Məhkəmə qərarları › İş №e-2-2(113)-5608/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5608/2022

31.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5608/2022 31.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdehnə (MMC) qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə 362784,96 manat sığorta ödənişinin, ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin Cavabdeh MMC-dən subroqasiya qaydasında iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, mübahisə üzrə MŞB/6-5286 saylı, 30 avqust 2022-ci il tarixli mediasiyaya dəvət məktubu Cavabdeh MMC-yə 01 sentyabr 2022-ci il tarixdə daxil olmuşdur. Həmin məktubun məzmununda mediasiya prosesinin keçiriləcəyi tarix 09 sentyabr 2022-ci il göstərilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi mediasiya təşkilatı ilə əlaqə saxladıqda ona mediasiya sessiyasının 08 sentyabr 2022-ci il tarixdə keçirildiyi bildirilmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim olunmuş MŞB/6-5286 saylı, 07 sentyabr 2022-ci il tarixli arayışda isə ilkin mediasiya sessiyasının 07 sentyabr 2022-ci il tarixdə, saat 11:30-12:00 radələrində keçirildiyi qeyd olunmuş, beləliklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. - 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan: MŞB/6-5286 saylı, 30 avqust 2022-ci il tarixli mediasiyaya dəvət məktubunda mediasiya prosesinin keçiriləcəyi tarix 09 sentyabr 2022-ci il, saat 11:30-12:00 göstərilmişdir. MŞB/6-5286 saylı, 07 sentyabr 2022-ci il tarixli arayışda isə ilkin mediasiya sessiyasının 07 sentyabr 2022-ci il tarixdə, saat 11:30-12:00 radələrində keçirildiyi qeyd olunmuşdur. Beləliklə işin halları ilə təsdiq olunur ki, Cavabdeh MMC-yə ilkin medasiya sessiyasının vaxtı 09 sentyabr 2022-ci il, saat 11:30-12:00 bildirilsə də, sessiya 07 sentyabr 2022-ci il tarixdə, saat 11:30-12:00 radələrində keçirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, MŞB/6-5286 saylı, 07 sentyabr 2022-ci il tarixli arayış iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştiraka dair tələbə riayət edilməsi kimi qəbul edilə bilməz. Çünki, mediasiyanın məqsədi tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsindən ibarət olduğuna görə mediasiya proseduruna riayət edilməsinin yoxlanılması formal xarakter daşımamalı və məhkəmə həmin prosedur qaydaların qanuna uyğun keçirilib-keçirilməməsinə qiymət verməlidir. Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: - 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: - 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; - 21.9.2-ci maddəsinə əsasən tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; - 21.9.3-cü maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; - 21.9.4-cü maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.13-cümaddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan normaların məzmunundan məzmunundan görünür ki, iddia ərizəsi icraata qəbul edildikdən sonra mediasiya barədə tələblərə riayət olunmaması ərizənin geri qaytarılması üçün deyil, baxılmamış saxlanılması üçün əsasdır. Həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 saylı qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.” Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiası baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar