Məhkəmə qərarları › İş №e-2-2(113)-5602/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5602/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5602/2024 06.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada DC00178452-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8174,78 manat (səkkiz min bir yüz yetmiş dörd manat yetmiş səkkiz qəpik) əsas borc, 39,38 (otuz doqquz manat otuz səkkiz qəpik) manat faiz borcu, 20,59 (iyirmi manat əlli doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 8234,75 manat (səkkiz min iki yüz otuz dörd manat yetmiş beş qəpik) məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 102,35 manat (yüz iki manat otuz qəpik) məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “borcalan”) arasında xx.xx.2022-ci il tarixli, OnGTC- 00691LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Eyni zamanda X4 çərçivəsində xx.xx.2022-ci il tarixli, DC00178452-06 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 32% olmaqla, 41000 (qırx bir min) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bank ilə borcalan arasında bağlanılmış xx.xx.2022ci il tarixli, DC00178452-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DG**********257 saylı zaminlik müqaviləsi imzalanmışdır. Lakin borcalan qeyd edilən DC00178452-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 105 gün icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən tərəflərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00178452-06 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 8174,78 manat (səkkiz min bir yüz yetmiş dörd manat yetmiş səkkiz qəpik) əsas borc, 39,38 manat (otuz doqquz manat otuz səkkiz qəpik) faiz borcu, 20,59 manat (iyirmi manat əlli doqquz qəpik) cərimə borcu olmaqla, cəmi 8234,75 manat (səkkiz min iki yüz otuz dörd manat yetmiş beş qəpik) təşkil edir. Gecikmə günü: 105. X2 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X2 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. X2 4-cü bölümünün 6.1-ci bəndi bu müqavilə üzrə müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə, valyuta və müddətdə güzəşt müddətli kredit xətti (bundan sonra “Overdraft limiti”) verilir. 6.2. Müştəri Overdraftdan istifadə etdiyi zaman ona həmin tarixdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan müddətdə Güzəşt müddəti verilir. Eyni zamanda X3 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. İddiaçı ASC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 102,35 (yüz iki manat otuz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad olunmuşdur.

4. 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli, DC00178452-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) 41000 (qırx bir min) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir.

6. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, DG**********257 saylı zaminlik müqaviləsinə əsasən zamin – Cavabdeh1 borc alan bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

7. xx.xx.2024-cü il tarixli, PB/PBL-OUT-00316-2024/7 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00178452-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8174,78 manat (səkkiz min bir yüz yetmiş dörd manat yetmiş səkkiz qəpik) əsas borc, 39,38 manat (otuz doqquz manat otuz səkkiz qəpik) faiz borcu, 20,59 manat (iyirmi manat əlli doqquz qəpik) cərimə borcu olmaqla, cəmi 8234,75 manat (səkkiz min iki yüz otuz dörd manat yetmiş beş qəpik) təşkil edir (gecikmə günün sayı – 105).

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

11. İşin faktiki hallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixli, DC00178452-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) 41000 (qırx bir min) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, DG**********257 saylı zaminlik müqaviləsinə əsasən zamin – Cavabdeh1 borc alan bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdehlər müqavilə öhdəliklərini lazımınca icra etməmiş, ona görə də iddiaçı hazırkı tələblərlə məhkəməyə müraciət etmişdir.

12. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada DC00178452-06 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 8174,78 manat əsas borc, 39,38 manat faiz bоrcunun tutulması təşkil edir.

13. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zamin) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada DC00178452-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8174,78 manat (səkkiz min bir yüz yetmiş dörd manat yetmiş səkkiz qəpik) əsas borc, 39,38 manat (otuz doqquz manat otuz səkkiz qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

14. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 20,59 manat cərimə borcunun tutulması təşkil edir.

15. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

16. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək 20,59 manat (iyirmi manat əlli doqquz qəpik) cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.

17. Eləcə də, iddiaçı 102,35 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

18. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102,35 manat (yüz iki manat otuz beş qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada DC00178452-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8174,78 manat (səkkiz min bir yüz yetmiş dörd manat yetmiş səkkiz qəpik) əsas borc, 39,38 manat (otuz doqquz manat otuz səkkiz qəpik) faiz borcu, 20,59 manat (iyirmi manat əlli doqquz qəpik) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102,35 manat (yüz iki manat otuz beş qəpik) olmaqla, cəmi 8337,10 manat (səkkiz min üç yüz otuz yeddi manat on qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar