Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5614/2022 16.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdehnə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında imzalanmış 20 may 2021-ci il tarixli 01-İ-2021-0003 nömrəli icarə müqaviləsi üzrə yaranmış 1.200 (min iki yüz) manat icarə haqqı borcu, 151 (yüz əlli bir) manat icarə haqqının ödənilməyən günlərinə hesablanmış cərimə, cəmi 1.351 (min üç yüz əlli bir) manat məbləğində pulun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 70 (yetmiş) manat məbləğində haqqın Cavabdeh MMCdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (bundan sonra - iddiaçı) ilə Cavabdeh MMC (bundan sonra - cavabdeh) arasında 20 may 2021-ci il tarixli 11-İ-2021- 0003 nömrəli icarə müqaviləsi (bundan sonra - müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri H.Əliyev prospekti, 96A, 2023-cü məhəllə, 4-cü meydançanın yanında anbar tipli ümumi sahəsi 18,24 kv.m. olan qeyri-yaşayış sahəsini 11 ay müddətinə icarəyə götürməyi və aylıq 200 (iki yüz) manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.6-cı bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş 1 gün üçün icarəyə verənə icarə haqqının 0,1 %-i məbləğində dəbbə pulu ödəyir. Cavabdeh tərəfindən 2022-ci ilin yanvar ayından icarə haqqı ödənilməmiş və nəticədə 1.200 (min iki yüz) manat icarə haqqı borcu, 151 (yüz əlli bir) manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə olmaqla, ümumilikdə 1.351 (min üç yüz əlli bir) manat borc yaranmışdır. Müqavilənin 7.2-ci bəndinə əsasən icarəyə verən icarəçi tərəfindən kobud pozuntuya yol verildikdə xəbərdarlıq vermədən bu müqaviləyə vaxtından əvvəl xitam vermək hüququna malikdir. Müqavilənin 7.2.1-ci yarımbəndinə əsasən icarə haqqının 10 (on) iş günündən artıq gecikdirilməsi kobud pozuntu hesab olunur. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən 30 iyun 2022-ci il tarixli 11-2022-0090 nömrəli bildirişlə 1 iyul 2022-ci il tarixindən müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bundan başqa, cavabdehə 16 iyun 2022-ci il tarixli 11- 2022-0080 nömrəli pretenziya məktubu ünvanlanaraq müqavilə üzrə yaranmış 1.300,60 (min üç yüz manat 60 qəpik) manat borc məbləğinin ödənilməsi tələb olunmuş, cavabdeh bu günə kimi ödəniş etməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehlərin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" ASC “vəkalət verən” "xxxx" MMC “vəkalət alan” olmaqla imzalanmış 3 may 2021 tarixli 01T/21 nömrəli tapşırıq müqaviləsinə əsasən vəkalət alan vəkalət verənin tapşırığı əsasında vəalət verənin mülkiyyətində olan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilmiş əmlaklara dair müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş xidmətləri göstərir, vəkalət verən isə göstərilən xidmətin müqabilində vəkalət alana bu müqavilədə nəzərdə tutulmuş qaydada xidmət haqqını ödəyir. 2.2.1-ci bəndinə əsasən bu müqavilə üzrə müvafiq vəzifələrin yerinə yetirildiyi zaman vəkalət verənin mənafelərini müdafiə etmək tərəflər arasında razılaşdırılmışdır. 3 may 2021 tarixli 01T/21 nömrəli tapşırıq müqaviləsinə 1 nömrəli əlavədə Bakı şəhəri H.Əliyev prospekti, 96A, ünvanında olan əmlak kompleksi barədə xidmətlərin göstərilməsi tərəflər arasında razılaşdırılmışdır. "xxxx" ASC-nin adından 3 may 2021 tarixli 01T/21 nömrəli tapşırıq müqaviləsi əsasında "xxxx" MMC “icarəyə verən” Cavabdeh MMC “icarəçi” olmaqla imzalanmış 20 may 2021 tarixli 11-İ-2021-0003 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri H.Əliyev prospekti, 96A, 2023-cü məhəllə, 4-cü meydançanın yanında anbar tipli ümumi sahəsi 18,24 kv.m. olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi tərəflər arasında razılaşdırılmışdır. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə obyektinin 1 aylıq icarə haqqının məbləği xx.xx.2021 tarixindən etibarən 200 manat müəyyən edilir. EBBP seriyalı 431664 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 200 manat, EBBQ seriyalı 866301 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 200 manat, EBBS seriyalı 230352 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 200 manat, EBBT seriyalı 865614 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 200 manat, EBBV seriyalı 713697 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 200 manat, EBBX seriyalı 627888 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 200 manat "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 215OPXO222520531 nömrəli xx.xx.2022 tarixli “A” formatlı ödəniş tapşırığına əsasən 70 manat Bakı 2 saylı Mediasiya Xidmətinin bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hımin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh MMC Bakı şəhəri H.Əliyev prospekti, 96A, 2023-cü məhəllə, 4-cü meydançanın yanında anbar tipli ümumi sahəsi 18,24 kv.m. olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi razılaşdırılmış, qeyd olunan qeyri-yaşayış sahəsi aylıq 200 manat icarə haqqı ödənilməsi şərtilə icarəyə verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi cavabdeh tərəfə göndərilmiş və təsdiqlənmiş elektron qaimələrlə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 1.200 manat icarə haqqı borcunun tələbi edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və qeyd edilən məbləğ cavabdehdən tutulmalıdır. Bundan başqa iddiaçı 151 manat cərimənin ödənilməsini də tələb etmişdir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, 120 cərimə borcu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 70 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 20 may 2021-ci il tarixli 01-İ-2021-0003 nömrəli icarə müqaviləsi üzrə yaranmış 1.200 (min iki yüz) manat icarə haqqı borcu, 120 (bir yüz iyirmi) manat cərimə məbləği, 70 (yetmiş) manat mediasiya xərci "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5614/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5614/2022
16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver