Məhkəmə qərarları › İş №e-2-2(113)-5638/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5638/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5638/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızı tərəfindən İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (bank) ilə Cavabdeh1 (müştəri) arasında xx.xx.2022-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********20042022 nömrəli ümumi müqavilədən bağlanmış və həmin müqaviləyə əsasən bank həmin müqavilə çərçivəsində müştəriyə aşağıdakı xidmət və məhsulları təqdim etmişdir: a) Cari hesabın açılması, aparılması və “Müştəri-Bank” Xidməti; b) Kredit; c) Korporativ kart; Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müştəri, bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə (tələb olunduğu hallarda və məhsullar üzrə) Müştəri və Bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır.

2. İddiaçı ASC (bank) ilə Cavabdeh1 (borc alan) arasında xx.xx.2022-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********20042022 nömrəli ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli KBMK5096943A121 saylı əlavə bağlanmışdır. Həmin əlavənin: - 1-ci bəndinə əsasən hazırkı əlavə Bank və Borcalan arasında bağlanmış **********20042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 (bundan sonra “Müqavilə” adlanacaq) ayrılmaz tərkib hissəsi hesab olunur. - 2-ci bəndinə əsasən bank aşağıdakı xüsusi şərtlərlə Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür: 2.2. Kreditin məqsədli təyinatı: Dövriyyə vəsaiti 2.3. Kreditin müddəti: 31 ay 2.4. Kreditin məbləği: 20.000 manat 2.6. Kredit üzrə illik faiz dərəcəsi: 22% 2.7. Kreditin qaytarılma müddətləri pozulduqda tətbiq olunan faiz dərəcəsi: Bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən əlavə 0.5% 2.8. FİFD:22.45% Müqavilə bankın imzası və möhürü və borc alanın imzası ilə təsdiq edilmişdir.

3. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında 20 aprel 2022-ci il tarixli ZM- KBMK5096943A121 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən zamin borc alanın kreditor qarşısında yaranmış, bu Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. - 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu **********20042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 və həmin müqaviləyə Kreditləşmənin xüsusi şərtlərinə dair 20 aprel 2022-ci il tarixli KBMK5096943A121 saylı əlavə ilə müəyyən olunur. - 1.9-cu bəndinə əsasən zamin əsas borc, hesablanmış istifadə faizi, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər, habelə borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borcalanla eyni həcmdə, birgə məsuliyyət daşıyır. - 1.10-cu bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik (borc), habelə kredit müqaviləsi üzrə hüquqlar hər hansı bir səbəbdən, o cümlədən vərəsəlik, hüquqi varislik qaydasında başqa şəxsə keçdikdə, borcalan öldükdə və ya hüquqi şəxs ləğv edildikdə zaminlik qüvvəsində qalır. - 3.3.2.4-cü bəndinə görə bu müqavilənin 1.2-ci bəndində qeyd olunmuş müqavilədə nəzərədə tutulmuş digər hallarda; kreditor kredit müqaviləsi üzrə əsas və faiz borclarını zaminin sərəncamı olmadan, akseptsiz qaydada onun bankdakı hesabından tuta (silə) bilər. Müqavilə kreditorun imzası və möhürü ilə, zaminin isə imzası ilə təsdiq edilmişdir.

4. xx.xx.2022-ci il tarixli KBMK5096943A121 saylı kredit müqaviləsinə əlavənin ödəniş cədvəlinə əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 20.000 manat, faizin məbləği 6410,24 manat, cəmi ödəniləcək məbləğ 26.410,24 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli borc alan və bank tərəfindən imzalanmışdır, bankın möhürü təsdiq edilmişdir.

5. 15.07.2024-cü il tarixli 2024/104/19148 saylı maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********20042022 Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli KBMK5096943A121 saylı Əlavəsi üzrə Cavabdeh1 oğlunun xx.xx.2024-cü il tarixə 6972,64 manat əsas borc, 41,13 manat faiz borcu olmaqla cəmi 7013,77 manat kredit borcu təşkil edir.

6. xx.xx.2024-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq kredit müqaviləsi üzrə yaranmış borcun (7046,91 manat əsas və 666,86 manat məbləğində faiz borcu) tam şəkildə ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı Kapital Bank” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6972,64 manat əsas, 41,13 manat faiz, cəmi 7013,77 manat borcun və ödənilmiş 90,14 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx/xx/2022-cü il tarixli KBMK5096943A121 saylı kredit müqaviləsinə əsasən ona illik 22 faiz dərəcəsi ilə 31 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx/xx/2022-cü il tarixli ZMKBMK5096943A121 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.1, 284.1-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri 10.İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

11. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

15. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. MƏHKƏMƏNİN MÖVQEYİ

16. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********20042022 nömrəli ümumi müqavilə və Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli KBMK5096943A121 saylı əlavədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh1 müqavilədə və əlavədə müəyyən edilmiş şərtlərlə cəmi 20.000 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.

18. Cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi xx.xx.2024-cü il tarixdə Cavabdeh1 a məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri tələb etmək hüququna malikdir.

19. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdən sonra cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəniş edilməklə xx.xx.2024-cü il tarixə əsas borc 6972,64 manat,faiz borcu isə 41,13 manat təşkil etmişdir.

20. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********20042022 nömrəli ümumi müqavilə və Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli KBMK5096943A121 saylı əlavə üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında 20 aprel 2022-ci il tarixli ZM-KBMK5096943A121 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 borc alan Cavabdeh1 mübahisəli kredit müqaviləsindən (xx.xx.2022-ci il tarixli KBMK5096943A121 saylı əlavədən) irəli gələn öhdəliklərinə zamin durmuşdur.

21. Məhkəmə zamin Cavabdeh2 mübahisəli kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.

22. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 90,14 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.

23. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 90,14 manat təşkil edir.

24. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90,14 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. 25.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada krеdit müqaviləsi üzrə 6972,64 manat məbləğində əsas, 41,13 manat məbləğində faiz borcu olmaqla, cəmi 7013,77 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 90,14 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar