Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-562/2022 20.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi İddiaçı2, Cavabdeh1 nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı1 Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23500 ABŞ dollarının Azərbaycan manatı ekvivalenti olan 39950 manat əsas borcun, ödənişin gecikdirilməsinə görə faiz olaraq 4609 manat məbləğinin və mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğinin, məhkəməyə müraciət edərkən ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 44779 manat pul məbləğinin cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 MMC, onun təsisçisi Cavabdeh2, direktoru Cavabdeh3 birgə fəaliyyət göstərirlər və qarşılıqlı olaraq bir-biri ilə bağlıdırlar. Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 MMC-nin direktoru olan digər Cavabdeh3 atasıdır, onlar birlikdə sahibkarlıq fəaliyyətini həyata keçirməklə Abşeron rayonu, Zirə qəsəbəsində yerləşən istixananı birgə idarə ediblər. Cavabdehlər istixananın istifadəsi üçün lazım olan gübrə və pestisidlərin təmin edilməsi üçün İddiaçı1 MMC ilə alqısatqı münasibətlərində olmaqla malları (gübrə və pestisidləri) iddiaçıdan əldə ediblər. Tərəflər arasına əqdin mövcudluğunu və alqı-satqı əməliyyatları yazılı tərtib olunmuş, təqdim etmə və qəbulu təsdiq edən satış qaimələri mövcuddur. Həmin qaimələr təsdiq edir ki, mallar Abşeron rayonu Zirə qəsəbəsində yerləşən istixanada cavabdehlərə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilib və mallar Cavabdeh2 tərəfindən qaimələrə imza qoyulmaqla qəbul edilib. Qaimələrə əsasən, 29 avqust 2017-ci il tarixdə 8904,20 manat, 19 sentyabr 2017-ci il tarixdə 3279,75 manat, 01 iyun 2018-ci il tarixdə 30745,55 manat, 03 avqust 2018-ci il tarixdə 238,14 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehlərə təhvil verilmişdir. Cavabdehlər tərəfindən alınmış malların əvəzi iddiaçıya ödənilmədiyindən yaranmış borc məbləğinin mövcudluğunu təsdiq etmək və ödəniş vaxtını razılaşdırmaq üçün iddiaçı ilə cavabdehlər arasında, onları təmsil edən Cavabdeh2 şəxsində 18 iyul 2020-ci il tarixli üzləşmə aktı tərtib edilmiş və imzalanmışdır. Üzləşmə aktından görünür ki, həmin tarixədək gübrə və pestisidləri aldıqlarına görə cavabdehlərin iddiaçıya 23.500 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həm üzləşmə aktından, həm də 18 iyul 2020-ci il tarixli üzləşmə aktına əlavədən aydın olur ki, cavabdehlər Cavabdeh2 şəxsində təsdiq olunmuş 23500 ABŞ dollarını 30 noyabr 2020-ci ilədək ödəməyi öhdələrinə götürüblər. Tərəflər arasında gübrə və pestisidlərinin alğı-satqı münasibətlərinin əvəllər mövcud olduğu və davam etdiyi Cavabdeh1 MMC arasında 12 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi, həmçinin Cavabdeh2 şəxsində cavabdehlərlə iddiaçı arasında bağlanılmış 18 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə də təsdiq olunur. Həmin müqavilələrin bağlanması sonrakı münasibətlərdə cavabdehlərin birinin digərindən fərqləndirilməsinə və məsuliyyətinin konkretləşdirilməsinə yönəlmişdir. Cavabdehlərin müştərək məsuliyyət daşımasının əsasını həm də birgə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi, iddiaçıdan alınmış malların istifadə olunduğu sahibkarlıq obyektinin bir və eyni olması, habelə Abşeron rayonu, Zirə qəsəbəsində yerləşən istixananın əvvəllər Cavabdeh2 məxsus olması, sonradan onun təsisçisi olduğu Cavabdeh1 MMC-nin sahibliyinə keçməsidir. İddiaçı ilə Cavabdeh1 MMC arasında 12 iyun 2020-ci il tarixdə bağlanmış müqaviləni MMC-nin təsisçisi Cavabdeh2 imzalamışdır. Qeyd olunan müqavilənin Cavabdeh2 tərəfindən imzalanmasına digər cavabdeh, MMC-nin direktoru Cavabdeh3 tərəfindən müqavilə imzalanan zaman etiraz edilməməsi, cavabdehlərin birlikdə hərəkət etdiyini göstərir. Göstərilənlərə əsasən cavabdehlər öhdəliklərin yerinə yetirilməməsinə görə birgə cavabdehlik daşımalıdırılar. İddiaçının nümayəndəsi İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə etdiyini və iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək, iddanın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, malların istixanının ərazisinə göndərilməsi Cavabdeh1 MMC-yə təhvil verilmə sayıla bilməz. Satış qaimələrinə və ya üzləşmə aktına qol çəkdirilməsi və digər hallar üç cavabdehin qoyulması üçün əsas deyildir. Tərəflər arasında alqı – satqı münasibətləri olmuş və ödənişlər də həyata keçirilmişdir. Mallar 2017-2018-ci illərdə götürülsə də , alqı-satqı müqaviləsi 12 iyun 2020-ci ildə bağlanılmışdır. Müqavilə bağlandıqdan sonra heç bir əməliyyat aparılmamışdır. Buna görə də həmin müqavilə cavabdehdən pulun tutulması üçün əsas ola bilməz. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, malların təhvil verildiyi istixana Cavabdeh1 MMC-yə məxsus olmuşdur. Satış qaimələrində olan imzalar ona məxsusdur və həmin qaimələrdə qeyd olunan mallar təhvil verilsə də, bir hissəsinin ödənişi nağd şəkildə ödənilmiş və iddiaçının nümayəndəsi Vilayət müəllim bu barədə öz dəftərində qeyd aparmışdır, yerdə qalan mal qalığı isə sürücüyə qaytarılmışdır. 2020-ci ildə iddiaçı tərəfindən ona müraciət olunaraq müəssisədə audit yoxlaması aparılacağı bildirilmiş, bu məqsədlə müqavilənin və üzləşdirmə aktının imzalanması xahiş olunmuşdur. Buna görə də o, həmin sənədləri imzalamışdır. Müqavilə bağlandıqdan sonra heç bir əməliyyat aparılmamışdır. İddiaçıya inandığına görə o, malların dəyərini nağd şəkildə ödəyərkən ödəniş qəbzi tələb etməmiş, həmçinin müqavilələri, üzləşdirmə aktını və digər sənədləri imzalamışdır. Məhkəmə iclasında şahid qismində dinidirilmiş X1 ifadəsində göstərdi ki, İddiaçı1 MMC-də sürücü işləyir. Malları təhvil verən zaman malları qəbul edən şəxs Cavabdeh2 olmuşdur. Bir neçə dəfə o, cavabdehə malları təhvil vermişdir. Bir dəfə mal gətirilən zaman kisələr aşmdığına görə korlanmış, bu səbəbdən də Cavabdeh2 10 kisəni qəbul etməyəciyini bildirmiş və təqdim edilən malın qaiməsini də imzalamamışdır. Gətiriıən mallara gərə ona hər hansı pul məbləği verilməmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 12 iyun 2020-ci il tarixli, 01 nömrəli alqı-satqı müqaviləsinə əsasən "Satıcı"- İddiaçı1 MMC "Alıcı"ya gübrə və pestisid satır, "Alıcı" - Cavabdeh1 MMC isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini "Satıcı"ya ödəyir. - 18 iyul 2020-ci il tarixli, 01 nömrəli alqı-satqı müqaviləsinə əsasən "Satıcı"- İddiaçı1 MMC "Alıcı"ya gübrə və pestisid satır, "Alıcı" - Cavabdeh2 isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini "Satıcı"ya ödəyir. - 18 iyul 2020-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh2 23500 ABŞ dolları borc məbləğinin 30 noyabr 2020-ci il tarixədək və ya akta 1 saylı əlavədə göstərilən müddətlərdə hissələrlə ödəniləcəyini təsdiq etmişdir. - 18 iyul 2020-ci il tarixli üzləşmə aktına 1 saylı Əlavəyə əsasən Cavabdeh2 23500 ABŞ dolları məbləğində borcun 30 noyabr 2020-ci il tarixinədək ödəniləcəyini təsdiq etmişdir. - 29 avqust 2017-ci il tarixli, 3239 nömrəli satış qaiməsinə əsasən 8904,20 manat məbləğində, 19 sentyabr 2017-ci il tarixili, 3510 nömrəli satış qaiməsinə əsasən 3279,75 manat məbləğində, 01 iyun 2018-ci il tarixili, 2299 nömrəli satış qaiməsinə əsasən 30745,55 manat məbləğində, 03 avqust 2018-ci il tarixli, 3038 nömrəli satış qaiməsinə əsasən 238,14 məbləğində, ümumilikdə 43167,64 manat məbləğində mal Cavabdeh2 tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. İşin hallarından görünür ki, tərəflər arasında yazılı formada olmasa da, alqı – satqı müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur və iddianın əsasını 29 avqust 2017-ci il tarixli, 3239 nömrəli satış qaiməsinə əsasən 8904,20 manat məbləğində, 19 sentyabr 2017-ci il tarixili, 3510 nömrəli satış qaiməsinə əsasən 3279,75 manat məbləğində, 01 iyun 2018-ci il tarixili, 2299 nömrəli satış qaiməsinə əsasən 30745,55 manat məbləğində, 03 avqust 2018-ci il tarixli, 3038 nömrəli satış qaiməsinə əsasən 238,14 məbləğində, ümumilikdə 43167,64 manat məbləğində malların cavabdehlərə verilməsi və dəyərinin ödənilməməsi təşkil edir. Qaimələrin tarixlərindən də görünür ki, malların təhvil verilməsi İddiaçı1 MMC ilə Cavabdeh1 MMC arasında 12 iyun 2020-ci il tarixli, 01 nömrəli, Cavabdeh2 arasında 18 iyul 2020-ci il tarixli, 01 nömrəli alqı-satqı müqavilələrinin bağlanmasından öncə baş vermişdir. Həmin müqavilələr bağlandıqdan sonra tərəflər arasında hər hansı əməliyyat aparılmamışdır və aparıldığı təqdirdə belə hazırkı mübahisənin predmeti deyildir. Buna görə də məhkəmə hesab edir ki, həmin müqavilələrin hazırkı iş üçün sübuti əhəmiyyəti yoxdur. Satış qaimələrinə əsasən 43167,64 manat dəyərində malların Cavabdeh2 tərəfindən təhvil alınması, qaimələrin sonuncu tərəfindən imzalanması həm iddiaçının, həm də Cavabdeh2 izahatı ilə təsdiqini tapdığından məhkəmə qeyd olunan xüsusata işin mübahisələndirilməyən halı kimi qiymət verir. Cavabdeh2 iddiaya etirazının əsasını alınmış malların dəyərinin ödənilməsi təşkil edir. Belə olduğu təqdirdə isə etirazın əsasını təşkil edən halı, yəni, ödənişlərin aparıldığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Lakin Cavabdeh2 tərəfindən məhkəməyə ödənişlərin aparılması ilə bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Cavabdeh2 izahatında iddiaçıya inandığına görə malların dəyərini nağd şəkildə ödəyərkən ödəniş qəbzi tələb etmədiyini bildirsə də məhkəmə bu xüsusatı inandırıcı hesab etmir. Belə ki, tərəflər arasında qarşılıqlı inam olduğu təqdirdə nəinki qaimələrin imzalanmasına, hətta sonradan üzləşdirmə aktının imzalanmasına zərurət qalmırdı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Lakin məhkəmə iddia tələbini Cavabdeh1 MMC-yə və Cavabdeh3 aid hissədə əsassız hesab edir. Belə ki, həmin şəxslər tərəfindən hər hansı mal qəbul edilməmiş və malların dəyərinin ödənilməsi öhdəliyi götürülməmişdir. İş üzrə mötəbər sübut olan qaimələr və üzləşdirmə aktı həmin şəxslər tərəfindən deyil, Cavabdeh2 tərəfindən imzalanmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi ilə bağlı Cavabdeh2 aid olan hissədə təmin olunmalı, 39950 manat məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı irəli sürülmüş tələbin digər hissəsini – “gecikdirilmiş borc faizi məbləği”nin ödənilməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.5-ci maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 197 manat məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 39950 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı1nə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 197 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı1nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-562/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-562/2022
20.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver