Məhkəmə qərarları › İş №e-2-2(113)-5685/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5685/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5685/2021 02.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı Rüstəm oğlunun cavabdeh “Yanar-Dağ” X1 Cəmiyyətinə qarşı cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılaraq, iddiaçıya icarə hüquqlarından istifadəsi, sahibkarlıq fəaliyyəti və işinin təşkili ilə əlaqədar icarə sahəsinə maneəsiz buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılaraq, iddiaçıya icarə hüquqlarından istifadəsi, sahibkarlıq fəaliyyəti və işinin təşkili ilə əlaqədar icarə sahəsinə maneəsiz buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verilmiş, iddia ərizəsinin cavabdeh tərəfindən alınmasını, eyni zamanda mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə olunmamışdır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmalıdır. Məhkəmə qeyd edir ki, elektron qaydada daxil olmuş iddia ərizəsindən görünür ki, hazırki iddia tələbi irəli sürülərkən iddiaçı tərəfindən dövlət rüsumu iddianın qiyməti 500 manatadək olduqda göstərilməklə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbindən görünür ki, iddia ərizəsi qiymətləndirilməyən iddia ərizəsi olmaqla dövlət rüsumunun miqdarı 100 manat təşkil edir. İddiaçının 50 manat məbləğində mediasiya xərclərini ödədiyini və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinin tələblərinə əsasən iddiaçı çəkdiyi xərc həddində (50 manat) dövlət rüsumundan azad edilməsini nəzərə aldıqda, hazırki tələb üzrə iddiaçı tərəfindən 50 manat (100 – 50 = 50) məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 149.2.4-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcələnin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcələnin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Rüstəm oğlunun cavabdeh “Yanar-Dağ” X1 Cəmiyyətinə qarşı cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılaraq, iddiaçıya icarə hüquqlarından istifadəsi, sahibkarlıq fəaliyyəti və işinin təşkili ilə əlaqədar icarə sahəsinə maneəsiz buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar