Məhkəmə qərarları › İş №e-2-2(113)-5578/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5578/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5578/2025 19.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X2 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və X1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 4199.87 manat əsas borc, 436.52 manat faiz borcu və 43.06 manat cərimə borcu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 23.65 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4746.15 manat borcun tutulması; Cavabdeh2 və X1 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2024-cü il tarixli onlayn kredit verilməsi ilə bağlı məktub üzrə 474.59 manat əsas borc, 67.57 manat faiz və 2.93 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 545.09 manat məbləğində borcun və 72.48 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq xx.xx.2024-cü il tarixində X2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 % olmaqla 12 ay müddətinə 9500 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. xx.xx.2024-cü il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 25 %-lə 24 ay müddətinə 500 manat məbləğində kredit götürmüşdür. 2025-ci il martın 10-dək Cavabdeh2 banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 4199.87 manat əsas borc, 436.52 manat faiz borcu, 86.11 manat cərimə borcu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 23.65 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4746.15 manat borcu vardır. Cavabdeh2 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 86.11 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 43.06 manat məbləğində tələb olunur. 2025-ci il martın 10-dək Cavabdeh2 banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 474.59 manat əsas borc, 67.57 manat faiz, 2.93 manat cərimə borcu olmaqla cəmi 545.09 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, lakin iddiaçı tərəf məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsin əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 743.1-ci maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli 20-MCR-1-56-24 saylı kredit limitinin ayrılmasına dair müqavilə imzalanmış və həmin razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır.

9. xx.xx.2024-cü il tarixli 20-MCR-1-56-24 saylı kredit limitinin ayrılmasına dair müqavilədən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədilə bank ilə X2 (zamin) arasında xx.xx.2024-cü il tarixli, Z/01541/24 saylı zaminlik müqaviləsi bağlanmışdır.

10. Daha sonra, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli 20-MCR-1-56-24/1 saylı kredit verilməsinə dair müqavilə bağlanmış və həmin kredit müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-dən aylıq 1,75 faizlə 12 ay müddətinə 9.500 manat kredit verilmişdir.

11. Daha sonra kart vasitəsilə kredit xətti ayrılmasına dair xx.xx.2024-cü il tarixli 20- MKK-2-182-24 saylı müqavilə ilə bank tərəfindən Cavabdeh2 aylıq 2.08 faizlə 24 ay müddətinə 500 manat kredit verilmişdir

12. Müqavilələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

14. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

16. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

17. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

18. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir.

19. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışlarına əsasən xx.xx.2024-cü il tarixli 20-MCR-1-56-24/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə cavabdehin əsas borcu 4.199,87 mant, faiz borcu 436,52 manat, cərimə borcu 86,11 manat, xx.xx.2024-cü il tarixli 20-MKK-2-182-24 saylı kredit müqaviləsi üzrə isə xx.xx.2025-ci il tarixə cavabdehin əsas borcu 474,59 manat, faiz borcu 67,57 manat, cərimə borcu 2,93 manat təşkil edir.

20. Göründüyü kimi, cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır.

21. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, məhkəmənin yalnız hazırlıq iclasında iştirak edən Cavabdeh2 banka borcu olduğunu qəbul etmiş, 2-3 ay ərzində ödəyə biləcəyini bildirmişdir.

22. Bütün qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia kredit müqavilələri üzrə əsas və faiz borcun tələb edilməsi hissəsində təmin edilməli, xx.xx.2024-cü il tarixli 20-MCR-1-56-24/1 saylı kredit müqaviləsi üzrə 4.199,87 manat əsas borc, 436,52 manat faiz borcu, xx.xx.2024-cü il tarixli 20-MKK-2-182-24 saylı kredit müqaviləsi üzrə 474,59 manat əsas borc, 67,57 manat faiz borcu müştərək qaydada X2 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.

23. Məhkəmə həmçinin hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində əsaslıdır.

24. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

25. Hazırki işin hallarından görünür ki, xx.xx.2024-cü il tarixli 20-MCR-1-56-24/1 saylı kredit müqaviləsi üzrə cavabdehin əsas borcuna münasibətdə 43,06 manat, xx.xx.2024-cü il tarixli 20-MKK-2-182-24 saylı kredit müqaviləsi üzrə cavabdehin əsas borcuna münasibətdə 2,93 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

26. Məhkəmə xx.xx.2024-cü il tarixli 20-MCR-1-56-24/1 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 23,65 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

27. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixdən (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən) xx.xx.2025-ci il tarixədək (maliyyə arayışı) hesabladıqda görünür ki, təxmini 1 ay keçmişdir

28. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 17,49 (4.199,87x5/100=209,993 (1 il üçün), 209,993/12=17,49(1 ay üçün)) manat məbləğində pul da X2 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

29. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72,48 manat məbləğində pul da, cavabdehlərdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

30. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli 20-MCR-1-56-24/1 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 4.199 (dörd min yüz doxsan doqquz) manat, 87 (səksən yeddi) qəpik, faiz borcu üzrə 436 (dörd yüz otuz altı) manat 52 (əlli iki) qəpik, cərimə borcu üzrə 43 (qırx üç) manat, 06 (sıfır altı) qəpik olmaqla, cəmi 4.679 (dörd min altı yüz yetmiş doqquz) manat 45 (qırx beş) qəpik məbləğində pul X2 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2024-cü il tarixli 20-MCR-1-56-24/1 saylı kredit müqavilə üzrə əsas borca illik 5% hesablanmaqla 17 (on yeddi) manat 49 (qırx doqquz) qəpik məbləğində pul X2 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2024-cü il tarixli 20-MKK-2-182-24 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 474 (dörd yüz yetmiş dörd) manat 59 (əlli doquz) qəpik, faiz borcu üzrə 67 (altmış yeddi) manat 57 (əlli yeddi) qəpik, cərimə borcu üzrə 2 (iki) manat 93 (doxsan üç) qəpik olmaqla, cəmi 545 (beş yüz qırx beş) manat 09 (sıfır doqquz) qəpik məbləğində pul X2 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 72 (yetmiş iki) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul X2 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar