Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5625/2025 12.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən 80.198,17 manat əsas borc məbləği, hər gecikdirilmiş iş günü üçün 0,2 % həcmində olmaqla 31.918,87 manat cərimə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5 % hesablanmaqla 3.341,59 gecikdirmə faizi olmaqla ümumiliklə 115.458,63 borc məbləği, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 406 manat dövlət rüsumunun, hüquqi yardımüçün ödənilmiş 325 manatın tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında 12 mart 2020-ci il tarixli, 13/2020 nömrəli Alqı-satqı Müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı satır, Alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan izolyasiya materiallarını (bundan sonra “Mal” adlandırılacaq) Satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Müqavilənin 4.4.1 – ci bəndində görə Malın qiymətini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək Alıcının vəzifəsidir. əAlıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur. Alıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya).
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (alıcı) arasında xx.xx.2020-ci il tarixli 13/2020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı satır, Alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan izolyasiya materiallarını (bundan sonra “Mal” adlandırılacaq) Satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikiasiya(lar)da müəyyən edilir.
12. 12 mart 2020-ci il tarixli 13/2020 nömrəli alqı-satqı müqaviləsinə Əlavələr ilə tərəflər malın adı, ölçü vahidi, miqdarı, qiyməti barədə razılığa gəlmişlər.
13. Müqavilə və ona Əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan , İddiaçı üzərinə düşür.
16. İş materiallarından görünür ki, 12 mart 2020-ci il tarixli 13/2020 nömrəli alqı-satqı müqaviləsinə tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş Əlavələrdə göstərilən mallar təhvil-təslim aktları ilə iddiaçı tərəfindən cavabdehə verilmişdir.
17. Bundan başqa iddiaçı tərəfindən 12 mart 2020-ci il tarixli 13/2020 nömrəli alqısatqı müqaviləsinə əsasən verilən mallara görə cavabdehə 80.195,15 manat dəyərində elektron qaimələr göndərilmişdir.
18. Hazırda iddiaçı cavabdehin 80.198,15 manat borcunun qaldığını bildirərək cavabdehdən tutulmasını xahiş edir.
19. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi borcun olduğunu qəbul etdiyini, iddianı faiz borcun tutulması hissəsində qəbul etmədiyini bildirmiş, tərəflə danışıqların aparılması üçün məhkəmədən vaxt verilməsini xahiş etmişdir.
20. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
21. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf Məhkəmə baxış iclasına gəlməmiş, borcun ödənilməsi ilə bağlı sənədi məhkəməyə təqdim etməmiş, yalnız məhkəmə iclasının təxirə salınması ilə bağlı məhkəməyə ərizə göndərməklə kifayətlənmişdir.
22. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, əsas borc üzrə 80.198,15 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Məhkəmə 31.918,87 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir
24. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən satıcı alıcıdan hər gecikdirilən iş günü üçün malın dəyərinin ödənməmiş hissəsinin qiymətinin 0,2% həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər.
25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
26. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 4.000 manat məbləğində cərimə daha ağlabatan və ədalətlidir.
27. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 3.341,59 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
28. Mülki Məcəllənin 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir, 466.2.1-ci maddəsinə əsasən zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər, 466.3-cü maddəsinə hdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.
29. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi ilə bağlı 4.000 manat məbləğində pulun tutulması hissəsində təmin edildiyindən, əsas borca illik 5 faiz hesablamaqla 3.341,59 manat məbləğin tələb edilməsi hissəsində təmin edilə bilməz.
30. Məhkəmə hesab edir ki, iddianın 325 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir.
31. Belə ki, İddiaçı ona hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 ilə xx.xx.2025-ci il tarixli Hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlamış, xx.xx.2025-ci il tarixli elektron order verilmiş, 325 manat məbləğində pul iddiaçı tərəfindən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür.
32. Bundan başqa məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 342,59 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli 13/2020 saylı müqaviləyə əsasən əsas borc üzrə 80.198 (səksən min yüz doxsan səkkiz) manat 15 (on beş) qəpik, cərimə borcu üzrə 4.000 (dörd min) manat olmaqla, ümumilikdə 84.198 (səksən dörd min yüz doxsan səkkiz) manat 15 (on beş) qəpik məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 342 (üç yüz qırx iki) manat 59 (əlli doqquz) qəpik məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 325 (üç yüz iyirmi beş) manat məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov