Məhkəmə qərarları › İş №e-2-2(113)-5576/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5576/2025

14.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5576/2025 14.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "X5" MMC-nin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, Cavabdeh QSC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "X5" MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən əsas borcun gecikdirilmsinə görə hər gecikdirilmiş gün üçün 0,1 % həcmində olmaqla 2204 (iki min iki yüz dörd) manat cərimə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 306.12 (üç yüz altı manat 12 qəpik) gecikdirmə faizi olmaqla ümumiliklə 2510.12 (iki min beş yüz onmanat 12 qəpik) manat, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 107 (iki yüz altmış səkkiz) manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 325 (üç yüz iyirmi) manatın tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra İcraçı/İddiaçı) ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra Sifarişçi/Cavabdeh) arasında 02 may 2024-cü il tarixli, PCİ-LS-04-24 nömrəli Xidmət və Satış Müqaviləsi (bundan sonra Müqavilə) imzalanmışdır. Sifarişçi tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur.

II. Tərəflərin mövqeləri:

3. İddiaçıya məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi X3 iddia tələbi üzrə əsas borcu ödədiyini bildirərək, iddianın qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya). - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "X5" MMC (icraçı) ilə Cavabdeh QSC (sifarişçi) arasında xx.xx.2024-cü il tarixində müqavilə bağlanmışdır.

8. Müqavilənin 1.1-ci bəndinə əsasən Subpodratçı Müqaviləyə və layihə sənədlərində göstərilən şərtlər əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 göstərilən işləri (bundan sonra “İşlər” adlandırılacaq) yerinə yetirməyi, Sifarişçi isə həmin işləri qəbul etməyi və Müqavilə ilə razılaşdırılmış qaydada işin dəyərini Subpodratçıya ödəməyi öhdəsinə götürür.

9. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Məhkəmə qeyd edir ki, qeyd edilmiş müqavilə üzrə tələb edilən əsas borc Məhkəmə icraatı gedişində ödənmişdir və hazırkı iddia ancaq cərimə və faiz borcunun tələb edilməsi ilə bağlıdır.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, əsas borcun ödənildiyini bildirmiş, cərimə və faiz borcunun tələb edilməsi ilə bağlı iddianın rədd edilməsini xahiş etmişdir.

12. Məhkəmə 2.204 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

13. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 6.4-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən müqavilə üzrə ödəniş nəzərdə tutulmuş müddət ərzində sifarişçi tərəfindən icraçıya ödənilmədiyi halda icraçı hər gecikdirilmiş gün üçün 0.1% miqdarında cərimə tələb etmək hüququna malikdir.

14. İşin hallarından da, göründüyü kimi, cavabdeh öhdəliyin icrasını gecikdirmişdir. Ona görə də, cərimə məbləği tutulmalıdır.

15. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

16. Bu xüsusda Məhkəmə hesab edir ki, əsas borc məbləği tam ödənildiyindən, 100 manat məbləğində cərimə borcunun tutulması daha ağlabatandır.

17. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 306,12 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

18. Mülki Məcəllənin 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir, 466.2.1-ci maddəsinə əsasən zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər, 466.3-cü maddəsinə hdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

19. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi ilə bağlı 100 manat məbləğində pulun tutulması hissəsində təmin edildiyindən, əsas borca illik 5 faiz hesablamaqla 306,12 manat məbləğin tələb edilməsi hissəsində təmin edilə bilməz.

20. Məhkəmə, 107 manat məbləğində dövlət rüsumunun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.

21. İşdən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzə əsasən dövlət rüsumunun əvəzi olaraq dövlət büdcəsinə 107 manat pul ödəmişdir.

22. Lakin, Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə (cavabdeh tərəfindən ödənilmiş əsas borc da nəzərə alınmaqla) mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82,22 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Bundan başqa, məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 325 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənməlidir.

24. Belə ki, işdən görünür ki, İddiaçı MMC-yə hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 20 saylı Vəkil Bürsounun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli elektron order verilmiş və iddiaçı tərəfindən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 325 manat məbləğində pul ödənmişdir.

25. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cərimə borcu üzrə 100 (bir yüz) manat məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82 (səksən iki) manat 22 (iyirmi iki) qəpik məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımın göstərilməsi üçün ödənilmiş vəsaitin əvəzi olaraq 325 (üç yüz iyirmi beş) manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar