavilə 49 il müddətinə bağlanır. “İcarəçi” hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür. İcarə haqqı tərəflərin razılığı ilə, təyin edilmiş normativ qiymətlər əsasında müəyyənləşdirilir və “icarəçi” tərəfindən ödənilir. İcarə haqqı 01 mart 2017-ci il tarixdən hesablanır. “İcarəçi” hər il 6916 manat 29 qəpik icarə haqqı ödəməyi öhdəsinə götürür. 8-ci bəndə əsasən müqaviləyə edilmiş əlavə və dəyişiliklər danışıq aparan tərəflərin rəsmi nümayəndələrinin imzası ilə yazılı formada olduqda etibarlı hesab edilir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 51 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, X7 küçəsi, 3 saylı yerləşən yaşayış və qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "R+N İnşaat" MTK-ya icazə verilməsi qərara alınmışdır. Təsisçilərin ümumi yığıncağının xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Xətai rayonu, X7 küçəsi ev 3 ünvada İddiaçı MTK tərəfindən inşa edilən yaşayış binasına komunal xidmətlərin göstərilməsinin fərdi sahibkar X3 həvalə edilməsi, o həmin bina üzrə idarəçi təyin edilməsi, eyni zamanda bu məqsədlə həmin şəxslə MTK arasında arasında müqavilə imzalanması qərara alınmışdır. Çoxmənzilli binanın idarəçilik və xidmətlərin göstərilməsi üzrə 01 aprel 2024-cü il tarixli 011/DM saylı müqaviləyə əsasən «Sifarişçi» tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında bina sakinlərinə komunal xidmətlərin göstərilməsi işinin təşkili, həmin xidmətlərin göstərilməsi «İcraçı»ya həvalə olunur, sonuncu göstərdiyi xidmət müqabilində bu Müqavilə ilə müəyyən edilmiş qaydada xidmət haqqı alır. Müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən müqavilə imzalandığı gün qüvvəyə minir və həmin tarixdən etibarən binaların sakinlərinə xidmət göstərilməsi və bunun müqabilində pulların yığılması «İcraçı»ya həvalə olunur; müqavilə bağlandığı andan 5 (beş) il müddətinə qüvvədədir və tərəflər etiraz etmədikdə müqavilə eyni müddətə uzadılmış sayılır. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin xx.xx.2024-cü il tarixdən etibarən inşa etdiyi yaşa binasına komunal xidmətlərlə bağlı fəaliyyətini dayandırdığından MTK ilə fərdi sahibkar X2 arasında 01 aprel 2024-cü il tarixdə idarəçinin təyin edilməsi və komunal xidmətlər üzrə Müqavilə imzalanmış, həmin müqaviləyə əsasən MTK tərəfindən Bala şəhəri Xətai rayonu, S.Əzim Şirvani küçəsi 3 ünvanda inşa edilmiş yaşayış binasında yaşayan sakinlərə komunal-təsərrüfat xidmətlərinin göstərilməsi ilə əlaqədar binada yerləşən əsas vəsaitlər, maddi texniki-baza tərəflər arasında imzalanmış 01 aprel 2024-cü il tarixli müqavilənin qüvvədə olduğu müddətdə hazırki X1 təhvil verilmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. 356-cı maddəsinə əsasən əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 360-cı maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 51.4-cü maddəsinə əsasən icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 82-ci maddəsinə əsasən torpaq icarəçiləri torpaq vergisini və ya icarə haqqını vaxtında ödəməyə borcludur. “Torpaq icarəsi” haqqında Qanunun: 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 8-ci maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlərdir. Azərbaycan Respublikası adından icarə münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər. 10-cu maddəsinə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. 11-ci maddəsinə əsasən icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. İV.Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti və İddiaçı MTK arasında 29 mart 2017-ci il tarixli 1303 saylı torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə tərəflər 01 mart 2017-ci il tarixdən etibarən hər il 6916 manat icarə haqqının 49 il müddətinə ödənilməsi barədə razılıq əldə etmişlər. Hazırda iddiaçı icarə müqaviləsinin bağlandığı zaman Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətli şəxs olmadığını və müqavilə lazımi qaydada qeydiyyata alınmadığını bildirmiş, bu səbəbdən müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. Birincisi, məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilənin lazımi qaydada qeydiyyata alınmaması müqavilənin etibarsızlığı üçün əsas deyildir və qanunvericilikdə belə bir əsas nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 336.1-ci maddəsinə əsasən əgər Bakı Şəhər İcra Hakimiyyəti müqavilədən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda İddiaçı MTK-nın ərizəsi ilə qeydiyyat məhkəmənin qərarı əsasında həyata keçirilir. Lakin bu günə kimi iddiaçı bu barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. İkincisi, məhkəmə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti səlahiyyəti olmadan 29 mart 2017-ci il tarixli, 1303 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləni bağlamış olsa belə, müqavilənin bağlandığı vaxtdan keçən 7 ildən artıq müddət ərzində səlahiyyətli şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin həmin müqaviləni mübahisələndirməməsi onun müqaviləni bəyənməsini göstərir, bu isə müqavilənin etibarlı olması deməkdir. Çünki Mülki Məcəllənin 358-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Hətta ƏMDX müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsinə baxmayaraq iddiaya heç bir münasibət bildirməmiş, müqaviləni mübahisələndirməmişdir. Bu da bir daha onun həmin müqaviləni bəyəndiyini təsdiq edir. Digər tərəfdən məhkəmə qeyd edir ki, dövlət mülkiyyətində olan torpaq sahəsi Azərbaycan Respublikasına məxsusdur, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi, onun hüquqi şəxslər olmayan orqanları vasitəsi ilə iştirak edir. Hazırkı müqaviləni iddiaçı ilə icarəyə verən kimi Bakı Şəhəri İcra Hakimiyyəti bağlasa da, ödənilməli icarə haqqı mülkiyyətçi olan Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İddiaçı həmin müqavilənin etibarsızlığına nail olmağa səy göstərərək müqavilə bağlandığı vaxtdan bu günə kimi ödənilməmiş aylıq icarə haqlarının dövlət büdcəsinə ödənilməsindən yayınmağa çalışır. Bu isə hüquqdan suiistifadədir ki, bu da qanunvericiliklə yolverilməzdir. Beləliklə məhkəmə göstərilən normaları və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Vİ.Nəticə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-557/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-557/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver