Məhkəmə qərarları › İş №e-2-2(113)-567/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-567/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-567/2023 10.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı nümayəndəsi X1, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Maybo” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-dən müqavilə üzrə əsas borc 313.348,40 manat, 36 133 manat qalıq borc üzrə əlavə hesablanmış cərimə məbləğinin, 603 manat məhkəmə dövlət rüsumunun, 400 manat mediasiya sessiyasına müraciət üçün ödənilmiş dövlət rüsumunun, ümumilikdə 350 484.40 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" QSC arasında xx.xx.2021-ci il tarixli 67171 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Qeyd edirik ki, həmin müqaviləyə əsasən ƏDV daxil 1.204.433,81 manat məbləğində mallar "xxxx" QSCyə təhvil verilməli idi. Mallar tam olaraq elektron qaiməyə və təhvil-təslim aktlarına əsasən ”Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələrinə təhvil verilmiş və müvafiq qaydada təsdiqlənmişdir. Müqavilənin 3.3.-cü bəndinə uyğun olaraq təhvil verilmiş malların dəyərinin ödənilməsi müddəti tənzimlənir. Belə ki, həmin bəndə əsasən mallar təhvil verilməsini təsdiq edən sənədlər təqdim olunduqdan sonra 15 bank günü müddətində Alıcı tərəfindən ödənişlər həyata keçirilməli idi. Mallar tam olaraq təhvil verilməsinə baxmayaraq bu günə kimi ƏDV daxil 313.348,40 manat həcmdə "xxxx" QSC tərəfindən ödənişlər təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndələri Nümayəndə və X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı qismən qəbul etmiş, 88.913 manat əsas borc hissəsində iddianın rədd edilməsini və cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (alıcı) arasında xx.xx.2021-ci il tarixli, 67171 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə Alıcının sifarişinə əsasən satıcı (İddiaçı) müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də qeyd edilən ölçü cihazlarını, sınaq avadanlıqlarını, o cümlədən avtomobili (bundan sonra “Mallar” adlanacaq) Alıcıya təqdim etməyi, alıcı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti) isə öz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə təqdim ediləcək mallar müqabilində alıcı tərəfindən satıcıya ödəniləcək məbləğ tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil 1.204.433,81 manat təşkil edir. Müqaviləyə 1 nömrəli Əlavə ilə tərəflər mallraın təsviri, mənşə ölkəsi, miqdarı, vahidin qiyməti və ümumi qiymət barədə razılığa gəlmişlər. Müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, malların qiyməti 1.020.706,62 manat, ƏDV məbləği 183.727,19 manat, ƏDV daxil məbləği isə 1.204.433.81 manat təşkil edir. Müqavilə və müqaviləyə 1 nömrəli Əlavə hər iki tərəfin imzası və tərəflərin möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəf hazırda, verilmiş mallara görə ƏDV məbləğinin tam olaraq ödənildiyini, ancaq əsas məbləğ hissəsindən 313.348,40 manat borcunun qaldğını bildirir. Cavabdeh tərəf müqavilənin və əlavələrin imzalanmış olduğunu, malların verildiyini ancaq müəyyən hesablamalar aparıldıqdan sonra tələb edilən pulun dəqiqləşdirilməli olduğunu qeyd edir. Məhkəmə qeyd edir ki, mübahisənin həlli baxımından aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən dəyəri 153.564,62 manat olan xx.xx.2021-ci il tarixli EBBG seriyalı 586850 nömrəli, dəyəri 141.396,33 manat olan xx.xx.2021-ci il tarixli EBBH seriyalı 325114 nömrəli, dəyəri 19.323,13 manat olan xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 100787 nömrəli, dəyəri 984,79 manat olan xx.xx.2021ci il tarixli EBBJ seriyalı 254348 nömrəli, dəyəri 272.114,14 manat olan xx.xx.2021-ci il tarixli EBBK seriyalı 613548 nömrəli, dəyəri 58.386,64 manat olan xx.xx.2021-ci il tarixli EBBL seriyalı 252156 nömrəli, dəyəri 88.913 manat olan xx.xx.2021-ci il tarixli EBBL seriyalı 762125 nömrəli, dəyəri 36.158,13 manat olan xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 031509 nömrəli, dəyəri 414.180,64 manat olan xx.xx.2021-ci il tarixli EBBO seriyalı 225046 nömrəli, dəyəri 17.085,35 manat olan xx.xx.2021-ci il tarixli EBBO seriyalı 277409 nömrəli, dəyəri 2.327,05 manat olan xx.xx.2021-ci il tarixli EBBO seriyalı 501121 nömrəli, dəyəri 36.158,13 manat olan xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 164791 nömrəli elektron qaimələr alıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş dəyəri 36.158,13 manat olan xx.xx.2022-ci il tarixli EBBQ 164791 saylı elektron qaimə isə təkrar olduğundan ləğv edilmişdir. Qeyd edilən halı hər iki tərəf məhkəmə iclasında təsdiq etmişlər. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə göndərilmiş olan elektron qaimələrdə göstərilmiş məbləğlərin cəmi 1.204.433,81 manat təşkil edir. Məhkəmə iddiaçının elektron qaimələrdə qeyd edilmiş ümumi dəyəri 1.204.433,81 manat təşkil edən malların "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə dəlilini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. Bundan əlavə iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə dəyəri 21.077,16 manat, xx.xx.2021-ci il tarixdə dəyəri 269.159,90 manat, xx.xx.2021-ci il tarixdə 19.323,12 manat, xx.xx.2021-ci il tarixdə dəyəri 5.708,69 manat, xx.xx.2021-ci il tarixdə dəyəri 272.114,14 manat, xx.xx.2021-ci il tarixdə dəyəri 58.386,64 manat, xx.xx.2021-ci il tarixdə dəyəri 433.593,04 manat, xx.xx.2021-ci il tarixli 36.158 manat olan yəni ümumilikdə 1.115.520,82 manat məbləğində olan malların İddiaçı tərəfindən alıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə aktlar tərtib edilmiş və imzalanmışdır. Qeyd edilən aktlar üzrə də, malların təhvil verilməsini cavabdeh tərəf mübahisələndirməmişdir. Bundan əlavə də, işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsindən görünür ki, dəyəri 88.913 manat məbləğində olan Ford markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə satılmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə satılmış malların ümumi dəyəri 1.204.433,82 (1.115.520,82+88.913) manat təşkil edir. Belə olan halda məhkəmə qeyd edir ki, satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 1.204.433,82 dəyərində malların verilməsi sübut edilmişdir. İş materiallarından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 169.491,53 manat, xx.xx.2021-ci il tarixli 136.720,47 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 100.000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 75.350 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 141.050,4 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 84.745,76 manat məbləğində, ümumilikdə 707.358,16 manat məbləğində pul ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin əlavəsindən görünür ki, verilmiş mallara görə əsas məbləğ yəni ƏDV məbləği nəzərə alınmadan 1.020.706,62 manat təşkil edir. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya ƏDV məbləği nəzərə alınmadan ödənilməli olan 313.348,40 (1.020.706,62-707.358,16) manat borcu qalmışdır. İşdən görünür ki, müqavilə üzrə verilmiş mallara görə ödənilməli olan ƏDV-nin məbləği 183.727,19 manat təşkil edir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən də, xx.xx.2021-ci il tarixdə 24.609,69 manat, xx.xx.2021-ci il tarixdə 30.508,48 manat, xx.xx.2021-ci il tarixdə 40.000 manat, xx.xx.2021-ci il tarixdə 15.254,24 manat, xx.xx.2022-ci il tarixdə 83.093,38 manat məbləğində ümumilikdə 193.465,79 manat ƏDV ödənişi edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya müqavilə ilə nəzərdə tutulmuş ƏDV məbləği tam ödənilməklə yanaşı həmçinin də təqdim edilmiş qəbzlərə əsasən təxmini 10.000 manata yaxın artıq ƏDV məbləği ödənilməsi görünür. İddiaçı nümayəndəsi X3 da, ƏDV məbləğinin artıq ödənilməsini qəbul etmiş və qarşı tərəf tələb etdiyi zaman qaytarmağa razı oldularını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, artıq ödənilmiş təxmini 10.000 manata yaxın məbləğində pul cavadehin ƏDV məbləği nəzərə alınmadan mövcud olan borcundan silinməsi doğru deyildir. Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi barədə Qaydaların 2.1-ci bəndinə əsasən ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: - ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından; - digər vergi ödəyicilərinin bank hesablarından; - bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən; - Azərbaycan Respublikasının ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarəti zamanı alıcıların ödəmələrindən. Həmin Qaydaların 4.10-ci maddəsinə əsasən ƏDV qeydiyyatında olan vergi ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyat tam və ya qismən ləğv edildikdə (mal tam və qismən geri qaytarıldıqda), əməliyyatın xarakteri dəyişdikdə, əməliyyat baş tutmadıqda, qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda, ƏDV-rıin geri qaytarılması tələb olunarsa, bu halda ƏDV ödəyicisi malların (işlərin, xidmətlərin) dəyərini öz bank hesabından digər ƏDV ödəyicisinin bank hesabına, depozit hesabına daxil olmuş ƏDV məbləğini isə vəsaiti köçürən ƏDV ödəyicisinin ƏDV depozit hesabına qaytarmalıdır. Göründüyü kimi, səhvən və ya artıq ödənilmiş ƏDV məbləğinin geri qaytarılması ilə bağlı ilk növbədə vəsaiti köçürən şəxs artıq və ya səhvən ödənilmiş ƏDV məbləğinin geri qaytarılmasını qarşı tərəfdən tələb etməlidir. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə izah edilməlidir ki, artıq ödənilmiş ƏDV məbləğini İddiaçı MMC-dən tələb etmək hüququ mövcuddur. Beləliklə, Məhkəmə sübutlara kompleks halında qiymət verərək hesab edir ki, iddia əsas borcun yəni 313.348,4 manat pulun tələb edilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 10.2-ci maddəsində öz əksini tapmışdır. Belə ki, müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə alıcı ödənişin hər gecikdirilmiş günü üçün satıcıya müqavilə qiymətinin 0,1% məbləğində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə qiymətinin 10%-dən çox olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 313.348,4 manat məbləğində əsas borcuna münasibətdə 14.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/9-00548 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən mediasiya xərci olaraq 400 manat məbləğində pul ödəmişdir. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 604 manat dövlət rüsumunun əvəzi qismində 239 manat məbləğindəki hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Dövlət rüsumunun 365 manat məbləğindəki hissəsi cavabdehdən tutula bilməz. Belə ki, iddianın qiyməti nəzərə alındığında ödənilməli dövlət rüsumu 639 manat təşkil edir. Qeyd edilən dövlət rüsumunun 400 manat hissəsi isə mediasiya prosesində ödənilmiş pulla əhatə olunduğundan qeyd edilən 365 manat məbləğində rüsum artıq ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 67171 saylı müqaviləyə əsasən əsas borc üzrə 313.348 (üç yüz on üç min üç yüz qırx səkkiz) manat 40 (qırx) qəpik, cərimə borcu üzrə 14.000 (on dörd min) manat, ümumilikdə 327.348 (üç yüz iyirmi yeddi min üç yüz qırx səkkiz) manat 40 (qırx) qəpik məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 239 (iki yüz otuz doqquz) manat, ümumilikdə 639 (altı yüz otuz doqquz) manat məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar