Məhkəmə qərarları › İş №e-2-2(113)-5631/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5631/2025

31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5631/2025 31.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) X5 Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, X1 müştərək qaydada onun xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 29.382.92 manat əsas borc, 3.927.56 manat faiz borcu, 327.75 manat cərimə borcu olmaqla, ümumilikdə, cəmi 33.638.23 manat borcun və 190.91 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 MMC-yə 120 ay müddətinə 300.000 manat kredit limiti ayrılmışdır. Cavabdeh1 MMC xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 20 faizlə 36 ay müddətinə 40.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixli, X3 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. 2025-ci il fevralın 7-dək Cavabdeh1 MMC-nin banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 29.382.92 manat əsas borcu, 3.927.56 manat faiz borcu, 1310.98 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 34.621.46 manat borcu vardır. Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1.310.98 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 327.75 AZN məbləğində tələb olunur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən borcalana 300.000 manat məbləğində kredit xətti açılmış və kredit xəttinin müddəti 120 ay nəzərdə tutulmuşdur. xx.xx.2021 tarixli 29-MCR-1-629-21 saylı Kredit limitinin ayrılmasına dair müqaviləyə Əlavə Sazişin 1.1-ci bəndinə əsasən müqaviləyə aşağıdakı redaksiyada 10-cu bəndinə əlavə edilir: - Cavabdeh3 tərəfindən verilən zaminlik (xx.xx.2022 tarixli Z/19135/22 nömrəli müqavilə). İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank müştəriyə 36 ay müddətinə illik 20 % ilə qaytarmaq şərti ilə 40.000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. 29-MCR-1-629-21/3 Sayli Kredit Müqaviləsinə 1 saylı Əlavədən müəyyən olunur ki, aylıq faiz dərəcəsi 1,67 % olan kredit üzrə borcalan Cavabdeh1 MMC xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixinə qədər hər ay 1486,54 manat (sonuncu ay 1486,71 manat) ödəməlidir. "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin borc ödəliyinin icrasının təminatı olaraq Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixli, X3 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri imzalanmışdır. Zaminlik müqavilələrinə əsasən xx.xx.2021 il tarixli, 29-MCR-1-629-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə bankdan kredit götürmüş bocalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlər öz üzərlərinə götürmüşlər. Müqavilələrin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yelo Bank ASC-nin Mərdəkan Filialı tərəfindən tərtib edilmiş kartın təhvil-təslim aktından görünür ki, xx.xx.2021-ci il tarixində 430850_******7060 saylı kart X3 tərəfindən təhvil alınmışdır. Cavabdeh1 MMC-nin İddiaçı ASC-dəki hesabından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə onun hesabına 40.000 manat köçürülərək kredit verilmişdir. İddiaçı ASC-nin maliyyə arayışına əsasən Cavabdeh1 MMC-yə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borc üzrə qalıq məbləğ 29.382.92 manat, faiz borc üzrə qalıq məbləğ 3.927.56 manat və cərimə üzrə qalıq borc məbləğ 1.310,98 manat, ümumi borc məbləği 34.621.46 manat müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 190,91 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Məhkəmə iş metariallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Çünki məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021 il tarixli, 29-MCR-1-629-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən cavabdehə 300.000 manat məbləğində kredit xətti açılmış və kredit xəttinin müddəti 120 ay nəzərdə tutulmuşdur. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə illik 20 %-lə qaytarmaq şərti ilə 40.000 manat məbləğində kredit vermişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh3 və X3 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını və müqavilələrin şərtlərini, eləcə də cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların iddiaçıya 29.382.92 manat əsas borc, 3.927.56 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməli, cavabdehlərdən müştərək qaydada 29.382.92 manat əsas borc, 3.927.56 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehlərdən hesablanmış 327,75 manat məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən müştərək qaydada 327,75 manat məbləğində cərimə məbləği tutulmalıdır. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş 190,91 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, X1 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 29382,92 manat əsas borc, 3927,56 manat faiz borcu, 327,75 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 33638 (otuz üç min altı yüz otuz səkkiz) manat 23 (iyirmi üç) qəpik borcun və ödənilmiş 190 (yüz doxsan) manat 91 (doxsan bir) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar