Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5579/2022 21.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə iddiaçı X1 Cavabdeh ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi və aktın ləğv ediməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyul 2021-ci il tarixli 600579 saylı cərimə aktının ləğv olunması və həmin akta əsasən hesablanmış 1776 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 01 iyul 2021-cı ıl tarixdə qanunsuz və əsassız olaraq mülkiyyətində olan obyektə 600579 nömrəli cərimə aktı tərtib olunmuşdur. Həmin akta əsasən bildirilir ki, kənar su xəttindən istifadə olunduğuna görə bu cərimə akt tərtib olunmuşdur. Lakin belə bir hal nə həmin zaman, nə də indi mövcud deyildir və olmamışdır. Belə ki, hətta həmin akt tərtib olunarkən ona məlumat verilməmişdir. Həmin akt qanunsuz olaraq yazılmışdır və buna görə də ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, iddiaçıya məxsus sayğaca baxış keçirilən zaman su sayğacından kənar su xətti aşkar edilmiş, xəttin foto və videosu qeydə alınmışdır. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş 01 iyul 2021-ci il tarixli 60057 nömrəli aktda qeyd olunmuşdur ki, 1 iyul 2021 tarixində D.Bünyadzadə küçəsi ev 230/A ünvanında yerləşən su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, məlum olmuşdur ki, su sayğacından kənar iç diametri d=15 mm olan kənar su xətti aşkar olunmuşdur. Qeyri-qanuni xəttin ləğv edilməsinə şərait yaradılmamış, foto və video qeydə alınmışdır. X2 məxsus abonent haqqında məlumatdan çıxarışdan məlum olur ki, 2021-ci ilin iyul ayında qeyd olunan sayğaca cəmi 1776 manat məbləğ hesablanmış, xx.xx.2021-ci il tarixində 20 manat ödəniş olmuş, 1.756 manat qalıq olmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: -1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; - 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, 1776 manat məbləğində hesablanmış borc silinməlidir. Bununla belə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 20 manat məbləğində ödəniş olmuşdur. Belə olan halda iddiaçı ödənilmiş məbləği geri tələb etmədiyindən, eyni zamanda hazırda iddiaçının abonent hesabında borc məbləğinin 1756 manat olması öz təsdiqini tapdığından iddia tələbi qismən təmin edilməli, 1756 manat məbləğində hesablanmış qanunsuz borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 600579 nömrəli akt əsasında hesablanmış 1.756 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5579/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5579/2022
21.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver