Məhkəmə qərarları › İş №e-2-2(113)-565/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-565/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-565/2023 13.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən 040-0B/2018 saylı, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməməsi nəticəsində "xxxx" MMC-yə təhvil verilməyən 42 kv metr sahəyə görə artıq ödənilmiş 26762,4 manat məbləğində icarə haqqının, "xxxx" MMC tərəfindən “x” restoranına çəkilmiş 319112 manat məbləğində xərcin, icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi ilə bağlı "xxxx" MMC-yə dəymiş 8000 manat məbləğində ərzaqla bağlı zərərin, 648 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMCdən tutularaq, "xxxx" MMC-yə ödənilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, xxx ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki 422 kv metr sahədən ibarət restoran illik ƏDV-siz 75960 manat icarə haqqı müqabilində "xxxx" MMC-yə icarəyə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdən qüvvəyə minməklə xx.xx.2028-ci il tarixədək müəyyən edilmişdir. İcarə müqaviləsi bağlandıqdan sonra həmin sahə "xxxx" MMC-yə təhvil verilmiş və restoranın işlək vəziyyətə gətirilməsi üçün sonuncu tərəfindən ümumilikdə 319112 manat xərc çəkilmişdir. Həmin xərcə restorana alınan avadanlıqlar, yəni stol və stul dəstləri, qab-qacaq dəstləri, bar, musiqi-səs sistemi, barkod-kassa sistemi, dekorativ ləvazimatlar (güllər, tavan gülləri, dibçəklər, divar şəkilləri və s.), mətbəx üçün avadanlıqlar (mebel və elektrik avadanlıqlar), pərdələr və s. kimi ləvazimatların alınması daxildir. Restoranın adı “x” adlandırılmış və restoran yüksək səviyyədə servis və xidmət göstərməklə fəaliyyət göstərmişdir. 2020-ci ilin mart ayından etibarən dünyada və ölkədə baş verən Covid-19 virusunun qarşısının alınması məqsədilə tətbiq olunan qapanmalarla əlaqədar “x” restoranı da fəaliyyətini dayandırmaq məcburiyyətində olmuşdur. Restoranın əsas fəaliyyət istiqaməti ümumi şənlik tədbirlərinin keçirilməsi olduğundan pandemiya vaxtı online fəaliyyətin davam etdirilməsi mümkün olmamışdır. Çünki restoran əsasən banket tədbirlərinin keçirilməsi istiqamətində ixtisaslaşdığından online fəaliyyət üçün heç bir şərait olmamışdır. Buna baxmayaraq, mülkiyyətçi tərəfindən online fəaliyyət göstərilməsi tövsiyə olunaraq, icarə haqqının ödənilməsi tələb olunmuşdur. Beləcə, pandemiya vaxtı bəzi aylarda icarə haqqı "xxxx" MMC-nin rəhbərliyinin öz şəxsi vəsaiti hesabına ödənilsə də, restoran fəaliyyət göstərmədiyindən icarə haqqının tam şəkildə ödənilməsi mümkün olmamışdır. Bundan sonra "xxxx" MMC-yə icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi və restoranın qısa zaman ərzində boşaldılaraq təhvil verməsi ilə bağlı "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə icarə müqaviləsinin 10-cu maddəsinə əsasən fors-major hallarının olması (pandemiya) ilə əlaqədar icarə haqqından borcun yarandığı, ümumiyyətlə qanunvericiliyin və müqavilənin tələblərinə əsasən "xxxx" MMC tərəfindən restoranın təhvil verilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu barədə bildirilmişdir. Lakin buna baxmayaraq, restoranın təhvil verilməsi üçün təhdidlər edilərək, hədə-qorxu gəlinmişdir. xx.xx.2021-ci il tarixdə səhər tezdən "xxxx" MMC-nin rəhbərliyi tərəfindən “x” restoranının qapıları bağlanmış və "xxxx" MMC-nin əməkdaşları restorana buraxılmamışdır. Bundan sonra "xxxx" MMC-nin rəhbərliyi tərəfindən "xxxx" MMC-yə restorana girməyin qadağan olunduğu, icarə haqqı borcu ödənildikdən sonra restoranda "xxxx" MMC-yə məxsus olan avadanlıqların təhvil veriləcəyi bildirilmişdir. Bugünədək dəfələrlə müraciət edilməsinə baxmayaraq, "xxxx" MMC-yə qarşı qanunsuz əməllərə davam edilmiş və zamanında geri qaytarılmadığı üçün avadanlıqların hamısı yararsız vəziyyətə düşmüşdür. Beləcə, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən böyük çətinliklə və əziyyətlə 319112 manat xərc əsasında yaradılan “x” restoranı yararsız vəziyyətə salınmış və "xxxx" MMC-yə külli miqdarda zərər vurulmuşdur. Restoran bağlanarkən təxminən 8000 manat məbləğində ərzaq məhsulları da "xxxx" MMC-yə təhvil verilməmişdir. Bundan başqa, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə nəzərdə tutulan 422 kv.metr sahədən 42 kv.metr sahə "xxxx" MMC-yə təhvil verilməmişdir. Lakin buna baxmayaraq, həmin sahə üzrə də "xxxx" MMC tərəfindən icarə haqqı icarə müqaviləsində nəzərdə tutulmuş tam sahə üzrə ödənilmişdir. Dəfərlərlə təhvil verilməyən 42 kv metr sahənin də təhvil verilməsi "xxxx" MMC-nin rəhbərliyindən tələb olunsa da, həmin tələb yerinə yetirilməmişdir. Beləcə, "xxxx" MMC tərəfindən təhvil alınmayan 42 kv metr sahəyə görə də illik 7560 manat (ƏDV daxil olmadan) icarə haqqının "xxxx" MMC-yə ödənilməsi həyata keçirilmişdir (7560 x 3 = 22680 + 18 % ƏDV 26762,4 manat). "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin 11.1-ci bəndinə əsasən bu müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Göründüyü kimi, tərəflər arasında müqavilənin xitamı ilə bağlı qarşılıqlı razılıq mövcud olmamışdır. Belə olan halda həm qanunun tələbinə, həm də müqavilənin şərtlərinə görə müqavilə yalnız məhkəmə qaydasında ləğv edilə bilər. Ona görə də cavabdehin Ç21-055 saylı, xx.xx.2021-ci il tarixli məktubla müqaviləyə birtərəfli qaydada xitam verməsi etibarsızdır. xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi bağlanarkən pandemiyanın və müharibənin başlanması, habelə qapanmaların olmasını heç kim proqnoz edə bilməzdi. Bu səbəbdən də həmin hal fors-major halı kimi qiymətləndirilməlidir. Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 120 saylı qərarı ilə bir sıra sahələrdə xx.xx.2020-ci il saat 00:00-dan xx.xx.2020-ci il saat 00:00-dək fəaliyyət dayandırlmışdır. xx.xx.2020-ci il tarixli, 190 saylı qərar ilə restoranların fəaliyyəti xx.xx.2020-ci il tarixdən bərpa olunmuş və xidmət saatı 08:00-dan 22:00-a dək müəyyən olunmaqla 10 nəfərdən artıq qruplarda cəmləşmək qadağan olunmuşdur. xx.xx.2020-ci il tarixli, 208 saylı qərara əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək açıq hava istisna olmaqla, yerində xidmət qadağan edilmişdir. xx.xx.2020-ci il tarixli, 236 saylı qərarla ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilmiş və həftə sonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdır. xx.xx.2020-ci il tarixli, 294 saylı qərar ilə xx.xx.2020-ci il tarixdən restoranların fəaliyyəti yenidən bərpa olunmuşdur. xx.xx.2020-ci il tarixli qərarla xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək restoranlarda yerində xidmət qadağan edilmişdir. Beləliklə, "xxxx" MMC tərəfindən qanunvericiliyin və icarə mqaviləsinin tələbləri kobud surətdə pozulmaqla "xxxx" MMC-yə ümumilikdə 327112 manat (319112 manat avadanlıq və ləvazimatlar, 8000 manat ərzaq məhsulları) məbləğində maddi zərər vurulmuşdur. Cavabdeh iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 040-0B/2018 saylı, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən "xxxx" MMC mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, xxx ünvanında yerləşən, sahəsi 422 kv.m olan qeyri-yaşayış sahəsini "xxxx" MMC-nin icarəsinə vermiş, icarə müqaviləsinin müddəti xx.xx.2018 il tarixdən - xx.xx.2028-ci il tarixədək nəzərdə tutulmuşdur. Həmin icarə müqaviləsi üzrə "xxxx" MMC üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixinə olan əsas icarə haqları - 138848,92 manat (ƏDV daxil), pul öhdəliklərinin yerinə yetirməsinin gecikdirilməsinə görə - 109737,21 manat dəbbə pulu, kommunal xərclər - 12844,96 manat, vəkilə çəkilmiş xərclər - 1200 manat, cəmi 262631,09 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi və 552,63 (152,63+400) dövlət rüsumunun cavabdehə aid edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-2206/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən 25 aprel 2018-ci il tarixli, 040-OB/18 saylı müqavilə üzrə 138848,92 manat (ƏDV daxil) icarə haqqının, 12844,96 manat kommunal xərclərin, 1200 manat vəkilə ödənilmiş məbləğin, 10000 manat dəbbə pulunun "xxxx" MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 400 manat mediasiya xərci və 152,63 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırkı iş üzrə iddiaçı "xxxx" MMC iddia tələbində "xxxx" MMC-yə təhvil verilməyən 42 kv.m sahəyə görə artıq ödənilmiş 26762,4 manat məbləğində icarə haqqının ödənilməsini xahiş etmiş və iddianın bu hissəsini onunla əsaslandırmağa çalışmışdır ki, guya icarə müqaviləsi üzrə nəzərdə tutulan 422 kv.m sahədən 42 kv.m sahə "xxxx" MMC-yə təhvil verilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış 040-0B/2018 saylı, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə qeyri-yaşayış icarə sahələrinin təhvil-təslim aktının 1-ci bəndində göstərilmişdir ki, müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Xətai rayonu, xxx ünvanında yerləşən binanın birinci mərtəbəsində sahəsi 422 kv.m təşkil edən qeyri-yaşayış tipli icarə sahəsini təhvil verdi, icarəyə götürən isə bunları təhvil aldı. Həmin aktın 4-cü bəndində göstərilmişdir ki, icarəçinin icarə obyektinin vəziyyətinə və təchizatına dair iradı yoxdur. Göründüyü kimi, sahəsi 422 kv.m olan qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən icarə müqaviləsinin şərtlərinə uyğun olaraq "xxxx" MMC-yə təhvil-təslim aktına əsasən təhvil verilmiş və bu zaman obyektin sahəsinin müqavilədə göstəriləndən az olmasına dair iddiaçının hər hansı iradı olmamışdır. İddiaçının həmin obyektdən istifadə etdiyi müddət ərzində də heç vaxt bu barədə iradı olmamışdır. Çünki həmin obyekt müqavilədə göstərilən həcmdə iddiaçıya təhvil verilmiş və borc yaranan dövrə qədər də iddiaçı 422 kv.m olan qeyri-yaşayış sahəsinə dair müqavilə üzrə ödənişlər həyata keçirmişdir. İddia tələbində həmçinin göstərilmişdir ki, icarə müqaviləsi bağlandıqdan sonra həmin sahə "xxxx" MMC-yə təhvil verilmiş və restoranın işlək vəziyyətə gətirilməsi üçün sonuncu tərəfindən ümumilikdə 319112 manat xərc çəkilmişdir. Bu günədək dəfələrlə müraciət edilməsinə baxmayaraq, vaxtında geri qaytarılmadığı üçün avadanlıqların hamısı yararsız vəziyyətə düşmüşdür. İddia tələbinin bu hissəsinə münasibətdə bildirilir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verildikdən sonra "xxxx" MMC-yə aid olan əşyaların hamısı deyil, onlardan bir qismi icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənin girov hüququ üzrə müvafiq akt tərtib edilməklə, "xxxx" MMC-nin saxlancına verilmişdir. Həmin əmlaklar hansı vəziyyətdə saxlanca qəbul edilmişsə, hazırda da həmin vəziyyətdə "xxxx" MMC-nin anbarlarında saxlanılır. "xxxx" MMC tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və nəticədə "xxxx" MMC-yə borcu yarandığından iddiaçıya məxsus əşyalar üzərində "xxxx" MMC-nin qanundan irəli gələn girov hüququ yarandığından həmin əmlakların girov kimi saxlanca alınması zamanı qanunun tələbləri pozulmamışdır. Bundan başqa, Mülki Məcəllənin 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Göründüyü kimi, tərəflər arasında bağlanmış 25 aprel 2018-ci il tarixli, 040-OB/18 nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyindən və "xxxx" MMC-də bu barədə vaxtında məlumatlı olsa da, iddiaçı Mülki Məcəllədə nəzərdə tutulmuş altı aylıq müddəti ötürmüşdür. Bundan başqa, iddiaçı 8000 manat məbləğində ərzaqla bağlı zərərin ödənilməsini də tələb etmişdir. İddianın bu hissəsinə münasibətdə bildirilir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verildikdən sonra "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilmiş olsa da, dəfələrlə edilən müraciətə baxmayaraq, məsuliyyətsizlik göstərilərək icarə sahəsindəki soyuducuda saxlanılan ərzaq məhsulları aparılmamışdır. Ərzaq məhsularının soyuducuda saxlanılması üçün "xxxx" MMC tərəfindən elektrik enerji sərfiyyatı ilə bağlı öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən ərzaq məhsullarının aparılmasına ümumiyyətlə hər hansı məhdudiyyət qoyulmamışdır. Dəfələrlə şifahi danışıqlardan və yazılı müraciətdən sonra ərzaq məhsullarının bir hissəsi "xxxx" MMC-nin əməkdaşları tərəfindən ərazidən götürülmüşdür. İddiaçıya məxsus ərzaq məhsullarının qorunub-saxlanılması "xxxx" MMCnin vəzifəsi deyildir və əgər "xxxx" MMC-yə məxsus hər hansı ərzaq məhsulları zay olmuşsa, bu, iddiaçının özünün təqsirindən olmuşdur. "xxxx" MMC tərəfindən ərzaq məhsullarının vaxtında aparılmaması nəticədə "xxxx" MMC tərəfindən həmin ərzaq məhsularının soyuducuda saxlanılması üçün sərf olunmuş elektrik enerjisinə görə əlavə ödənişlər həyata keçirilməsi ilə nəticələnmişdir. Göründüyü kimi, "xxxx" MMC tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsində yerləşdirilmiş əyşalara kirayəyə verən "xxxx" MMC-nin qanundan irəli gələn girov hüququ vardır və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununa əsasən kirayəyə verən "xxxx" MMC xüsusi yüklülük sahibi kimi həmin predmetə tutma yönəldilməklə satışını təşkil etmək hüququna malikdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, "xxxx" MMCdə menecer vəzifəsində çalışmışdır. Pandemiya dövrü və müharibə vaxtı restoran fəaliyyət göstərmədi. 2021-ci ilin dekabr ayının 20-də işə gəldikləri zaman görmüşlər ki, giriş kartı işləmir və qapıları açmır. Onlara bildirmişlər ki, icarəyəverən tərəfindən kartlar bağlanmışdır. Əvvəlcədən rezerv edilmiş sifarişlər üçün 5-6 gün işləməyə icazə verilməsini xahiş etsələr də, onlara icazə verməmişlər. Onlar mühafizəçi tərəfindən obyektə buraxılmamışlar. Obyektdəki avadanlıqların dəyəri təxminən 300000-350000 manat məbləğində idi. Obyektdə bir sıra - zaldakı stol və stullar, bir ədəd kofe aparatı icarəyəverənin idi. Həmçinin cavabdeh tərəfindən obyektdəki yaşıllıq sahələrinə 10000 manat məbləğində xərc çəkilmişdir. Hazırda onlardan yeni icarəçi istifadə edir. Eyni zamanda bar stolu, tablo, monitor və s. iddiaçının idi. O, həmin obyekt bağlanan vaxta kimi təxminən bir il müddətində orada işləmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İcarəyə verən qismində "xxxx" MMC ilə icarəçi qismində "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli, 040-OB/18 nömrəli qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Xətai rayonu, xxx ünavnında yerləşən və Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr kitab nömrə 68, vərəq 6521-də, qeydiyyat nömrəsi **********, xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində oian binanın birinci mərtəbəsində ümumi icarə sahəsi 422 (dörd yüz yirmi iki) kv.m olan və mərtəbə planında göstərilən (Əlavə 1) restoran və mətbəx sahəsini, icarəçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul edib, ondan təyinatına uyğun istifadə etməyi və bu müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Göstərilən ümumi icarə sahəsinin 422 (dörd yüz iyirmi iki) kv.m faydalı sahədir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə obyekti icarəçi tərəfindən yalnız restoran və mətbəx yerləşdirilməsi məqsədləri üçün istifadə edilə bilər. Tərəflərin qarşılıqlı razılığı ilə icarə obyektinin digər funksional təyinatı müəyyən edilə və bu müqavilədə göstərilə bilər. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəyə verənin rəsmi razılığı olmadan icarəçi icarə obyektini digər məqsədlər və təyinat üzrə istifadə edə bilməz. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarə obyekti icarəçiyə tam təmir olunmuş halda verilir. Təmirə aşağıdakılar daxildir: Giriş qapıları, döşəmə, tavan, elektrik panoları, kabel xətləri, açarları və yuvaları, isti-soyuq su təchizatı və sayğacları, drenaj sistemi, işıqlandırma , daikin VRV İV soyutma avadanlığının çöl və daxili aqreqatları (kanallar daxil), havalandırma sistemi (qoxututucu filtrlər və kanallar daxil), sprinkler sistemi, isitmə sistemi, İT svitç, restoran zalına aid olan mebel (oturacaqlar, divanlar və masalar), zal üçün servis xətti (bütün avadanlıqlar daxil). Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə obyekti bu müqavilənin 4.1-ci bəndində göstərilən icarə müddətinə icarəyə verən tərəfindən təhvil verilməsi və icarəçi tərəfindən qəbul edilməsi, tərəflər arasında bu icarə müqaviləsi aksept edildiyi an (müqavilə təklifini (ofertanı) qarşı tərəf qeyd şərtsiz qəbul edərək imzaladığı an) rəsmiləşdirilən təhvil-təslim aktı əsasında həyata keçirilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən tərəflərin razılığı ilə icarə obyektinin təhvil-təslimi icarə müqaviləsi qəbul edildiyi andan sonrakı günlərə təsadüf edərsə, bu hal, yəni təhvil-təslim aktı imzalanmadığı günlər üçün icarə haqqının ödənilməsindən imtina üçün əsas ola bilməz və icarə haqqı icarə müqaviləsinin 4.1-ci bəndində göstərilən gündən başlayaraq hesablanır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə müddəti 01 sentyabr 2018-ci ildən 31 avqust 2028-ci ilə qədər müəyyən edilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən icarə obyektinin ümumi icarə haqqının illik məbləği ƏDV daxil olmadan 75960 (yetmiş beş min doqquz yüz altmış) manat təşkil edir. Həmin müqavilənin 5.9-cu bəndinə əsasən bu müqavilənin imzalanmasından sonra icarə obyektinin icarəçi tərəfindən istifadə edilməməsi icarəçinin icarə haqqını ödəməkdən imtinası üçün əsas ola bilməz. Həmin müqavilənin 6-cı bəndinə əsasən icarəçinin öhdəlikləri: 6.3.7-ci bəndinə əsasən icarəçi bu icarə çərçivəsində ödənilməli olan bütün icarə haqqlarını və digər məbləğləri dərhal ödəyəcəkdir. 6.3.16-cı bəndinə əsasən icarə müddəti başa çatdıqda və ya bu müqaviləyə vaxtından əvvəl xitam verildikdə icarəçi obyektini və onun hissələrini qanunla müəyyənləşdirilmiş qaydada aşınması (normal köhnəlməsi) nəzərə alınaraq çıxılmaqla saz vəziyyətdə icarəyə verənə qaytarmaqla yanaşı, icarə obyektinə zərər yetirmədən ondan ayrıla bilinməyən yaxşılaşdırılmaları, bu yaxşılaşdırılmalara çəkilmiş xərclərin əvəzini tələb etmədən icarəyə verənə təqdim etmək, 6.3.19-cu bəndinə əsasən bu müqavilə icarəçi tərəfindən birtərəfli qaydada vaxtından əvvəl pozulduğu halda, icarəçi obyektin və onun hissələrini və təmirini qanunla müəyyənləşdirilmiş qaydada aşınması (normal köhnəlməsi) nəzərə alınaraq çıxılmaqla saz vəziyyətdə, quraşdırmış olduğu-bütün daşınabilən avadanlıqları götürməklə, icarəyə verənə təqdim edir. Həmin müqavilənin 8.2ci bəndinə əsasən bu müqavilə üzrə icarə müddətinin başa çatması və ya müqaviləyə vaxtından əvvəl xitam verilməsi zamanı icarəçi icarə obyektini vaxtında tərk etmədikdə (fors major hallar, istisna olmaqla) və icarəyə verənə təhvil vermədikdə, icarəyə verən icarəçidən icarə müddətinin başa çatmasından icarə obyektinin faktiki təhvil verilməsinə qədər olan müddətə gorə iki qat həcmdə icarə haqqı ödəməyi tələb etmək hüququna malikdir və icarəçi bu tələbi icra etməyə borcludur. İcarəçi tərəfindən icarə obyektinin boşaldılması və icarəyə verənə təhvil verməsinin istənilən belə gecikdirilməsi bu müqavilə üzrə icarə müddətinin uzadılması hesab edilə bilməz. - Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 040-OB/18 nömrəli icarə müqaviləsi üzrə qeyri-yaşayış icarə sahələrinin xx.xx.2018-ci il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, 1) müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Xətai rayonu, xxx ünvanında yerləşən binanın birinci mərtəbəsində sahəsi 422 kv.m təşkil edən qeyriyaşayış tipli icarə sahəsini təhvil verdi, icarəyə götürən isə bunları təhvil aldı, 2) təhvil verilmiş icarə obyekti tam təmirli vəziyyətdə, yəni tam təmirli restoran sahəsi və təmir edilmiş mətbəx bölümü halında təhvil verilir. İcarə obyekti icarəçiyə təhvil-təslim aktında qeyd edilən avadanlıq və əşyalarla təmin edilmiş halda təhvil verilir, 3) İcarə obyekti müqavilənin şərtlərinə uyğun vəziyyətdə təqdim edilir. Mövcud aktın imzalandığı tarixdən etibarən icarəyə verən icarə obyektinin icarəyə götürənə verilməsi üzrə öhdəliklərini müvafiq şəkildə yerinə yetirmiş sayılır, 4) İcarəçinin icarə obyektinin vəziyyətinə və təchizatına dair iradı yoxdur. - "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, Ç22-025 nömrəli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 25 aprel 2018-ci il tarixli, 040-OB/18 saylı icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmiş olsa da, dəfələrlə müraciət etmələrinə baxmayaraq, məsuliyyətsizlik göstərilərək, icarə sahəsindəki soyuducuda saxlanılan ərzaq məhsulları tərəfinizdən aparılmamışdır. Qeyd edilir ki, bu müddət ərzində pul öhdəliklərinizi icra etməməyinizə baxmayaraq, tərəflərindən ərzaq məhsulları saxlandığı soyuduculara elektrik enerjisinin verilməsi dayandırılmamışdır. Bildirilir ki, enerji sərfıyyatı ilə bağlı öhdəliklərinizi icra etməməyinizi nəzərə alaraq, xx.xx.2022-ci il saat 10-00-dan icarə sahəsinə elektrik enerjisinin verilməsi dayandırılacaqdır. Əgər bu müddət ərzində ərzaq məhsullarının icarə sahəsindən daşınmasını təmin etməsəniz, həmin əmlaklar icarə sahəsindən kənarlaşdırılaraq utilizasiya üçün zibil konteynerlərinə atılacaqdır. - "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, Ç22-048 nömrəli məktubda qeyd edilmişdir ki, 12 avqust 2022-ci il tarixdə “ ofis binasının” 1-ci mərtəbəsində yerləşən icarə sahəsinin mətbəx bölümündəki avadanlıqlar və digər əşyalar çıxarılaraq müvəqqəti saxlanc yerinə aparılacaqdır. Bununla əlaqədar xahiş olunur ki, qeyd edilən prosesdə iştirak etmək üçün səlahiyyətli nümayəndənizi 12 avqust 2022-ci il tarixdə saat 10:00-da ofis binasına göndərəsiniz. Nümayəndənizin gəlmədiyi təqdirdə, avadanlıqlar və əşyalar daşınaraq saxlanca yığılacaqdır. Eyni zamanda bildirilir ki, daha öncəki məktublarda da qeyd edildiyi kimi, müvəqqəti saxlanca görə haqq hesablanacaqdır. - "xxxx" MMC tərəfindən "xxxx"ndan avdanlıqların götürülməsi haqqında xx.xx.2022ci il tarixli aktda qeyd edilmişdir ki, "xxxx" MMC-nin direktoru X4, 23 dekabr 2022-ci il tarixdə "xxxx" MMC-dən "xxxx" MMC-yə aid olan 1) “Lenovo” noutbuk kompyuteri (s/n R90QJTYD) - 1 ədəd (kabeli ilə ), 2) “Wolt” online daşıma xidmətinin “Lenovo” planşeti (s/n HPV3T9L6(80) - 1 ədəd (kabelsiz), 3) Kassa aparatı SUNMİ (s/n VS4319CM61350) - 1 ədəd (kabeli ilə), 4) POS Terminal (“Paşa Bank”) (s/n **********) - 1 ədəd (kabelsiz) qeyd edilən avadanlıqları təhvil aldı və öz imzası ilə təsdiq edir ki, bu avadanlıqlara görə gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir iddiası olmayacaqdır. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. - Cavabdeh tərəfindən iş materiallarına "xxxx" biznes mərkəzinin birinci mərtəbəsində yerləşən "xxxx" MMC-yə aid olan əşyaların müvəqqəti saxlanc yerinə daşınması haqqında 2 ədəd xx.xx.2022-ci il tarixli və 1 ədəd 09 sentyabr 2022-ci il tarixli aktlar əlavə edilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı vətəndaş X1 şikayət ərizəsi əsasında toplanmış xx.xx.2022-ci il tarixli, HK-1-2270 nömrəli materialı nəzərdən keçirərək, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X1 tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Beləliklə, müəyyən edilir ki, icarəyəverən "xxxx" MMC ilə icarəçi "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, xxx ünvanında yerləşən ümumi icarə sahəsi 422 m2 olan qeyri-yaşayış sahəsi iddiaçının müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddiaçı icarə obyektini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və bu müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MMC "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, icarə haqqı və digər pul vəsaitlərinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 2206/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMC-dən 25 aprel 2018-ci il tarixli, 040-OB/18 saylı müqavilə üzrə cəmi 262631,09 manat pulun "xxxx" MMCnin xeyrinə tutulması qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəyə minməmişdir. Bundan sonra "xxxx" MMC "xxxx" MMC-yə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında icarə münasibətlərinə xitam verilmişdir. İcarə obyektindən iddiaçıya məxsus əşyaların bəziləri götürülmüş, bəziləri isə cavabdehdə qalmışdır. Cavabdehin nümayəndəsi bunu "xxxx" MMC tərəfindən icarə müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən və nəticədə "xxxx" MMC-yə iddiaçının borcu olduğundan və iddiaçıya məxsus əşyalar üzərində "xxxx" MMC-nin qanundan irəli gələn girov hüququ yarandığından həmin əmlakların girov kimi saxlanca alınması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 680.1-ci maddəsinə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.2-ci maddəsinə əsasən kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. 681-ci maddəsinə əsasən kirayəçinin əşyaya əlavə etdiyi qurğunu götürmək hüququ vardır. 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. 698.1-ci maddəsinə əsasən hər hansı torpaq sahəsini və ya hər hansı otaqları kirayəyə verən kirayə hüquq münasibətlərindən irəli gələn tələbləri üzrə kirayəçinin həmin torpaq sahəsində və ya həmin otaqlarda olan əşyalarının girov qoyulması hüququna malikdir. Girov hüququ cari və növbəti ildən də uzun müddət üçün zərərin əvəzinin ödənilməsi və kirayə haqqının verilməsi haqqında gələcək tələblər üzrə həyata keçirilə bilməz. Bu hüquq girov qoyula bilməyən əşyalara şamil edilmir. 698.3-cü maddəsinə əsasən kirayəyə verən onun girov hüququnun şamil edildiyi əşyaların aparılmasına məhkəməyə müraciət etmədən də mane ola bilər və əgər kirayəçi torpaq sahəsini və ya otağı boşaldırsa, həmin əşyalara sahibliyə başlaya bilər. Əşyalar kirayəyə verənə xəbər verilmədən və ya onun şikayəti üzrə aparıldıqda kirayəyə verən onların torpaq sahəsinə qaytarılması məqsədilə verilməsini və əgər kirayəçi torpaq sahəsini və ya otağı boşaltmışsa, onlara sahiblik hüququnun verilməsini tələb edə bilər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin bir hissəsini "xxxx" MMC-yə təhvil verilməyən 42 kv metr sahəyə görə artıq ödənilmiş 26762,4 manat məbləğində icarə haqqının cavabdehdən tutulması təşkil edir. Məhkəmə iddia tələbinin həmin hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 040-0B/2018 saylı, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə qeyri-yaşayış icarə sahələrinin təhvil-təslim aktının 1-ci bəndində göstərilmişdir ki, müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Xətai rayonu, xxx ünvanında yerləşən binanın birinci mərtəbəsində sahəsi 422 kv.m təşkil edən qeyri-yaşayış tipli icarə sahəsini təhvil verdi, icarəyə götürən isə bunları təhvil aldı. Həmin aktın 4-cü bəndində göstərilmişdir ki, icarəçinin icarə obyektinin vəziyyətinə və təchizatına dair iradı yoxdur. Göründüyü kimi, sahəsi 422 kv.m olan qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən icarə müqaviləsinin şərtlərinə uyğun olaraq "xxxx" MMC-yə təhvil-təslim aktına əsasən təhvil verilmiş və bu zaman obyektin sahəsinin müqavilədə göstəriləndən az olmasına dair iddiaçının hər hansı iradı olmamışdır. Beləliklə, həmin obyekt müqavilədə göstərilən həcmdə iddiaçıya təhvil verilmiş və iddiaçı 422 kv.m olan qeyri-yaşayış sahəsinə dair müqavilə üzrə ödənişləri həyata keçirmişdir. Beləliklə, iddia həmin hissədə təsdiqini tapmır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin olunmamalıdır. İddia tələbinin digər hissəsini "xxxx" MMC tərəfindən “x” restoranına çəkilmiş 319112 manat məbləğində xərcin cavabdehdən tutulması təşkil edir. İddiaçı iddia ərizəsində həmin xərcin restorana alınan avadanlıqlar, yəni stol və stul dəstləri, qab-qacaq dəstləri, bar, musiqi-səs sistemi, barkod-kassa sistemi, dekorativ ləvazimatlar (güllər, tavan gülləri, dibçəklər, divar şəkilləri və s.), mətbəx üçün avadanlıqlar (mebel və elektrik avadanlıqlar), pərdələr və s. kimi ləvazimatların alınmasından ibarət olduğunu qeyd etmişdir. Cavabdehin nümayəndəsi iddiaçı icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənin girov hüququ üzrə müvafiq akt tərtib edilməklə, "xxxx" MMC-yə aid olan əşyaların hamısının deyil, onlardan bir qisminin (digər qisminin qaytarıldığını bildirmişdir), "xxxx" MMC-nin saxlancına verildiyini və həmin əmlaklar hansı vəziyyətdə saxlanca qəbul edilmişsə, hazırda da həmin vəziyyətdə "xxxx" MMC-nin anbarlarında saxlanıldığını və iddiaçı icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, nəticədə "xxxx" MMCyə borcu olduğundan iddiaçıya məxsus əşyalar üzərində "xxxx" MMC-nin qanundan irəli gələn girov hüququnun yarandığını və həmin əmlakların girov kimi saxlanca alınması zamanı qanunun tələblərinin pozulmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi əşyaların müvəqqəti saxlanc yerinə daşınması haqqında aktları məhkəməyə təqdim etmiş və onlarda həmin aktlarda göstərilən və iddiaçıya təhvil verilən əşyalardan başqa iddiaçıya məxsus başqa əşyaların olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi həmçinin Mülki Məcəllənin 697.4-cü maddəsinə əsasən 6 aylıq iddia müddətinin keçdiyini də vurğulamışdır. Qeyd olunmalıdır ki, iddiaçı tələbinin həmin hissəsi ilə bağlı, yəni icarə obyektinə 319112 manat məbləğində xərc çəkməsi və zərərə məruz qalmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin həmin hissəsinə münasibətdə cavabdehin nümayəndəsinin mövqeyi ilə razılaşaraq iddiaya etirazı əsaslı sayır. İddiaçıya məxsus əşya, avadanlıqların ona təhvil verilməməsinə münasibətdə isə qeyd olunmalıdır ki, cavabdeh icarə hüquq münasibətlərindən irəli gələn tələbləri üzrə iddiaçının icarə obyektində olan əşyalarının girov qoyulması hüququndan istifadə etmişdir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı tələb həmin əşyaların qaytarılması yox, çəkilmiş xərcin ödənilməsindən ibarətdir. İddia tələbinin bir hissəsini "xxxx" MMC-yə dəymiş 8000 manat məbləğində ərzaqla bağlı zərərin cavabdehdən tutulması təşkil edir. İddia tələbinin həmin hissəsi ilə bağlı qeyd olunmalıdır ki, əvvəla icarə obyektində qalan ərzaq məhsullarının dəyəri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Bundan başqa, cavabdeh "xxxx" MMC iddiaçı "xxxx" MMC-yə məktubla müraciət edərək, xx.xx.2022-ci il tarixədək ərzaq məhsullarının icarə sahəsindən daşınmasını təmin edilməsini xahiş etmiş, əks təqdirdə həmin əmlakların icarə sahəsindən kənarlaşdırılaraq utilizasiya üçün zibil konteynerlərinə atılacağı ilə bağlı xəbərdarlıq etmişdir. Göründüyü kimi, iddiaçının hərəkətsizliyi nəticəsində ona məxsus ərzaq məhsullarının cavabdeh tərəfindən təhvil verilməsi mümkün olmamışdır. Ona görə də iddia həmin hissədə də əsassız sayılaraq təmin olunmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində iddia etdiyi hallar öz təsdiqini tapmadığından, həmin halların mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmadığından iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar