Məhkəmə qərarları › İş №e-2-2(113)-5664/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5664/2022

21.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5664/2022 21.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus 043980 nömrəli abonent kodu üzrə əsassız olaraq hesablanmış 3100 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 dekabr 2021-cil tarixdə Nizami Rayon Sukanal İdarəsinin əməkdaşları iddiaçıya məxsus obyektə gələrək AKT № 600797 nömrəli inventar aktı tərtib edərək sudan qanunsuz istifadə edildiyini bildirmişlər. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qanunsuz yoxlamaları nəticəsində iddiaçınin 043980 nömrəli müqavilə hesabına cəmi olaraq əsassız olaraq 3100 manat borc məbləği hesablanmışdır. Bildirilir ki, istifadədə olan qeyri-yaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulmasi ilə həyata keçirilmişdir.

3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3 və 3.2-ci maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi və vəkili məhkəmə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi:

8. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 600797 nömrəli aktda Cavabdeh ASCnin Nizami rayon SKİ-nin nümayəndələri tərəfindən 08 dekabr 2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən obyekin su təchizatı və kanalizasiya sisteminə baxış keçirildiyi və obyektin su təchizatından keçməyən d=20 mm olan su xəttindən qeyri-qanuni istifadə edildiyi və su xəttinin ləğv edildiyi qeyd olunmuşdur.

9. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC-nin Nizami rayon SKİ-nin nümayəndələri tərəfindən imzalanaraq təsdiq edilmiş “Məlumat”a əsasən abonent kodu ******* olan İddiaçı MMC-nin obyektində sudan qanunsuz istifadəyə görə dəymiş ziyan olaraq 3.100 manat hesablanmışdır.

10. İş materiallarında olan Abonentin Saldosundan görünür ki, cari tarixə qalıq borc 3.030 manat hesablanmışdır.

V. Tətbı̇ q edı̇ lən hüquq:

11. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.

12. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. - Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

VI. Məhkəmənin mövqeyi:

13. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.

14. Məhkəmə qeyd edir ki, ilk növbədə iddianın borcun silinməsi tələbi ilə bağlı olan hissəsinə münasibət bildirilməlidir.

15. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçının silinməsini tələb etdiyi borc xx.xx.2021-ci il tarixli 600797 saylı akta əsasən hesablanmış olan məbləğdir. Qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmamasının müəyyən edilməlidir.

16. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

17. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

18. Məhkəmə həmçinin qeyd edir ki, silinməsi tələb olunan borc məbləğinin tutulmasına dair Cavabdeh ASC tərəfindən iddia qaldırılmamış, İddiaçı MMC isə hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

19. İş materiallarına əlavə edilmiş abonent haqqında məlumatdan məlum olur ki, cari tarixə qalıq borcu 3.030 manat müəyyən olunmuşdur, iddiaçı tərəfin isə 3.100 manat borcun silinməsini tələb etməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, mövcud olmayan hissədə borcun silinməsi mümkün olmadığından iddia qismən yəni, 3.030 manat borcun silinməsi hissəsində əsaslıdır və iddia qismən təmin edilməlidir.

VII. Nəticə:

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı MMC-yə 043980 abonent kodu üzrə əsassız olaraq hesablanmış 3.030 (üç min otuz) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar